28 Aprel 2024, Bazar

Muxtar respublikamızın gündəlik siyasi, ictimai, sosial həyatının aynası “Şərq qapısı” qəzetinin növbəti sayını açan kimi (bütün saylarını mütləq oxuyuram) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam mənim də Naxçıvanımızın görkəmli səhiyyə xadimi ilə bağlı xatirlərimi oyatdı. Sərəncamı oxuyarkən qeyri-ixtiyari sevinc və fərəhdən doğan qəhər hissi keçirdim. Sevindim ona görə ki, ölkəmizdə, onun qədim diyarı Naxçıvanımızda Vətən və xalq üçün, cəmiyyətin maariflənməsi, mədəniyyəti, sağlamlığı yolunda ömrünü şam kimi əridən hər kəsin fəaliyyəti dəyərləndirilir. Ümummilli liderimiz Heydər Əliyevin insanların sağlamlığı keşiyində dayanan səhiyyə işçilərinin əməyini yüksək qiymətləndirmək ideyaları bu gün də müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən davam və inkişaf etdirilir.

Sevindim ona görə ki, Ali Məclis Sədrinin bu sərəncamı mənim illərlə – ilk əmək fəaliyyətinə başladığım gündən təqaüdə çıxana qədər tibb bacısı çalışdığım, indiki Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş həkim, sonra 9 il səhiyyə naziri işləmiş, bu gün də böyük ehtiramla yad etdiyim nüfuzlu el ağsaqqalı, bacarıqlı səhiyyə təşkilatçısı, fəaliyyəti, davranışı, etikası, mədəniyyəti ilə böyük hərflə yazmağa cəsarət etdiyim bir Azərbaycan kişisinin 100 illik yubileyi haqqında idi!

Qəhərləndim... Baş həkimim, nazirim tələbkar, qayğıkeş, həssas Əqil müəllimin rəhbərliyi altında həvəs və cəsarətlə, yorulmadan çalışdığım ağxalatlı illərimə qayıtdım!
...Tibb məktəbinin son kursunda oxuyanda ozamankı səhiyyə nazirimiz Adil Məmmədov bizə səhiyyə işinin təşkili fənnindən dərs deyirdi. Bir gün bizi avtobusla Nehrəm kəndindəki xəstəxanaya təcrübəyə aparanda fikirləşdik ki, adi kənd xəstəxanasında nə var ki, nazir bizi ora aparır? Lakin xəstəxananın həyətinə girəndə xəstəsindən tutmuş baş həkiminə kimi nə qədər nizam-intizamlı, palatalarından tutmuş həkim otaqları, kabinələr, növbətçi otaqları, mətbəx, sanitar otaqlarında gördüyümüz ideal təmizlik, səliqə-sahman zənnimizdə yanıldığımızı göstərdi.
Təcrübədə olduğumuz respublika xəstəxanası, doğum evi, poliklinika, uşaq xəstəxanası kimi böyük tibb müəssisələri ilə müqayisədə 50 çarpayılıq kənd xəstəxanası nümunəvi idi. Həsəd apardım: kaş gələcəkdə belə bir yerdə işləyə idim... Kaş Əqil Mehdiyev kimi baş həkimimiz ola idi...
Respublika xəstəxanasında ilk əmək fəaliyyətinə başlayandan 3 il sonra Əqil müəllim bizə baş həkim təyin edildi.
Ritorikaya, pafosa, təfərrüata varmadan sitatsız, filansız Əqil müəllim haqqında xatirələrimi bölüşəcəyəm sizinlə... Həm də, bəlkə də, o zaman az dəyərləndirdiyimiz səciyyəvi xüsusiyyətləri ilə bugünkü nəslə, gənc həkimlərə, səhiyyə müəssisəsi rəhbərlərinə örnək ola bilən bir ictimai xadim, fədakar səhiyyə təşkilatçısı, ləyaqətli el ağsaqqalı haqqındakı xatirələrimi...
Baş həkim – Əqil müəllim gələn gündən xəstəxanamızda müalicə profilaktika, təsərrüfat, iaşə, mədəni xidmət cəhətdən quruculuq işləri geniş vüsət aldı: Xəstəxananın 4 mərtəbəli ikinci korpusunun tikdirilməsindən sonra ümumi cərrahiyyə – təqaüdə çıxana qədər o şöbədə işləmişəm – urologiya, Lor, travmatologiya, daxili xəstəliklər şöbələri yarandı. Əqil həkim muxtar respublikada ilk dəfə Naftalanla vanna müalicəsi otaqları, qanköçürmə palataları, kliniki, biokimyəvi, bakterioloji laboratoriyalar, beşdəqiqəliklər və ümumi iclaslar üçün gözəl klub yaratdı ki, həmin klubda həftədə bir dəfə xəstələr və işçilər üçün filmlər nümayiş etdirildi. Gözəl piano aldırmışdı: bacaran gedib çala bilərdi. Xəstəxananın həyətinə girəndən başlayırdı: bərbərxana, işçilər üçün ərzaq mağazası, qəzet-kitab köşkü, xəstələr və işçilər üçün hamam binası, dördüncü mərtəbədə kitabxana, həyətin arxa tərəfində gözəl gülkarlıq: bütün bunlar Əqil müəllimin adı ilə bağlıdır.
Deotologiya – həkim-xəstə, həkim-tibb işçisi münasibətlərində həssas və ədalətli idi. Bir dəfə növbədə idim, xəstə gətirən bir kişi yersiz dava-dalaş salıb bizi təhqir etdi. Səhər Əqil müəllim həmin adamı tapdırıb bizdən üzr istətdirdi.
El arasında deyərlər, filankəs o qədər həyalıdır ki, başını qaldırıb adamın üzünə baxmaz Əqil müəllim belə kişilərdən idi, özü yaşda və yaşlı qadınlara “bacı”, biz cavanlara isə “qızım” deyərdi. Bütün işçilərinə qarşı diqqətli və qayğıkeş idi. İşçilərdən hər adam onu toyuna çağıra bilməzdi, çox ciddi idi, lakin kiminsə yası olanda mütləq iştirak edər, xəstəxananın özü topladığı fondundan yas yerinə maddi kömək edərdi.
Həkimlərin ixtisas savadının artırılmasına, müalicə işində ölkəmizin və dünya tibb təcrübəsinin nailiyyətlərinə yiyələnməyə üstünlük verən Əqil müəllim, gənc həkimləri, hətta dövrünün ən bacarıqlı cərrahı Cabbar Cəfərovu, Cəbrayıl Abbasovu, travmatoloq Aydın Qazıbəyovu, həkim-laborant Məhbubə Abdullayevanı Kiyev şəhərinə təkmilləşdirmə kursuna göndərmişdi.
Milli adət-ənənələrimizdə mühafizəkar olduğu qədər də sivil bir şəxsiyyət idi; işin xeyirli nəticəsi naminə bəzən rəsmi çərçivələri aşıb keçərdi.
Mən işləyə-işləyə Naxçıvan Dövlət Universitetinə əyani qəbul olanda tövsiyə etdi ki, işdən çıxma, keç gecə növbəsinə, işin qalmasın, səhər beşdəqiqəliyi gözləmə, get dərsinə. Bu, böyük maddi və mənəvi qayğı idi mənə.
Əqil müəllim fəaliyyəti dövründə öz şəxsi nümunəsi ilə nüfuz qazanmaqla ətrafdakılara örnək idi. Tibb İnstitutunun tələbə yataqxanasından otaq yoldaşları cərrah Əsəd Həsənov və travmatoloq Əkbər Qəhrəmanov ömrünün sonunadək Əqil müəllimin sadiq dostları olub. Buna baxmayaraq, onlara qarşı hamıdan artıq tələbkar idi. Heç nədə güzəştə getməzdi, işin ən çətinini onlara tapşırardı. Bununla bərabər ailələrinin hörmətli ağsaqqalı, uşaqlarının Əqil əmisi idi! Eləcə də bu tələbkarlıq kürəkəni travmatoloq Adil Məmmədov, tibb bacısı işləyən qızı Leyla xanıma, xəstəxanamıza təcrübəyə gəlmiş Tibb İnstitutunun tələbəsi oğlu Səftər Mehdiyevə qarşı da qüvvədə idi.
Baş həkimimiz olan müddətdə bir dəfə də olsun, onu xalatsız, papaqsız görmədik.
Əqil müəllimlə bağlı bir xatirə heç zaman yadımdan çıxmaz. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının möhtəşəm zalında görkəmli cərrah, SSRİ Xalq həkimi Mehdi Bağırovun da yubileyi keçirilirdi. Alqışlar altında səhnəyə Mehdi Bağırov, Cabbar Cəfərov, Respublika Xəstəxanasının baş tibb bacısı Həqiqət Məmmədova və mən – Cərrahiyyə şöbəsinin baş tibb bacısı daxil olub sadə stol arxasında oturduq. Bu, Əqil müəllimin, necə deyərlər, “rejissor işi” idi, simvolik mənası da o idi ki, həkimin müalicə işi tibb bacısının köməyi ilə reallaşır. Bu o demək idi ki, M. Bağırov yüksəldiyi o ucalıqda həmişə tibb bacılarının köməyinə, zəhmətinə arxalanıb. Və bir də ustad olaraq yanında oturan Cabbar Cəfərov kimi görkəmli cərrah yetirib!
Ümumiyyətlə, böyük şəxsiyyətlər həmişə əməllərinin arxasında dayanır, işi, fəaliyyəti, əməlləri onu tanıdır. Əqil müəllim də belə şəxsiyyətlərdən idi. O böyüdüb tərbiyə etdiyi yaxşı övladlarını irəli buraxaraq onların işləri ilə fəxr edib arxalarınca gözüdolusu baxıb sakitcə qürurlanan valideyn təsiri bağışlayırdı.
Görkəmli həkim, səhiyyə təşkilatçısı və dövlət xadimi Əziz Əliyevin, tanınmış yazıçı Hüseyn İbrahimovun, Əməkdar artist Abdulla Babayevin təntənəli yubileylərində baş həkimim, nazirim tamaşaçı zalında əyləşib, səhiyyə işçiləri adından təbrik üçün çıxış etmişəm. Və bu yüksək etimadların zirvəsi olaraq Əməkdar həkim, tanınmış cərrah Cabbar Cəfərovun 70 illik yubileyinin təşkilati işlərini Əqil müəllim mənə tapşırmışdı. Tapşırmış və işin icrasına nəzarət edib tələbkarlıqla nəticəsini yoxlamışdı.
Əqil müəllimin baş həkim, nazir işlədiyi illəri Naxçıvan səhiyyəsinin intibah dövrü hesab etmək olar. Bu illər Naxçıvan səhiyyəsinə görkəmli nevropatoloq, bu gün həm də gözəl təşkilatçı kimi səhiyyəmizin inkişafında xidmətləri olan hörmətli Səhiyyə nazirimiz Niyazi Novruzov, tibb elmləri namizədləri Sabir Novruzov, Cəbi İsmayılov, Adil Məmmədov, Etibar Babayev, tibb elmləri doktoru İsa Abdullayev, imzası Azərbaycan hüdudlarından kənarda da təsdiqlənən gözəl rentgenoloq Qoçəli Dünyamalıyev, tanınmış uroloq Xaspolad Tutayuq, gözəl hemotoloqlar Xalidə Bağırova, Məmmədəli Həsənov, pulmonoloq İsmət İmanova, istedadlı reanimotoloq Elsevər Ağəliyev və başqa sadalamadığım onlarca bacarıqlı səhiyyə təşkilatçısı və stasionar mütəxəssislər bəxş edib.
Əqil müəllim Naxçıvan Muxtar Respublikasının Ağsaqqallar Şurasına Sədri seçilməmişdən çox-çox əvvəl də sözü keçən, nüfuzuna hörmət qoyulan ağsaqqal idi. Xeyir-şər ritualları üçün onun qoyduğu qayda-qanunlar doğma kəndi Nehrəmdə bu gün də qüvvədədir və aktualdır.

Qədirbilən dövlətimiz, xalqımız tərəfindən Əqil müəllimin əməyi yüksək qiymətləndirilib. Ümummilli liderimiz Heydər Əliyevin sərəncamları ilə o, Vətənin ali mükafatlarına – “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Tanınmış həkim, ictimai xadim, unudulmaz şəxsiyyət Əqil Mehdiyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi haqqında Ali Məclisin Sədri cənab Vasif Talıbovun imzaladığı sərəncamı, ümumilikdə, bütün səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirəm və daim hörmətlə yad etdiyim çox hörmətli baş həkimim, nazirim, el ağsaqqalım Əqil müəllimin fəaliyyətinə göstərilən bu qayğı və ehtiram zənn edirəm ki, o illərin ağxalatlısı olan mənim kimi onu tanıyan hər kəsin böyük rəğbət və sevincinə səbəb olub. Bütün bunlar üçün Ali Məclisin Sədrinə minnətdaram.

Nubar ABDULLAYEVA
təqaüddə olan tibb bacısı

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR