01 May 2024, Çərşənbə

Azərbaycan Respublikasının öz müstəqilliyinə qovuşması ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində islahatların aparılmasını zəruri etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə respublika Prezidenti seçildikdən sonra bu islahatları ardıcıl şəkildə həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqeyini qorumağa, daxili vəziyyətini stabilləşdirməyə yönəldilmiş tədbirlər görməyə başladı. Bu sahədə görülən mühüm işlərdən biri də qanunvericilik aktlarının yaradılması idi. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyası çoxsaylı qanunların yaranması üçün təməl oldu. Respublikamızın Konstitusiyasına görə tarix və mədəniyyət abidələrinin qorunması hər bir ölkə vətəndaşının mühüm vəzifəsinə çevrildi. 

 

Tarix və mədəniyyət abidələrinin qorunmasının bütün ölkə vətəndaşlarının əsas vəzifələrindən biri kimi Konstitusiyamızda təsbit edilməsinə baxmayaraq, bu sahədə mövcud olan boşluqlar mədəni irsimizin qorunmasını və öyrənilməsini çətinləşdirirdi. Bir çox xarici ölkə vətəndaşları izin almadan ölkəmizin tarix və mədəniyyət abidələrinin fotoşəkillərini çəkir, bir çox hallarda isə onları yanlış şərh edirdilər. Tarix və mədəniyyət abidələrinin məhv edilməsi, tariximizi yaşadan eksponatların xaricə daşınması kimi təhlükəli bir proses də başlamışdı. Bəziləri ­ölkəmizin ağır iqtisadi vəziyyətindən və vətəndaşlarımızın ehtiyacından istifadə edərək onların qiymətli xalçalarını, qızıl, gümüş və mis əşyalarını dəyər-dəyməzinə əllərindən alırdılar.
Azərbaycan xalqı respublikamızın bu ağır günlərində öz mədəni irsini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Bu ağır vəziyyətdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə yaradılan qanunlar və onun mədəni irsin qorunmasına münasibəti arzuolunmaz proseslərin qarşısını aldı. 1990-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Gülüstan tarix-mədəniyyət qoruğu yaradıldı. 1997-ci ilin yazında Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşuldu. Həmin ildə “Mədəniyyət haqqında” qanun imzalandı. 1998-ci il aprel ayının 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Bu qanunla abidələrimizin qorunması dövlət təminatı altına alındı, onların tədqiqi, qeydə alınması, xaricə aparılması və xaricdən gətirilməsinin qanunla tənzimlənən normaları müəyyənləşdirildi. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində 2002-ci ildə Azərbaycan Abidələrin Bərpası, Konservasiyası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olundu. Azərbaycanın dövlət əhəmiyyətli abidələri Şirvanşahlar saray kompleksi və Qız qalası da daxil olmaqla, İçərişəhər YUNESKO-nun “Dünya mədəniyyəti irsi” siyahısına salındı. Xalqımızın ümummilli liderinin tarix və mədəniyyət abidələrinin qorunmasının, Azərbaycan xalqının tarixinin milli konsepsiya baxımından öyrənilməsinin zəruriliyi ilə bağlı dəyərli tövsiyələri bu gün də ölkəmizdə aparılan milli-mədəni irsə varislik siyasətinin başlıca prinsiplərini təşkil edir.
Qədim diyarımız Naxçıvanda da tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı xeyli işlər görülmüşdür. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qayğısı və tövsiyələri əsasında Əshabi-Kəhf ziyarətgahında təmir-bərpa işləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamı da ulu öndərin milli tarixi irsimizə ali münasibətinin bu gün də layiqincə davam etdirilməsinə bariz nümunədir. Sərəncamdan sonra 2005-ci ildə Ali Məclis Sədrinin təşəbbüsü ilə AMEA Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti əməkdaşlarından ibarət elmi ekspedisiya təşkil edilmişdir. Gəmiqaya ətrafındakı arxeoloji abidələr öyrənilmiş, etnoqrafik, folklor və onomastik materiallar toplanmışdır. Gəmiqaya ətrafında aşkar olunan arxeoloji abidələr, xüsusilə mühüm tarixi əhəmiyyətə malik olmuşdur. Bu abidələr arasında Nəbiyurdu yaylağındakı Erkən Tunc və Erkən Dəmir dövrlərinə aid qəbir abidələri, Tivi və Bist kəndləri ərazisində qeydə alınan Tunc və Erkən Dəmir dövrlərinə aid arxeoloji abidələr qədim tariximizin öyrənilməsi üçün dəyərli mənbədir. Ekspedisiya Gəmiqaya qayaüstü rəsmlərinin yayıldığı 136 hektar ərazidə olmuş, 2040 daş üzərində 7477 təsvir qeydə almışdır. Bu tədqiqatların nəticəsi kimi 2020-ci ilin iyun ayında “Gəmiqaya qayaüstü rəsmləri” adlı fundamental kitab ərsəyə gəlmişdir. Nəfis tərtibatlı yeni albom-kataloq diyarşünaslığa və milli tariximizə qiymətli elmi töhfə, beynəlxalq elmi ictimaiyyətin də diqqətini bu tarixi yazılı abidələrə və ümumiyyətlə, qədim diyarımızın zəngin tarixinə cəlb edə biləcək mükəmməl elmi-kütləvi nəşrdir.
Araşdırmalar təsdiq edir ki, Naxçıvanın indiki əhalisi min illər bundan əvvəl bu ərazidə məskən salan qədim tayfaların varisləridir. Muxtar respublikamızın ərazisində mövcud olan qədim mədəniyyət abidələrinin tədqiqində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının böyük əhəmiyyəti olmuşdur. 2006-2019-cu illərdə aparılan araşdırmalar zamanı 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılmışdır. Abidələrin həm qeydə alınmasında, həm də tədqiqində beynəlxalq ekspedisiyaların üzvləri də iştirak etmişdir. ABŞ-ın Corciya Universitetinin əməkdaşları və Fransa Milli Araşdırmalar Mərkəzinin əməkdaşları ilə aparılan araşdırmalar zamanı I Kültəpə, II Kültəpə, I Maxta Kültəpəsi, Ovçular təpəsi, Naxçıvantəpə Uçan Ağıl, Oğlanqala, Qızqala və digər abidələrdə qazıntılar aparılmış, Arpaçay vadisində olan tarix və mədəniyyət abidələri müştərək araşdırmalarla öyrənilmişdir. Araşdırmaların nəticələri ilə bağlı olaraq xüsusi internet saytı yaradılmış və bu saytda Naxçıvanın tarix və mədəniyyət abidələri haqqında məlumat yerləşdirilmişdir. 2017-ci ildə aşkar olunaraq tədqiq edilməyə başlayan Naxçıvantəpə yaşayış yeri qədim mədəniyyətimizin, o cümlədən Naxçıvan şəhərinin tarixinin öyrənilməsi üçün önəmli nəticələr vermişdir.
ABŞ-ın Corciya Universitetinin əməkdaşları ilə II Kültəpə və I Maxta Kültəpəsində yoxlama qazıntıları aparılmış, Arpaçay vadisində olan tarix və mədəniyyət abidələri müştərək araşdırmalarla öyrənilmişdir. Araşdırmaların nəticələri ilə bağlı olaraq xüsusi internet saytı yaradılmış və bu saytda Naxçıvanın 45 arxeoloji abidəsi haqqında məlumat verilmişdir.
Fransanın Milli Araşdırma Mərkəzinin əməkdaşları ilə Şərur rayonunda yerləşən Ovçular təpəsi abidəsində 2006-2007-ci illərdə tədqiqatlar aparılmışdır. Ekspedisiya, həmçinin kəşfiyyat xarakterli araşdırmalar aparmış, Batabat, Dizə kurqanları və onlarla digər qiymətli abidələr qeydə alınmışdır. Ekspedisiya əməkdaşlarının Naxçıvan şəhəri yaxınlığında yerləşən Duzdağdakı araşdırmaları xüsusilə diqqətəlayiq olmuşdur. Tədqiqat zamanı müəyyən edilmişdir ki, Duzdağda eramızdan əvvəl VI minillikdən başlayaraq duz çıxarılmışdır. Çıxarılan duz yerli əhalinin tələbatını ödəməklə yanaşı, beynəlxalq ticarətdə istifadə olunan ən qiymətli məhsullardan biri olmuşdur. Araşdırmalar zamanı eramızdan əvvəl VI-II minilliklərə aid keramika məmulatı, duzçıxarma üçün istifadə olunan müxtəlifölçülü daş çəkiclər əldə edilmişdir. Müəyyən olunmuşdur ki, duz qədim dövrdə duz laylarının yer səthinə çıxan hissəsində açıq üsulla çıxarılmışdır. Ekspedisiyanın apardığı araşdırmaların nəticələri “Naxçıvanın qədim mədəniyyətləri” adlı kitabda ümumiləşdirilmişdir.
AMEA Naxçıvan Bölməsinin Naxçıvan Dövlət Universitetinin əməkdaşları ilə birlikdə apardığı araşdırmalar zamanı dünya və ölkə əhəmiyyətli arxeoloji abidələr, kitabələr, memarlıq abidələri, o cümlədən onlarla hamam, körpü və məscidlər qeydə alınmışdır. Bu abidələr arasında Şərur rayonunda aşkar edilən II Qız qalası, Babək rayonunun Buzqov kəndi yaxınlığında qeydə alınan Erkən Tunc dövrünə aid Hovuzlu yaşayış yeri, Kəngərli rayonunun Qarabağlar kəndi yaxınlığında yerləşən I Bəzəkli, II Bəzəkli, Çalxanqala kəndi yaxınlığındakı Qırmızıdaş qalaları, Ordubad rayonunun Bist və Ələhi kəndlərindəki körpüləri göstərmək olar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” 2006-cı il 28 iyun tarixli Sərəncamı tarix və mədəniyyət abidələrinə qayğının ifadəsidir. Nuhla bağlı əfsanələr Naxçıvanın qədim tarixinin, folklorunun, bütövlükdə, milli-mənəvi mədəniyyətinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Ali Məclis Sədrinin Azərbaycan Respublikası Prezidentinin maddi-mədəni irsimizin qorunub yaşadılması ilə bağlı qarşıya qoyduğu vəzifələrə diqqətlə yanaşması və onun icra olunması ilə bağlı gördüyü tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarix və mədəniyyət abidələri qorunmaya alınmışdır. 2003-cü ildə Möminə xatın və Qarabağlar türbələrində beynəlxalq təşkilatların iştirakı ilə bərpa və yenidənqurma işləri aparılmışdır.
Tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ildə Arpaçay Tarix-Mədəniyyət Qoruğu, Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu ildə “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında”, 2010-cu ildə “Şahtaxtinskilər Muzeyinin yaradılması haqqında”, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2011-ci ildə “Görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin 130 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamlar tariximizin və mədəni irsimizin öyrənilməsində mühüm rol oynamışdır.
Ali Məclis Sədrinin qayğısı ilə Möminə xatın türbəsi, Qarabağlar Türbə Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Gülüstan türbəsi, Qazançı körpüsü, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində, Xanəgah Abidə Kompleksində, Ordubad rayonunun tarix-memarlıq abidələrində, Yengicə və Şahtaxtı kənd­lərindəki Şərq hamamlarında, Naxçıvan şəhər buzxanası və onlarla digər abidələrdə bərpa və yenidənqurma işləri aparılmışdır. Nəinki milli, ümumilikdə, Şərq memarlıq məktəbinin nadir və qiymətli nümunələrindən sayılan, Azərbaycanın qülləvarı türbələri sırasına daxil olan, öz orijinal quruluşuna görə xüsusilə diqqəti cəlb edən Yusif Küseyir oğlu türbəsi də Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuşdur. Cari il aprel ayında türbədə aparılan bərpa işləri ilə maraqlanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun aşağıdakı fikirləri muxtar respublikamızda milli tarixi irsimizin qorunub yaşadılması istiqamətində aparılan mühüm dövlət siyasətini özündə əks etdirir: “Abidələrin bərpası və qorunub saxlanılması xalqın tarixinin yaşadılması deməkdir. Bu gün muxtar respublikada qədim, orta əsrlər və son dövrlərə aid abidələrimiz bərpa olunur. Lakin təəssüflə deməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri tarixi abidələrimizə təsirsiz qalmamışdır. Həmin dövrdə anbar kimi istifadə olunan Yusif Küseyir oğlu türbəsinin memarlıq quruluşuna ciddi ziyan vurulmuşdu. Sonrakı dövrdə abidədə bəzi bərpa işləri aparıldı. Bu gün isə abidə əsaslı şəkildə bərpa olunaraq ikinci həyat verilmişdir. Muxtar respublika ərazisindəki digər abidələrimiz kimi, bu abidə də tədqiq olunmalı, abidə ilə bağlı materiallar toplanılaraq kitab halında nəşr edilməlidir. Çünki abidələrin bərpası ilə yanaşı, həm də onların öyrənilməsi qarşıda duran əsas vəzifədir. Tariximiz həm abidələrdə, həm də yazılı mənbələrdə – kitablarda ­yaşadılmalıdır”.
Yuxarıda qeyd olunanlar tarix və mədəniyyət abidələrinin qorunması və tədqiqi ilə bağlı görülən işlərin yalnız bir qismidir. Bütün bunlar isə xalqımızın ümummilli lideri Heydər Əliyevin mədəni irsimizə qayğısı və onun tövsiyələrinin ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir.

Naxçıvan Muxtar Respublikasının ərazisi müxtəlif dövrlərə aid tarix və mədəniyyət abidələri ilə zəngindir. Bu torpağın hansı hissəsinə külüng vursan, oradan ulu əcdadlarımızla bağlı maddi mədəniyyət nümunələri üzə çıxacaqdır. Naxçıvan Yaxın Şərqdə meydana çıxan bir çox mədəniyyətlərin, o cümlədən Eneolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin beşiyidir. Bu abidələr Azərbaycan türklərinin qədim dövrdən Naxçıvanın yerli əhalisi olduğunu təsdiq edən əvəzedilməz maddi mədəniyyət nümunələridir. Tarix və mədəniyyət abidələrinin tədqiqi alimlərimizin, onların qorunması isə ümumxalq işidir.

\Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR