01 May 2024, Çərşənbə

Keçmişini, irsini, tarixini, mədəniyyətini qoruyub yaşadan, əyilməz vüqara, sınmaz qürura, əzəmətli qüdrətə sahib bir xalqıq. Güclüyük, əzmkarıq, nüfuzluyuq. Milli-mənəvi dəyərlərimizə bağlı, humanizm, tolerantlıq, xeyirxahlıq, əməlisalehlik, mübarizlik kimi nəcib xüsusiyyətlərin təcəssümüyük. Fitrətimiz müdrik və əqidəlidir, yaradılışdan nurluyuq. Nəsildən-nəslə ötürülən gücümüz, bitib-tükənməyən sərvətlərimiz vardır. Biz keçmişin ruhaniyyətinin xeyir-duasını almış millətik. Müdrik qocaların nəsihətləri ilə böyüyüb, nənələrimizin, babalarımızın qoyduqları izlə bu günə gəlib çıxmışıq. Onları mənimsəyib qorumaq üçün cəsarətlə mübarizə aparmışıq. Nənələrimizin hördüyü min ilməli, min naxışlı xalıları, babalarımızın təri hopmuş saxsı qabları, qəlbimizin və ruhumuzun mayası muğamları, çörəkağacı dəyirmanlarımızı, müqqədəs, pak məscidlərimizi, sağlam cəmiyyətin təməlini təşkil edən ailə ənənələrimizi qoruyub bu günə qədər yaşatmışıq. Onlar bir kitab olub, əl-əl gəzir. O kitab ki gələcək üçün vacib, gənclik üçün ən lazımlı mayakdır. Onu təkrar-təkrar oxumaq, özümüzdən sonrakı nəsillərə ötürmək ən ümdə vəzifəmizdir. 

 Bir baxın, uzun əsrlərə söykənən şanlı tariximizin, milli-mənəvi simamızın əksi olan, kimliyimizi, mədəniyyətimizi, adət-ənənələrimizi təsvir edən güzgüyə. Xalqımızın vətənpərvərliyini, qonaqpərvərliyini, duz-çörəyə hörmətini, dövlət atributlarımıza, milli varlığımızın təsdiqi dilimizə, başda Novruz olmaqla, digər bayramlarımıza hədsiz sevgisini, bağlılığını görəcəksiniz. El mərasimlərində hamılıqla iştirak edilməsinə, xalq oyunlarımızın, milli musiqimizin, dekorativ-tətbiqi sənət nümunələrimizin yaşadılmasına, müqəddəs dinimiz İslamın bəşəri, ali hissləri tərbiyə edən dəyərlərinin icrasına şahid olacaqsınız. Həmin dəyərlərdir ki, tarixi Daş dövrü insanlarının yaşayış yeri kimi məşhur olan Azıx mağarasına qədər uzanır, Qobustan qayaüstü rəsmləri, Gəmiqaya petroqliflərində aydınlıq tapır. Bu güzgü həm də Qədim “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarımızdakı həyat dərslərindən, müqəddəs kitabımız “Qurani-Şərif”də buyurulanlardan, ulu Nizami, Nəsimi, Xətai yaradıcılığında həqiqi sevgidən, ədalətdən dosta sədaqətdən, Cəlil, Cavid, Araz qələmində Vətənə, millətə sevgi hisslərindən danışır. Baba Nemətullah Naxçıvani təfsirlərində dinə hörmətdən, Əcəmi Naxçıvani yaradıcılığında mədəni dəyərlərdən, Cavanşir, Babək, Cavad xan, Mübariz kimi oğullarımızın, Tomris, Sara xatın, Nigar, Həcər və onlarla cəsur qadınlarımızın timsalında qəhrəmanlıq, mərdanəlik, sadiqlik kimi nəcib insani keyfiyyətlərdən, müstəqillik və azadlığın dəyərindən söhbət açır... İndiki nəsil məhz bu dərslərlə böyüyür, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunur. Azərbaycançılıq ideologiyasına sadiq, multikulturalizm və tolerantlıq ideyalarının yaşadıldığı müasir, eyni zamanda milli dəyərlərə, milli köklərə bağlı sağlam cəmiyyətdə... Əsrlərboyu müxtəlif sarsıntılara, repressiyalara məruz qalmasına baxmayaraq, milli kimliyini, şərəf və heysiyyətini, dilini, mədəniyyətini, milli ənənələrini qoruyan müqəddəs bir Vətənin övladı kimi... Bundan böyük fəxr, bundan böyük səadət ola bilərmi?..


Təkcə müstəqilliyimizin banisi yox, həm də tarixi-mədəni irsimizin, milli dəyərlərimizin hamisi ulu ­öndərimiz Heydər Əliyevin müdrik siyasəti ilə təcəlla tapıb milli dəyərlərə sadiqlik prinsipi. Dahi liderin şərəfli və mənalı ömür yolu, qüdrətli siyasi fəaliyyəti boyu milli-mənəvi dəyərlərə bağlılığının, diqqət və qayğısının şahidi oluruq. Onun xalq qarşısında çıxışlarında, müsahibələrində, imzaladığı dövlət sənədlərində saxlıdır bu qayğı. Ölkəmizdə geniş muzeylər şəbəkəsinin yaradılmasında, folklorumuzun daha dərindən araşdırılması və inkişafında, milli dəyərlərimizin təbliğində, tədqiqindədir. Milli qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsində, tarixi yer adlarının bərpasında, tarixi filmlərin çəkilməsində, böyük sərkərdələrimizin həyat və fəaliyyətlərinin öyrənilməsində, tarixdə ikinci dəfə məhz Naxçıvanda yüksəldilən dövlətçiliyimizin əsas atributlarından biri olan üçrəngli bayrağımızın, himnimizin, gerbimizin, milli-mənəvi sərvətimiz Azərbaycan dilinin Konstitusiyamızda əksini tapmasındadır. Vaxtilə yasaq olunan Qurban, Ramazan, Novruz kimi milli və dini bayramlarımızın, adət və mərasimlərimizin xalqımıza qaytarılmasında, dini ibadətgahlarımızın, abidələrimizin bərpa və ya yenidən inşasında, görkəmli ədəbiyyat, elm xadimlərinin, qəhrəmanlıq dastanlarımızın yubileylərinin böyük təntənə ilə keçirilməsində, söz və mətbuat azadlığının təmin olunmasındadır. Bütün dünya azərbaycanlılarını Azərbaycançılıq ideologiyası ətrafında birləşməyə, öz dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmağa, xüsusilə gənc nəsli bu ruhda tərbiyə etməyə səsləyişindədir bu qayğı. Milli yaddaşın bərpasına, milli köklərə qayıdışın sürətləndirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə geniş imkanlardadır. “Hər xalqın öz adət- ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik”, – deyən ümummilli liderimizin zəngin dövlətçilik ənənələrinin ölkəmizdə layiqincə davam etdirilməsindədir.

Beləcə bu müdrik siyasətin işığında dünəni yaşadılan, bu günü gələcəyə daşınan diyara çevrilən ulu Naxçıvan bu gün xalqımızın uzunəsrlik sosial həyat tərzini, dini-ideoloji dünyagörüşlərini, inanclarını və adət-ənənələrini özündə daşıyan milli-mənəvi dəyərlərimizin ata ocağıdır. O ocaq ki hər addımı, hər qarışı tarixdən danışır. O ocaq ki Naxçıvan şahlığı, Azərbaycan Atabəylər dövləti, Naxçıvan xanlığının inzibati mərkəzi kimi, müdafiə qabiliyyəti və tarixi ərazisi ilə seçilən Araz-Türk Respublikası ilə qədim dövlətçilik ənənələrimizin əsas məkanıdır. Boyalı qablar mədəniyyətinin, toxuculuğun, metalişləmənin, dulusçuluğun, zərgərliyin, misgərliyin, ipəkçiliyin, xalçaçılığın və bunun kimi onlarla sənətkarlıq sahələrinin yaradılış, inkişaf yeridir. O ocaq ki qadına, anaya hörmətin, məhəbbətin təzahürü olan Möminə xatın türbəsi, Kəngərlilərin, Naxçıvanskilərin mübarizliyinə, qəhrəmanlığına şahidlik edən Xan Sarayı, öz məğrurluğu, yenilməzliyi ilə 14 il Teymurləngə meydan oxuyan Əlincə qalası, insanlığın ikinci ulu əcdadı Nuh Peyğəmbərin adını daşıyan türbə, birlik simvoluna çevrilən festivallar məkanı Naxçıvanqala, hər il yüzlərlə adamın ziyarətgah yeri, dini dəyərlərimizin yaşadıldığı müqəddəs Əshabi-Kəhf, dünya mədəniyyətinə gözəl nümunələr bəxş edən Gəmiqaya abidəsi və saymaqla bitməyən yüzlərlə tarixi, dini mədəniyyət nümunələri ilə keçmişə qayıdır, tariximizi vərəqləyirik. Görürük ki, bir vaxtlar Avropa tarixçilərinin, səyyahlarının düşüncələrinin baş qəhrəmanına çevrilən diyarımızın sakinləri 70 il sovet imperiyasının buxovları altında əzildiyi, 1990-cı illərdən ermənilər tərəfindən blokadaya salındığı, müstəqillik uğrunda mübarizələrin meydanı olduğu vaxtlarda belə, öz tarixi köklərini unutmayıb, milli-mənəvi dəyərlərinə sahib çıxıb. Çıxın, Gənclərin, İslam Mədəniyyətinin Paytaxtı olan bu şəhəri, rayonlarımızı, kəndlərimizi qarış-qarış gəzin. Təmənnasız baxa biləcəyiniz Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı, Tarix, Xalça və digər muzeyləri, görkəmli şəxsiyyətlərin ev-muzeyləri, yurdumuzun hər bir bölgəsində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyləri, Xanəgahı, Buzxanaları, qədim İmamzadə, məscid və pirləri gəzdikcə bu diyarda dövlətçiliyə sədaqətin, varislik irsi bayrağa hörmətin, xalqın tarixini yazan görkəmli ziyalılara, ədəbiyyatşünaslara diqqətin, müxtəlif sənət sahələrinin fəaliyyətinə qayğının şahidi olacaqsınız. Milli Dəyərlər Muzeyində, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzində, Naxçıvan Dövlət Rəsm Qalereyasında, Naxçıvan Dövlət Filarmoniyasında bu diyarın nadir, orijinal naxış kompozisiyasına malik xalçalarına, özünəməxsus kişi və qadın milli geyimlərinə, əsrarəngiz təbiətinin rəng qatdığı mətbəx nümunələrinə, rəngarəng və coşqun rəqslərinə, qədim musiqi alətlərinin ifasına heyran qalacaqsınız. Yallı, xüsusilə Şərurun el yallılarını, Bəhruz Kəngərli, İbrahim Səfi yaradıcılığını izləyəndə də, Dədə Qorqudun, Koroğlunun, Babəkin heykəlləri ilə igidlik, qəhrəmanlıq, azadlıq salnaməsini dinləyəndə də, digər ənənəvi festivallarla yanaşı, “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm, “Milli geyimlər”, Yallı kimi müxtəlif festivalların iştirakçısı olanda da bu diyarda folklorumuzun, etnoqrafiyamızın, rəssamlıq sənətinin zənginliyinə, milli-mənəvi irsimizin yaşadılmasına, təbliğinə şahid olacaqsınız. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin YUNESKO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer almasını, bununla da ölkəmizdə milli dəyərlərimizin qorunmasının, yeni nəsillərə çatdırılmasının vacibliyini görəcəksiniz. Zaman-zaman diyarımızda aparılan uğurlu dövlət siyasəti nəticəsində torpaqlarımız kimi qədim mədəniyyət nümunələrinə də göz dikən ermənilərin milli-mənəvi dəyərlərimizlə bağlı uydurma iddialarını puç edən alimlərimizlə bir daha fəxr edəcəksiniz.
Tarixi köklərimizin mirası olan mağaraları, ilk insan məskənləri, möhtəşəm qalaları, qayaüstü rəsmləri, daş qoç heykəlləri və türbələri ilə diqqəti cəlb edir Naxçıvan. Bilirsinizmi niyə? Çünki tariximizə dəyər verilir, son illər 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb, 70-dən artıq abidəyə ikinci həyat verilib bu diyarda. Qədimliklə müasirliyin vəhdəti diyarımızı səyahət turizminin ideal məkanına çevirib. Bu diyara gələn hər hansı bir turist Cəmşid Naxçıvanski Muzeyinə getməklə həm Naxçıvanın tanınmış hərb xadimlərinin irsini öyrənəcək, həm də Milli Dəyərlər Muzeyinə baş çəkməklə qədim diyarımızda qorunub, yaşadılan milli dəyərlərlə, Naxçıvan şəhər buzxanasını ziyarət etməklə xalqımızın qədim tarixini, burada yerləşən “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi vasitəsilə kulinariya mədəniyyətimizlə də tanış olacaq. Görürsünüzmü, diyarımızda bir bina daxilində nə qədər milli-mənəvi dəyər nümunəsi qorunub saxlanılır. 2012-ci ildə “Milli dəyərlər ili” nə həsr olunmuş tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Biz həyata keçirilən tədbirləri milli dəyərlərin öyrədilməsi və yaşadılması istiqamətində görülən işlərin yekunu yox, başlanğıcı hesab edirik. Bu sahədə görülən işlərlə kifayətlənmək olmaz. Milli dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mühüm vəzifəsi olmalıdır. Biz öz tarixi dəyərlərimizə sahib çıxmasaq, ona başqaları sahib çıxacaqdır. Xalqımızın gələcəyini düşünürüksə, bu gələcəyi möhkəm təməllər – milli dəyərlər üzərində qurmalıyıq”. Bu gün Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair çoxsaylı elmi-kütləvi nəşrlər, televiziya filmləri, keçirilən beynəlxalq simpoziumlar, Xalq yaradıcılığı günləri ilə milli-mənəvi dəyərlərimiz yaşadılır, gələcək nəsillərə ötürülür...
Milli-mənəvi irsimizi varislik prinsipi ilə yaşatmaq və zənginləşdirmək məramı, qayəsini həm də doğma yurdumuza, onun füsunkar təbiətinə, təbii sərvətlərinə sahiblik hissi təşkil edir.
Ağac əkmək, yaşıllıq salmaq, torpağa toxum səpmək, onu əkib-becərmək kimi tarixən babalarımızın ən gözəl adətlərini də yaşatmağa çalışırıq. Bir vaxtlar elektrik enerjisinin, təbii qazın yoxluğu səbəbindən qırılan minlərlə qocaman ağacın, pöhrələrin əvəzində bu gün hər səkisində, hər küçəsində baş-başa verən ağacları, rəngarəng gülləri ilə cənnəti xatırladan yaşıllıqlar diyarını görəcəksiniz. Bu diyarın təmiz havası, gözəl təbiəti, səliqəli küçələri bura gələnləri heyran edir. Bunun səbəbi ana təbiətimizə göstərilən diqqət və qayğıda, digər tərəfdən bu diyarın insanlarının Vətənə, torpağa məhəbbətində, ətraf mühitə və təbii sərvətlərə sevgisində gizlidir. Məhz bu müdrik və savab əməllər Naxçıvanımızı milli və mənəvi dəyərlərimizin köksündə ucalan müqəddəs türk yurdu kimi dünyaya tanıdır.
Əsrlərdən gələn, ruhumuzda yaşadılan dəyərimiz “könüllülük” adlı bir təmtəraqla daha da zənginləşir diyarımız. Naxçıvanlıların məişətində, mədəniyyətində, adət-ənənələrində, əmək, zəhmət nəğmələrindədir könüllülük izləri. İnsanlarımızın həmişə xeyirdə-şərdə iştirakında, ictimai işlərdə heç bir fərdi mənfəət güdmədən bir-birinə dəstək olmasındadır. Birlikdə ev tikib, torpağını şumlayan ataların zəhmətində, toplaşıb birlikdə təndir salıb çörək bişirən, Novruza şəkərbura naxışlayan, təmizlik işləri görən anaların kollektiv əməyindədir. Həmin ana-ataların övladlarıyıq ki, bu gün də könüllülüyü bir dəyər kimi yaşadırıq. Bir ağac əkərək ekologiyamıza fayda verməklə, ahıllara qayğı və ehtiram göstərməklə, bütün işlərdə, ən çətin məqamlarda birlik, bərabərlik nümayiş etdirməklə... 2020-ci ilin “Könüllülər ili” olması xalqımızın əsrlərboyu qoruyub yaşatdığı xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrinə töhfədir. Həm də can-dildən çalışan, Vətənə sevgisini sözdə deyil, işdə göstərən gənclərin fəaliyyətləri üçün böyük stimuldur.
Nənələrimizin oxuduqları laylalarda, tapmacalarda, nağıllarda, babalarımızın dediyi atalar sözlərində, bayatılarda öyrəndik milli-mənəvi dəyərlərimizi. Bir vaxtlar şifahi xalq ədəbiyyatımızın yaşatdığı bu dəyərlərimizi isə müasir dövrdə media işıqlandırır, tanıdır, sabaha ötürür. Mediamız qədim diyarımızın sosial-iqtisadi və ictimai-mədəni həyatı, quruculuq və müasir inkişaf salnaməsilə yanaşı, milli-mənəvi dəyərlərimizin təbliğində vasitəçidir. “Şərq qapısı”, şəhər və rayon qəzetləri, Naxçıvan Dövlət Televiziya və Radiosu, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası, “Nuhçıxan” İnformasiya Agentliyi, “Naxçıvan xəbərləri” və digər informasiya-xəbər saytlarında çalışan muxtar respublikamızın çoxsaylı jurnalistləri həm milli-mənəvi dəyərlərimizin qoruyucusu, həm də təbliğatçısıdırlar...

Böyükdən-kiçiyə ötürülən, nəsildən-nəslə miras ərməğanı olan mətbəx nümunələrimizin, adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin ata ocağı Naxçıvan!.. Səninlə öyrəndik milli kimliyimizi unutmamağı, milli-mənəvi dəyərlərimizə sahib çıxmağı. Hər zaman da elə səndən öyrəndiklərimizlə cəmiyyətimizi də, ailəmizi də böyük gələcəyə aparacağıq. Müasir, həm də milli-mənəvi dəyərlərimizlə zənginləşdirəcəyimiz gözəl gələcəyə...

- Güntac ŞAHMƏMMƏDLİ
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR