02 May 2024, Cümə axşamı

İnsanı ovsunlayan özünəməxsus təbiət mənzərələrini – yaşıl çəmənlikləri, taxıl zəmilərini, əkin sahələrini izlədikcə düşünürsən ki, sanki ən istedadlı rəssam fırçasını sevgi ilə öz tablosunda gəzdirərək şah əsərini yaradıb. Əsrlərə şahidlik edən qırmızımtıl təpələri, görünən  uzaqdan Darıdağın əsrarəngiz görünüşünü izləyə-izləyə Culfa şəhərinə doğru irəliləyirik. Şəhərə çataçatda qeyri-iradi qürur hissi ilə düşüncələr aləminə qərq oluram. Bunun səbəbi hələ uzaqdan gözəçarpan yaraşıqlı binalar, abad, rahat yollar, illərlə çəkilən zəhmətin təntənəsidir. Bu təntənə müstəqilliyimizin bizə bəxş etdiyi bir nemətdir. Öz-özümə deyirəm: nə yaxşı ki müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Çünki bu gün bu diyarda aparılan bütün işlərin əsas hərəkətverici qüvvəsi insan amilidir və bu da təbii olaraq onların rahat və firavan yaşayışına xidmət edir. Bu mənada, hər il digər bölgəlırimizdə olduğu kimi, Culfa şəhərində də sosial obyektlərin tikilərək və ya təmir olunaraq sakinlərin istifadəsinə verilməsi heç də təsadüfi deyil. 

 

Culfa şəhərinə çatırıq... Bizi şəhərin girişində salınmış Bayraq Meydanı və burada əzəmətlə ucalan ay-ulduzlu bayrağımız qarşılayır. Davamlı inkişaf mərhələsini yaşayan muxtar respublikanın bütün şəhər, rayon və kəndləri aparılan abadlıq, quruculuq işləri nəticəsində gündən-günə daha da gözəlləşir. Rastlaşdığım mənzərələrdə yaranan bu – qənaət şəhərdə ilk gördüklərim qarşısında öz təsdiqini tapır. Bəli, indi muxtar respublikamızın bütün bölgələrində olduğu kimi, Culfada da əhalinin rahatlığı, sərbəst işləməsi və yaşaması üçün hər cür imkan və şərait yaradılıb, infrastruktur yenilənib, müxtəlif obyektlərin tikintisi isə davam edir...
Bu yaxınlarda yenidənqurma işlərindən sonra istifadəyə verilən Culfa şəhərinin Heydər Əliyev prospekti də sadaladıqlarımızın əyani sübutudur. Ulu öndərin adını daşıyan prospekt, bir-birinin ardınca istifadəyə verilən əsaslı şəkildə yenilənmiş ictimai və inzibati binalar, sosial obyektlər diqqətimizi çəkir.
Culfa şəhərinin ən gözəl ünvanı – ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektboyu hökm sürən səliqə-sahman, abadlıq işləri göz oxşayır. Məlumat üçün bildirək ki, prospektdə yenidənqurma çərçivəsində 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınıb, 78 su keçidi qoyulub. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılıb, kənarlarda səki salınıb, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunub. Prospektdəki 7 ictimai yaşayış binasının fasadı, fərdi yaşayış evlərinin isə çardaq və hasarları təmir edilib. Rayonun əksər idarə, müəssisə və təşkilatları bu ünvanda yerləşir. Şəhər mərkəzindəki digər küçələrdə də son illərin quruculuq ərməğanları, salınmış rahat yollar, parklar, yaşayış binaları, bazar, ticarət obyektləri qədim Culfa şəhərinə gözəllik bəxş edib. Burada olduğumuz müddətdə, sanki şəhərin simasında qədimliklə bu günün mənzərəsini bizə göstərən güzgüyə baxdığımı düşünürəm.

Rayion mərkəzində yaşayan insanlarla həmsöhbət olmaq üçün prospektboyu irəliləyirəm. Yaşayış binalarının həyətlərində oynayan uşaqların şən gülüşləri ətrafa yayılır. Bir qədər bu ürəkaçan, gözoxşayan mənzərələri seyr etdikdən sonra nəzərim yaxınlıqdan keçən qadına yönəlir. Elə ilk həmsöhbətim də məhz həmin xanım olur. Yaxınlaşıb hal-əhval tutduqdan sonra öyrənirəm ki, müsahibim prospektdə yaşayan müəllim Xuraman Səmədovadır. Onun dediklərindən:
– Günü-gündən gözəlləşən Culfa şəhərində inşa edilən bir-birindən yaraşıqlı binalar, salınan rahat yollar, yaşıllıqlar hər bir sakini qəlbən sevindirir. Ötən günlərdə prospektimizdə də aparılan yenidənqurma işləri sevincimizi ikiqat artırıb. Culfamızın siması elə gözümüz önündəcə diqqət, qayğı və çəkilən zəhmət sayəsində tamamilə dəyişilib. Bütün bunların qarşılığında rahat yaşayışımız naminə yaradılanları qorumağı, onlardan səmərəli istifadə etməyi mənəvi borcumuz hesab edirik.
Söhbətimizə qoşulan Nisə Cəfərova minnətdarlıq edərək bildirir ki, biz blokada vəziyyətində çətin günlər yaşamışıq. Bu gün abad olan prospektimizin bir vaxtlar hansı vəziyyətdə olduğunu olduğunu adam indi xatırlamaq belə, istəmir. Bu səbəbdəndir ki, Culfanın bu gününü görməyin bizim üçün nə demək olduğunu sözlə izah etmək çox çətindir. Onu da qeyd edim ki, bu gün prospektimizdə, hər bir şəraiti olan müasir bağça və məktəb təlim-tərbiyə, təhsil işinə mütləq əhəmiyyətli təsir göstərəcək. Bu gün sakinlərimiz rahat yollar üzərində addımlayırlar. Təbii ki, bu bizim üçün ən böyük xoşbəxtlikdir. Bu quruculuq işləri təkcə prospektimizi deyil, bütün Culfa rayonunu əhatə edir. Qurub-yaradan əllər var olsun!
Digər şəhər sakini, ziyalı Yusif Cəfərov isə söyləyir: Bildiyiniz kimi, memarlıq inciləri, tarixi yerləri, şəfalı suları olan qədim Culfa qonaqlı-qaralıdır. Buraya üz tutan turistlərin sayı da ildən-ilə artır ki, bunun da səbəbi gözəlləşən şəhərimizdən alınan təəssüratlardır. Bu gün rayonumuzun ən ucqar dağ kəndində, belə aparılan işlərin nəticəsini aydın şəkildə görürüksə, deməli, burada inkişafdan qürur duymaq olar. Prospektimizdə də görülən işlər bu inkişafın bir hissəsidir. Biz sakinlər qurub-yaradanlara minnətdarıq və yaxşı bilirik ki, bütün bunların hamısı qədim bölgənin müasirləşməsi, yeniləşməsi, insanların rahatlığı baxımından atılan uğurlu addımların zəfər səsidir.

Culfada gördüklərimizdən və söhbətlərimizdən belə nəticəyə gəldik ki, muxtar respublikamızdakı bütün bu işlər qurub-yaradanlar tərəfindən əzm, sədaqət və sevgi ilə görülür və bunu hər bir vətəndaş dərindən dərk edir, daha xoşbəxt gələcəyə inanır. Bir sözlə, əzm, sədaqət və sevgi olan yerdə baxışlar üfüqdə daha işıqlı, parlaq sabahlara çevrilir...

- Pərviz HACILI

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR