02 May 2024, Cümə axşamı

Vətən məhəbbəti, Vətənə bağlılıq... Ancaq hər məhəbbət, hər bağlılıq yox, şair məhəbbəti, şair bağlılığı... Doğma torpağa bağlı olan çox insanlar ola bilər. Əsl sənətkarlar isə torpağa qanı ilə, ruhu ilə, yaradılış mayası ilə bağlanır və onların ruhu Vətən torpağının ətrafında dolaşan əbədi pərvanəyə çevrilirlər. Görəsən, özülündə Vətən daşı olmayan, ruhu Vətən torpağında yaşamayan, Vətəni öz yaradıcılığı ilə yaşatmayandan sənətkar ola bilərmi? Bəzən şairlər Vətən mövzusunu qələmə alarkən tamamilə tərifdən ibarət, poetikliyini itirmiş, pafoslu şeirlər ilə Vətəni yaşadacaqlarını, Vətənə məhəbbəti dərinləşdirə biləcəklərini düşünürlər. Təəssüf ki, bu, süni və solğun görüntü effekti yaradır.

 Əsl şair dünyaya gəldiyi gündən çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi vüqarlı dağlardan, qocaman daşlardan qopur, doğulacağı torpağa düşür. Xalqının nəfəsi ilə böyüyür. Bu baxımdan mənə elə gəlir ki, Məmməd Araz Azərbaycan dağlarından qopub gələn əzəmətli bir qayadır, Xətai qılıncından çaxan qığılcımdır, Arazın suyunun həzin ağrısını gecə-gündüz dinləyən qoca palıddır. Xalq şairi Məmməd Araz mənliyi, ruhu, şeiriyyəti ilə tamamilə Vətənləşən böyük sənətkarı­mızdır. Ona görə də onun şeirlərində Vətən mövzusu yox, Vətənin özü var. O, Vətəni böyük məhəbbətlə yaşatdığı kimi, şairin ruhu da Vətənin hər daşında, qayasında yaşayır.

Vaxtilə böyük rus yazıçısı L.N.Tolstoy bir pedaqoq kimi uşaqlara deyirdi ki, Vətən Yasnaya Polyanadan başlanır. Məmməd Araz üçünsə Vətən kiçik bir dağ kəndindən başlayır. Böyük şairimiz onu bəsləyən, boya-başa çatdıran, həyata, geniş mənada, gələcək əbədiyyət dünyasına vəsiqə verən kiçik yurdunu böyük məhəbbətlə sevir. Vətəndaş sevgisinin ilk qığılcımlarının məhz balaca Nursu kəndində yaranması isə heç də təsadüfi deyil. İlk dəfə burada eşitdiyi, əsrlərin dərinliyindən gələn doğma ana laylasının, babasından, ən böyük alim sandığı nənəsindən eşitdiyi, bir anda bir neçə əsri adlayan saysız dastan və nağılların hər birində Vətən var:

Onun Araz kimi kükrəyib daşan,
Kürün nəğməsinə nəğmələr qoşan,
Hünər dastanı da, sevinc səsi də,
Bəzən söz üstündə titrəməsi də,
Nənəmin qəlbindən qəlbimə doldu.

“O əllər mənim ilk müəllimim oldu”, – dediyi dərələri, dağları müəllim kimi tanıtdıran, sevdirən, hələ ilk dəfə gəzməyə çıxanda xırdaca əllərindən tutan isti, doğma ata əllərinin təmasının və bəzən onun çox sevdiyi kənd axşamlarında qonum-qonşunun, qohum-əqrəbanın, sinədəftər qocaların söhbətlərinin şairin uşaqlıqdan Vətən sevgisi ilə böyüməsində mühüm rolu olmuşdur:

Budur sinədəftər qocalar yenə,
Enir tarixlərin dərinliyinə.
Kimi Koroğludan, kimi Babəkdən,
Kimi də Gülgəzdən, Abbasdan deyir.

Məmməd Arazın qələmə aldığı əsərlərin əksəriyyəti birbaşa ya doğma kəndi ilə bağlıdır, ya da kənddən gətirdiyi uşaqlıq, gənclik xatirələrinin şövqü ilə yazılmış saf və səmimi duyğulardır. Həmçinin şairin poemalarının əksəriyyətində də kənd həyatı, kəndli zəhməti qabarıq şəkildə təsvir olunur. Müharibə dövrünün kənd həyatına qatdığı əzab-əziyyəti də Məmməd Araz sonralar mahir bir şəkildə qələmə alır. O cümlədən “Üç oğul anası” poemasında İkinci Dünya müharibəsində üç oğlunu itirmiş, özgələr çiynində gora gedən bir kəndli qadının acı taleyini müşahidə edirik.
Xalq şairi yazılarının birində qeyd edir ki, “Müharibə vaxtı yüz evlik kəndimizdə bizim İbrahimovlar nəslindən də dönməyənlər çox oldu. Azərbaycanlı döyüşçülərin Ukraynadakı döyüş yolunu izləmək üçün qardaş torpağına getdim. Müxtəlif qardaş qəbirləri – məzar şəhərlər gördüm. Lvov şəhərində bir qəbrin başdaşına İbrahimov yazılmışdı. Bircə soyad! Nə ad, nə ünvan! Elə oradaca bu misralar doğuldu və sonra bu misralar “Əsgər qəbri haqqında ballada” poemasının yaranmasına təsir etdi”:

Bizim kənddən doxsan igid qayıtmadı,
Doxsan ana yola baxdı,doxsan
ümid qayıtmadı.
Doxsan cığırda ot bitdi,
Doxsan yolda oraq-çəkic,
Dəryaz itdi,qələm itdi.
Kəndimizi sevindirrəm tapanda bir itmiş adı...

Bu poema ilə şair təsvir edir ki, faşistlərə qarşı mərdliklə vuruşaraq həlak olan şairin dünənidir. Berlinə gedib çıxan kəndinin insanının qalib sədasıdır.
Həmçinin “Atamın kitabı” poemasında ömrünün yüz ilinə qədəm qoymuş, müharibənin və ümumən, illərin sınaqlarından keçmiş, ən çətin anlarında torpaqdan güc almış bir kəndli qocanın həyatından söz açır. Şair qəlbinin hökmü ilə kənd zəhmətkeşlərinin həyatından onlarla publisist yazılar, qeydlər, söhbətlər yazıb.
Vətən sevgisi ilə böyüyən və içindəki Vətən məhəbbətini də özü ilə böyüdən şairin kiçik bir kənddən başlayan bu ölməz sevgisi zamanla sərhədləri aşan, məcraya sığmayan bir ordunu ayağa qaldıra biləcək qədər güclü bir poetik qüdrətə çevrilir. Beləcə, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!” nidası ilə səslənir, Azərbaycanı dünyası bilir, mamır olub bu yurdun daşında, qayasında bitməyə can atır, qayaların lal dilini başa düşür, ana yurdun hər daşına üz qoyur. Məmməd Araz üçün Vətənin hər daşı, hər qayası Vətənlə, xalqla əbədiyyən birləşir. “Şair, qayalara, dağlara söykən!” poetik ifadəsini də yurda, xalqa arxalanmaq, onlardan güc almaq kimi geniş mənada işlədir: “Ona yönəl, ondan baş götür, ona etibar et, ona inan və ona qayıt”. Bu, Xalq şairinin yaradıcılıq yolunun üstündə əbədi şüardır:

İnamdan göyərsə bir dağdır inad,
Bu Vətən dağıdır, söykən ki, söykən.
Nə uçan quşunun dalınca daş at,
Nə qopan daşının dalınca söylən.

Məmməd Araz yaradıcılığı hər bir Vətən övladını əsl vətənpərvər insan kimi yetişdirmək gücünə malik olan ən yaxşı müəllimdir. Onun şeirləri təkcə Vətənə sevgi aşılamır, bir çox məqamlarda indiki gəncliyə Azərbaycanın qədim tarixini, əsrarəngiz təbiətini sevdirir. Ta qədim zamanlardan xalqımızın başına gətirilmiş müsibətlərdən, xanlıqlar dövründə Azərbaycanın keçirdiyi sarsıntılardan, ikiyə bölünmüş xalqın, torpağın ayrılıq, həsrət yanğısından söz açır:

“Mən-mən” dedi bir ölkədə nə qədər xan,
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!..
Dibək oldun öz duzunla, öz daşınla,
Ögey oldun doğma, əkiz qardaşınla...

Şair ağrılı tariximizi, xalqın ən böyük dərdini, Cənub həsrətini şeirləri ilə yanaşı, “Araz” təxəllüsü seçməklə də, təkrarsız imzası ilə də yaşatdı. Bu təxəllüs gəlişi gözəl olmayıb, hərbi and kimi qəbul edilmişdi. O, “Təbriz nə istəyir? Təbriz – qurtuluş”, – deyə hay çəkdi. Xan Araza neçə-neçə şeirlər yazdı:

Yox, Araz deyəndə mən
Yalnız çay düşünmürəm.
O, tarixdir, baxıram
Ağlayır da, gülür də,
Avestanın külündən
Bulanıqdır hələ də.

Məmməd Araz, həmçinin öz şeirlərində hər birimizə Vətəni təmənnasız sevməyi, ona qəlbən bağlanmağı öyrədən örnək bir vətəndaş obrazı yaratdı. Vətəni hamı sevir. Gücün çatırsa, Məmməd Araz kimi sev, yarat görüm!

Öz şöhrəti heykəlinə dəmir əridən,
Vətəndaşın Vətəni də bir evdir ancaq.
Vətən üçün can əridən, ömür əridən
Bir daşa da minnət qoyub pay ummayacaq.

Amma hərdən şairin şeirlərini oxuduğum zaman qeyri-ixtiyari olaraq gözüm misralarda düyünlənib, xəyalım uzaqlarda dolaşanda düşünürəm ki, birdən zaman dəyişsə, Məmməd Araz bizim günlərdə doğulsa və qələm götürsəydi, zənnimcə, yenə də məğrur bir görkəmlə istədiyi hədəfi nişan alardı. Onda, yəqin ki, “sənət cəngəlliklərində” “ov tüfəngi ilə fırlanan” bəzi “şöhrətli qələm sahibləri” çox miskin vəziyyətdə qalardılar. Qabağında heç kəs dayana bilməzdi, vaxtilə qolundan dartanlar, ayağından tutanlar, misralarında zərrəbinlə gəzənlər, yəqin ki, öz dərd-sərlərini də Məmməd Araz misralarıyla dilə gətirərdilər. Bir də dövrümüzü Məmməd Arazsız təsəvvür etməyə kimin gücü çatar ki? O, ədəbiyyatımızın gündoğanında mavi göy üzünü, rəngarəng Vətən dünyamızı öz şəfəqləri ilə işıqlandıran, qızdıran poeziyamızın əbədiyyət günəşi kimi bu gün də ətrafa şölə saçmaqdadır.
Vətəni ucaltmaq məramlı əməlləri ilə özü də o ucalığa yüksəlib:

Yazmışam hər şeyi könül naməmə,
Bircə bu günahım bağışlanacaq
Neylədim, Vətəni sevmək naminə,
Ucaltmaq naminə elədim ancaq.

Əzizə SÜLEYMANOVA
Şahbuz rayonunun Nursu kəndindəki
Məmməd Arazın ev-muzeyinin direktoru

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR