02 May 2024, Cümə axşamı

Naxçıvan Muxtar Respublikası flora və fauna ilə yanaşı, mineral sərvətlərinin ehtiyatına və müxtəlifliyinə görə də çox zəngindir, ərazisində 40-dan artıq müxtəlif faydalı qazıntı yataqları mövcuddur. Bunlardan Duzdağ daşduz, Nehrəm dolomit, Biləv zəy süxurları, Gümüşlü qurğuşun-sink, Kotam kobalt, Xal-xal sərbəst mis, Buzqov, Şahtaxtı, Qarabağlar travertin, Şahbuz, Babək gil minerallar, Gümüşlü kvarsit, Biçənək torf, Gömür kükürd, Parağaçay, Qapıcıq molibden və Ordubad rayonunun Məzrə kəndindən Şahbuz rayonunun Güney Qışlaq kəndinədək uzanan seolittərkibli yataqlar kimi sənaye əhəmiyyətli sərvətimizi misal göstərə bilərik. Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə etməklə tətbiqinə nail olmaq, hazırda fundamental elmin mühüm və perspektivli məsələlərindən biridir.

Muxtar respublikanın mineral xammalları içərisində xalq təsərrüfatının müxtəlif sahələrində tətbiq olunanlardan biri də seolitlərdir. Dünya praktikasına əsaslanaraq demək olar ki, müasir dövrün ən aktual problemi olan tullantıların utilizasiyası və basdırılmasında yüksək fiziki-kimyəvi xassələrə malik və maya dəyəri aşağı olan təbii seolitlərdən geniş istifadə olunur. Unikal xassələrə və spesifik kristal quruluşa malik seolitlərdən sənaye tullantı kükürd və karbondan təmizlənməsində geniş istifadə olunması məlum və perspektivli sayılır.
Dünyada mövcud olan 200 sintetik və 50-yə yaxın təbii seolitdən yalnız səkkizi sənaye əhəmiyyətinə malikdir. Sevindirici haldır ki, Naxçıvanın təbii seoliti məhz bu səkkizliyə daxil olanların sırasındadır.
Qeyd edək ki, sənaye əhəmiyyətli o yataqlar hesab olunur ki, orada seolitin miqdarı 50 faizdən artıq olsun. Naxçıvanın seolittərkibli yataqlarında bu mineralın miqdarı 70-75 faiz arasında dəyişir.
Muxtar respublikanın seolittərkibli yataqları aydın yaşılımtıl-mavi rəngi ilə digər minerallardan fərqlənir. Naxçıvanın seolittərkibli süxurları cənub-şərqdən şimal-qərbə Düylünçay və Qaradərəçaylar arasında, Nurs-Türkeş çökəkliyindən Zoğalasu çayı boyunca, şimal-qərbə isə Kükü çayından Qızıl Qışlaq kəndinə qədər geniş zolaqla uzanır.
Seolitlərin ən geniş tətbiq sahələrindən biri suyun təmizlənməsidir. Onun vasitəsilə suyu insan orqanizmi üçün ziyanlı olan maddələrdən təmizləmək mümkündür.
Seolitlərdən doldurucu kimi tara karton qutuların istehsalında istifadə edilir. Belə kartonlar öz daxilində mikroiqlim yaradaraq tərəvəzlərin saxlanma müddətini uzadır, keyfiyyətini saxlayır və onlar zədələnmir. Meyvə-tərəvəz saxlamaq üçün istehsal olunan tara karton qutularının tərkibinin 40%-nin təbii seolitdən olması onların saxlanma müddətini 3-5 dəfə artırmış olur. Kağızın istehsalında da seolitdən geniş istifadə edilir.
Neft-kimya sənayesində neftin ayrılması prosesində seolitlərdən katalizator kimi geniş istifadə olunur. Seolit-katalizatorlar üzərində dünyada hər gün 5 milyon ton neft istehsal olunur və belə qurğularda seolitin illik sərfi 350 min ton təşkil edir.
Heyvandarlıq və quşçuluq təsərrüfatlarında seolitlərdən profilaktik və müalicəvi əlavə kimi istifadə olunması məhsuldarlığın artması ilə yanaşı, heyvan və quşlarda xəstəliyə qarşı profilaktikanı da təmin edir.
Seolitlər həm də gübrə istehsalında əlavə kimi tətbiq olunur. Bu halda bir neçə müsbət nəticə əldə edilir, gübrə torpaqda uzun müddət qalır, qida maddələrinin yuyulmasının qarşısı alınır, sərf olunan gübrənin miqdarı azalır, torpağın mikroflorası yaxşılaşır və məhsuldarlıq artır.
Təbiətdə ən güclü zərərli maddələri insan orqanizmindən xaric edən mineralın seolit olduğu da dünya alimləri tərəfindən sübuta yetirilib. Belə ki, seolitlər insan orqanizmində olan zərərli maddələri, ağır metalları öz quruluşuna hopduraraq orqanizmdən xaric edir. Bu səbəbdən də orqanizmin ən həssas üzvləri – beyin, sinir, hormon və immun sistem, qaraciyər zərərli maddələrdən mühafizə olunur.
Digər tərəfdən seolitlər tikinti materiallarının istehsalında əlavə kimi geniş istifadə olunur, bu isə onların davamlılığına və möhkəmliyinə müsbət təsir göstərir.
Seolitlərdən stomatologiyada da geniş istifadə edilir. Yeni nəsil stomatoloji farforların tərkibinə seolit əlavə olunur ki, bu da onların tez dağılmasının qarşısını alır. Sadalanan tətbiq sahələri bu mineralın nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir. Təbiətin muxtar respublikamıza bəxş etdiyi və geniş tətbiq sahəsinə malik, ehtiyatı milyon tonlarla ifadə olunan bu unikal mineralın xalq təsərrüfatının müxtəlif sahələrində səmərəli tətbiqinə nail olmaq iqtisadiyyatımıza öz töhfəsini verə bilər.
Onu da qeyd edək ki, sintetik seolitlər yüksək maya dəyərinə görə az miqdarda istehsal olunduğundan sənayedə və yeni texnologiyaların hazırlanmasında onun tətbiqi problemlər yaradır. Bu baxımdan laboratoriya və yaxud sənaye səviyyəsində alınan seolitlərin yerinə təbii seolittərkibli ehtiyatlardan istifadə etmək daha sərfəlidir.
Ümid edirik ki, belə unikal xassəli mineralın tətbiq sahələri geniş­lənəcək və həyatımızda daha böyük rol oynayacaq.

Günel Məmmədova
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri,
kimya üzrə fəlsəfə doktoru, dosent

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR