Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm müsabiqəsinin 11 may-3 iyun tarixlərində qeydiyyatı yekunlaşdırılıb.
Məlumat üçün bildirək ki, onlayn müsabiqəyə, ümumilikdə, 93 uşaq, yeniyetmə və gəncin 148 rəsm əsəri buraxılmışdı. Müsabiqəyə 7-12 yaş kateqoriyası üzrə 31 nəfər 45, 13-17 yaş kateqoriyası üzrə 50 nəfər 82, 18-29 yaş kateqoriyası üzrə 12 nəfər 21 rəsm əsəri təqdim etmişdi. Onların sırasında Bakı məktəbliləri də olub. Qeydiyyat bitdikdən sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilmiş münsiflər heyəti müsabiqəyə təqdim olunmuş rəsm əsərlərinə baxış keçirib. Seçim zamanı müəllifin yaşı nəzərə alınaraq düzgün kompozisiya, rəng seçimi və ideya əsas götürülüb, müsabiqəyə təqdim olunan işlərin bədii dəyəri nəzərə alınıb.
Münsiflər heyətinin 8 iyun tarixli yekun qərarına əsasən qaliblər və müsabiqədə fərqlənən şəxslər müəyyən edilib.
Qaliblər diplom, hədiyyələr və pul mükafatları ilə təltif olunacaq, fərqlənən iştirakçılara fəxri fərmanlar təqdim ediləcək.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti