01 May 2024, Çərşənbə

May ayında onlayn formada xidmət göstərilməsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və tabe müəssisələrin əsas fəaliyyət istiqamətlərindən olmuşdur. Ötən ay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində, Cəmşid Naxçıvanski Muzeyində, Beynəlxalq Muzeylər Günü münasibətilə isə Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən onlayn ekskursiyalar Naxçıvan tele­viziyasında, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və “Instagram” səhifəsində canlı olaraq yayımlanmışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan ­olmasının 97-ci ildönümü və 28 May – Respublika Günü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera və Estrada orkestrlərinin, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının solistləri, gənc vokalist İlkin Abdullayevin və gənc skripka ifaçısı Cahangir Qurbanovun onlayn konsertləri təşkil olunmuşdur.
Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Aleksandr Sergeyeviç Qriboyedovun eyniadlı əsəri əsasında hazırlanmış “Ağıldan bəla” tamaşasının ilk dəfə olaraq onlayn premyerasını və Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış eyniadlı tamaşadan bir hissəni nümayiş etdirmişdir. Naxçıvan teatrının yaradılmasının 137-ci ildönümü münasibətilə onlayn tədbir keçirilmiş, Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa onlayn formada teatrsevərlərə təqdim olunmuşdur. Ötən dövrdə, həmçinin yazıçı-dramaturq Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı onlayn formada təqdim edilmişdir. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında da ötən ay balaca teatrsevərlər üçün “Buratino”, “Qoğalın sərgüzəşti” və “Ələddinin sehrli çırağı” tamaşaları onlayn nümayiş olunmuşdur.
May ayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx, “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm və “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqələri elan olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının çapa hazırlanması işi davam etdirilmiş, yallıların çəkilişi aparılaraq, bu sənətin təbliği ilə əlaqədar paylaşımlar olmuşdur.
Muxtar respublikanın muzeylərinə ötən ay da onlayn ekskursiyalar davam etdirilmiş, ay ərzində əlamətdar və tarixi günlər, eləcə də tanınmış şəxsiyyətlərin doğum və anım günləri ilə bağlı muzeylərin sosial şəbəkə hesablarında paylaşımlar olmuşdur. Muxtar respublikanın kitabxanaları da may ayında oxuculara onlayn fəaliyyət göstərmişdir. Belə ki, Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyi münasibətilə “Əbdürrəhim bəy Haqverdiyev – 150” adlı onlayn konfrans keçirilmiş, Cek Londonun “Həyat eşqi” əsərinin onlayn müzakirəsi təşkil olunmuş və 564 oxucuya səyyar kitabxana xidməti göstərilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitablarla bağlı, ümumilikdə, 45 audio-videomaterial hazırlanmışdır. Onlayn tədbirlər Naxçıvan Musiqi Kolleci, həmçinin uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün də davam etdirilmiş, tələbə və şagirdlərin iştirakı ilə onlayn ustad dərsləri və metodik kurslar təşkil olunmuşdur.
May ayında Mədəniyyət Nazir­liyinin tabeliyində olan müəssisələrin işçilərindən 10-u Prezident mükafatına layiq görülmüşdür.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR