09 Yanvar 2025, Cümə axşamı

Muxtar respublikamız əsrarəngiz təbiəti ilə məşhur olduğu kimi, bu diyarın yetirib-bitirdiyi nemətlər də dad-tamı, keyfiyyəti ilə də dillər əzbəridir. Günəşin bol olduğu muxtar respublikanın dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən kəndlərində dağın-daşın, çölün-çəmənin hər bir otu, gülü-çiçəyi gözəlliyi ilə gözlərimizi oxşadığı kimi, həm də min bir dərdin dərmanı, məlhəmidir. Çaşır, bolu, baldırğan, uşqun, çiriş, cacıq, qazayağı, əvəlik, ələyəz, bulaqotu, yarpız, nanə, kəklikotu... Adlarını saymaqla bitməyən əvəzsiz, hər biri bir dərdin dərmanı, ağız ləzzəti olan bu bitkilərin yetişmə dövrünü təbiət elə nizamlayıb, sıralayıb ki, erkən yazdan qar yerə düşənədək insanlar həmin bitkilərdən yararlanır, hələ üstəlik qış üçün də tədarük edirlər.

Zənginliyini bu doğma təbiətdən alan Naxçıvanın mətbəxini diyarımızın dağlarında, dərələrində, düzlərində bitən, hər biri bir dərdə çarə olan bitkilərdən hazırlanan yemək nümunələri tərkibi, dad-tamı ilə daha da məşhurlaşdırıb. Elə Naxçıvanda insanların uzun­ömürlülüyünün sirri də gözəl iqlim, saf, təmiz hava, tərkibi vitamin və minerallarla zəngin olan nemətlər, bir sözlə, sağlam ekoloji mühit və mədəni həyat tərzi ilə bağlıdır.

Adlarını sadaladığımız yabanı bitkilərdən qidalana bildiklərimizə Naxçıvanda “pencər” deyirlər. Bu pencərlərin hər birinin öz yığılma vaxtı, bişirilmə qaydası, qışa tədarük edilmə üsulu var. Dünyagörmüş insanlar deyərlər ki, yazın gəlişində çöl pencərlərinin torpaqdan baş qaldıran vədələri olur. Ancaq hökmən göy gurlamasını gözləməlisən. Göy ki bircə dəfə gurladı, kürsü başındakı nurani-pirani babalar sevincək yerlərində qurcalanarlar: – “cücərən nə varsa, artıq yeyilə bilər, göy gurladı”. Onlar deyərlər ki, göy gurlamadan cücərənlərin yeyilməsi haramdır. Gərək yazın gəlişindən torpaq da ağırlıqdan çıxa, təzələnə. Bu səda isə göydən gələr.
Artıq bu yaz da göylər gurlayıb, günəşin zərrin şəfəqləri ilə torpağın altından boylanan çöl pencərlərinin yığılmalı, yeyilməli vədəsi yetişib. İndi Şərur, Culfa, Sədərək, Ordubad, Şahbuz və digər rayonlarımızdakı dağlar, düzlər səxavətlə yenə də “qapılarını” bu sərvətlərin sahiblərinin üzünə açıblar. Önlüklü qız-gəlinlərimiz qucaq-qucaq qazayağı, cacıq, yarpız, xıncılovuz, çiriş, kəvər, quzuqulağı yığır, yurdumuzun yaz süfrəsini pencər qovurması, kükü, kətə, qutab və sair yeməklərlə bəzəyirlər.
Şahbuz rayonunun Aşağı Qışlaq kəndində yaşayan Südabə Məhərrəmova öz ailə üzvləri ilə yazda əvəlik, ələyəz, şıppır ( buna rayonun ayrı-ayrı kəndlərində “şep”, “dikcə” də deyirlər) yığır, qışa tədarük edir, bazara çıxarırlar. Südabə xanım deyir ki, elə ki, yaz gəldi, süfrəmizdən pencər əskik olmaz. Ya kətə, qutab bişirər, ya da pencər qovurarıq. O, maraqlı bir məqamı da vurğulayaraq dedi: – Şahbuzda hər qadın qışdan yaza ət qovurması saxlayar ki, yazda qazayağı, cacıq, şıppırı onunla bişirsin. Bunun dadı bir başqa olur. Pencərin ət qovurması ilə necə bişirilməsi qaydası haqqında da danışan Südabə xanım dedi ki, pencəri təmiz yuyub, doğrayıb qaynadır, azacıq sıxırsan ki, suyu getsin, duz, istiot vurursan. Ət qovurması ilə soğandağı edib pencəri üstünə tökür, bir az tovlayıb, üzərinə yumurta vurursan. Bu cür bişirilən pencər qovurması adi soğandağı ilə bişiriləndən daha dadlı olur. Həmsöhbətim şıppırla bişirilən dolmadan da danışdı. Dedi ki, şıppır mövsümü ola, heç olmasa, bircə dəfə şıppır dolması bişirməyəsən, elə bil o yaz ağzının dadını qaçırdın. O, dolmanın bişirilməsi ilə bağlı bildirdi ki, tərkibi Naxçıvanda yaz vaxtı bişirilən “dəli” dolma, yəni ətsiz dolma ilə eynidir, lakin buna istəyə görə cəviz əlavə edənlər də olur, bir də dolma şıppır yarpaqları ilə bükülür.
Şıppır Şahbuz rayonunun Batabat yaylağında, Kükü kəndindəki “Qanlıgöl” adlanan yerdə, Biçənək, Yuxarı Qışlaq yaylaqlarında daha çox bitən bitkilərdəndir. Südabə xanım pencər mövsümündə muxtar respublikanın digər rayonlarından da bu yerlərə maşınların gəldiyini söyləyir.
1990-cı illərin çətin günlərini bir daha yada salan Aşağı qışlaqlı Zərnişan Məmmədova söhbətə qoşularaq deyir: – 1990-cı illər Naxçıvanın ən ağır illəri idi. Ümidimiz hər yerdən kəsilmişdi. Həmin illərdə övladlarımızı bu dağın-daşın pencərləri xilas etdi. Yaz, qış həm bişirdik yedilər, həm də bazara çıxarıb digər ehtiyaclarımızı azacıq da olsa, ödədik. Zərnişan xanım uzun illərdən bəri kənd camaatının bu pencərlərdən həm də Naxçıvanda, Bakıda yaşayan bacı-­qardaşlarına, qohumlarına pay tutduqlarından da danışdı. Dedi ki, bu yerlərin nemətlərinin dadını bilən insanlar üçün ən gözəl hədiyyə 1-2 hörük ələyəz, şıppır, bir ovuc yarpız, kəklikotudur.
Kolanı kəndindən olan Pərvanə Yusifova deyir ki, Bakıda yaşayan həmkəndlilərimiz hər yaz 3-5 günlük bura gəlirlər. Onlar deyirlər ki, qaz­ayağını, cacığı, xıncılovuzu, yarpızı öz əllərimizlə yığıb yemədiksə, dadını ala bilmirik. Ona görə də hər yaz gəlib dağlara üz tutur, yurdumuzun təmiz havasını ciyərlərimizə çəkə-çəkə bu nemətlərdən yığır, evlərimizə aparırıq. Hələ üstəlik Azərbaycanın başqa bölgələrindən olan qonşularımıza da bu nemətləri tanıtmışıq. Naxçıvandan əlidolu qayıtmağımızı onlar da hər yaz səbirsizliklə gözləyirlər.
Bu xanımları dinlədikcə 5 övlad böyütmüş Aşağı qışlaqlı Tutu nənənin bir vaxtlar söylədiklərini də xatırladım. O, üzünü dağlara tutub deyərdi: – Baxın, bu dağlar, daşlar, yaşıllıqlar tək gördüyünüz təbiət gözəlləri deyil, onlar həm də bizim ruzi mənbəyimizdir. İkinci Dünya müharibəsinin aclıq və səfalət dolu illərində bu dağlar bizim xilaskarımız olub. Uşaqlarımızı bu dağın, dərənin nemətləri ilə böyütmüşük. Bu nemətlər həm yazda-yayda, həm də qışa tədarük edilməklə çıxış yolumuz olublar.
İndi çöl pencərlərindən qazayağı, cacıq qovurmasının, quzuqulağı, yarpız, bulaqotu dürməyinin, kəvər, qırxbuğum, xıncılovuz, çiriş kətəsinin, yarpızlı-göyərtili kükü yeməyinin vədəsidir. Bir azdan qışda bir hörüyü əl-əl axtarılan ələyəzin mövsümü, yay-qış gözə işıq, qola qüvvət, damağa dad verən əvəliyin, şıppırın yığım dövrü başlanacaq. Onun ardınca şorabası tutulan, qışda süfrələrimizi onlarsız təsəvvür edə bilmədiyimiz çaşır, baldırğan, şomu və bolunun mövsümü gələcək. Bir azdan qar yağanadək bir-birinin ardınca dağlarımızda, düzənlərimizdə yetişən min bir adda olan dərman bitkilərimizin yığımına başlayacağıq. Həmərsin çiçəyindən, meyvəsindən, yemişandan hazırlanan mürəbbələr Naxçıvanın milli mətbəxinin ən füsunkar nemətlərindəndir. Kəklikotu, çobanyastığı, yarpız, solmazçiçək, həmərsin və sair bitki çayları əhval-ruhiyyəyə, əsəb-sinir, immun, həzm sisteminə müsbət təsir etməklə yanaşı, həm də insanı cavan, gümrah saxlayan zəngin tərkibli bitkilərdir. Bu bitkilər, eyni zamanda onların tədarükü ilə məşğul olaraq bazarlara çıxaran ailələrimizin illərdir ki, hər il ailə gəlirlərini də artırmağa imkan yaradıb.
Naxçıvanın möcüzəli təbiəti, xüsusilə dağları burada yaşayan insanların ruzi mənbəyidir. Bəzən düşünürsən ki, bu nə sirdir, axı dünyanın heç bir yerində dağlar insanlara bu qədər nemət bəxş etməyib? Bəlkə, bu, Azərbaycan qadınının tarixən dağlarımıza baxarkən onu ulu babası, atası hesab edərək yaşmaqlanması ilə əlaqədardır? Deməli, dağlarımız da ­zaman-zaman onların ata evlərinə çevrilib. Ata evinə üz tutansa, heç vaxt əliboş qayıtmaz.
Bəli, təbiət gözəli Naxçıvanın nemətləri tükənməzdir. Bu tükənməzliyin qədirbilənləri isə hər il yazdan qışadək ruzi mənbəyi kimi üz tutub nemətləri ilə bəhrələnən insanlar olmalıdır. Min adda, min dadda olan bu nemətləri elə dərib, elə toplamalı, onları düzgün dərə bilməyənlərə elə məsləhətlər verməli, biganə yanaşanları elə qınaq etməliyik ki, dağlarımız, düzlərimiz bizdən “razı” qalıb, gələcək yazlarda da ruzili, bərəkətli “qollarını” bizlərə yenidən açsınlar.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR