Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda muxtar respublikanın yaradıcılıq mərkəzlərinin rəsm dərnəklərində ustad dərslərində iştirak etmiş şagirdlərin çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, bu gün ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət uşaq siyasəti uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin tədbirlər planına əsasən təşkil olunan belə sərgilər də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Ülviyyə Həmzəyeva onu da qeyd edib ki, ustad dərsləri rəsm dərnəyinin üzvlərinə muxtar respublikada fəaliyyət göstərən uşaq yaradıcılıq mərkəzlərindəki rəsm dərnəklərində keçirilib. Bu gün təşkil olunan sərgi ustad dərslərində iştirak edən şagirdlərin rəsmləridir. Rəsm dərnəklərində təşkil olunan dərslər birliyin üzvü olan rəssamlar tərəfindən keçilib. Keçilən dərslərin əsas məqsədi istedadlı və qabiliyyətli uşaqların üzə çıxarılması və onların gələcək fəaliyyətlərində uğur qazanmasına köməklik göstərməkdir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rasim Rüstəmovun, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzovun çıxışları olub. Çıxışlarda bildirilib ki, bu gün uşaqlar milli və mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, təhsil, idman, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlar əldə edirlər.
Çıxış edənlər sərgidə rəsmləri nümayiş olunan uşaqlara uğurlar arzulayıblar. Sonra rəsm sərgisində fərqlənən uşaqlara diplom və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 40 uşağın 139 rəsminin nümayiş etdirildiyi sərgidə təbiət mənzərələrindən tutmuş vətənpərvərlik mövzusuna qədər bir sıra maraqlı rəsmlər yer alıb.
Sonda müsabiqə iştirakçılarının rəsmlərindən ibarət sərgiyə baxış olub.
Gülcamal TAHİROVA