21 Dekabr 2024, Şənbə

Bu, son 5 ildə əldə olunan ən yüksək faizdir

Kənd təsərrüfatı iqtisadi və insan resurslarından, beynəlxalq aləmdə tutdugu mövqeyindən asılı olmayaraq, hər bir ölkə üçün ən vacib sahələrdən biri hesab edilir. Müasir dövrdə dünyada gedən bir sıra qlobal proseslər (quraqlıq, pandemiya, bahalaşma və sair) bu sahənin necə strateji əhəmiyyət daşıdığını bir daha göstərməkdədir. Bu baxımdan etibarlı ərzaq təhlükəsiziyinin təmin olunması hər bir ölkə üçün ən ümdə məsələlərdən biridir. 2021-ci il dekabrın 29-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında Ali Məclisin Sədri kənd təsərrüfatının əhəmiyyətinə diqqət çəkərək demişdir: “Kənd təsərrüfatını inkişaf etdirmədən nə ərzaq təhlükəsizliyindən, nə də iqtisadi inkişafdan danışmaq mümkündür. Çünki aqrar sektor bir tərəfdən sənaye müəssisələrini xammalla təmin edir, digər tərəfdən isə özünüməşğulluğu təşviq edir, yerli istehsalın həcmi artır, daxili bazar qorunur”.

 

Ölkəmizdə, eləcə də muxtar respublikamızda etibarlı ərzaq təhlükəsizliyinin təminatı sahəsində görülən işlər, ilk növbədə, kənd təsərrüfatının müxtəlif sahələrini davamlı inkişaf etdirməyə əsaslanır. Son illərdə aqrar sahədə həyata keçirilən tədbirlər bu istiqamətdə müsbət nəticələrin əldə olunması ilə nəticələnib. Xüsusilə əkinəyararlı torpaq sahələrinin səmərəli istifadəsi daim diqqətdə saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi davamlı olaraq təkmilləşdirilir. Bu sahədə görülən işlərin ən önəmlisi əkinəyararlı torpaqların münbitliyinin artırılması, onlardan səmərəli istifadə olunmasıdır. Hətta bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il 27 noyabrda “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Ötən dövrdə torpaq ehtiyatlarından düzgün istifadə olunması, meliorativ tədbirlərin aparılması məqsədilə mühüm işlər görülmüş, yeni qapalı suvarma şəbəkələri qurulmuşdur. Bununla yanaşı, məhsul istehsalçılarının güzəştli kreditlərlə təmin edilməsi, texnika və gübrə ilə təchizatın yaxşılaşdırılması, suvarma sistemlərinin yenilənməsi və müasir aqrar infrastrukturun formalaşdırılması kənd təsərrüfatı məhsullarının istehsal həcmini artırmışdır.

Statistik rəqəmlərə nəzər salsaq, görərik ki, muxtar respublikada 2021-ci ilin məhsulu üçün 64 min hektardan artıq sahədə əkin aparılıb. Əkilmiş sahələrin 32 min 721 hektarını taxıl təşkil edib, 103 min tondan artıq məhsul yığılıb.
İstehsal həcmində böyük irəliləyişə nail olmuş məhsullardan biri də qarğıdalıdır. Qarğıdalının tədarükçülər tərəfindən münasib qiymətə qəbul edilməsi torpaq mülkiyyətçilərində bu sahəyə marağı artırmış, nəticədə, 2021-ci ildə 2150 hektar qarğıdalı sahəsindən 21 min tona yaxın məhsul tədarük edilmiş, hər hektarın orta məhsuldar­lığı 96 sentner olmuşdur. Xatırladaq ki, 2020-ci ildə 1549 hektar qarğıdalı əkini sahəsindən 14 min 753 ton məhsul yığılmışdı.
Muxtar respublikada diqqət mərkəzində saxlanılan sahələrdən biri də meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsidir. Hamımıza məlumdur ki, bununla bağlı ard-arda iki Dövlət proqramı qəbul edilib. Bu proqramlardan birincisinin icrası 2020-ci ildə yekunlaşıb. İkinci proqram isə ötən ilin mart ayında qəbul edilib və hazırda icrası ugurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, ötən il muxtar respublika üzrə 6203 hektar sahədə tərəvəz, 2479 hektar sahədə bostan əkinləri həyata keçirilmiş, 102 hektar yeni meyvə bağı salınmışdır. Bundan başqa, 3470 hektar sahədə kartof, 52 hektar sahədə tütün əkini aparılmışdır ki, bu da bir il əvvəlki göstəricilərlə müqayisədə müvafiq olaraq 7 və 16 faiz çoxdur.
Kənd təsərrüfatının davamlı inkişafında mühüm amillərdən biri də fermerlərin müasir kənd təsərrüfatı texnika və texnoloji avadanlıqları ilə təminatıdır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 2021-ci ildə 327 müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınmış, 346 texnika lizinq və nağd yolla satılmış, məhsul istehsalçıları 7 min tondan artıq mineral gübrə ilə təmin olunmuşdur. Bundan əlavə, heyvandarlığın inkişaf etdirilməsi məqsədilə fermerlerə 13 milyon 494 min manatdan çox, aqrar sahənin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən ailə təsərrüfatlarına isə 1 milyon 221 min manatdan çox güzəştli kredit verilmişdir.
Təbii ki, bu kimi tədbirlər kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əsaslı zəmin yaratmış, ötən il muxtar respublikada 573 milyon 380 min manatdan artıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, 2020-ci illə müqayisədə 5,3 faiz çoxdur və bu artım həcmi son 5 ildə qeydə alınmış ən yüksək faizdir. Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının istehsal həcmi 2020-ci ildə 4,6 faiz, 2019-cu ildə 4,5 faiz, 2018-ci ildə 4,4 faiz, 2017-ci ildə isə 4 faiz artıb.

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR