21 Dekabr 2024, Şənbə

Arıçılıq son illərdə muxtar respublikada böyük maraq göstərilən sahələrdən birinə çevrilib. Bunun da özünəməxsus səbəbləri var. Bir tərəfdən dövlətin bu sahənin inkişafına göstərdiyi hərtərəfli qayğı, digər tərəfdən arıçılığın gəlirli sahə olması bu işə marağı daha da artırıb. Unutmamalıyıq ki, arıçılıq həm də Naxçıvanda qədim ənənələrə malik məşğuliyyət sahələrindəndir. Bu isə o deməkdir ki, qədim diyarımızın coğrafi ərazisi arıçılıq üçün əlverişlidir, əhalinin bu sahə üzrə ənənəvi təcrübəsi mövcuddur. 

Məhz buna görə də bu sahənin inkişaf etdirilməsi həm də dövlətin marağındadır. Çünki arıçılıq həm əhalinin məşğulluğuna, həm də yerli istehsalın inkişafına öz töhfəsini verir. Təsadüfi deyil ki, dövlət tərəfindən həyata keçirilən aqrar islahatlarda arıçılığın inkişafına böyük önəm verilir. Xüsusilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda arıçılıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqi üçün sahibkarlar arasında maarifləndirmə işlərinin aparılması, kənd əhalisinin məşğulluğunun artırılması, arıçılıq məhsullarının emalı və qablaşdırılması müəssisələrinin yaradılması kimi bir çox vəzifələrin nəzərdə tutulması bunu bir daha təsdiq edir. Bundan əlavə, xatırlatmaq lazımdır ki, muxtar respublikada istehsal olunan balın satışı üçün şəraitin yaradılması və ənənəvi olaraq “Arıçılıq məhsulları – bal festivalı”nın keçirilməsi arı ailələrinin çoxalmasına, bal istehsalının artmasına və bu sahədə sahibkarlığın inkişafına stimul olub. Buna görə də yuxarıda da qeyd etdiyimiz kimi, arıçılığa maraq göstərənlərin sayı getdikcə artır. Bu yazıda oxucularımıza təqdim edəcəyimiz arıçı isə uzun illərdir, bu işlə məşğuldur və onunla söhbətimiz də elə bir yaz gününə təsadüf etdi.

Yusif Səmədov Kəngərli rayonunun Çalxanqala kəndində yaşayır. Ali təhsillidir, uzun illər dövlət qurumlarında çalışıb. 25 ildən çoxdur, yaşadığı Çalxanqala kəndində arıçılıqla məşğul olur. Əvvəllər də Səmədovlar ailəsi arı ailələri saxlayıb, lakin ötən əsrin sonlarında yaşadıqları Qərbi Azərbaycan bölgəsindən Naxçıvana köçərkən bu iş də yarımçıq qalıb. Ancaq bir neçə il sonra yenidən təsərrüfatını qurmağı bacarıb. İşlər necə gedir? – sualımıza həmsöhbətim: Yaxşı, – deyə cavab verir. Bildirir ki, hazırda təsərrüfatında 100-dən çox arı ailəsi saxlayır. Yaxşı da məhsul götürür.
Yusif Səmədovla arıçılıqda mövcud vəziyyətdən danışırıq. Deyir ki, bu gün arıçılığın inkişafı üçün dövlət tərəfindən mühüm işlər görülür. Arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, arı xəstəliklərinin qarşısının alınması məqsədilə təsərrüfatçılara dərman preparatlarının paylanılması, arıçılar üçün yaylaq yerlərinin ayrılması, gənc sahibkarlara müxtəlif metodik dəstəyin göstərilməsi, arıçılıq məhsullarının satışı üçün festivalların keçirilməsi, ticarət şəbəkələrində müvafiq bölmələrin yaradılması hər birimizi sevindirir. Müsahibimiz bildirir ki, arıçılıqla uzun müddət məşğul olduğuna və məhsulunu tanıtdığına görə paytaxt Bakı şəhərində daimi müştəriləri var. Ötən il 1 tondan çox bal istehsal edən ailə, elə məhsulun çox hissəsini də muxtar respublikadan kənarda yaşayan alıcılarına satıb. Bunu da öyrəndik ki, ailə təsərrüfatı sahibi mövsümə uyğun olaraq arı ailələrini Şahbuz rayonunun Gömür kəndi istiqamətinə aparır və ilin bir neçə ayını burada keçirməli olur. Bu işdə ona həyat yoldaşı və uşaqları kömək edir.
Yusif Səmədovla arıçıların çöl həyatından da danışırıq. Deyir ki, Naxçıvanın gözəl təbiəti, iqlimi imkan verir ki, aranda gül-çiçək solanda dağlıq ərazilərdə yeniləri açsın. Baxmayaraq ki, Naxçıvanda aranla dağlıq ərazilər arasındakı məsafə çox azdır – cəmi 50-60 kilometr. Ancaq Ulu Yaradanın Naxçıvana bəxş etdiyi bu təbii gözəllik möcüzəvi canlılar kimi arıların da davamlı olaraq qidalanmasında böyük rol oynayır. Təsərrüfat sahibi ilə söhbət edərkən, arıçılardan son illərdə eşitdiyim bir şikayət də yadıma düşdü: ayıların bal ovuna çıxmaları. Bu haqda soruşduqda müsahibim dedi ki, indi buna da əlac tapıblar. Belə ki, qazla çalışan və zaman uyğunlaşdırılmasına görə bir neçə dəqiqədən bir “atəş açan” səsli qurğu arıçıların təsərrüfatlarını vəhşi heyvanlardan qorumaq üçün hazırlanmış ən yaxşı “silahdır”.
Arıçı müsahibimlə bu sahə haqqında xeyli söhbət edirik. Arıçılığın ildən-ilə inkişafının daha çox məhsul bolluğuna səbəb olacağına, buna görə də bal ixracı üçün böyük potensial yaranacağına inanır. Söhbət əsnasında onu da qeyd edir ki, arıçılıq müqəddəs peşədir, ancaq, təəssüf ki, bu gün bəziləri buna təqaüddən sonrakı məşğulluq sahəsi kimi baxır. Amma, əslində, bu işə erkən yaşlardan başlamaq lazımdır. O zaman həyatın boyunca, həm də yaxşı təcrübə qazanmış olarsan. Əgər təsərrüfata sevgi ilə bağlansan, o təsərrüfat da səni dolandırar. Bu fikirlə biz də razıyıq. O ki qaldı arıçılıq sahəsinə, gərək buna da həvəslə, qayğı ilə yanaşasan. Nəzərə alaq ki, tarixin heç bir dövründə muxtar respublikada arıçılar bu cür qayğı ilə əhatə olunmayıblar. Buna görə də bu işlə məşğul olanlar mövcud şəraitdən layiqincə yararlanmalı, onlara göstərilən etimadı doğrultmaqla yerli məhsul istehsalına öz töhfələrini verməlidirlər.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR