21 Dekabr 2024, Şənbə

Elm və təhsilin cəmiyyətin bütün tarixi inkişaf mərhələlərində rolu əvəzsizdir. Məhz qazanılmış elmi biliklər və onların gənc nəslə ötürülməsi nəticəsində bəşəriyyət bugünkü mədəni inkişafa nail olub. Elmi fikirlərin, araşdırmaların beşiyi olmuş universitetlər isə bu mənada, yüzillərboyu mühüm bir təkamül yolu keçmiş və bu gün dünyəvi inkişafa hərtərəfli töhfə verməkdədir.

Qədim Naxçıvan özünün elm və təhsil ənənələri ilə Şərqin seçilən mərkəzlərindən olub. Hələ İslam mədəniyyətinin çiçəkləndiyi erkən orta əsrlərdən bəri naxçıvanlı elm və mədəniyyət xadimlərinin fikir və düşüncələri insanların yoluna işıq tutub, indiki nəsillərə qədər gəlib çatan qiymətli xəzinəyə çevrilib. Bu gün də Naxçıvan sahib olduğu potensialla Azərbaycan elm və təhsil məkanında öz sözünü deyən intellekt təbəqəsinə malikdir. Universitetlər başda olmaqla, Naxçıvanda fəaliyyət göstərən elm və təhsil ocaqları dövlətin ən yüksək səviyyədə onlara göstərdiyi dəstəklə bu gün inkişafının zirvə çağını yaşayır.

Universitetdə təhsil almaq, universitet məzunu olmaq hər bir gəncin xəyallarının zirvəsində dayanır. Bu mənada, Naxçıvanda fəaliyyət göstərən ali məktəblər, sözün əsl mənasında, təkcə azərbaycanlı gənc­lər üçün deyil, bir çox xarici ölkədən gəlmiş əcnəbi tələbələr üçün də çox cazibədar elm, təhsil ocaqları, mühüm sosial inkişaf mərkəzləridir. Muxtar respublikanın ümumi sosial-iqtisadi inkişafına möhkəm diffuziya olunmuş bu tədris ocaqları təmin olunduğu ən yüksəkkeyfiyyətli şəraiti, maddi-texniki bazası və elmi kadrları ilə gənclərin hərtərəfli yetişməsi üçün əlverişli imkanlar yaradır. Tələbələrin asudə vaxtının təşkili, onların sosial-məişət problemlərinin həlli baxımından Naxçıvan mühiti burada təhsil alan hər bir, xüsusən yerli olmayan tələbələr üçün həmişə doğmadan da yaxın olub. Muxtar respublikaya ölkəmizin digər bölgələri ilə yanaşı, həm də xarici ölkələrdən təhsil almaq üçün gələn tələbələr dünyanın ən asayişli və rahat yaşayış üçün əlverişli bölgəsində təhsil almaq, gənclik arzularını reallaşdırmaqla özlərini xoşbəxt saya bilərlər.
Hazırda Naxçıvanın 3 ali təhsil müəssisəsində, ümumilikdə, 8 min 874 tələbə təhsil alır. Ali təhsil müəssisələrində yaradılmış təhsil infrastrukturu burada oxuyan tələbələrin seçdikləri ixtisasların bütün incəliklərini dərindən mənimsəməyə imkan verir. Hələ 1967-ci ildə filial kimi yaradılmış Naxçıvan Dövlət Universitetində indiki mərhələdə ingiliscə iqtisadiyyatın tədrisinə başlanılması və yaxud texnopark yaradılması üçün hazırlıqlar aparılması keçilən uğurlu yoldan xəbər verir. “Naxçıvan” Universitetində tədris olunan Dinşünaslıq, gələn tədris ilindən bu ali təsil ocağında tədris olunacaq Beynəlxalq ticarət və logistika, Kompüter mühəndisliyi, həmçinin gələn tədris ilindən Naxçıvan Dövlət Universitetində tədris olunacaq Elektrik və elektronika mühəndisliyi, Kompüter mühəndisliyi, Beynəlxalq ticarət və logistika, Dövlət və ictimai münasibətlər, Yer quruluşu və daşınmaz əmlakın kadastrı, Hərbi tibb və digər ixtisaslar isə Naxçıvandakı ali məktəblərin cəmiyyətin iqtisadi-mədəni həyatı ilə nə dərəcədə inteqrasiya olunduğunun əyani göstəricisidir. Digər yöndən baxdıqda isə regiondakı ali məktəblərdə fəaliyyət göstərən ixtisaslı kadrların dünyanın öndə gedən düşüncə mərkəzləri ilə başa-baş rəqabətdə olduğunu da görə bilərik. Naxçıvanlı elm adamlarının son illərdə nüfuzlu xarici elmi jurnallarda dərc olunmuş çox sayda unikal elmi məqalələri və digər əsərləri bunu deməyə imkan verir.
Universitetlər təkcə elm və təhsil ocaqları deyil, cəmiyyətin, demək olar ki, bütün sahələrinə təsir gücünə malik olan işgüzar müəssisələridir. Elmi məhsulların mübadiləsi üzrə dövlət və özəl sektor müəssisələri ilə qarşılıqlı əməkdaşlıq apararaq universitetlər həm də yerləşdiyi şəhər, yaxud kampus həyatına gətirdiyi canlılıqla iqtisadiyyatın bir çox digər istehsal və xidmət sahələrini də hərəkətə gətirirlər. Tələbə, müəllim, texniki işçi kimi yüksək mədəni tələbatları ilə də seçilən belə insan potensialı tələbatların ödənilməsi baxımından regional bazara da təsir edir. Beynəlxalq əlaqələri genişləndirməklə universitetlər həm də ölkəmizin yaxından tanınması işində mühüm çəkiyə malikdirlər. Bu mənada, Naxçıvandakı universitetlərdə təhsil alan hər bir əcnəbi tələbə, işgüzar görüşlər, konfranslar, təhsil mübadiləsi üçün muxtar respublikaya gələn hər bir akademik heyət üzvü elit kateqoriyalı turist kimi Azəbaycan iqtisadiyyatına da xarici valyuta qazandırır.
Xaricdə təhsil almaq müasir dünyada geniş yayılmış ənənədir. Xüsusən son onilliklərdə ali təhsil üçün xarici ölkələrə üz tutanların sayı artmaqdadır. Bu sırada öndə gedən ABŞ, İngiltərə, Türkiyə, Fransa, Almaniya, Avstraliya kimi ölkələrin təcrübəsi göstərir ki, xaricə təhsil üçün üz tutanların əsas motivi keyfiyyətli təhsil almaqla yanaşı, dünyagörüşünün artırılması, dostluq qurulması, yeni tanışlıqlar qazanılması, əlavə dillər öyrənilməsi kimi müasir gəncliyi çox maraqlandıran istəklərdir. Belə ki, UNESCO-nun məlumatına əsasən son illərdə dünya üzrə xaricdə təhsil almaq istəyən tələbələrin sayı 5 milyon nəfərə çatıb ki, bunların da yarıdan çoxu Asiya ölkələrindən olub, ABŞ, Avstraliya və Avropa ölkələrini seçirlər.
Ölkəmiz dünyaya inteqrasiya olunduqca qazanılan uğurların da sayı artmaqdadır. Dünya ilə tələbə mübadiləsində də mühüm nəticələr əldə edən ölkəmizdə bu sahəyə ciddi diqqət yetirilir. Belə ki, bir il əvvəlki məlumatlara görə, ölkə­mizdəki ali təhsil müəssisələrində 86 ölkədən 6000-dən çox əcnəbi tələbə təhsil alıb. Eləcə də xaricdə təhsil almaq istəyən azərbaycanlıların sayında da artım vardır. Misal üçün, təkcə qardaş Türkiyədə 23 min azərbaycanlı tələbə ali təhsil almaqdadır. Bütün bu rəqəmlər təhsil kimi çox vacib bir sahədə inteqrasiyanın əhəmiyyətini göstərir. Muxtar respublikamızda da ali təhsil müəssisələrində mövcud olan təhsil səviyyəsi, tələbələrin asudə vaxtının və sosial-məişət şəraitinin yaxşılaşdırılması da burada oxumaq istəyən əcnəbilərin sayını əhəmiyyətli dərəcədə artırıb. Belə ki, hazırda Naxçıvan şəhərində təhsil alan tələbələrin 1450-si ölkəmizin digər regionlarından gələn, 1050-yə yaxını isə xarici ölkə vətəndaşlarıdır. Naxçıvandakı ali təhsil müəssisələrində əcnəbi tələbə sayının artımı təhsildə rəqabəti artırmaqla bərabər, eyni zamanda mühüm valyuta gəlirləri də deməkdir ki, bu da özünümaliyyələşdirmə prinsipləri ilə fəaliyyət göstərən müəssisələr üçün çox əhəmiyyətlidir.

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR