08 May 2024, Çərşənbə

Tarixin heç bir dövründə Naxçıvan bugünkü qədər gözəl, abad olmayıb

Muxtariyyətinin 95-ci ildönümünü qeyd edən Naxçıvan Muxtar Respublikasında ulu öndərimiz Heydər Əliyevin siyasi xətti vətənpərvərliklə davam etdirilərək doğma Azərbaycanımızın quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilir, qədim diyarın şəhər və qəsəbələri ilə yanaşı, ən ucqar dağ kəndləri də abadlaşdırılır, müasir görkəm alır. Muxtar respublikada bu istiqamətdə həyata keçirilən strateji hədəflərə hesablanmış siyasətin məqsədi sosial-iqtisadi inkişafın müasir mərhələsində kənd yerlərində şəhər rahatlığının yaradılması, gəlirgətirən sektorların təşviqi çərçivəsində ailə təsərrüfatlarının dəstəklənməsi, alternativ fəaliyyət sahələrinin inkişafı, həmin yaşayış məntəqələrinin sosial-ictimai, mədəni həyatının daha da canlandırılmasıdır. 

 Quruculuq prosesində kəndlərin abadlaşdırılması, təhsil, səhiyyə və digər sosial təyinatlı obyektlərin istifadəyə verilməsi, kənddaxili yolların yenidən qurulması, qaz, işıq, su, rabitə məsələlərinin öz həllini birdəfəlik tapması, sakinlərin məşğulluğunun təmin olunması insanların yaşayış səviyyəsini yüksəldib, məskunlaşmanı, yurda bağlılığı artırıb. Bu gün hər hansı bir ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması insan amilinə verilən dəyərin ifadəsidir. Təsadüfi deyil ki, muxtar respublikada daimi yaşamaq üçün kənd­lərə üz tutanların sayı hər keçən gün daha da artmaqdadır. Füsunkar təbiəti, təmiz havası, ekoloji təmiz qidaları, hərtərəfli şəraiti olan abadlaşan kəndlər artıq cazibə mərkəzinə çevrilib. 1 yanvar 2019-cu il tarixə olan məlumata görə, muxtar respublikada əhalinin 70,5 faizinin kənd yerlərində yaşaması faktı da bunu təsdiq edir.

Fevralın 7-də – Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ərəfəsində Şərur rayonunun Kərimbəyli kəndində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə yeni sosial obyektlərin istifadəyə verilməsi doğma diyarımızda kənd yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını göstərir.
Müasir Azərbaycan kəndləri sırasına qoşulan Kərimbəylidə məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, kənd yolu yenidən qurulub, bir sözlə, bütün sahələr üzrə kompleks quruculuq və abadlıq işləri görülüb.
Ali Məclisin Sədri sakinlərlə görüşündə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə onları təbrik edib, kənddə yaradılan şəraiti, tikilənləri, qurulanları muxtariyyət bayramına töhfə kimi dəyərləndirib.
Qeyd etdiyimiz kimi, ötən ay Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 ili tamam oldu. Nadir beynəlxalq model, hüquqi, siyasi və tarixi baxımdan bir fenomen kimi qiymətləndirilən Naxçıvanın muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə müəyyən olunub. Bu amil dünyadakı çox az muxtar qurumların statusunda öz əksini tapıb.
Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümü qeyd olunub. Tədbirdə Ali Məclis Sədrinin vurğuladığı kimi, Naxçıvana muxtariyyət verilməsinin əsas səbəblərindən biri də bu məsələnin böyüyərək regional müstəviyə çıxması və beynəlxalq hüququn subyektinə çevrilməsi idi. Göstərmək kifayətdir ki, Naxçıvan məsələsi 1918-1921-ci illər ərzində altı ölkədə müxtəlif səviyyələrdə iyirmi dəfədən çox müzakirəyə çıxarılıb, sonda isə Naxçıvan əhalisinin və ziyalılarının inadlı mübarizəsi, qardaş Türkiyə hökumətinin tutduğu ədalətli mövqe nəticəsində 1921-ci ildə Naxçıvanın muxtar respublika statusunda Azərbaycanın tərkibində qalmasını şərtləndirən beynəlxalq Moskva və Qars müqavilələri imzalanıb. Bu müqavilələrin davamı və yaranmış real vəziyyətin hüquqi təsdiqi olaraq 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Sovet Sosialist Respub­likasının yaradılması haqqında ­Dekret verilib. Bu, Azərbaycan xalqının olduqca mürəkkəb və çətin şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi.
Ali Məclisin Sədri tarixi gündə muxtariyyətin və torpaqlarımızın müdafiəsində şəhid olanları yad edib, sabitliyin və sərhədlərin qorunmasında, inkişafın təmin edilməsində əməyi olanlara təşəkkürünü bildirib, tədbir iştirakçılarını muxtariyyət günü münasibətilə təbrik edib, çıxışını ümummilli lider Heydər Əliyevin fikirləri ilə tamamlayıb: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Ötən dövrlər ərzində hər bir muxtar respublika sakininin çəkdiyi əmək Naxçıvan Muxtar Respublikasının inkişafına, müdafiəsinə və nəticə etibarilə, bugünkü tərəqqisinə xidmət edib. Aparılan quruculuq işlərinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına öz töhfələrini verənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlar dövlət mükafatları və fəxri adlarla təltif olunublar.
Həmin tədbirdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin və mükafatının təqdimatı olub.
Ali Məclisin Sədri orden, medal və fəxri adların döş nişanlarını və vəsiqələrini təltif olunanlara, həmçinin “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” kitabına görə Naxçıvan Muxtar Respublika mükafatını kitabın müəllifi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə təqdim edib.
Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikasının yaxın vilayətləri ilə əlaqələri milli mənafelərimizə uyğun olaraq inkişaf edir. Hazırda enerji, təhsil, turizm, ticarət və nəqliyyat sahələrində səmərəli əməkdaşlıq mövcuddur. Həyata keçirilən qarşılıqlı rəsmi səfərlər, imzalanan sənədlər və əldə olunan razılıqlar əlaqələrimizin inkişafına öz töhfəsini verməkdədir. Münasibətlərin yüksək səviyyədə olmasını göstərən digər məqam isə qonşu dövlətlər üçün əlamətdar günlərin hər iki ölkədə qeyd olunmasıdır.
Fevralın 11-də İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğu İran İslam Respublikasının yaranmasının 40-cı ildönümü – İslam İnqilabı Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
İnkişaf strategiyasının uğurla davam etdirilməsi muxtar respublikada iqtisadi potensialın daha da yüksəlməsinə şərait yaradıb, dayanıqlı və sabit iqtisadi sistem formalaşıb. Naxçıvanda sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan kompleks və sistemli tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi özəl bölmənin inkişafını sürətləndirib, şəhərlərlə yanaşı, bölgələrdə də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artaraq 88 faizi ötüb. Son beş ildə muxtar respublikada, ümumilikdə, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlib, ixracın həcmi artıb. Hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. Bir faktı qeyd etmək yerinə düşər ki, hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir.
Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin ilk sədri olduğu “Caspian European Club”un 2018-ci ildə ölkəmizin 10 iqtisadi regionu üzrə hazırladığı illik investisiya reytinqində Naxçıvan Muxtar Respublikası 18 parametr üzrə ən yüksək bal toplayaraq ikinci dəfə lider olub.
Fevralın 16-da Naxçıvan Biznes Mərkəzində Ali Məclisin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla ­görüşü olub, muxtar respublikanın investisiya reytinqində qalib olması ilə bağlı təqdimat keçirilib.
Ali Məclisin Sədri sağlam rəqa­bət mühiti formalaşdırdığına görə “Caspian European Club”un rəhbərliyinə, eləcə də ölkəmizin və muxtar respublikanın sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasında əməyi olan bütün sahibkarlara təşəkkür edib.
Tədbirdə “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Naxçıvan Muxtar Respublikasında investisiya və biznes mühitinin inkişafına verdiyi xüsusi töhfəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova “Caspian European Club”un mükafatını təqdim edib.
Sonra Ali Məclisin Sədri yeni istehsal və xidmət sahələrinin yaradılması üçün 14 sahibkara güzəştli kreditlərin çeklərini təqdim edib, Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.
Muxtar respublikamızın bütün sahələr üzrə yüksək nailiyyətlər əldə etməsi, onun dünyanın müxtəlif inkişaf etmiş ölkələri ilə iqtisadi-­mədəni əlaqələrinin genişləndirilməsinə şərait yaradır. Xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin muxtar respublikaya səfərləri zamanı bu məsələlər həmişə diqqət mərkəzində olur.
Fevralın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb. Ali Məclisin Sədri Yaponiya hökumətinin dəstəyi ilə Ordubad rayonundakı Azadkənddə su təchizatı sisteminin inşası layihəsinin həyata keçirilməsini qarşılıqlı əlaqələrin nəticəsi kimi dəyərləndirib və səfirə təşəkkürünü bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Yaponiya arasında təhsil və iqtisadi sahədəki əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri muxtar respublika nümayəndələrinin Yaponiyada keçirilən müxtəlif təlim və seminarlarda iştirakından bəhs edib.
Bu gün Naxçıvan Muxtar Respublikası regionda enerji sahəsində lider mövqedədir. Naxçıvanın iqlim şəraiti alternativ və bərpaolunan enerjidən istifadə üçün geniş imkanlar açır. Müasir energetika infrastrukturunun yaradılması və enerji təhlükəsizliyinin təmin olunmasında bu amil əsas götürülür, Günəş Elektrik stansiyaları tikilərək istifadəyə verilir. Kəngərli rayonu ərazisində 2 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının qurulması bu sahədə həyata keçirilən tədbirlərin davamıdır. Fevralın 22-də rayonun Qabıllı kəndində yeni stansiya istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Muxtar respublikada səmərə verən qabaqcıl təcrübələrin, yeniliklərin tətbiqi daim diqqət mərkəzindədir. Kəngərli rayonunun Qabıllı kəndində günəş panelləri ilə işləyən yeni sub­artezian quyusunun qazılması da görülən işlərin davamıdır. Həmin gün Ali Məclisin Sədri subartezian quyusuna baxıb, qurulanlardan səmərəli istifadə olunması, yaşıllıqların artırılması, subartezian quyularının elektrik təminatında günəş panellərindən istifadə imkanlarının araşdırılması və tətbiqi barədə tapşırıqlar verib.
2004-cü ildə yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçib. Qürurla deyə bilərik ki, bu gün rayonun bütün yaşayış məntəqələri ən müasir səviyyədə abadlaşdırılıb, yol infrastrukturu yenidən qurulub, çoxsaylı sosial obyektlər əhalinin istifadəsinə verilib. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır.
Fevralın 22-də Ali Məclisin Sədri Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxıb, parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar verib.
Son illər qurulan qapalı suvarma şəbəkələri yeni torpaq sahələrini əkin dövriyyəsinə qatıb. Hazırda Kəngərli rayonunun Yurdçu kəndi ərazisində qapalı suvarma şəbəkəsi qurulur. Görülən bu işlər onlarla hektar torpaq sahəsinə həyat bəxş edəcək, quraq ərazilər yaşıllığa qərq olacaqdır.
Fevralın 22-də Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisi ilə maraqlanıb, yaxınlıqdakı 40 hektardan artıq ərazinin də layihələndirilməsi və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.
Fevralın 26-da Naxçıvan şəhərinin Dövlət Bayrağı Meydanındakı Xatirə kompleksində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Ali Məclisin Sədri soyqırımı abidəsinin önünə gül qoyub, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edib.
Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının icraçı direktoru Qulamrza Süleymaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ali Məclisin Sədri ölkə prezidentləri arasındakı xoş münasibətin Azərbaycan-İran əlaqələrinin inkişafında mühüm amil olduğunu bildirib. Naxçıvan Muxtar Respublikası ilə İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri arasındakı iqtisadi və mədəni əlaqələrdən bəhs edən Ali Məclisin Sədri gömrük-keçid məntəqələrinin fəaliyyətini və gediş-gəlişin artmasını əməkdaşlığın nəticəsi kimi dəyərləndirib.

Bu gün qədim Naxçıvanda uzaqgörənliklə həyata keçirilən abadlıq-quruculuq işləri, möhtəşəm layihələr özünün genişmiqyaslılığı və səmərəliliyi ilə seçilir. İnfrastrukturu yeniləşdirmək, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlər uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırır. Muxtar respublikanın yüksəlişini özündə təcəssüm etdirən sosial-iqtisadi siyasətin başlıca istiqaməti iqtisadiyyatın dinamik inkişafına və bu əsasda sakinlərin rifahının yüksəldilməsinə, sosial şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib. Əminliklə deyə bilərik ki, doğma diyarımız nəinki muxtariyyətin 95 ilində, tarixin heç bir dövründə bugünkü qədər abad olmayıb, inkişaf etməyib, tərəqqiyə qovuşmayıb. Naxçıvanda insan amili heç bir zaman bu səviyyədə ön planda olmayıb. Bu, Heydər Əliyev yoludur, muxtariyyətin bəhrələridir. Naxçıvan bu yolla inamla irəliləyir, yüksəlir və Azərbaycanın parlayan ulduzu kimi şəfəq saçır.

 Rauf KƏNGƏRLİ

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR