21 Dekabr 2024, Şənbə

27 sentyabr 2020 ci il tarixdə Dağlıq Qarabağda 30 ildən artıq bir müddətdə qövr eyləyən bir yaranın qaysağı qopdu. Elə həmin gün qəhrəman Azərbaycan əsgəri öz şücaətini göstərdi, nəyə qadir olduğunu sübuta yetirdi. Ordumuzun qüdrəti qarşısında tab gətirməyən düşmən uzun illərdir, möhkəmləndirdiyi səngərlərini, döyüş postlarını buraxıb qaçdı, yüzlərlə erməni silahlısı məhv edildi. Bu döyüş zamanı əsgərlərimiz dillərə dastan olacaq mətanət göstərdilər, Qarabağın heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini sübuta yetirdilər.

            Əvvəllər adi yüngül bir silahdan atılan güllə, partlayan mina səsi cəbhə bölgəsindəki insanları təşvişə salırdısa, həmin günlərdə ətrafa yayılan yaylım atəşləri, top mərmilərinin səsləri heç bir qorxuya səbəb olmurdu. Sakinlər yaşadığı kəndi tərk etmək istəmirdi, qadın, uşaq, ağsaqqal, ağbirçək başlarının üstündən gurultu ilə keçən mərmilərdən qorxmayıb onların düşmənin mövqelərini sərrast vurmağını gözləyirdilər. Düşmən mövqeyinə hər düzgün atılan mərmi cəbhədəki əhali tərəfindən sevinclə, alqışla qarşılanırdı. Hər kəsin ürəyi cəbhədə, səngərdə döyündü. 44 gün gecə -gündüz cəbhə boyu bütün Azərbaycan -heç kim gözünü bir an belə yummadı. Həmin günlərdə Azərbaycanın hər evi səngərə, hər vətəndaşı əsgərə çevrildi. Gələn xəbərlər insanlara sevinc hissləri ilə bərabər canını Vətən torpağna qurban verən igidlərin şəhadət üzüntüsünü də yaşadırdı. Heç bir qələbə itkisiz olmur təbii ki, böyük zəfər də igid oğullarımızın canı bahasına qazanıldı. Hərəsi bir evin madarı, bir ananın göz nuru, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan igidlər Vətən torpağının bir qarışını belə öz canlarından üstün tutdular. Onlar öz qəhrəmanlıqları ilə adlarını tarixin qızıl səhifələrinə yazıb düşmənə bir daha sübut etdilər ki, bu torpağın hər qarışı bizim üçün əzizdi və heç vaxt güzəştə gedilməyəcək. Onlar bizim fəxrimiz, baş ucalığımız ömürlük həsrətimiz oldular. Yüksəldikləri zirvə ilə ölümsüzlüyə qovuşan oğulların sayəsində bu millət, bu xalq başını dik tutur. Onlardan biridir qədim, Sədərəyin dəmir iradəli oğullarından olan Rüfət Gözəlov . Anası Ruhəngizin görən gözü, bacısı Lətifənin döyünən ürəyi, qardaşı Nihadın dayağı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanıqla şəhidlik zirvəsinə ucalan Rüfət oktyabrın 27-də Şuşa döyüşlərinin qəhrəmanlarından biridir. Ruhəngiz ana deyir ki, biz şəhid anaları təkcə öz övladımızın yox, bütün şəhid oğullarımızın anasıyıq. Onlar bizim qəlbimizin sönməyən atəşi, həm də qürurudur. Rüfətin yaşı az olsa da vaxtından əvvəl ev qayğılarına bürünmüşdü. Evimizin nə işi olsa qardaşı ilə bir həll edərdi. O qədər saf ürəyi var idi ki, balamın şəhidlik zirvəsinə belə yüksələcəyini yuxusunda görmüşdü. Həmişə deyirdi ki, Qarabağ işğaldan azad edilənə kimi ordudan tərxis olunmayacağam. Bizim generalımız şəhid olub, onun qisasını almalıyıq ki, başımızı dik tuta bilək. Balam öz arzusuna çatdı, aldılar generalın da qisasını, vaxtı ilə düşmən gülləsi ilə vəhşicəsinə qətlə yetrilən vətəndaşlarımızın da. Bir gün gələcək hər kəs köçüb gedəcək bu dünyadan onlar isə əbədi yaşayacaq bu xalqın, bu millətin yaddaşında. Bircə təsəllim budur ki, o, öz ölümü ilə əbədiyyət qazandı. Oğlumun adı öz əməli ilə tarixə yazıldı.

            İgid bir qardaşın bacısı olmaq şərəfli və qürurludur. Rüfət öz igidliyi ilə tarixboyu yaşayacaq. O və onun kimi oğullar öz igidliyi ilə tarix yazdı. İllər öncə təhqirə məruz qalan azərbaycanlı qızların qisasını aldılar. Bilirəm ki, qardaşımın ruhu şaddır, çünki onun uğrunda canından keçdiyi torpaqlar azaddır. Orada artıq Azərbaycan əsgəri addımlayır, –deyir Lətifə.

 

            İgid Vətən oğlunun qardaşı Nihad deyir ki, Rüfət öz işinə o qədər ürəkdən bağlı idi ki, istirahət günlərində belə idman məşğələlərinə gedir, hərb sənəti haqqında mütaliələr edirdi. Nihad onu da bildirir ki, qardaşı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

            Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. 44 gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına öz gücünü göstərdi. Bildirdi ki, bu Vətən bölünməzdir, onun hər qarışı igid qanı ilə sulanar amma düşmənə bir qarış güzəştə gedilməz.

Ramiyyə ƏKBƏROVA

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR