21 Dekabr 2024, Şənbə

      İllərin həsrətinə, hicranına son qoymaq naminə axır nəfəsədək vuruşaraq Böyük Qələbə sevincini xalqımıza bəxş edən, tariximizin şanlı 2020-ci səhifəsini al qanları ilə yazan Vətən fədailərindən Mətin Hüseynov və İntiqam Abdullayev. Xatirələri nisgilli, qəmli gözlərə işıq, nur gətirən, igidlikləri pərişan qəlblərə təsəlli, hüzur bəxş edən əziz şəhid qardaşlarım, yəqin ki, canından məğrurcasına keçən digər vətənpərvər oğullarla birgə indi cənnət bağında əyləşib seyr edirsiniz zəfər çələngi ilə bəzənən el-obamızı, fəxarət hissi keçirirsiniz Müzəffər Ali Baş Komandanın, vüqarlı ata-anaların, qardaş-bacıların şəninizə söylədikləri qürur dolu sözlərdən. Hər səhifəsi mərdlik, şücaətlik, mübarizlik, sədaqətlik ətri saçan, bir almanın iki üzü qədər bənzəyən ömür kitablarınıza nəzər yetirdikcə “Əbədi dostluq, əbədiyyət yolu” adlı bir hekayə canlanır yaddaşımda...

       1997-ci il oktyabrın 20-də Mətin Hüseynovun, bir il sonra avqustun 12-də isə İntiqam Abdullayevin Ordubadın Düylün kəndində dünyaya göz açması ilə başlandı bu hekayə: Qəhrəmanların ömür yolları şıltaq, şən-şaqraqlı keçən uşaqlıq çağlarından yaxınlaşdı, küçə-bacada qovalaqaç, gizlənqaç oyunları əsnasında gah küsüb, gah barışmaqla çərkişib- bərkişdilər, incə dostluq telləri ilə bağlandılar bir-birlərinə. Vaxt ötdü, vədə yetişdi eyni gündə eyni sinfə qədəm qoydular, oxudular, öyrəndilər, şirin-şəkər anlarla, munis xatirələrlə dolu məktəb illərində nümunəvi davranışları ilə müəllimlərin hörmət-izzətini qazanmaqla yanaşı, həm də idman yarışlarında, müsabiqələrdə fərqlənərək valideynlərinin də başını uca etməyi bacardılar. Elə ki, məktəbin yuxarı siniflərinə addımladılar hər bir yeniyetmə, gənc kimi onların da gələcəklə bağlı planları yarandı, məqsədləri, inamları qəti olduğundan heç şübhəsiz onu gerçəkləşdirməyə əzmləri, gücləri də yetəcəkdi...

       Məşhur bir aforizmdə deyilir ki, məndən qabaqda getmə, mən sənin arxanca gedə bilmərəm. Məndən arxada gəlmə, mən səndən qabaqda gedə bilmərəm. Mənimlə yanaşı addımla və mənim dostum ol! Bəli, bu hikmətli sözlərdə də təlqin edilən, günümüzdə nadir hallarda rast gəlinən əsl dostluq, sirdaşlıq xüsusiyyətləri bütün mahiyyəti ilə sirayət etmişdi Mətin və İntiqamın dünyasına. Məhz elə buna görədir ki, dostluq körpüsü qurulandan bəri ömrün acılı-şirinli, enişli-yoxuşlu yollarında da bir-birinə dayaq durdular, eyni addımı atdılar, amalları da, məqsədləri də, arzuları, niyyətləri də bir oldu, son anadək dəyişmədi məramları. Bütün məsələlərdə olduğu kimi gələcək peşələri ilə bağlı fikirləri də üst-üstə düşdü, Mətinin hərbiçi kimi yetişib Vətənimizin keşiyində ayıq-sayıq durmaq və bir gün Ali Baş Komandanın əmri ilə yağı düşməni ata-baba torpaqlarımızdan qovub çıxarmaq məqsədi İntiqam üçün də həyat amalı oldu. Valideynlərinin də razılığın alaraq keşməkeşli, eyni zamanda da şərəfli bir yola birgə qədəm qoydular, 2013-cü ildə  Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin kursantı adını qazananlar sırasında onlar da var idi. Liseydə təhsil aldıqları illərdə xüsusi nizam-intizamları, praktik dərslərdəki çevikliyi, ayıq-sayıqlığı, hərbi-idman yarışlarındakı uğurları, nailiyyətləri ilə seçimlərində yanılmadıqlarını sübut edib, peşənin haqqını verməyə çalışdılar. Peşəkar hərbiçi kadr kimi yetişmək üçün növbəti üz tutduqları ünvan isə təbii ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi oldu. Ali hərbi məktəbdə oxuduqları illərdə də təlimlərdəki bacarıqları ilə fəxri fərman, təşəkürnamələr alaraq valideynlərini qürurlandırmaqla yanaşı, evdən, ailədən uzaqda bir-birinə həmdəm oldular, çətin günlər dostluq bağlarını da daha möhkəm, dəyanətli etdi.

          Deyirlər həyatda təsadüf yoxdur, olacaqları yaşayırırq. Elə Mətinlə İntiqam da hərbiçi peşəsini həyat amalı seçəndə onun çətinliklərini gözə alaraq bir gün ayrı-ayrı xidmət yerlərinə üz tutacaqlarını da yəqin etmişdilər. Dostluqları kimi sevib-seçdikləri peşənin də qarşıya çıxaracaqları maneələr təsadüfi olmayacaqdı, lakin heç bir qüvvə həqiqi istəyin, arzunun, niyyətin qarşısında dözüm gətirə bilmədiyi kimi, qırılmaz mənəvi tellərlə bağlanan bu iki əbədi sirdaşı da bir-birindən qəlbən uzaqlaşdırmaq mümkün deyildi. Beləcə ürəklərində sonsuz torpaq eşqi, yurd sevdası bəsləyən iki dost 2020-ci ildə Ali Hərbi Məktəbi bitirərək şərəfli zabit adının məsuliyyətini, leytenant rütbəsini çiyinlərinə götürərək Vətənin keşiyinə yollandılar. Mətin Ağcabədi, İntiqam isə Qazax rayonunun “N” hərbi hissəsinə tağım komandiri vəzifəsinə təyinat aldı və qısa müddətdə nümunəvi xidmətləri ilə özlərini doğrultmağı bacardılar...

          Vətən müharibəsi başlamazdan bir neçə ay qabağa, düşmən təxribatlarının çoxaldığı bir vaxta təsadüf etdi xidmətləri, bütün yurdsevər oğullar kimi onlar da əli silahda Ali Baş Komandanın əmrinə müntəzir halda gözləyirdilər. Hər ikisi ön xətdə əsgərləri ilə birgə mətnliklə dayanmışdılar Vətənimizin keşiyində. Artıq bir neçə vaxt idi ki, bölmələrimiz düşmənin müharibə hazırlığını müşahidə edirdi, tezliklə növbəti təxribatın olacağı da şübhəsiz ki, gözlənilirdi. 27 sentyabr tarixi- 30 illik səbrin, möhlətin sona çatdığı, haqq-ədalət çırağının yenidən şölə saçdığı həmin gün. Beləliklə də Ali Baş Komandanın göstərişi ilə ordumuzun bölmələri artıq yetər deyib əks hücum əməliyyatına başladı, 2800-dən artıq Vətən övladı kimi Mətin və İntiqamı da böyük yolçuluğa çıxartdı bu yol-əbədiyyətə uzanan şərəfli, ləyaqətli yolçuluğa. Bir neçə gün ərzində düşmən qüvvələrə qarşı cəsarətlə vuruşan İntiqam Abdullayev oktyabrın 2-də Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olsa da, dostu Mətin bu hadisədən uzun müddət bixəbər qaldı. Ta ki o müqəddəs mərama çatdığı əbədi görüş gününədək...

Ailəsi ilə hər telefon söhbətində dostu barədə şad xəbər eşitmək arzusu ürəyində qalan, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd rayonları istiqamətində 42 gün davam edən döyüşlərdə dəfələrlə yaralanmağına baxmayaraq əzmini itirməyən Mətin İntiqamın sağ-salamat qayıtması üçün öz əməkhaqqından qurban da dedi. Noyabrın 3-ü sonuncu dəfə zəng vurmuşdu evə. Zümrüd xanımla söhbətində “Ana, az qalır artıq, İnşaallah tezliklə torpaqlarımızın azadlıq müjdəsini verəcəyəm, dostum İntiqamla birgə zəfər nidalı üçrəngli bayrağımıza sarılıb dönəciyik məmləkətə”-söylədi. Bəli, doğru deyiblər ki, alın yazısından qaçmaq olmaz, gələcəklə bağlı nə qədər plan hazırlasanda, planda olanı deyil, qismətində olanı yaşayarsan. Elə tale də Mətin və İntiqama zəfər bayramını cismani deyil, ruhən qeyd etməyi nəsib bilmişdi. Müzəffər Ordumuzu Böyük Qələbəyə aparan o günlər məhz iki əbədi dostu da həyatda deyil, əbədiyyət yolunda görüşdürdü. Mətin Hüseynov noyabrın 22-də dünyaya göz açdığı Düylün kəndində torpağa tapşırıldı, İntiqam Abdullayev isə şəhadətə yetməsindən 165 gün sonra dostunun yanında dəfn olundu...   

          Ey zəfər təntənəli üçrəngi bayrağımızın əbədi yüksəkliyə qalxması naminə canını fəda edən əziz şəhid qardaşlarım Mətin və İntiqam,  yan-yana məzarlarınız bu gün hər bir azərbaycanlının ziyarət yerinə çevrilməklə yanaşı, sağlam təməllər üzərində qurulan əbədi dostluğunuz, sirdaşlığınız, mübarək amallara xidmət edən döyüş yolunuz da böyük örnəkdir uşaqlara, gənclərə. Böyüyüb yaşa dolduğunuz Düylündə kimdən soraqlaşırsan sizin mərdliyinizdən, ailəcanlığınızdan, mehriban, səmimi münasibətinizdən danışır, bir vaxtlar təhsil aldığınız məktəbdə hər gün müəllimləriniz böyük ehtiramla adınızı anır, xatirələrinizi yada salır, şagirdlər sizdən həyat dərsi, vətənpərvərlik nümunəsi götürür, igidliyinizlə bağlı qələmə alınan şeirləri sevə-sevə qiraət edir balacalar. Böyük demokrat Mirzə Cəlilin dediyi “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən - həyatın məqsədi məhz budur” sözlərinin əməldə təcəllası hər kəsə nəsib olmur, 30 illik həsrətimizə, nisgilimizə son qoymaqla bu ali məqsədə, mərama çatdınız, ruhunuz şad olsun ey Vətən oğulları...

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR