26 Aprel 2024, Cümə

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyev Kəlbəcərdə doğulmuşdu. Ali hərbi təhsil aldıqdan sonra ölkəmizin müxtəlif sərhəd bölgələrində ön xətlərdə xidmətini davam etdirmişdi. 8 ilə yaxın idi ki, Naxçıvanda qulluğa başlamışdı. 27 sentyabrda başlanan azadlıq mücadiləmizdə Naxçıvandan gedən hərbiçilərimiz arasında o da var idi. Artıq qəhrəman şəhidimizBakı şəhərindəkiII Fəxri xiyabanda uyuyur. Virtual müsahibim torpaqlarımızın suverenliyi, azadlığı uğrunda qəhrəmancasına döyüşən, ən ali məqama ucalmış polkovnik-leytenant  Anar Əliyevdir...

– Bəli, Şəhid, Vətən Müharibəsi Qəhrəmanı  Anar Əliyev. 

– Səninlə belə tanış olacağımı təsəvvür etmirdim...

– Amma mən bu peşəni seçəndə, elə bil ki, bilirdim bunu…Bir gün sonumuzun əbədi behişt, əbədi başlanğıc olacağını...

– Peşmansanmı?

– Əsla...İnsan anası uğrunda etdiklərinə peşman ola bilərmi? Vətən də bizim anamızdır. Biz Vətən uğrunda seçdik bu yolu. Sonunda bizi nələrin gözlədiyini bilərək. Axı şəhid qanı axmayan torpaqdan Vətən olmaz.

– Eşitdim ki,  qorxurdun, Şəhidim, qorxurdun ki, birdən səni döyüşə göndərməsinlər,  səbirsizlənirdin...

– Bəli, 19 il idi ki, bir hərbiçi kimi həmin günü gözləyirdik. Bu təkcə mənə aid deyil. Bütün yoldaşlarım səbirsizlənirdi. Döyüşə getmək üçün əmr gözləyirdik. Yağı tapdağında qalan torpaqlarımızı azad etməkdə iştirakımızın olmasını istəyirdik. Uzun müddət idi ki, istər öz hərbi, istərsə də müxtəlif dövlətlərdə iştirak etdiyimiz təlimlərdə bu gün üçün hazırlayırdıq özümüzü. Nəhayət ki, həmin gün, həmin göstəriş gəldi və mən də yoldaşlarımla bərabər Vətənin harayına yollandım. İlk döyüş qismətimə Hadrut-Xocavənd istiqaməti düşdü. Cəbrayıl, Qubadlı və Zəngilanın işğaldan azad olunması uğrunda əlimizdən gələni etdik. Zəngilana üçrəngli Azərbaycan bayrağını sancaraq Ali Baş Komandana həmin müjdəli xəbəri özüm məruzə etdim. Amma ən böyük arzuma çata bilmədim. Çünki doğulduğum Kəlbəcər rayonuna özüm bayraq sancmaq istəyirdim. Onu da deyim ki, hərbiçi olmaq arzum Kəlbəcərdəki evimizin yanmış divarlarının görüntülərini gördükdən sonra yaranmışdı.

– Bu arzundan da xəbərdaram komandir. Həmin torpaqlara bayraq sanca bilməsən də, yəqin ki, xəbərin var. Döyüş yoldaşların səndən sonra azad etdikləri torpaqlarımıza, o cümlədən Kəlbəcərə bayrağı səni anaraq asdılar. Artıq sən məcburi köçkün deyilsən.

– Xəbərdaram. Behiştdə görüşdüyüm döyüş yoldaşlarım müjdəni artıq veriblər. Bilirəm ki, doğulduğum, amma illərdir ki, həsrət qaldığım ana yurdumu Ali Baş Komandanımız bir damla şəhid qanı axıtmadan azad edib. Müjdəli xəbəri aldığım gün ruhum pərvazlanıb Kəlbəcər dağlarını ziyarət etdi. Mən cismən o torpaqlara qayıda bilməsəm də övladlarım, doğmalarım, yüzlərlə elindən-obasından didərgin düşmüş, illərdir ki, məcburi köçkün damğası ilə yaşayan insanlar yurdumu ziyarət edəcəklər. Bax, əsl xoşbəxtlik də budur! Şanlı bayrağımız ana yurdumda dalğalandıqca onun küləyində bir xoşbəxtlik tapır ruhum.

– Xocavənd istiqamətindəki döyüşlərdə düşmənin qəfil gülləsi tək sənə yox, səni sevən bütün xalqına dəydi ...

– Düşmən gülləsi qəfildən gözümü itirməyimə səbəb olsa da, yoldaşlarımın qəhrəmanlığını behişt gözü ilə görürdüm. Hiss edirdim ki, artıq mən şəhadətə qovuşuram. Mənə yardım edən həkim də elə orda vuruldu. Mənimlə birlikdə həmin döyüşdə bir neçə igidimiz də şəhadətə yüksəldi. Lakin, bildiyiniz kimi qanımız yerdə qalmadı. Ordumuz nəinki bizim, bir zamanlar həmin torpaqlardan didərgin salınmış hər bir soydaşımızın qisasını aldı. Bu haqqın, ədalətin qələbəsi idi. Ona görə də bu gün artıq biz rahat uyuyuruq, cənnnətimizdə xoşbəxtdik.

– Bəs geridə qoyduqların ailən, övladların xoşbəxtdirmi, səncə?...

– Mən yaşadığım müddətdə ailəmi gücüm çatdığı qədər xoşbəxt etməyə çalışmışam. Düşünürəm ki, gedişimlə də onlara bir xoşbəxtlik bəxş etdim. Son dəfə döyüşə yollanarkən ailəm, övladlarımla görüşmək üçün yaşadığım evə üz tutdum. Oğlumu görə bilməsəm də, digərləri ilə sağollaşdım. Amma hara getdiyimi deməyə cəsarət etmədim. Çünki bilirdim, bu gedişin dönüşü olmaya da bilər. Bunu onlara izah etmək çətin idi. Bəli, dönüşü olmadı bu gedişimin, amma gözüm arxada deyil. Bilirəm ki, dövlətimiz övladlarıma mənim yoxluğumu hiss etdirmir... Birdə ki, axı mən varam, mən ölməmişəm, ŞƏHİD olmuşam. Şəhidlər ölmür. Əminəm ki, oğlum gələcəkdə mənim yolumu davam etdirəcək. Atası ilə fəxr edəcək.

          -Şəhidim, səninlə görüşə gəlməzdən əvvəl  illər öncə, 2006-cı ildə elə cəbhə bölgəsində tanış olduğun, sonradan qardaş qədər doğmalaşdığın və şəhadət yolculuğuna da birlikdə çıxdığınız dostunla da həmsöhbət oldum…Yəqinki artıq anlamısan kimdən söhbət edirəm: Tehran Mənsimovdan. O Mənsimov ki, yarımçıq qalan arzularınızın  gerçəkləşməsi yolunda ölümün gözünə dik baxdı. Bu gün səni qürurla ansa da, gözlərindəki kədəri gizlədə bilmir. Təəssüfləndiyi məqamsa, Qələbə müjdəsini səninlə bölüşə bilməmək olub. Amma, şəhidim yəqin ki, məzarın üstündə sənə pıçıldadığı sözləri, bölüşdüyü qələbə sevincini də duymusan.

Onun sözləri:

Anar tanıdığım ən cəsur, ürəyi Vətən eşqi ilə döyünən igid oğullardan biri idi. Əks hücum əmri veriləndə özünə yer tapa bilmirdi. Döyüşə getmək üçün də dəfələrlə müraciət etmişdi. Qismət həmən günə imiş.  Bizə döyüşə getmək üçün göstəriş gəldiyi gün Anar sanki  qanad açıb uçmaq istəyirdi. Orda iki qrupa bölünmüşdük. Bir qrupa Anar rəhbərlik edirdi. Ayrı-ayrı istiqamətlərdə döyüşsək də sıx əlaqədə idik. Anar heç nədən qorxmadan düşmənin üzərinə şığıyırdı. Özü öndə döyüşə atılan komandirindən cəsarət alan komandası bir çox bölgələrimizi yağı tapdağından azad etdi. Sonda özü arzusunda olduğu şəhadətə qovuşdu. Bu gün Anarın yoxluğu nəinki mənə, onu tanıyan hər kəsə ağırdı. Hər dəfə Anarı düşünəndə  Hüseyin Cavidin bu sözləri təsəllim olur:

Həyat var ki, ölüm kimi zəhərli,

Ölüm varki, həyat qədər dəyərli.

Çünki bu sözlər qeyrət, ləyaqət daşıyıcısı, şəhid himnidir. Bu himni bütün şəhidlərimiz kimi mənim şəhid qardaşım, Anar da ləyaqətlə daşıdı. Yerin behişt, ruhun şad olsun.

Bəli, dəyərli oxucularımız. Vətən müharibəsində ürəyini qoyan yüzlərdən biri haqqında elə şəhidimizin öz dilindən sizə məlumat verməyə çalışdım. Xalqımızın müstəqillik, zəfər tarixi məhz o igidlərin adı ilə bağlıdı. Zaman ötəcək, fəsillər, illər, əsrlər dəyişəcək... Dəyişməz qalan isə  tariximizi qanları ilə yazan o ürəklərin qəhrəmanlığı olacaq. “Şəhidlər unudulanda ölürlər” deyirik. Ölməyəcəklər, bunu unutmayaq...

Şəhidlər ana yurdu tutdular candan baha,

Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,

Şəhidlər gedən yolu tufanlar bağlamazlar.

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Telli MƏMMƏDOVA

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR