Ordumuzun uğurlu əməliyyatları nəticəsində illərdir, qor bağlayan yaramız olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdi. Silahı dosta qürur, düşmənə ölüm gətirən ordumuz xalqımıza tarixin ən şanlı Qələbə gününü yaşatdı. O zaman ki Qubadlıda, Zəngilanda Şuşada azan, himnimiz səsləndi, ay-ulduzlu bayrağımız yüksəklərdə dalğalandı, illər öncə bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin nigaran qalan ruhları ağ göyərçinə dönüb azad Qarabağımızın səmasında qanad çaldı, yurdumuza boylandı, “Gözün aydın, Vətən!” – dedi. Qəhrəman oğullarımız öz həyatını xalqımızın azadlığı, ərazi bütövlüyü uğrunda qurban verdi.
Tarixboyu qəhrəman bir el kimi tanınan Naxçıvanın nər igidləri də bu 44 günlük Vətən müharibəsində zəfər dastanı yazdı. Onlar doğulduqları torpaqdan yüzlərlə kilometr uzaqda “Hər qarışı bizimdir, bölünməz Vətənimizdir, Öncə Vətəndir”, – deyib canlarından keçdilər. Vətən andı içərək bu yola çıxdılar. Qazi, şəhid oldular, yollarından dönmədilər qələbə sevinci yaşatdılar xalqımıza. Əbədiyyətə yüksələn oğullarımız tarixə öz adlarını qanları ilə həkk etdilər. Bu gün haqqında danışacağımız qəhrəman qədim yurdumuzun dağlar qədər məğrur diyarı Şahbuz rayonunun Külüs kəndində dünyaya gəlib.
Mayor Rahib Babayev xidmətinin səkkiz ilini Murov zirvəsində keçirib. O, hərbi liseyi bitirəndən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini də 2006-cı ildə uğurla tamlayıb. İlk xidmətinin beş ilini Sumqayıtda, sonra Şəmkirdə və Murovdağda davam etdirib. Qəlbi Vətən eşqi ilə döyünən Rahib də illərdir, ürəyində intiqam hissi bəsləyir, düşmənə layiqli cavab verməyə can atır, torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyirdi. Tarixin o günü əks-hücum əmrinin gəldiyi gün o da digər igidlər kimi döyüşə qələbəyə can atdı. Öz taboru ilə əks -hücum əmrini yerinə yetirən komandir düşmənin bir neçə postunu dağıdır. Üç gün müdafiədə dayanan tabor düşmənə aid bir çox texnikanı və canlı qüvvəni məhv edir. Komandir iki dəfə yaralanmasına baxmayaraq, döyüş mövqeyini tərk etmir. Yaralanan əsgərlərini ölümdən xilas edir özü isə 30 sentyabrdakı hücumda şəhidlik zirvəsinə ucalmışdır. Ondan yadigar qalan üç övladı və igidlik yoludur.
Həyat yoldaşı Aygün xanım deyir ki, o xidmətinin çoxunu keçilməz dağ zirvələrində etdiyi üçün çox gec-gec gəlirdi evə, uşaqlarını doyunca görə bilməsə də Vətənə xidmət hər amalın ən alisidir. Bir vaxt olacaq övladlarım böyüyəcək onlar öz ataları ilə qürur duyacaqlar, – deyirdi.
Rahibin Sumqayıtda və Şəmkirdə işlədiyi vaxtlarda komandiri Polad Həşimov olub. Onun kimi hərbçilərlə birlikdə öyrənib hərb sənətinin sirlərini. Generalın şəhid olması Rahibi o qədər təsirləndirmişdi ki, hər gün can atırdı ki, qisasın alsınlar onun. Getdi, aldı qisasını şəhidlərimizin. Bu yolda dünyanın ən şirin neməti olan canından keçdi. O, Vətəni əzizlərindən, ailəsindən övladlarından çox sevdi.
O, Azərbaycan Silahlı Qüvvələrinin yanmasının 90, 95, 100 ilik yubiley, qüsursuz xidmətə görə ikinci və üçüncü dərəcəli medallarla təltif edilib. Vətən müharibəsində göstərdiyi şucaətə görə Ali Baş Komandan tərəfindən “Azərbaycan Bayrağı” ordeni, və “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.
Onun ən böyük arzusu Murovu aşıb Kəlbəcərə getmək olub. Ruhun şad olsun, qəhrəman təkcə Kəlbəcər yox, Şuşa, Laçın da bütöv Qarabağ da azadlığa qovuşdu sənin kimi oğulların canı bahasına. Siz öz canınızla can verdiniz illərdir, düşmən tapdağında qalan yurdlarımıza. İndi Qarabağın hər kəndində, şəhərində qanınız, canınız bahasına göylərə yüksəlir dalğalanır Azərbaycan bayrağı. Üçrəngli bayrağımız ucalıqdan enməsin deyə, canından keçən Vətən oğulları sizin igidliyiniz isə əbədiyyən çiçək olub Vətən torpağında bitəcək, sevgi olub ürəklərdə yaşayacaq.
Ramiyyə ƏKBƏROVA