30 Dekabr 2024, Bazar ertəsi

Ordum varsa, yurdum var

Qələbəyə aparan bu başlıca amillər gələcək uğurların da təməlidir


Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Builki bayramı  ikiqat sevinclə qarşılayırıq. Çünki qalib dövlət, qalib xalq, qalib ordumuzun həmrəy olaraq uzun illər düşmən tapdağında qalmış torpaqlarımızı azad etməsinin birinci ildönümünü qeyd etmişik. Bu günlərdə məhz qalib ordunun əsgərləri ilə görüşmək, onların yaşadıqları bayram ovqatını görmək üçün Naxçıvan Qarnizonunun Şahbuz rayonunda yerləşən “N” hərbi hissəsində olduq. 

 

Bu yola mətbuat və ictimaiyyət nümayəndələri, Naxçıvan Dövlət Filarmoniyasının ansamblı və Əlahiddə Ümumqoşun Ordunun zabitləri ilə birlikdə çıxmışıq. Yolboyu ordumuzun 44 gün davam edən Vətən savaşında göstərdiyi qəhrəmanlıqları, ölkə rəhbərinin qətiyyətli addımları, dövlət-xalq-ordu birliyi barədəki söhbətlər bir vətəndaş kimi hər birimizdə qürur doğurur. Budur, yolun necə bitdiyinin fərqinə varmadan artıq ünvana çatırıq. Vüqarını elə Vətən dağlarından alan igid əsgərlərimizin düşmənlə üz-üzə məğrur, qorxmaz duruşu sevincimizə sevinc qatır. Ordumuzun hər bölməsində vətənpərvər, cəsur oğulların xidmət etdiyinin daim şahidi olmuşuq. Bu gün də “N” hərbi hissənin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərləri tanımağın sevincini yaşayırıq. Vətənin keşiyində dayanan bu oğulların qətiyyəti, məğrurluğu sayəsində torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır.

İlk işimiz burada xidmət edən əsgərlərimizin sosial məişət şəraiti ilə tanışlıq olur. Əsgərlərimizdə döyüş ruhu, mənəvi-psixoloji hazırlıq ilk baxışdan hiss edilir. Diqqətimizdən qaçmır ki, burada əsgərlərin uğurlu xidməti üçün hər cür şərait yaradılıb. Düşmənlə təmas xəttində belə, nümunəvi şərait dövlətimiz tərəfindən hər bir əsgərə yüksək diqqət və qayğı göstərildiyinin bariz nümunəsidir. Tanışlıq zamanı əsgər Subay Məmmədov deyir:
– Mən Şəki rayonundan hərbi xidmətə çağırılmışam. Naxçıvana ilk dəfə idi gəlirdim. Əvvəllər çətinlik çəkəcəyimi düşünsəm də, hərbi xidmətə başladığım gündən istər komandir heyəti, istərsə də əsgər yoldaşlarımın göstərdiyi yaxınlıq mənə buranı doğmalaşdırdı. Valideynlərim məni görməyə gələndə buradakı şəraiti görərək sevinirlər. “Yaradılan şəraitdən istifadə edərək Vətənin keşiyində daha da ayıq-sayıq dayanmağımızı tövsiyə edir, torpağımızın hər qarışı, əgər onu qoruyan, uğrunda canından keçən oğlu varsa, Vətəndir”, – deyirlər. Onu da deyim ki, burada düşmənlə üz-üzə xidmət etmək daha böyük fəxarət verir mənə. Ordumuz nəyə qadir olduğunu cəmi 44 gün ərzində sübut edərək düşmənin qorxulu röyasına çevrildi. İndi səngərlərimizdə xidmət aparan əsgərlərimiz düşmənə gözdağı olublar.

Xidmət etdiyim dövr ərzində bir çox keyfiyyətlərə yiyələnmişəm. Dözümlülük, möhkəmlik, mərdlik kimi əsl kişiyə xas xüsusiyyətlər əxz etmişəm. Naxçıvan torpağında dünyaya göz açmasam da, burada birömürlük vəfalı dostlar qazanmışam. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, Yeni ilin gəlişini bu il burada, Vətən keşiyində qeyd edəcəyəm. Buna görə daha çox sevinirəm. Çünki uzun illərdir, xalqımızın hər bir bayramda yeganə böyük arzusu var idi: “Gün o gün olsun, gələn bayram işğaldan azad torpaqlarımızda qeyd olunsun”, bax bu gün həmin gündür. Artıq Şuşada, Laçında, eləcə də işğaldan azad edilmiş digər torpaqlarımızda bayram ab-havası yaşanır. İnanıram ki, Vətən qarşısında borcumu layiqincə yerinə yetirib, ailəmin yanına başıuca qayıdacam.

Bayram ərəfəsində unudulmadıqları üçün dövlətimizə minnətdarlıq edən əsgərimiz deyir ki, evimizdə, elimizdə yeni illər, bayramlar, gözəl anlar hələ çox olacaq. Səngərdə düşmənlə üz-üzə dayanaraq milyonlarla igidin canını qurban verdiyi Vətənin, bütöv bir xalqın keşiyində durmaq hər birimiz üçün böyük şərəfdir. Xalqımızın bu bayramları əmin-amanlıq şəraitində, rahat, qorxusuz qarşılamasının, arxayınlıqla bayram etməsinin əsas səbəbkarı elə səngərdə Vətən keşiyində məğrurluqla dayanan əsgərlərimizdir.
Digər müsahibim Cəbrayıl rayonundan olan əsgər İsmayıl Süleymanzadədir:
– Gənc əsgər olarkən keçirilən təlimlərə ciddi yanaşmağa səy göstərdim. Hərbi sirləri, silahla davranış qaydalarını həvəslə öyrəndim. Bu işdə komandirlərimin də köməyini vurğulamaq istəyirəm. Əsl əsgərlər kimi formalaşmağımızda böyük zəhmətləri var. Təlim zamanı tələbkar komandir, sərbəst vaxtlarımızda qayğıkeş ata kimi qayğımızı çəkirlər. Xidmətə başladığım gündən onlardan doğma münasibət görmüşəm. Burada ailə mühitində xidmət edirik. Şəraitimiz də yüksəkdir. İsti yataq yerimiz, yun və qalın qış geyimlərimiz var. Keyfiyyətli yeməklərlə qidalanırıq. Asudə vaxtlarımız da səmərəli keçir, qəzet və jurnallar oxuyur, televizora baxır, idmanla məşğul oluruq. Ordu quruculuğunda aparılan uğurlu islahatların nəticəsində bütün bölmələrdə yüksək təminat yaradılıb. Belə şərait isə hər bir zabitə, əsgərə xoş ovqat, döyüş ruhu aşılayır. Övladını əsgəri xidmətə yola salan ana ondan nigaran qalmır.
Əsgər Süleymanzadə deyir ki, Azərbaycan Ordusunun əsgəri olmağı ilə fəxr edir. Biz bu gün xoşbəxtik ona görə ki, bütöv, müstəqil, qalib bir dövlətin əsgərləriyik. Bizə oğul deyən Vətənimiz, uğrunda canımızı “uf” demədən qurban verəcəyimiz müqəddəs torpaqlarımız, daim fəxr ediləcək keçmişimiz, çiçəklənən bu günümüz, parlaq gələcəyimiz əmin əllərdədir. Müstəqilliyi qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin təhlükəsi altında olar. Lakin bu hələ hər şey demək deyil. “Öncə Vətəndir!”, – deyib sinəsini düşmən gülləsinə sipər edən oğullarımızda olan ürəkdir bizi yenilməz edən. Mən heç vaxt atalarımızdan miras qalmış “Qılınc həmin qılıncdır, qol o qol deyil” deyimini unutmuram. Çünki silah-texnika düşməndə də var, lakin əsgər həmin əsgər, ürək həmin ürək deyil. Vətən savaşı bir daha sübut etdi ki, onların əsgərləri silahını döyüş meydanında qoyub qaçır, bizim əsgərlər isə son damla qanına qədər döyüşü davam etdirir.
Uca dağ zirvəsində həmsöhbət olduğum əsgərlərin dedikləri fəxarət hissi yaşamağımızla yanaşı, həm də könlümüzü oxşayır.
Görüşümüzün bu hissəsindən sonra hərbi hissədə Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının hərbçilərimiz üçün hazırladığı konsert proqramında iştirak etdik.
Tədbirdən sonra Əlahiddə Ümumqoşun Ordunun zabiti Yalçın Ağayev ilə həmsöhbət olduq. O, bildirdi ki, bu gün Azərbaycan Ordusunun hər bir bölməsində xidmət üçün yüksək şərait yaradılıb. Əsgərlərimiz, zabitlərimiz Vətənin keşiyində hər saniyə ayıq-sayıq dayanıblar. Bu gün qalib orduda xidmət aparmaq hər birimiz üçün qürur mənbəyidir. İllərdən bəri davam edən təzyiqlərin qarşısında humanitar prinsiplərə söykənərək münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olan cənab Ali Baş Komandanımızın səbir kasası 27 sentyabr 2020-ci ildə düşmənin ordumuza və torpaqlarımıza qarşı növbəti təxribatı ilə daşdı. Əks-hücum əmrinin verilməsi ilə nəinki ordumuzun, bütün Azərbaycan xalqının qanı coşdu. Hər kəs müsəlləh əsgər kimi döyüş xəttinə yollanmaq üçün səfərbər oldu. Bu dəfə ordumuz 1990-cı illərin əvvəllərindəki əliyalın, nizamsız, pərakəndə ordu deyildi. Tam qüvvə, müasir hərbi texnika və Ali Baş Komandanın rəhbərliyi altında nizamlı ordu düşməni məğlub edə bildi. Ordumuzun gücündən lərzəyə gələn düşmən bir-birinin ardınca işğal bölgələrini tərk edib getməyə məcbur oldu. 44 gün davam edən müharibədə öz gücünü tamamilə itirən, ard-arda öz torpaqlarını işğaldan azad edən ordumuzun qarşısında diz çökən qondarma Ermənistan hökuməti 10 noyabr 2020-ci ildə müharibəyə son qoyulması, işğalçı dövlətin torpaqlarımızdan tamamilə çıxarılması üçün bəyanat imzalamaq məcburiyyəti qarşısında qaldı.
Şəhidlərimizi dərin hüzn və fəxarət hissi ilə yad edən zabit onu da vurğuladı ki, bu gün şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı muxtar respublikamızda da yüksək səviyyədədir. Şəhid ailələrinin, qazilərimizin mənzil və avtomobillərlə təmin edilməsi bu qayğının bariz nümunəsidir.
Əsgər həyatının bir gününə bələdçilik etdiyimiz saatlar ərzində əmin olduq ki, əsgərlərimiz Vətənimizə, millətimizə sadiq oğullardır, cəsurdurlar, qorxmazdırlar. İstənilən şəraitdə torpaqlarımızın keşiyində inamla dayanmağa qadirdirlər. Belə əsgərlərin qarşısında isə heç bir düşmən, heç bir texnika tab gətirə bilməz!

Telli MƏMMƏDOVA

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR