30 Dekabr 2024, Bazar ertəsi

“Şərq qapısı” – 100

“Şərq qapısı” 1990-1993-cü illərdə Naxçıvanda geniş vüsət alan milli müstəqillik hərakatının, müstəqil milli mətbuatın formalaşması prosesinin  mətbu bayraqdarı olmuşdur


Xalqımızın böyük oğlu, dahi siyasətçi Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdaraq burada yaşayıb fəaliyyət göstərdiyi, muxtar respublikaya rəhbərlik etdiyi 1990-1993-cü illər bu il yüzillik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz “Şərq qapısı” qəzetinin də nəşri tarixində dövlət müstəqilliyinin bərpa və bərqərar olması dövrü kimi xarakterizə edilməlidir. Məhz bu dövrdən qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizi düşdüyü bəlalardan qurtarmağın yeganə yolunun görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasında olduğu barədə yazılarla çıxış etmişdir. Ulu öndərin rəhbərliyi altında milli dövlətçiliyimizin bərpası ilə bağlı Naxçıvan parlamentində qəbul edilən tarixi siyasi qərarlar ilk olaraq məhz “Şərq qapısı” vasitəsilə geniş oxucu kütləsinə, ölkə ictimaiyyətinə çatdırılmışdır. Həmin illərdə dahi şəxsiyyətin maddi-mənəvi dəstəyilə qəzet böyük tirajla nəşr olunmuş, öz yayılma arealını genişləndirərək ilk dəfə coğrafi sərhədlərini xeyli aşmış, Azərbaycanın digər bölgələrində də oxunmağa başlanmışdır. Təbii ki, bu, ilk növbədə, ümummilli liderə olan tükənməz sevgidən irəli gəlirdi. 

 

Dahi şəxsiyyət Naxçıvana qayıtdıqdan bir neçə gün sonra Naxçıvan gənclərinin xahişi ilə onlarla iki saatdan artıq davam edən görüşdən reportaj “Həmyerlilərimə minnətdaram” sərlövhəsi ilə “Şərq qapısı”nın oxucularına təqdim olunur (2 avqust 1990-cı il). Reportajdan öyrənirik ki, ulu öndər görüş zamanı Azərbaycan xalqının düşdüyü siyasi böhranın əsl səbəblərini ölkə rəhbərliyinin məsuliyyətsizliyi, xalqa can yandırmaması kimi izah etmiş, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və həlli yolları ilə bağlı fikirlərini söyləmişdir.
Tarixdən də göründüyü kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan dövlətçiliyinin bərpası istiqamətində bir çox məsələlər müzakirə olunmuş, “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Həmin sessiya haqqında məlumat “Şərq qapısı”qəzetinin 18 noyabr 1990-cı il tarixli nömrəsində öz əksini tapmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sentyabrın 4-də keçirilən fövqəladə sessiyasının stenoqramı, ulu öndərin sessiyada səsləndirdiyi Bəyanat (6 sentyabr, 1991-ci il) müstəqillik, dövlətçilik uğrunda Naxçıvandan başlanan mübarizə tarixini öyrənmək üçün maraqlı faktlarla zəngindir.
“On ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında yaranmış iqtisadi və ictimai-siyasi vəziyyət müzakirə edilir” sərlövhəsi ilə dərc olunan, (2 oktyabr 1991, № 193) Ali Məclisin Sədri Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyanın stenoqramından o da məlum olur ki, Mincivanda yığılıb qalmış malların daşınması üçün Naxçıvana ilk vertolyot alınmış, muxtar respublikadan 50 nəfərin Türkiyənin ali məktəblərində təhsil alması üçün razılığa gəlinmiş, bu seçimin ciddi və obyektiv imtahanlar yolu ilə edilməsi, onlardan 10 nəfərin şəhid övladlarından seçilməsi nəzərdə tutulmuşdur. Ulu öndərin sədrliyi ilə keçirilən sessiyada Sədərək-Türkiyə körpüsü, Naxçıvan aeroportu kimi strateji əhəmiyyətli obyektlərin tikintilərinin sürətləndirilərək tezliklə başa çatdırılması məsələləri də müzakirə olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Sovetinin 29 avqust 1991-ci il tarixli sessiyasında xalq deputatı Heydər Əliyevin Azərbaycandakı siyasi-iqtisadi böhranı, xalqımızın düşdüyü daha ağır və acınacaqlı vəziyyətdə Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanılmaz səhvləri böyük cəsarətlə bəyan etməsi, milli birlik platforması, Azərbaycan Kommunist Partiyasının bütün strukturlarının ləğv olunması, əmlakının milliləşdirilməsi ilə bağlı tarixi fikirlər, həmçinin “Azərbaycanın Müstəqillik Bəyannaməsi” ilə bağlı mühüm siyasi təkliflər səsləndirdiyi çıxışın – sessiyada provakasiya ilə qarşılanan və heç bir mətbuat orqanının dərc etməyə cəsarəti çatmadığı çıxışın mətni ilə də geniş oxucu kütləsi məhz “Şərq qapısı” vasitəsilə tanış olmaq imkanı əldə etmişdir (“Vəziyyətə real qiymət verilməli”, 11 oktyabr 1991, № 199).
“Şərq qapısı”nın 22 oktyabr 1991-ci il tarixli 210-cu nömrəsində Bakı və Goranboy sakinlərinin ermənilərlə döyüşdə itkin düşənlərinin tapılması və ya doğmalarının, həqiqətən də, şəhid olması ilə bağlı yeganə ümid yeri kimi ümummilli liderə ünvanladıqları müraciətlər dərc olunmuş, məhz ulu öndər Heydər Əliyevin Ali Məclisin Sədri kimi Ermənistan Ali Sovetinin Sədri ilə apardığı danışıqlar nəticəsində ermənilərin girov götürdüyü Şahbuz rayonunun Biçənək kəndinin 2 sakini ilə yanaşı, Goranboy rayonunun Başqışlaq kəndinin sakini Umud Əli oğlu Bayramovun da Naxçıvan Muxtar Respublikası nümayəndələrinə təhvil verilməsi xəbərini də oxuyuruq.
“96-dan 50-si” müsahibəsində Türkiyə universitetlərinin hazırlıq kurslarında oxuyacaq 50 abituriyentin obyektiv və şəffaflıq əsasında seçildiyi, onlardan 9-nun şəhid ailələrinin, imkansız ailələrin uşaqları olması xəbəri isə (23 oktyabr 1991, № 211) ümummilli liderin müstəqil Azərbaycanın gələcək təhsil strategiyasının əsasını da məhz Naxçıvanda qoymasını deməyə əsas verir.
“Demokratiya və inkişaf yollarında. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasının növbəti iclası” (27 oktyabr 1991, № 214) ilə bağlı xəbərdə sessiyanın oktyabrın 26-da keçirilən iclasında Naxçıvan mətbuat tarixi üçün mühüm olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikası Qəzet-Nəşriyyat, Kitab Ticarəti üzrə İstehsalat Birliyinin bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Mətbuat Komitəsinin yaradılması haqqında qərarın qəbul edildiyi qeyd olunur.
Sessiyada Naxçıvan sərhədçilər dəstəsinin komandiri V.K.Jukovun və muxtar respublikada yerləşən diviziyanın komandiri R.V.Slaboşeviçin məlumatları dinlənilmiş, İran və Türkiyə ilə dövlət sərhədlərində sərhəd qurğularının yenidən tikilməsi, tikanlı məftillərin çəkilməsi məsələsinə əks münasibət bildirən deputatlar qeyd etmişlər ki, həmin ölkələrdən muxtar respublika üçün heç bir təhlükə gözlənilmədiyi üçün sərhədlərin möhkəmləndirilməsi işinə ehtiyac yoxdur. Sessiyanın iclasına sədrlik edən ümummilli lider Heydər Əliyev yenə də özünəməxsus qətiyyət və cəsarətlə bəyan etmişdir ki, Sədərək və Ordubad zastavalarının Mehri və Artaşat rayonlarına tabe etdirilməsinin nə kimi məqsədlər daşıdığı bəlli olmadığı üçün onların Naxçıvan sərhədçilər dəstəsinə tabe etdirilməsi məqsədəuyğundur. Dahi siyasətçi bu məsələnin 3 gün ərzində həll olunması ilə bağlı tapşırıq vermişdir. Muxtar respublikada olan hərbi hissələrin statusunun müəyyən edilməsi məsələsi də müzakirə olunmuşdur (27 oktyabr 1991, № 214).
“Şərq qapısı” qəzetinin nəşri tarixində dərc olunan ən mühüm, əlamətdar hadisələrdən biri də “Həsrət körpüsü açıldı” adlı geniş reportajdır. Reportajdan məlum olur ki, 1991-ci il oktyabrın 29-da – Türkiyə Cümhuriyyətinin yaranmasının 68-ci ildönümü türkiyəli qonaqların, paytaxt Bakıdan gələnlərin iştirakı ilə əsl bayram təntənəsi ilə, 70 il həsrət qalan iki qardaş xalqın həsrətinə son qoyulmuş, həmin hadisə bütün Türk-islam dünyasında əlamətdar tarixi bir gün kimi qeyd olunmuşdur. Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərində salınmış müvəqqəti körpünün – “Həsrət körpüsü”nün açılışında Ali Məclisin Sədri, ulu öndər Heydər Əliyev çıxış edərək bu hadisəni Azərbaycanın müstəqilliyi uğrunda muxtar respublikada gedən demokratik proseslərin mühüm nəticələrindən biri kimi qiymətləndirmiş, böyük siyasi uzaqgörənliklə qeyd etmişdir ki, gələcəkdə Türk dünyası, İslam aləmi nələrə qadir olduğunu bütün dünyaya sübut edəcək. Körpünün açılışını bildirən lenti kəsən ulu öndər Türkiyənin rəsmi nümayəndələri ilə səmimi söhbət etmiş, türk inşaatçılarının ucaltdıqları körpünün tikintisinə baxmışdır (31 oktyabr 1991, № 216).
Qəzetin 1 noyabr 1991-ci il tarixli 217-ci nömrəsində dərc olunmuş “Daha bir girov azad edildi” sərlövhəli minnətdarlıq teleqramı da diqqəti çəkir. Teleqramda Ali Məclisin Sədri, dahi rəhbər Heydər Əliyevin Ermənistanın Ali Sovetinə göndərdiyi teleqramın nəticəsi olaraq erməni girovluğundan azad edilən, Goranboydan olan milis kapitanı Süleyman Feyruz oğlu Bədəlovun ailəsi adından qəzet vasitəsilə ümummilli liderə minnətdarlıq bildirilir.
“Şərq qapısı” qəzetinin o dövrdə nəşr edilən nömrələrini araşdırarkən məlum olur ki, artıq ümummilli liderin ətrafında sıx birləşmələri, əzmkarlıq və iradə nümayiş etdirərək bütün sınaqlara sinə gərmək istəyi naxçıvanlılarda, nəinki naxçıvanlıların özündə, onun türkiyəli vəkil və yazar İbrahim Bozyel kimi qonaqlarında da belə bir qətiyyət və inam yaratmışdı: “Naxçıvan əski kişiliyinə dönür”. Qəzet müxbirlərindən Ceyran Nəbiyeva İbrahim Bozyeldən gətirdiyi bu sitatı sərlövhə seçdiyi məqaləsində (28 noyabr 1991, № 235) yazır: “Naxçıvan buxovlarını qırıb zəncirləri ataraq özünün mərdanəlik və kişiliyini dünyaya bəyan etdi. Onu iqtisadi blokadada saxlayıb yenidən qarmağa keçirməyin mümkünlüyünə cəhd edənlərin arzusunu gözündə qoydu. Çətin anda, dar məqamda çiyin söykədiyi qan qardaşlarının, soydaşlarının qeyrətinə güvənərək xəbis niyyətlilər üzərində qələbə çaldı”. Məqalədə keşməkeşli, ağır mübarizələr dövrü yaşayan diyarımızın bir tərəfdən də informasiya cəbhəsində bədxahlar, düşmənləri ilə mübarizə aparmalı olduğu bir jurnalist və vətəndaş etirazı ilə belə oxucuya təqdim olunur.
Qəzetin 17 dekabr 1991-ci il tarixli 247-ci nömrəsində “Demokratik dəyişikliklər yolu ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sessiyasının növbəti iclası” sərlövhəli materialda sessiyada “Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 15 noyabr 1991-ci il tarixli Qərarının müzakirəsi zamanı ümummilli liderin Azərbaycan xalqının milli müstəqillik uğrunda mübarizə tarixini, dövlət müstəqilliyinin siyasi-tarixi əhəmiyyətini şərh edən tarixi nitqi də yer almışdır ki, ulu öndərin bu siyasi fikirləri müstəqil dövlətçilik baxımından hər zaman öz dəyərini qoruyub saxlayan aktual fikirlərdir. Sessiyanın stenoqramından o da məlum olur ki, Azərbaycan rəhbərliyi tərəfindən belə bir əhəmiyyətli məsələyə biganə, laqeyd münasibət göstərilsə də, məhz ulu öndərin rəhbərliyi ilə bu referendumun muxtar respublikada mütəşəkkil, demokratik prinsiplər əsasında keçirilməsinə ciddi hazırlıq işləri görülmüşdür.
Qəzetin 31 dekabr 1991-ci il tarixli 252-ci nömrəsində dərc olunan “Muxtar respublika Azərbaycanın dövlət müstəqilliyinə səs verdi” adlı reportajdan da məlum olur ki, muxtar respublika sakinləri kütləvi şəkildə referendumda iştirak edərək, xalqımız üçün bu mühüm tarixi prosesdə xüsusi fəallıq göstərərək Azərbaycanın dövlət müstəqilliyinə yekdilliklə səs vermişlər.
“Nuri-həqq daima yanar, sönməz” (28 ok­tyabr 1992-ci il) sərlövhəli geniş reportajdan məlum olur ki, böyük mütəfəkkir və filosof Hüseyn Cavidin anadan olmasının 110 illiyi ümummilli liderin təşəbbüsü və rəhbərliyi ilə muxtar respublikada geniş qeyd olunmuş, oktyabrın 23-də muxtar respublika rəhbəri, hökumət nümayəndələri, qonaqlar Cavidin məzarını ziyarət etmiş, Ali Məclisin Sədri, ulu öndər Heydər Əliyev orada çıxış etmişdir. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu münasibətlə keçirilən ədəbi-bədii gecədə çıxış edən ümummilli lider demişdir: “Biz fəxr edirik, öyünürük ki, Cavid hər şeydən öncə türk xalqının oğludur. Bəşəri konsepsiya, insan şəxsiyyətinin ululuğu, paklık, müdriklik, ülvilik, təmiz məhəbbət Cavid yaradıcılığının aparıcı amili və yüksək sənətkarlıq meyarıdır. Məhz bu keyfiyyətlərinə görə Cavid dahi şəxsiyyətdir”. Reportajdan oxuyuruq ki, ulu öndər çıxışında 10 il əvvəl respublikada Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilməsindən, lakin həmin qərarın çox hissəsinin həyata keçirilməməsindən danışaraq, böyük filosof şairin məzarının bərbad halda olması haqqında acı təəssüf hissi, ürəkyanğısı ilə bəhs etmişdir.
“Əsrin dörddə biri” (18 noyabr 1992-ci il) sərlövhəli material Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun 25 illik yubiley tədbirindən bəhs edir. Ümummilli liderin təşəbbüs və rəhbərliyi ilə təşkil edilən yubiley tədbiri noyabrın 12-də universitetin akt zalında Bakıdan, İran İslam Respublikasından, Türkiyədən gələn qonaqların iştirakı ilə keçirilmişdir. Ulu öndər tədbirdə çıxış edərək Naxçıvanda ali təhsil məktəbinin əsasının qoyulmasının əhəmiyyətini, Azərbaycanın dünyanın bütün dövlətləri ilə müstəqil əlaqələr yaratmaq və bu əlaqələri öz ölkəsinin gələcək inkişafına yönəltmək imkanına malik bir dövlət olduğunu, bunun muxtar respublikanın ali təhsil ocağının da fəaliyyətində geniş perspektivlər açdığını vurğulamışdır. Dahi şəxsiyyət qarşıda duran vəzifələrdən danışarkən qeyd etmişdir ki, ali məktəbin kollektivi müstəqil Azərbaycanın və onun tərkib hissəsi olan muxtar respublikamızın ictimai-siyasi həyatında daha fəal iştirak etməli, öz işini günün tələbləri səviyyəsində qurmalı, buradakı elmi potensialdan, təcrübədən elmi-mənəvi sərvət kimi səmərəli istifadə olunmalıdır. “Şərq qapısı”nın səhifələrində dərc olunan bu material ümummilli liderin müstəqil ölkəmizin gələcək ali təhsil quruculuğu strategiyasının nəzəri müddəalarını özündə əks etdirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Muxtar respublikanın aparıcı mətbuat orqanı kimi “Şərq qapısı”nın nömrələrindəki materiallardan da öyrəndiyimiz kimi, xalqımızın tarixi inkişafında mühüm rol oynayan milli birlik və həmrəylik ideyası Naxçıvanda siyasi hərəkat səviyyəsində təcəlla etmiş, 1991-ci il dekabrın 16-da ulu öndərimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul olunmuşdur. Həmin qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilmişdir. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Qəzetin 6 yanvar 1993-cü il tarixli nömrəsində dərc olunan bu bayramın keçirilməsi ilə bağlı “Həmrəylik... Həmrəylik” adlı geniş reportaj araşdırma zamanı xüsusilə diqqətimizi çəkdi. Reportajda qeyd olunur ki, dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Ali Məclisin Sədri, ulu öndər Heydər Əliyev başda olmaqla, hökumət nümayəndələri, Naxçıvan ictimaiyyətinin təmsilçiləri Şəhidlər xiyabanına gedərək torpaqlarımızın erməni təcavüzkarlarından qorunması uğrunda şəhid olanların xatirəsini yad etmişlər. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirdə Ali Məclisin Sədri, ulu öndər Heydər Əliyev çıxış edərək bu bayramın əsasının məhz Naxçıvanda qoyulmasından qürur hissi keçirdiyini bildirmiş, Azərbaycanın müstəqilliyinin təmin edilməsi, mövcud problemlərin həlli naminə hər kəsin birlik, həmrəylik nümayiş etdirməsinin zəruriliyini vurğulamışdır.
Bir məsələni də qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana tarixi qayıdışı, buradakı siyasi fəaliyyəti ölkə və dünya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin diqqətini muxtar respublikaya yönəltmiş, hər kəs xalqın taleyini, ölkənin sonrakı müqəddəratını, gələcək düzgün siyasi proqnozları öyrənmək üçün yeganə hədəfə – dahi siyasi xadim Heydər Əliyevə üz tutmuşdu. Ulu öndərin tanınmış mətbuat orqanlarına verdiyi müsahibələrin tərcüməsi “Şərq qapısı” qəzetində də dərc edilmiş, dövrün ən aktual və böyük maraqla oxunan materiallarından olmuşdur.
Qürurla deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin “Şərq qapısı” qəzetinin 26 iyul 1990-cı il tarixli nömrəsindəki müsahibəsi, ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mətbuatında dərc olunmuş ilk müsahibə kimi qəzetin fəaliyyət tarixində şanlı səhifəni təşkil edir. Görkəmli dövlət xadimi müsahibədə bir sıra qüvvələrin, xüsusilə də kütləvi informasiya vasitələrinin ona qarşı ədalətsizliyi, partiya orqanlarının müvafiq dairələrinin əli ilə qarayaxma kampaniyası aparılması haqqında, Azərbaycan Respublikasının Moskvadakı Daimi Nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə kəskin etirazını bildirdikdən sonra bu təzyiqlərin daha da artması ilə bağlı cəsarətlə məlumat verir. Ulu öndərin böyük cəsarət və qətiyyətlə, siyasi uzaqgörənliklə səsləndirdiyi “...indi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir” fikrinin sovet ideologiyasının, sovet senzurasının hələ də “ölmədiyi” bir vaxtda qəzetdə dərc olunması mətbuat orqanı üçün də böyük qətiyyət və cəsarət idi. Müsahibə ümummilli liderin “Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq” platformasını bəyan etməsi ilə də müasir siyasi tariximizdə müstəsna yer tutur.
“Şərq qapısı” qəzetinin xüsusi müxbiri Möhsün Möhsünovun Litvada çıxan “Respublika” qəzetinin müxbiri Ritas Siyatalislə birgə görkəmli dövlət xadimindən aldıqları həmin müsahibədə ulu öndərin “Şərq qapısı” haqqında dediyi bu müdrik kəlam, bütövlükdə, qəzetin tarixi dəyərini ifadə etməklə bu mətbu orqanın sonrakı fəaliyyəti boyu həyat və ideya vəsiqəsinə çevrilmişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Ümummilli liderin “Naçalo” qəzetinə verdiyi “Keçmiş” indi haqqında” sərlövhəli müsahibəsi “Şərq qapısı”nın 2 sentyabr 1990-cı il tarixli nömrəsində işıq üzü görmüşdür. Aleksandr Şumski və Aleksey Mitrofanov tərəfindən alınan həmin müsahibə, Moskvada nəşr olunan digər bir mətbuat orqanının – “Nezavisimaya qazeta”nın müxbirinin də ulu öndər Heydər Əliyevlə “Nə hədələrdən, nə rəzil niyyətlərdən qorxuram” adlı müsahibəsi “Şərq qapısı” qəzetində də (27 yanvar 1993-cü il) dərc olunmuşdur. Bu faktlar təsdiq edir ki, Naxçıvandakı siyasi fəaliyyəti dövründə burada müasir müstəqil jurnalistikanın formalaşması və inkişafında mühüm rol oynayan ümummilli lider bəhs etdiyimiz həmin tarixi müsahibələri ilə də “Şərq qapısı” qəzetinin müasir, beynəlxalq doktrinalar əsasında inkişaf etməsinə təkan vermişdir. Heç şübhəsiz ki, “Şərq qapısı” həmin müsahibələrin tərcümə və nəşri nəticəsində rusdilli mətbuatla tanışlıq, müasir dünya jurnalistikasına qoyulan tələbləri öyrənmək vasitəsilə də inkişaf etmişdir.
Bir fakta diqqət yetirək. 2010-cu ildə, Azərbaycan milli mətbuatının 135 illik yubileyi ərəfəsində “Ziyalı tribunası” rubrikasında qəzetin məsul katibi Muxtar Məmmədovun Səxavət Kəngərli ilə “Mətbuat cəmiyyətin güzgüsüdür. Onun nüfuzunu yüksəldən başlıca amil dövlətçilik dəyərlərinin formalaşması prosesində oynadığı roldur” sərlövhəli müsahibəsində (13 iyul 2010-cu il, № 127) Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1991-2000-ci illərdə “Şərq qapısı” qəzetinə redaktorluq etmiş Səxavət Kəngərli mətbuatda işlədiyi dövrlərdə ümummilli lider Heydər Əliyevlə görüşlərini xatırlayaraq deyir: “Ötən əsrin 90-cı illərinin əvvəlləri, konkret olaraq xain qonşularımız ermənilərin Azərbaycana qarşı təcavüzü nəticəsində 1991-1993-cü illər maddi cəhətdən nə qədər ağır, sarsıntılı illər kimi yaddaşlarımıza yazılıb. Həmin illəri xatırlayanda yadıma öncə ulu öndər Heydər Əliyev düşür. Çünki həmin illərdə biz bilavasitə o dahi şəxsiyyətin rəhbərliyi altında işləmişik. Ümummilli liderimiz mətbuata qarşı çox həssas və qayğıkeş insan idi. Muxtar respublikanı Ermənistan təcavüzündən qorunmaq məcburiyyətində qaldığı, işığın və qazın olmadığı, bütün kommunikasiya xətlərinin kəsildiyi bir dövrdə ulu öndərimizin bir amalı var idi: muxtar respublikanı erməni təcavüzündən qorumaq, bu qədim diyarın işğalının qarşısını almaq, naxçıvanlıların yaşamaq əzmini yüksəltmək. Belə bir ağır vəziyyətdə çıxış yolu tapmaq üçün gecə-gündüz yorulmaq bilmədən çalışan ümummilli liderimiz mətbuata da böyük diqqət yetirirdi. Çünki mətbuatın cəmiyyət həyatındakı rolunu yaxşı bilirdi. O, daim qəzetin fəaliyyəti ilə maraqlanır, muxtar respublikanın maddi vəziyyətinin son dərəcə ağır olmasına baxmayaraq, qəzetin nəşrinin davam etdirilməsinə hər cür maddi köməklik göstərir, onun keyfiyyətini yaxşılaşdırmaq, ideya-siyasi cəhətdən düzgün istiqamətləndirmək üçün çox qiymətli tövsiyələr verirdi. Qəzetin o dövrdə oxunaqlı çıxmasında bu tövsiyələrin böyük əhəmiyyəti olub. Dünya şöhrətli siyasət və dövlət xadimi olan belə bir insanın rəhbərliyi altında işləmək hər bir jurnalist üçün böyük xoşbəxtlik idi… Qeyd etdiyim kimi, ölkəmiz müstəqillik qazandıqdan sonra partiya vəsaiti ilə maliyyələşən kütləvi informasiya vasitələrinin bu vəsaitdən məhrum olması nəticəsində mətbuatın vəziyyəti son dərəcə ağırlaşdı. “Hər bir qəzet öz-özünü maliyyə vəsaitləri ilə təmin etməlidir” şüarını ortaya atan AXC-Müsavat iqtidarı mətbuatı taleyin ümidinə buraxdı. Qəzeti hazırlayıb çapa göndərmək üçün kağız alınması, redaksiya əməkdaşlarına məvacib verilməsi üçün vəsait çatışmırdı. Biz qəzetin gündəlik nəşrini həftədə bir dəfəyə endirsək də, yenə də çətinliklərlə üzləşirdik.
Xoşbəxtliyimiz onda oldu ki, o ağır dövrdə Heydər Əliyev kimi görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçildi. AXC-Müsavat iqtidarı tərəfindən qəzetə pul vəsaitinin ayrılması qəti olaraq qadağan edilsə də, ulu öndər Heydər Əliyev qəzetin nəşrinin davam etdirilməsi üçün maliyyə orqanlarını vəsait ayırmağa məcbur edirdi. Əgər o vaxt ulu öndərimiz Naxçıvana rəhbərlik etməsəydi, “Şərq qapısı” qəzetinin nəşrində ən azı bir il, il yarım fasilə yaranacaqdı”.
Qeyd etmək yerinə düşər ki, 1990-1993-cü illərdə Azərbaycanda baş verən ictimai-siyasi prosesləri, xalqımızın milli müstəqillik uğrunda mübarizə hərəkatını, dövlət müstəqilliyinin qorunması uğrunda mücadiləsini öyrənmək üçün dövrün salnaməsi sayılan mətbuat ən ideal mənbədir. Bunu dövrünün ən cəsarətli və demokratik mətbuat orqanı olan “Şərq qapısı”na da birmənalı şəkildə şamil etmək olar. Ümummilli lider Heydər Əliyev Naxçıvandakı siyasi fəaliyyəti dövründə Azərbaycan iqtidarının ögey, çox vaxt da qərəzli münasibəti üzündən meydana gələn sosial-iqtisadi problemləri aradan qaldırmaqla yanaşı, həm də böyük siyasi uzaqgörənliklə Naxçıvanın informasiya blokadasının yarılması istiqamətində də mühüm işlər görmüş, bütün dünyanın nəzərlərini mətbuatın gücü ilə Naxçıvana yönəltməyə nail olmuşdur.

1996-cı ildə “Şərq qapısı” qəzetinin 75 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qəzet redaksiyasına göndərdiyi təbrik məktubunda deyilir: “1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyən möhtərəm Heydər Əliyevin şəxsiyyəti və fəaliyyəti ətrafında Azərbaycan Respublikasına o zaman rəhbərlik etmiş şəxslərin yaratdıqları sərt informasiya blokadasının yarılmasında “Şərq qapısı” qəzeti xüsusi rol oynamışdır... Möhtərəm Heydər Əliyevin Naxçıvanın erməni təcavüzündən qorunması, muxtar respublikanın statusunun möhkəmləndirilməsi, sərt blokada və ağır iqtisadi şəraitdə yaşayan əhalinin soyuqdan və aclıqdan xilas edilməsi ilə əlaqədar qonşu İran və Türkiyə respublikaları ilə apardığı danışıqların, imzaladığı protokolların səmərəli nəticələri barədəki həqiqətlər qəzetin nəşr etdiyi xüsusi bülletenlər vasitəsilə Azərbaycan Respublikasının digər bölgələrindəki əhaliyə çatdırılırdı” (26 noyabr, 1996-cı il, № 82).

Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR