Muxtar respublikada aparıcı əkinçilik sahəsinə çevrilən taxılçılığın inkişafı və bu istiqamətdə kompleks tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə müasir kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqlar gətirilir, meliorasiya-irriqasiya işləri aparılır, taxılçılara güzəştli şərtlərlə kreditlər verilir, onlar yüksək reproduksiyalı toxum sortları ilə təchiz olunur, taxıl anbarları qurulur və ya mövcud olan anbarların sahələri genişləndirilir. Ona görə də ilbəil əkin sahələri genişləndirilir, məhsul istehsalı artır, daxili bazarın yerli taxılla təminat səviyyəsi gücləndirilir.
Qeyd edək ki, 2021-ci ilin məhsulu üçün ötən ilin payızında və cari ilin yazında muxtar respublikada 32721 hektar sahədə taxıl əkilib. Ötən dövrdə torpaq mülkiyyətçiləri tələb edilən bütün aqrotexniki tədbirləri həyata keçiriblər.
Artıq bir neçə gündür ki, taxıl tədarükünə start verilib. İlkin nəticələr belə deməyə əsas verir ki, çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişib. İyun ayının 21-də olan məlumata görə, 6131 hektar sahənin məhsulu tədarük edilib, 17403 ton məhsul götürülüb. Hektarın orta məhsuldarlığı hələlik 28,4 faiz təşkil edir.
Qeyd edək ki, əvvəlcədən görülən hazırlıq tədbirləri öz bəhrəsini verir. Bu isə taxıl tədarükünün optimal müddətdə başa çatdırılacağına əminlik yaradır.
Xəbərlər şöbəsi