26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarını uğurla başa vurmuş gənc əsgərlər hərbi xidmət yerlərinə yola salınıblar.
Gənc əsgərlərin yolasalınması mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər aprel ayı ərzində həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərləri ümumqoşun və ixtisas hazırlığı kurslarında qazandıqları yeni hərbi biliklər münasibətilə təbrik ediblər.
Polkovnik Mehman Gülməmmədov 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində gənc əsgərlərin hazırlığı kurslarının uğurla başa çatması münasibətilə Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Təbrik oxunan zaman məşğələlərdə yenilməz və möhkəm iradəli döyüşçülər kimi yetişən gənc əsgərlərin bundan sonra da nümunəvi xidmət edəcəklərinə əminlik ifadə edilib.
Çıxışların ardından gənc əsgərlər müxtəlif ixtisaslar üzrə qazandıqları bilik və bacarıqları komandirlərindən öyrəndikləri yüksək peşəkarlıqla nümayiş etdiriblər.
Yolasalma mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.
Nəriman Nəcəfov