22 Dekabr 2024, Bazar

Xoş ətirli məmləkətim, gözəlliklər məskəni olan Naxçıvanım. Hər qarışı gül-büsata qərq olmuş şəhərim. Səni vəsf etmək istədikdə kağıza sığmır düşüncələrim. Qürurla deyə bilərəm ki, nəinki Naxçıvan şəhərində, həmçinin rayon və kəndlərdə belə rahat yollar, bərpadan sonra yeni görünüş alan tarixi abidələr, gül-çiçəyə qərq olmuş park və xiyabanlar göz oxşayır. Cənnətməkanımın şəninə deyilən xoş sözlər hər bir Naxçıvan sakini kimi, məni də dünyanın ən xoşbəxt insanı edir. Nə xoş bizlərə ki, bu xoşbəxtliyi qürur dolu yaşaya bilirik. Elə bu gözəlliklərdən də ilham alıb heyrətini gizlədə bilmir, gözəlliklər qarşısında aciz qalıb, xəyallara dalır insan. Və bir anlıq sükuta qərq olarkən gözlər qarşısında açılan əsrarəngiz pəncərə hər hansı rəssamın əl işi olduğunu xatırladır sanki.

Muxtar respublikada yeni parklar istirahət guşələri salınır, mövcud olanlar isə müasir səviyyədə yenidən qurulur. Bu gün muxtar respublikada istər Naxçıvan şəhərində, istərsə də rayon mərkəzlərində yaradılan istirahət məkanları, salınan parklar şəhərimizin simasını başdan-başa dəyişib. Təəssüf hissi ilə də olsa, qeyd etməliyik ki, şəhərimizdə yaradılan bu gözəlliklərə laqeyd yanaşanlar da az deyil. Şahidi olduğum bir hadisəni sizinlə bölüşmək istəyirəm. İstirahət günü idi. Övladlarımla birgə şəhərimizə  gəzintiyə çıxmışdıq. Yolüstü Qoçüstü məhəlləsinin 1 və 2 saylı binalarının  qarşısından keçməli olduq və hava isti olduğu üçün yaxınlıqdakı “besedka”da bir qədər əyləşmək istədik. Bura çox sərin idi, sanki ətrafdakı istidən “xəbərsizdi”. Yanımızda yaşlı bir qadın əyləşib ətrafı seyr edirdi. Burada qəribə bir mənzərə ilə qarşılaşdıq. Binanın həyətində top oynamaq üçün geniş ərazinin olmasına baxmayaraq uşaqlar “besedka”da top oynayırdırlar. Top dəfələrlə yaşlı qadına dəysə də, qadın susmaqda davam edirdi. Uşaqlara bir kəlmə olsun belə səhf etdiklərini demirdi. Halbuki yaşlı qadın “ Ay bala, bura  top oynamaq üçün deyil, həyətdəki geniş ərazini qoyub burada niyə oynayırsınız?”,- deyə və uşaqlara  doğru yol göstərə bilərdi. Ağbirçək nənəmizin  susması məni daha da narahat etdi və böyük yanında səsimi çıxarmağa məcbur  oldum: ”Ay uşaqlar, topu kənarda oynamaqla həm yaradılanları qorumuş olarsınız, həm də günəş şüaları altında  oynamaqla daha sağlam ola bilərsiniz. Axı bura top oynanılacaq yer deyil”. Elə bu zaman başımı yuxarı qaldırdığımda  tavanda gördüyüm mənzərə məni çox narahat etdi. Uşaqların ağır top zərbəsinə məruz qalmış tavanın bir hissəsi yoxa çıxmışdı. Həmin görüntüləri ürək ağrısı ilə seyr edib, gördüklərimi qələmə almamağın  mümkünsüzlüyünü bir andaca düşündüm. Axı dövlətimiz insanların asudə vaxtlarının səmərəli təşkilindən ötrü hər cür şərait yaradıb. Niyə yaradılanları dəyərləndirməyək? Sual olunur,  yaradılan gözəllikləri, gül-büsata qərq olmuş hər ünvanda salınan parkları qorumaq çoxmu çətindir?

Sözüm valideyinlərə, böyüklərədir: sizlər evlərinizdə övladlarınızın top oynamasına icazə verərsinizmi? Yox əgər vermirsinizsə, bu gözəl şəhərimizin niyə korlanmasına razı olursunuz? Şəhərimiz bizim evimizdir. Evimizi qorumaq, yaradılanlara laqeyd yanaşmamaq hər birimizin mənəvi borcudur. Gəlin bir yerdə düşünək. Yaradılan gözəlliklər, salınan parklar, istirahət məkanları bizlər üçündür. Bizə həvalə edilənlərin dəyərini bilək. İstirahətimizin səmərəli təşkilinə yönəldilmiş məkanlara laqeyd münasibət göstərməyək.

Nuray ƏSGƏROVA

 

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR