22 Dekabr 2024, Bazar

Ötən ayın ictimai-siyasi hadisələrinin təhlili bu qənaəti bir daha təsdiqləyir


Azərbaycan xalqının xilaskarı, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin dünyaya gəlişi ilə əlamətdar olan may ayı bu il dahi öndərin siyasi irsinin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına on beşinci səfəri ilə muxtar respublikamız üçün ikiqat siyasi, tarixi mahiyyət və dəyər kəsb edir. Ölkə başçımızın bu səfəri ümummilli liderin tarixi zəfər sonrası ilk doğum gününü Naxçıvanda qeyd etməsi ilə tarixə yazıldı. Eyni zamanda Naxçıvanın inkişaf və sabitlik diyarına çevrildiyini, çoxcəhətli və dinamik inkişafı ilə liderliyini bundan sonra da qoruyub saxlayacağını təsdiqləməsi ilə də tarixləşdi.

May ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəsmi qarşılanmadan sonra ilk olaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, abidənin önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini ehtiramla yad edib.

Dövlətimizin başçısı səfər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında iştirak edib. Yeni uçuş-enmə zolağı ilə bağlı görülən işlər barədə məlumat verilərkən qeyd olunub ki, ümumi uzunluğu 3300, eni 60 metrə malik, yükgötürmə qabiliyyəti 400 ton olan uçuş-enmə zolağında istənilən hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün müasir avtomatlaşdırılmış sistem yaradılıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin idarə edilməsi sistemi kompleks şəkildə davam etdirilir və bu məsələdə Naxçıvan Muxtar Respublikasının müdafiəsi diqqət mərkəzində saxlanılır. Dövlətin muxtar respublikaya göstərdiyi güclü dəstək faktı Naxçıvanı özünü xarici təhdidlərdən tam müdafiə etmək iqtidarında olan bölgəyə çevirib. Bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirakı, buradakı şərait bir daha təsdiqlədi.
Dövlət başçısının 2012-ci ilin iyulunda imzaladığı Fərmanla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin yaradılması müstəqillik tariximizdə informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin istifadə olunduğu yenilik kimi muxtar respublikamızda da tətbiq edilməyə başlanılıb. Ölkə başçısının Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanışlıq zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dövlətimizin başçısına bildirib ki, inşasına ötən il başlanan mərkəzin tikintisi sürətlə davam edir.
Azərbaycan Respublikası Prezidentinin qalib Ali Baş Komandan kimi ümummilli liderin tarixi qələbə sonrası ilk doğum günündə ulu öndərin ata yurduna gəlməsinin dərin siyasi rəmzi mənası vardır. Xatırladaq ki, Vətən müharibəsi başlayan kimi, Naxçıvanın qəhrəman övladları da torpaqlarımızın işğaldan azad olunması üçün müqəddəs savaşa atılıblar, şəhidlər veriblər. Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları zəfər yolunu Şuşada tamamlayaraq Böyük Qələbənin təmin edilməsində müstəsna qəhrəmanlıq göstəriblər. Azərbaycan Respublikasının Prezidenti mayın 10-da Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, məzarların üzərinə, həmçinin babası Əlirza Əliyevin məzarının üzərinə gül dəstəsi qoyaraq xatirələrini ehtiramla anıb.
Milli dəyərlərimizin yaşadıldığı və təbliğ olunduğu qədim diyarımıza səfər zamanı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Filialının da açılışı olub. Açılış zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Prezident cənab İlham Əliyev filialda yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, dövlət başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Naxçıvan Xalça İstehsalı Emalatxanası, Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi fəaliyyətə başlayıb.
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının da açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ölkə başçısına muxtar respublikanın ən böyük səhiyyə müəssisəsi – 290 çarpayılıq hospital barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib. Ölkə başçısına mərkəzdə görülən işlər barədə məlumat verilib, yaradılan şəraitlə tanışlıq olub.
Dövlət başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına da geniş imkanlar verib. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov dövlətimizin başçısına layihə barədə məlumat verib. Bildirilib ki, layihənin icrası sayəsində Ordubad şəhərində və Şəhriyar qəsəbəsində, ümumilikdə, 13 min 500 sakin beynəlxalq standartlara cavab verən təmiz içməli su ilə təmin olunacaq. Prezident cənab İlham Əliyev Ordubad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.
Dövlətimizin başçısı daha sonra ictimaiyyət nümayəndələri ilə görüşüb. Prezident cənab İlham Əliyev həmin görüşdəki çıxışında deyib: “Burada, Naxçıvan Muxtar Respublikasında bir çox önəmli tədbirlərdə, açılışlarda iştirak etdim. Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır – təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur. Biz bundan sonra da bu yolla gedəcəyik ki, ölkəmizin hər bir yerində, əlbəttə ki, bizim tarixi diyarımız olan Naxçıvan Muxtar Respublikasında işlər həmişə yüksək səviyyədə görülsün, insanlar daha da yaxşı yaşasınlar və ölkəmiz daha da güclənsin”.
Sonra ictimaiyyət adından Cəbi Quliyev çıxış edərək Naxçıvanda davamlı inkişafın təmin edildiyini vurğulayıb və ölkəmizin başçısına minnətdarlığını bildirib. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gül dəstəsi qoyub.
Müasir yol infrastrukturunun yaradılması Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsidir. Bunu Prezident cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasında Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” və “Culfa-Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən Culfa-Ordubad magistral yolunun inşası da təsdiq edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da Culfa-Ordubad magistral avtomobil yolunun açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti mayın 10-da Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə də tanış olub. Ali Məclisin Sədri dövlətimizin başçısına layihə ilə bağlı görülən işlər barədə məlumat verib. Bildirilib ki, son illərdə yeni elektrik stansiyalarının tikilib istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına imkan yaradıb. Araz çayı üzərində tikilən Ordubad Su Elektrik Stansiyasının gücü 36 meqavatdır. Stansiya üçün tutumu 1,5 milyon kubmetr olan su anbarı inşa olunub. Su elektrik stansiyasında ortaillik elektrik enerjisi istehsalı 190 milyon kilovat-saat nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti mayın 10-da Ordubad dəmir yolu stansiyasında aparılan yenidənqurma işləri ilə də tanış olub. Ali Məclisin Sədri dövlət başçısına stansiya barədə məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib. Bu tədbirlərin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Stansiyanın 2-ci qəbul-göndərmə yolu, sərnişin platformaları da yenilənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibədə ümummilli lider, dünya şöhrətli siyasi xadim, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən, Naxçıvanın müasir və hərtərəfli inkişafından bəhs edilib. Ölkə başçısı müsahibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun peşəkar döyüş qabiliyyətini, üç il bundan əvvəl keçirilmiş uğurlu Günnüt əməliyyatını Ali Baş Komandan kimi təhlil edib, Vətən müharibəsində Naxçıvan Ordusunun hərbçilərinin – həm xüsusi təyinatlıların, həm digər birləşmələrin hərbçilərinin fəal iştirak etmələrindən, şəhidlər vermələrindən, böyük fədakarlıq göstərmələrindən danışıb. Ölkə başçısı müsahibəsində Ordubad dəmir yolu stansiyasının yenidən qurulmasını Zəngəzur dəhlizinin açılması istiqamətində tarixi addım kimi dəyərləndirib. Azərbaycan Respublikasının Prezidenti Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həll olunduğunu, Azərbaycanda bütün proseslərin müsbət istiqamətdə getdiyini bir daha qətiyyətlə bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri zəngin təəssüratlarla başa çatıb.
Vətənimizin bugünkü inkişafı və xalqımızın rifahı, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasətinin bəhrələridir. Görkəmli dövlət xadiminin ölkəmizə hər iki rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. Bu gün ümummilli lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirmiş, Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrilmişdir. Naxçıvan Muxtar Respublikası da inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Həyata keçirilən iqtisadi islahatlar muxtar respublikada makroiqtisadi sabitliyi bərqərar etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Həyatını Azərbaycanın əbədi müstəqilliyinə, qüdrətli dövlətçiliyinə və davamlı inkişafına həsr etmiş əbədiyaşar liderimizin doğum günü hər il xalqımız tərəfindən dərin ehtiram və minnətdarlıq hissi ilə qeyd edilir. Ulu öndərin builki doğum günü isə ata vəsiyyətini ləyaqətlə yerinə yetirən layiqli siyasi varis – Prezident cənab İlham Əliyevin ərazi bütövlüyümüzün təmin olunması, Qarabağın işğaldan, Naxçıvanın isə çoxillik blokadadan azad edilməsinə nail olmasına görə ikiqat sevinc hissi ilə qeyd olunur. Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də ulu öndərin xatirəsini ehtiramla yad ediblər. Həmin gün muxtar respublikamızın bütün rayon mərkəzlərində də analoji tədbirlər keçirilib.
Azərbaycanda XX əsrin əvvəllərindən başlayan milli müstəqillik uğrunda mübarizə əsrin sonlarında dövlət müstəqilliyimizin yenidən və sarsılmaz şəkildə bərpa olunması ilə nəticələnmişdir. Müstəqilliyin əsası isə ilk olaraq məhz ümummilli lider tərəfindən Naxçıvan Muxtar Respublikasında qoyulmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılmışdır. Ümummilli liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur. Ölkə Prezidenti cənab İlham Əliyev bu yolu uğurla davam etdirərək Azərbaycanı regionun lider dövlətinə, sabitliyin və inkişafın təminatçısına çevirib. Müstəqilliyimiz möhkəmləndirilib, sosial-iqtisadi inkişaf təmin edilib, güclü ordu yaradılıb. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi.
Mayın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Respublika Günü qeyd edilib, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası təltiflərinin, eləcə də Prezident mükafatlarının təqdimatı keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək bu il xalqımızın 28 May – Respublika Gününü dövlətçilik tariximizdə əbədi qalacaq böyük Qələbə ilə qeyd etdiyini bildirilib, Qələbənin qazanılmasında şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Ali Məclisin Sədri çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində mühüm yer tutduğunu, bütün Şərqdə, о cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu vurğulayıb, ilk müstəqil dövlətimizin fəaliyyətini siyasi təhlil edərkən deyib: “Həmin dövrdə Naxçıvan daxili və xarici maraqların toqquşduğu əraziyə çevrilmişdi. Fürsətdən istifadə edən ermənilərin işğal planları isə vəziyyəti daha da çətinləşdirmişdi. Belə bir vəziyyətdə – 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz-Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını almış və tarixi Azərbaycan torpaqlarını qoruyub saxlamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Naxçıvanla bağlı mövqeyi və yerli sakinlərin siyasi iradəsi isə sonrakı dövrdə Azərbaycanın tərkibində Naxçıvanın muxtariyyət statusu qazanmasında mühüm rol oynamışdır”.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. Dövlət-xalq-ordu birliyi 30 il işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi ilə nəticələndi. Tarixi ədalətin bərpa olunmasında Naxçıvanın igid oğulları da şücaət göstərmişlər.
Mayın 3-də Vətən müharibəsi zamanı itkin düşən şəhidimiz Yusifov Əli Süləddin oğlunun cənazəsi muxtar respublikaya gətirilib. Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, hərbçilər və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər. Sonra şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiətilə mərasim yerinə gətirilib. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açılıb. Sonra “Qurani-Kərim”dən ayələr oxunub, şəhid cənazəsinin önündən keçilib. Şəhidin cənazəsi doğulduğu kəndə yola salınıb. Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verilib.
Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Vətən müharibəsi veteranları, şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Onlar üçün mənzillər tikilir, sağlamlıq imkanları məhdud şəxslərə minik avtomobilləri verilir. muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə xüsusi qayğı ilə yanaşılır. Müvafiq kateqoriyadan olan vətəndaşlar müxtəlif sosial proqramlara, aktiv məşğulluq tədbirlərinə cəlb edilir, mənzil və avtomobillərlə təmin olunurlar. Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar sağlamlıq imkanları məhdudlaşmış 2 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “Xəzər-LX” markalı minik avtomobilləri təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edərək deyib ki, xalqımızın vətənpərvərliyi özünü İkinci Qarabağ müharibəsində bir daha göstərdi. Azərbaycan Respublikası Prezidentinin qətiyyəti, Azərbaycan Ordusunun gücü və Azərbaycan xalqının vətənpərvərliyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün həmin torpaqlarda bərpa işləri həyata keçirilir.
“Vətənpərvərlik olan yerdə ölkə inkişaf edir, müstəqillik qorunur, dövlət-xalq birliyi yaranır”, – deyən Ali Məclisin Sədri vurğulayıb ki, Vətən müharibəsində torpaqlarımızın azad olunması uğrunda 10 minlərlə könüllünün iştirakı və ordumuzla həmrəylik nümayiş etdirməsi bu birliyin nəticəsidir. Vətənpərvərlik nümunəsi göstərərək xidməti vəzifələrini layiqincə yerinə yetirmiş şəxslərin vətənpərvərliyi, onlara dövlət qayğısı gənclərimizə örnəkdir. Ali Məclisin Sədri avtomobillə təmin olunanlara Vətən qarşısında borclarını layiqincə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirib, avtomobillərin açarlarını təqdim edib.
1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi Qələbənin 76-cı ildönümünü qalib və məğrur, ərazi bütövlüyünü qorumağa, Vətəni müdafiəyə qadir bir xalq kimi qeyd etmişdir. Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq və hərbi şücaət nümunəsi göstərmişlər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində qələbəyə mühüm töhfə vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların, təxminən, yarısı döyüş meydanlarından geri qayıtmamışdır.
Xalqımızın alman faşizmi üzərində tarixi Qələbədəki müstəsna rolunun siyasi-tarixi cəhətdən dövlət səviyyəsində yüksək qiymətləndirilməsi, ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı ilə bağlı düşünülmüş siyasətin də əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də sosial siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müharibə iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını almışdır. Ölkə Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının daha bir ifadəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası muxtar respublikada da həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasında da müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Hər il muxtar respublikada faşizm üzərində qələbə günü qeyd olunur. Müharibə veteranları və onların ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur.
Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlib, veteranlarla görüşüb, onları qələbə münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də müharibədə həlak olanların əziz xatirəsini ehtiramla yad ediblər. Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də analoji tədbirlər keçirilib.
Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisində bir sıra rəsmi görüşlər ilə də yaddaqalan olmuşdur. Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros, mayın 20-də isə Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb. Ali Məclisin Sədri Fransa və Yaponiyanın Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb. Səfirlər səmimi qəbula görə minnətdarlıq edib, ölkələrarası əlaqələrdən və bu əlaqələrin inkişafında Azərbaycanın Naxçıvan Muxtar Respublikasının müstəsna rolundan danışıblar.
Mayın 5-də Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyinin ölkə üzrə yeni direktoru xanım Kandis Makdeyqan ilə görüş zamanı isə Ali Məclisin Sədri Asiya İnkişaf Bankı ilə muxtar respublika arasındakı əməkdaşlığı diqqətə çatdırıb, təqdim olunan yeni layihələrin əhəmiyyətini qeyd edib.
Muxtar respublikada rəssamlığın və təsviri sənətin inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə bu il Rəssamlar Birliyinin 50 illik yubileyi qeyd olunur. Ötən dövrdə rəssamlıq sənətinin inkişafı diqqətdə saxlanılmış, ali təhsil ocaqlarında müvafiq ixtisaslar açılmış, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılmışdır. 2012-ci ildən başlayaraq “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalına start verilmiş, 4 beynəlxalq rəsm festivalı keçirilmişdir. Həmin festivallarda, ümumilikdə, 29 ölkədən 172 rəssamın 181 əsəri təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalı keçirilib. Qeyd edək ki, festivalda ölkəmizin digər bölgələrindən 18, Naxçıvan Muxtar Respublikasından isə 22 olmaqla, 40 rəssam iştirak edib. Festivalda Türkiyə, İran, Rusiya, Özbəkistan, Türkmənistan və Kosovadan 23 rəssam onlayn şəkildə iştirak edib.
Mayın 25-də Naxçıvan şəhərindəki “Saat Meydanı” Turistik İstirahət Mərkəzində festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov sərginin açılışında iştirak edib, festival iştirakçılarını salamlayaraq artıq ənənə halını almış beynəlxalq rəsm festivalının əhəmiyyətini vurğulayaraq bildirib ki, festivallarda çəkilən əsərlər Naxçıvanın tarixini, təbiətini, müasir inkişafını fərqli yanaşmalarla özündə əks etdirir. Hər festivaldan sonra həmin əsərlərdən ibarət kataloqlar hazırlanıb nəşr etdirilir. Bununla da, festivallar tarixə çevrilir. Gələcəkdə həmin kataloqlara nəzər yetirənlər belə bir tədbirin ənənəvi şəkildə keçirildiyini görəcək və bunu davam etdirəcəklər. Ali Məclisin Sədri festival iştirakçılarına təşəkkür edib, rəssamlara yaradıcılıq uğurları arzulayıb və sərgiyə baxıb, festivalda çəkilən əsərlərdən aidiyyəti üzrə muzeylərdə nümayiş etdirilməsi barədə tapşırıqlar verilib.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və Günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada il ərzində istifadə olunan 430 milyon kilovat-saata yaxın elektrik enerjisinin 50 faizi bərpa olunan enerji mənbələrinin payına düşür. Məqsəd istifadə edilən elektrik enerjisini 100 faiz bərpa olunan enerji hesabına ödəməkdir. Bu, ümumilikdə, ölkəmizin inkişaf göstəricisidir. Şərur rayonunun Zeyvə kəndində 5 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. Yeni stansiyanın istifadəyə verilməsi ilə Günəş elektrik stansiyalarının gücü 32 meqavata, illik istehsalı isə 50 milyon kilovat-saata çatdırılacaq. Mayın 26-da bəhs olunan elektrik stansiyası istifadəyə verilib, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Muxtar respublika rəhbəri yüksəkgərginlikli sınaq cihazlarına və stansiya üçün alınmış “Mitsubishi L200” markalı avtomobilə baxıb, sonra yeni stansiyanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib. Ali Məclisin Sədri 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanın məruz qaldığı enerji böhranından, ötən illərdə muxtar respublikada elektrik enerjisi ilə təminat sahəsində görülən işlərdən danışıb.
Muxtar respublika rəhbəri yeni Günəş Elektrik Stansiyasının yeni iş yerlərinin yaradılması, yeni mütəxəssislərin formalaşması və ucuz qiymətə başa gələn enerji istehsalı olması baxımından əhəmiyyətliliyini vurğulayıb. Stansiyaya baxış zamanı məlumat verilib ki, Şərur rayonun elektrik enerjisinə illik tələbatı 75 milyon kilovat-saata yaxındır. Bunun 10 faizini illik istehsal gücü 7,5 milyon kilovat-saat olan yeni stansiya ödəyəcəkdir. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır. Ali Məclisin Sədri növbəti Günəş Elektrik Stansiyasının tikilməsi üçün yerin müəyyənləşdirilməsi, Naxçıvan Dövlət Universitetində Elektroenergetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrin xarici ölkələrə kurslara göndərilməsi barədə tapşırıqlar verilib.
Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində 2017-ci ildən kommunal xidmətlər də göstərmək baxımından bələdiyyələrin fəaliyyəti daha da gücləndirilib, onlar üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır. Son illərdə 46 kommunal təyinatlı nəqliyyat vasitəsi, 2 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal müəssisələrin istifadəsinə verilmişdir ki, bu da onların daha operativ işləmələrinə şərait yaratmışdır. Mayın 9-da muxtar respublika bələdiyyələrinə kommunal təyinatlı texnikalar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, çıxış zamanı hazırda Naxçıvanda 170 bələdiyyənin fəaliyyət göstərdiyini, bələdiyyələrin bu sahədə fəaliyyətinin qanunauyğun təşkil edilməsinin zəruriliyini vurğulayıb. Ali Məclisin Sədri bələdiyyələrin fəaliyyəti nəticəsində toplanan vəsait və dövlətin ayırdığı subsidiya hesabına yeni texnikalar alınmasını birgə fəaliyyətin nəticəsi kimi qiymətləndirilib. Qeyd edilib ki, bələdiyyə mülkiyyətində olan torpaqlardan səmərəli istifadə olunmalı, əkilməli, icarə haqları və müqavilələri düzgün bağlanılmalıdır.
Ali Məclisin Sədri bələdiyyə sədrlərini yeni texnikaların təqdim olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Sonra texnikalara baxış olub. Məlumat verilib ki, yeni kommunal təyinatlı 15 traktor və qoşqusu bələdiyyələrinin istifadəsinə verildiyi yaşayış məntəqələrində əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, məişət tullantılarının vaxtında daşınmasına şərait yaradacaqdır.

May ayının ümumi mənzərəsi ölkə başçısının rəhbərliyi və gündəlik qayğısı ilə muxtar respublikamızın davamlı inkişaf və tərəqqi etdiyini, Azərbaycan Respublikası Prezidentinin də dediyi kimi, son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen diyara çevrildiyini bir daha təsdiqləyir. Ölkə başçısının növbəti səfəri, bütünlüklə, onu isbat etdi ki, Naxçıvan Muxtar Respublikasında daha sürətli inkişaf istiqamətində görülən işlər muxtar respublikanın inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Prezident cənab İlham Əliyevin də dediyi kimi: “...muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR