22 Dekabr 2024, Bazar

Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən genişmiqyaslı siyasi və iqtisadi islahatlar nəticəsində yaşayış səviyyəsi xeyli yüksəlmiş, bütün sahələrdə müşahidə olunan dayanıqlı və dinamik inkişaf əcnəbilərin muxtar respublikamıza olan marağını və müxtəlif məqsədlərlə səfəretmə niyyətini daha da artırmışdır. Sürətli sosial-iqtisadi tərəqqi, yeni iş yerlərinin, sosial obyektlərin açılışı, investisiya imkanlarının genişləndirilməsi, sabitliyin və təhlükəsizliyin mütləq surətdə qorunması, eyni zamanda əlverişli coğrafi-strateji mövqedə və mühüm ticarət qovşaqlarının üzərində yerləşməsi muxtar respublikada miqrasiya proseslərinin intensivləşməsini şərtləndirmişdir.

Bu baxımdan muxtar respublika ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq, miqrasiya proseslərini qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək, həmçinin milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti də məqsədyönlü fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi dövr ərzində mühüm əhəmiyyətə malik Dövlət proqramlarının vaxtında, dəqiq və uğurlu icrası Dövlət Miqrasiya Xidmətinin də fəaliyyətində diqqətdə saxlanılan prioritet vəzifələrdən biri olub. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində əcnəbilərin də muxtar respublikamızda əmək fəaliyyəti ilə məşğul olması diqqət mərkəzində saxlanılıb, əməkçi miqrantların muxtar respublikada qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edilməsinin qarşısının alınması məqsədilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılaraq müxtəlif tədbirlər həyata keçirilib.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş turizm sektorunun inkişafı üçün Naxçıvan Muxtar Respublikasında əlverişli mühitin formalaşması məqsədilə sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi istiqamətində də Dövlət Miqrasiya Xidməti tərəfindən mühüm addımlar atılıb.
Xidmətin qarşısında duran mühüm vəzifələrdən biri də əcnəbilərin qanunsuz olaraq muxtar respublika ərazisindən tranzit keçid kimi istifadə edərək üçüncü ölkəyə keçmələrinin qarşısının alınmasıdır. Əminliklə deyə bilərik ki, bu gün muxtar respublikanın ölkə xaricinə giriş-çıxış qapıları sayılan Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanındakı sərhəd-buraxılış məntəqələrində qanunsuz miqrasiyanın qarşısının alınmasına nəzarət operativ və keyfiyyətli şəkildə həyata keçirilir. Bundan əlavə, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublikaya daxil olduğu ilk andan etibarən maarifləndirilməsi istiqamətində də zəruri addımlar atılıb.
30 ilə yaxın blokada şəraitində yaşamasına baxmayaraq, həyata keçirilən çoxşaxəli dövlət siyasəti nəticəsində hərtərəfli və dinamik inkişafa nail olunmuş və bu proses indi də davam etməkdədir. Muxtar respublikada siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən mühüm işlər, burada yaşamaq, işləmək, təhsil almaq, xüsusilə də Azərbaycan vətəndaşı olmaq arzusunda olanların sayını ildən-ilə artırmaqdadır. Qeyd etmək lazımdır ki, aparılan uğurlu və məqsədyönlü siyasət vaxtilə respublikanı tərk edib digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması tendensiyasına müsbət təsir edib.
Ötən dövrlər ərzində xidmətin maddi-texniki bazası və infrastrukturu inkişaf etdirilib, fəaliyyətinin genişləndirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib, elektron informasiya resursları formalaşdırılıb. Belə ki, sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində Vahid Miqrasiya Məlumat Sisteminin fəaliyyəti təmin edilib və ölkəyə daxil olan əcnəbilərin qeydiyyata alınmaları üçün lazımi şərait yaradılıb. Mehmanxanalarla Dövlət Miqrasiya Xidməti arasında “Elektron hökumət portalı” üzərindən elektron sənəd dövriyyəsinin aparılması ilə də ölkəyə gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması proseduru sadələşdirilib.
Bu gün müasir dövrün çağırış və tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində mövcud xidmətlərin yeni formada, müasir tərzdə göstərilməsi, təmassız, onlayn rejimdə tətbiqinin genişləndirilməsi məqsədilə konkret sahələr üzrə 9 xidmət növünü əhatə edən “Elektron hökumət” formalaşdırılıb. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda ölkə vətəndaşlarının istifadəsinə verilən həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqətiolma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.
Bu gün miqrasiya sahəsi üzrə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayan elektron xidmətlərdən biri də xidmətin rəsmi internet səhifəsidir. Üç dildə fəaliyyət göstərən, eyni zamanda ötən dövr ərzində funksionallıq və dizayn baxımından tamamilə yenilənərək müasir standartlara cavab verən xidmətin rəsmi internet səhifəsində miqrasiya məsələləri ilə bağlı yaranan bütün suallara tam və obyektiv cavab tapmaq mümkündür. Elektron xidmətlərin göstərilməsi zamanı vətəndaşların müraciət etmək hüququnun təmin edilməsi məqsədilə yaradılmış “202 – Miqrasiya Məlumat Mərkəzi”nin rolunu da xüsusi qeyd etmək lazımdır. Məlumat mərkəzinin fəaliyyəti miqrasiya sahəsi üzrə qanunvericilik və sənədlərin icrası ilə bağlı informasiyaları əldə etmək hüququnun təmini baxımından mühüm əhəmiyyətə malikdir.
Dövlət Miqrasiya Xidməti cari ildən etibarən həm elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması, həm də insanların daha çox sosial şəbəkələrdən informasiya mənbəyi kimi istifadəsini nəzərə alaraq onların rahatlığını və məmnuniyyətini təmin etmək, müraciətlərini operativ cavablandırmaq, habelə xidmətə müraciətetmə imkanlarını genişləndirmək məqsədilə həm “Facebook” (Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti), həm də “Instagram” (nmr_miqrasiya_xidmeti) səhifələrini ictimaiyyətin istifadəsinə verib. Bununla da sosial şəbəkə istifadəçiləri əlavə vaxt itkisinə yol vermədən Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə əlaqədar operativ olaraq müraciətlər göndərə, həmçinin xidmətin fəaliyyət istiqamətləri üzrə görülən işlərlə yanaşı, hüquqi maarifləndirmə mövzularında məlumatlarla da daha yaxından tanış ola bilirlər.
Reallıqdır ki, bu gün əcnəbilərin muxtar respublikada rahat və təhlükəsiz hərəkət etmələrinin əsasında həm də maarifləndirmə tədbirləri dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşları çalışmalıdırlar ki, əcnəbilər qanunlara əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikasının tarixini, mədəniyyətini və dilini də öyrənsinlər”. Fəaliyyət istiqamətlərində Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrini rəhbər tutan Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada müvəqqəti olan və yaşayan, əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərin iştirakı ilə müxtəlif maarifləndirmə tədbirləri keçirilir, onların tarixi abidələrə, muzeylərə və turizm obyektlərinə ekskursiyaları təşkil olunur.
Dövlət Miqrasiya Xidməti həm də insan hüquq və azadlıqlarının, toxunulmazlıqlarının qarantıdır. Adından da göründüyü kimi, muxtar respublikaya gələnlərin və buradan gedənlərin hüquqi tələblər və mənəvi dəyərlər çərçivəsində hüquqlarını qorumaq miqrasiya xidmətinin mahiyyətini təşkil edir. Muxtar respublikanın paytaxt şəhərində yerləşən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin fəaliyyəti burada insan amilinə verilən yüksək dəyərlə yanaşı, həm də miqrantlara göstərilən qayğının növbəti təzahürüdür. Mərkəzdə könüllü və məcburi saxlanılan miqrantların hüquqlarının təmin edilməsi məqsədilə hər cür lazımi şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi muxtar respublikamızın inkişafı və tərəqqisi naminə Ali Məclis Sədrinin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlərə öz töhfəsini vermək üçün qarşıya qoyulan bütün vəzifələri uğurla icrasını bundan sonra da səy və bacarıqla həyata keçirməyə çalışacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR