20 Aprel 2024, Şənbə

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanan “Azərbaycan kitabı”nın nəşri üçün budəfəki çəkilişlər muxtar respublikamızda aparılıb. Ölkəmizin hər bir guşəsi  haqqında müfəssəl məlumat vermək məqsədilə hazırlanmış nəşrdə xalqımızın qədim tarixi, mədəniyyəti, ənənələri, etnoqrafik xüsusiyyətləri ilə yanaşı, muxtar diyarımızın zəngin və bənzərsiz təbiətini əks etdirəcək fotoşəkillər də veriləcək. Bir sözlə, bu kitab oxucuya Naxçıvanı qarış-qarış gəzmək imkanı yaradacaq. Bu məqsədlə Naxçıvana gələn yaradıcı heyət diyarımızın bir çox yerlərində olub, maraqlı video və fotolar qeydə alıb, diyarımızdan xoş təəssüratlarla ayrılıblar. Burada olduqları zaman biz də peşəkar fotoqraflarla həmsöhbət olmuş, onlardan Naxçıvan haqqında təəssüratlarını öyrənmişdik. Onların fikirlərini oxucularımıza təqdim edirik.

Orxan Aslanov – Fotoqrafiya məktəbinin təsisçisi, “My Azerbaijan” layihəsinin rəhbəri:


– Əvvəlcə layihə barədə sizi məlumatlandırım. Bu layihəyə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotokitab yaratmaq məqsədilə start verilib. Layihənin icrası nəticəsində 2010-cu ildə “Azərbaycan kitabı” dərc edilib.

Bu, kitabın ilkin variantı idi. Layihənin işçi qrupu sırasında yerli və xarici mütəxəssislər, o cümlədən peşəkar fotoqraflar yer alıb. Biz komanda ilə birgə ölkəmizin müxtəlif bölgələrində, şəhər və kəndlərində, dağ və düzənliklərində, meşə və çəmənliklərində, göl və çaylarında fotoçəkilişlər aparırıq, ölkəmizin təbiətini ilin hər bir fəslində əks etdirməyə çalışırıq və bu fəaliyyət davam edir. İşimiz bitəndə çox böyük, nadir bir fotomaterial ərsəyə gələcək. Kitab ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə maraqlananlar üçün unikal bir vəsait olacaq. Naxçıvana da bu məqsədlə gəldik. Ötən il də burada olmuşam. Naxçıvanın misilsiz, inanılmaz dərəcədə gözəl, əsrarəngiz, ecazkar və heyrətamiz təbiəti vardır. Mənə elə gəlir ki, Naxçıvanın gözəlliklərini tam görmək üçün bir ömür də çatmaz. Burada vəhşi təbiətə qayğı və sevginin şahidi olduq. Göy göl, Batabat, Haçadağ, Darıdağ kimi inanılmaz yerlərdə çəkilişlər apardıq. Niyə inanılmaz deyirəm, bunu sizə izah edim. Ordubadın Göy gölünə getdik. Buradakı füsunkar mənzərə bizi heyran etdi. Ordubadda, Naxçıvanda hava isti olduğu halda, orada qış fəsli yaşanır. Möhtəşəm mənzərələrdir. Bu bizə təbiətə fərqli rakurslardan yanaşmağa kömək etdi. Buraya yenidən qayıtmağı planlaşdırırıq. Xüsusilə vəhşi təbiəti çəkmək bu dəfə bizim üçün birinci olacaq. Sizə deyim ki, Naxçıvanı sevənlər çoxdur. Çəkdiyim fotolardan bir neçəsini sosial şəbəkədə paylaşdım. İstədim ki, izləyicilər Naxçıvanın gözəlliyini bir də mənim gözümlə görsünlər. Bu zaman Naxçıvana hədsiz marağın şahidi oldum.
Zaur Mirzəyev – Bakı Media Mərkəzinin fotoqrafı:

– Naxçıvana ikinci səfərimdir, amma hər dəfəsində özümü, sanki ilk dəfə gəlirmiş kimi hiss edirəm. Çünki burada görmədiyim, bilmədiyim, araşdırmadığım yerlər çoxdur. İlk və budəfəki səfərim də “Azərbaycan kitabı”nın çəkilişləri ilə bağlı idi. Bakı Media Mərkəzi olaraq bir neçə ildir ki, başqa həmkarlarımla birlikdə bu layihə üzərində işləyirik. Pandemiya layihənin gedişatına bir az təsir etsə də, işimiz davam edir. Görüləcək, çəkiləcək yerlər hələ çoxdur. Nəticədə, Azərbaycanın mədəniyyətini, təbiətini, tarixini və müasirliyini əks etdirən bir kitab ərsəyə gələcək. Bu da ölkəmizin daha da çox tanınmasında bir təkan rolu oynayacaq.

Naxçıvanla bağlı təəssüratlarım barədə deyə bilərəm ki, həmişə daha da müsbətə doğru dəyişir. İlk növbədə, burada insanların qonaqpərvərliyini, səmimiliyini qeyd edərdim. Və əlbəttə ki, təbiəti adamı valeh edir. Bu bölgənin bütün rayonlarında olmuşam. Hər dağı, hər daşı tarixdir. Əvvəlki səfərimdə, əsasən, tarixi məkanlarda çəkilişlər oldu. Tarixi yerlərin, demək olar, hamısında. Bu dəfə isə Batabat, Araz çayı sahili, Haçadağ, Göy göl, Pəzməri şəlaləsi, Duzdağ və digər yerlərdə çəkilişlər apardıq, Naxçıvanın təbiətini, mətbəxini çəkməyə çox zaman ayırdım. Mətbəx demişkən nədənsə Naxçıvanda yediyim hər yemək daha dadlı gəlir mənə, nəinki başqa bölgələrdə. Burada məni cəlb edən xüsusiyyətlər çoxdur. Əsasən, təbiətin qorunmasına ayrılan diqqəti qeyd edərdim. Bu, çox möhtəşəmdir. Təbiətə doğru hərəkət etdikcə vəhşi heyvanları görmək mümkündür. Bir sözlə, bura bir fotoqraf üçün cənnətdir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR