22 Dekabr 2024, Bazar

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm mövqeyə sahib olan heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Bu inkişafı təmin edən amillərdən biri də heyvanların yaylaqlara aparılmasıdır.
Heyvanlar yaylaqlara aparılarkən çalışmaq lazımdır ki, onların sağlamlığı pozulmasın və qısa müddətdə təyin olunmuş yerə çatdırılsın, habelə heyvanlar arasında tələfat baş verməsin. Bunun üçün bir sıra şərtlərə əməl olunmalıdır. Belə ki, bir yerdən başqa yerə yoluxucu xəstəliklərə görə sağlam olan təsərrüfatlardakı heyvanlar köçürülməli, xəstə və arıq heyvanların sağlamlarla birlikdə köçürülməsinə yol verilməməlidir. Köçürüləcək heyvanlar əvvəlcə klinik müayinədən keçirilməli, lazımi baytarlıq-sanitariya tədbirləri və peyvəndlər aparılmalı, köçə hazır olmayan arıq, axsaq, qoca heyvanlar seçilərək sürüdən ayrılmalıdır.

Yadda saxlamaq lazımdır ki, xroniki infeksion xəstəliklərə tutulmuş (vərəm, bruselyoz, infeksion anemiya və sair) heyvanlar yaylağa köçürülə bilməz və onlar baytarlıq mütəxəssislərinin göstərişi ilə kökəltməyə qoyulmaqla çıxdaş edilməli, köç yolunda baş vermiş infeksi-yanın yayılmasının qarşısını almaq üçün bütün tədbirlər görülməli, yolda xəstə heyvanların sağlam heyvanlar ilə bir yerdə olmasına qəti yol verilməməlidir. Köç zamanı sürüdən geri qalan heyvanlar (axsaq, yorulmuş, zədələnmiş) nəqliyyat vasitəsi ilə daşınmalı, köçürüləcək sağlam heyvanlar üçün əvvəlcədən həm də yem ehtiyatı yaradılmalıdır.
Heyvanların nəqliyyatsız qısa məsafələrə aparılması və yaylaq-otlaq şəraitinə köçürülməsinə hazırlıq işləri elə təşkil edilməlidir ki, onlar yolda öz çəkilərini və məhsuldarlıqlarını itirməsinlər. Heyvanların şose və torpaq yolu ilə aparılması çobanların bacarığından və iş təcrübəsindən xeyli asılıdır.
Onu da qeyd edək ki, heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu müəyyən olunur. Heyvanlar ancaq əvvəlcədən müəyyən edilmiş marşrutla hərəkət edir, yoxlamaq və ya istirahət vermək üçün müəyyən məntəqələrdə saxlanır. Köç marşrutu, dincəlmə məntəqələri baytar işçiləri və inzibati ərazi dairəsi üzrə nümayəndələr tərəfindən təyin edilir.
Dincəlmə məntəqələrində heyvanlar gecələyir, suvarılır, yemlənir və baytarlıq müayinəsindən keçirilir. Yolda köçürülən heyvanların başqa heyvanlarla qarışmasına yol verilməməlidir.
Heyvanların aparıldığı istiqamətdəki yol və dincəlmə məntəqələri yoluxucu və invazion xəstəliklərinə görə sağlam olmalıdır. Yolda xəstəlik və ya ölüm hadisəsi olduqda baytar həkimi çağırılmalı və müvafiq mübarizə tədbirləri görülməlidir.
Heyvanların yaşından asılı olaraq hərəkət sürəti və otarma planı tərtib edilir. Ot çox olan yerlərdə heyvanların sürəti azaldılır, ot az olan yerlərdə isə artırılır. Yol gedən heyvanlara hər 5 gündən bir 1,5-2 gün istirahət verilməlidir. İstirahət üçün su mənbəyi və yaxşı otlaqlı sahə seçilməlidir. Dincəlmə məntəqəsinə çatdıqdan 1,5-2 saat sonra heyvanlar suvarılmalıdır. İsti və bürkülü havalarda dincəlmə yeri bir qədər hündür və kölgəlik sahələrdə seçilməlidir.
Yay fəslinin isti günlərində heyvanlar səhər tezdən və axşamçağı (yəni sərin düşəndə), bir yerdən başqa yerə aparılmaq üçün hərəkət etdirilməli, günün qızmar vaxtında (günorta) isə sərin kölgəlikdə saxlanmalıdır.
Bir yerdən başqa yerə aparılan sürü və ya ilxı müvafiq avadanlıqla (vedrə, bağlama vasitələri, qoşqu ləvazimatları, balta və sair), nəqliyyatla və duzla, ilk baytarlıq yardımı üçün dərman vasitələri ilə təmin edilməlidir.
Çobanlar heyvanları yaxşı və təhlükəsiz yerlərlə aparmalı, yolda hər cür təhlükəyə qarşı hazır olmalıdırlar. Təhlükəli yerlərdən (çaylardan, dərələrdən, dağlardan, körpülərdən, qumsal yerlərdən, dağlıq ərazilərdən, çaylardan, kolluqlardan, zəhərli bitkilər olan yerdən və epizootik xəstəliklərə görə qeyri-sağlam təsərrüfatlardan) keçdikdə bütün ehtiyat tədbirləri görülməlidir.

Əyyub ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR