Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi və Elmi tibbi şurası tərəfindən kliniki praktikada istifadə olunmaq üçün hazırlanan nazirliyin 26 fevral 2021-ci il tarixli kollegiyasında təsdiq edilən 73 klinik protokol hər biri 150 tirajla bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub.
Müxtəlifixtisaslı həkim və baş mütəxəssislərin birgə əməyi ilə hazırlanan protokollar profillər üzrə müvafiq səhiyyə müəssisələrinə paylanılıb, müayinə və müalicə prosesində həmin protokollara istinad olunması barədə baş həkimlərə tapşırıqlar verilib. Muxtar respublikada ən çox rast gəlinən xəstəliklərin müayinə və müalicə üsulları digər məlumatlar protokolların əsas mövzuları sırasındadır.
2021-ci il yanvar ayının 1-dən icbari tibbi sığortanın muxtar respublika ərazisində tətbiq edilməsi, vətəndaşların etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərdən yararlanması, sığortanın xidmətlər zərfinə daxil olan tibbi prosedurlardan yararlanması klinik protokolların zəruriliyini daha da artırıb.
Qeyd edilməlidir ki, müasir dövrdə dünyanın əksər ölkələrinin səhiyyə sistemi qarşısında duran vəzifə, həyata keçirilən islahat və dəyişikliklərin başlıca məqsədi tibbi yardımın keyfiyyətinin yüksəldilməsidir. Tibb elminin şaxələnməsi, tibbi biliklərin dərinləşməsi, əczaçılıq sənayesinin sürətli inkişafı, yeni müalicə üsullarının və dərman vasitələrinin tətbiqi, ənənəvi müalicə üsulları və istifadədə olan dərman vasitələri haqqında yeni biliklərin meydana çıxması həkimlərin məsuliyyətini artırmaqla yanaşı, həm də onların fəaliyyətində bir sıra çətinliklər yaradır. Keyfiyyətli tibbi yardım bir tərəfdən köhnəlikdən yaxa qurtarmağı, bütün dünyanın artıq çoxdan imtina etdiyi müalicə üsullarından əl çəkərək innovasiyalara yol açmağı, digər tərəfdən isə düşünülmüş addımlar atmağı, tam tədqiq edilməmiş və sübut olunmamış hər hansı yeniliyin tətbiqindən çəkinməyi nəzərdə tutur.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti