Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına əsasən muxtar respublikanın rayon mərkəzi və kənd sahə xəstəxanalarında, eləcə də Şərur və Ordubad Uşaq xəstəxanalarında, kənd tibb məntəqələrində məktəb şagirdlərinə ilkin səhiyyə xidməti göstərən tibb bacıları üçün praktik və nəzəri kurslar təşkil olunub. Bu il iyul ayının 12-dən start götürən kursların praktik məşğələləri Naxçıvan Tibb Kollecində, nəzəriyyə hissəsi isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilir. Kurslara ilkin mərhələdə 65 tibb bacısı cəlb edilib. 10-12 nəfərlik qruplar üzrə məşğələlər həftənin 5 günü həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında Poliklinika şöbəsinin müdiri Şəmsi Əsgərovun həyata keçirdiyi məşğələlərdə əsas diqqət məktəblərdə aparılan tibbi sənədləşmə işlərində tibb bacılarının fəaliyyətlərinin daha da artırılmasına yönəldilib. Məktəblər üçün zəruri olan sağlamlıq jurnallarının tərtibatı, xüsusən dispanserizasiya, infeksion xəstəliklər, Mantu (Diaskin testi) jurnallarının hazırlanması qaydaları əyani şəkildə izah edilib, suallar cavablandırılıb.
Şagirdlər arasında hər hansı yoluxucu xəstəliklərin baş verməməsi üçün yoluxucu xəstəliklərin baş verdiyi sinfin nəzarətə götürülməsi, şagirdlərin müayinələrə cəlb olunması, profilaktik peyvəndlərin vaxtında vurulması, həmçinin hiperergik reaksiyalı uşaqların müalicəsinin ixtisaslı həkimlərə yönləndirilməsi, həkiməqədərki mərhələdə hospitalizasiyasının təşkili məktəb tibb bacılarının başlıca vəzifələri kimi dəyərləndirilib.
Məktəblərdə birinci sinfə qəbul olunan şagirdlərin valideynləri tərəfindən tibbi arayışın təqdim edilməsi, şagird təhsil aldığı məktəbdən başqa bir məktəbə keçirildikdə tibbi sənədinin yeni məktəbə təqdim etmənin təmini, şagirdlərin sağlamlığına görə dərsə davamiyyətinin tibb işçisinin nəzarəti altında olması və digər məsələlər təcrübə kurslarının əsas mövzuları sırasındadır. Təcrübə kursları 18 iş günü davam edəcək.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti