30 Dekabr 2024, Bazar ertəsi

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini uşaqların sağlamlıqlarının qorunması və hüquqlarının təmin edilməsi təşkil edir. Çünki uşaqlara göstərilən qayğı cəmiyyətin gələcək varlığının möhkəm sütunlar üzərində inşa edilməsi deməkdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir”.


Naxçıvan Muxtar Respublikasında da uşaqlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, onlara xidmət edən səhiyyə, təhsil, mədəniyyət və digər müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, yeni infrastruktur obyektlərinin tikilib istifadəyə verilməsi istiqamətində tədbirlər geniş vüsət almışdır. Bununla yanaşı, tibb müəssisələrində ixtisaslı kadr hazırlığının təşkili, məktəb və məktəbdənkənar təhsil müəssisələrində müasir təlim metodlarının tətbiqi kimi bir çox aspektlər üzrə həyata keçirilən layihələr uşaqların sağlam və yüksək intellektual potensiala malik bir mühitdə böyüməsi üçün əlverişli şərait yaradır. Bu istiqamətlərdə təsdiq edilən plan və proqramların vaxtında icrası yeni nailiyyətlərin qazanılmasına səbəb olur.

Uşaq sağlamlığının qorunması məqsədilə görülən işlərin kompleks xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın önəmli rolu vardır. Proqramda müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi 2021-ci ilin ikinci rübündə də davam etdirilmiş, aprelin 9-da Ordubad Rayon Uşaq Xəstəxanası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Ordubad rayonunda da uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Müvafiq Sərəncamdan sonra burada lazımi işlər həyata keçirilmiş və bu gün kollektivin istifadəsinə 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası verilir. Səhiyyə müəssisəsində hərtərəfli şərait yaradılmışdır. Bu da kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcəkdir. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, Dövlət proqramında nəzərdə tutulan tədbirlərin vaxtında həyata keçirilməsi və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ona görə ki, uşaqlar gələcəyimizdir. Onların sağlam böyüməsi, yaxşı təhsil alması isə ölkənin gələcəyinə xidmət edir”.
Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan səhiyyə ocağında 59 nəfərlik tibbi heyətin çalışması üçün geniş şərait yaradılmış, xəstəxanaya “FİAT” markalı təcili tibbi yardım avtomobili verilmişdir.
Dövlət proqramında nəzərdə tutulan təşkilatı tədbirlərin icrası ikinci rübdə diqqət mərkəzində olmuşdur. Aprel ayından başlayaraq 45 min 482 uşağın dərindən tibbi müayinəsi aparılmış, onlardan 4 min 97-si dispanser nəzarətə götürülmüş, 387 uşağın ixtisaslaşmış tibb müəssisələrində müayinə və müalicəsi həyata keçirilmişdir. Bu dövrdə 1052 uşaq üçün elektron kart sifariş olunmuş, doğulan uşaqlar haqqındakı tibbi məlumatlar elektron kartlara qeyd edilmişdir.

Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər onların cəmiyyətə daha sağlam inteqrasiya olunması baxımından xüsusi önəm kəsb edir. Bu uşaqlar üçün müxtəlif sosial xidmətlərin təşkili və tibbi bərpa prosedurlarının tətbiqi onların xüsusi qayğı ilə əhatə olunmasının mühüm təzahürlərindəndir. Proqramın icrasına uyğun olaraq ikinci rübdə 32 sağlamlıq imkanı məhdud uşağa bərpa müalicəsinin təşkili üçün Naxçıvan Uşaq Bərpa Mərkəzinə göndəriş verilmişdir. Çətin həyat şəraitində olan uşaqların sosial xidmət müəssisələrinə yönləndirilməsi və müalicəsinin təşkili istiqamətində işlər davam etdirilmiş, iyun ayında 1 uşaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilmişdir. Həmçinin bu dövrdə Naxçıvan Regional İnformasiya Mərkəzində 24 sağlamlıq imkanları məhdud uşaqla reabilitasiya tədbirləri aparılmış, defektoloji bölmənin Şərur və Ordubad rayon filiallarının hər birinə 2 uşaq cəlb olunmuşdur. İkinci rübdə 13 sağlamlıq imkanları məhdud uşaq texniki reabilitasiya və digər köməkçi vasitələrlə təmin edilmiş, 19 uşağa protez-ortopedik xidmətlər göstərilmişdir.
Proqramın icrası istiqamətində aparılan müayinələr uşaqlarda erkən yaş dövrlərinə aid xəstəliklərin müəyyənləşdirilməsi və vaxtında müalicəsi, eləcə də yeniyetmələrin sağlam psixologiyaya malik bir fərd kimi yetişməsində xüsusi əhəmiyyət kəsb edir. Ümumtəhsil məktəblərində təşkil edilən müayinələr zamanı uşaqlara gigiyenik tələblərin izah olunması onların erkən yaşlardan düzgün vərdişlərə yiyələnməsinə və sağlam həyat tərzinə malik olmasına imkan yaradır. Aprel-iyun aylarında 751 uşaqda psixonevroloji müayinələr aparılmışdır. Onlardan 128-də nevroloji simptomlar aşkar edilmiş və ixtisaslı müayinəyə yönləndirilməsi tövsiyə olunmuşdur. Həmçinin bu dövrdə qurd invaziyasına görə 1340 uşaqda müayinələr aparılmış, 239 uşaqda bu xəstəliyin əlamətləri müəyyən edilmişdir. Həmin uşaqlara qurd əleyhinə dərman preparatları verilmiş və şəxsi gigiyena qaydalarına əməl edilməsinə dair maarifləndirici söhbət aparılmışdır.
Dövlət proqramında nəzərdə tutulan maarifləndirmə tədbirlərinin mütərəqqi əhəmiyyəti vardır. Bu istiqamətdə görülən işlər uşaqların məktəbli yaşlarından müəyyən xəstəliklərin təhlükəliliyini şüurlu surətdə dərk etməsi, valideynlərin isə həmin xəstəliklərin erkən simptomları barədə biliklərə yiyələnməsi və müvafiq tibb müəssisələrinə vaxtında müraciət olunması baxımından həyati rol oynayır. İkinci rübdə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərində təşkil edilən tibbi müayinələr zamanı dispanserizasiyası aparılan xəstəliklər və onların təhlükəliliyi barədə 12 min 873 şagirdin maarifləndirilməsi təmin olunmuşdur. Həmçinin bu dövrdə Şərur, Kəngərli və Babək rayonları üzrə, ümumilikdə, 7 ümumtəhsil müəssisəsində müxtəlif xəstəliklərin risk amillərinə dair maarifləndirmə işi aparılmışdır.
Proqramın icrası məqsədilə müayinələr aparılarkən uşaqlar və valideynlər arasında “Uşaqların icbari dispanserizasiyası sağlamlığın qorunmasında əsas şərtdir” mövzusunda 300 nüsxə buklet paylanmışdır.

“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR