22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar “Şərq qapısı” qəzetinin Naxçıvan Dövlət Universiteti ilə birgə hazırlanmış, 2020-2021-ci tədris ili üçün nəzərdə tutulan Tədbirlər Planına əsasən silsilə tədbirlər həyata keçirilir. Həmin tədbirlərin davamı olaraq ali təhsil ocağında “Müasir dövrdə ənənəvi qəzetlərin və elektron nəşrlərin tərtibat prinsipləri” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva açıb. Bildirib ki, muxtar respublikamızda kütləvi informasiya vasitələrinin inkişafına, ali təhsilli jurnalist kadrların hazırlanmasına dövlət qayğısının ifadəsi olaraq 2001-ci ildən universitetdə Jurnalistika ixtisası fəaliyyətə başlayıb, 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrası yaradılıb, 2005-ci ildən etibarən Mətbuat tarixi və Radiotelejurnalistika ixtisasları üzrə magistr hazırlığına başlanıb. Ötən dövrdə Jurnalistika ixtisasını 200-ə yaxın tələbə bitirib. Bu gün məzunlarımız ölkəmizdə, eləcə də muxtar respublikamızda müxtəlif kütləvi informasiya vasitələrində çalışırlar. 2011-ci ildə ali təhsil ocağının Media Mərkəzi fəaliyyətə başlayıb. 2006-cı ildə yaradılan tədrisyönümlü Universitet televiziyası Ali Məclis Sədrinin təşəbbüs və qayğısı ilə mart ayının ortalarından etibarən muxtar respublika miqyasında yayımlanır.
Çıxışda müvafiq Sərəncamdan irəli gələn vəzifələrin icrası, hami təşkilatların əməkdaşlarının Jurnalistika ixtisasının tələbələri ilə mütəmadi görüşlərinin keçirilməsi haqqında da məlumat verilib.
“Şərq qapısı” qəzetinin İqtisadiyyat və təhlil şöbəsinin müdiri Səbuhi Həsənov “Ənənəvi mətbuatla elektron medianın oxşar və fərqli cəhətləri” mövzusunda çıxışında informasiyanın insan cəmiyyətinin formalaşmasındakı əhəmiyyətli rolundan bəhs edib. Qeyd edilib ki, bu gün texnoloji inkişafla əlaqədar operativlik baxımından elektron media öndə olsa da, ənənəvi mətbuat öz tarixiliyini, jurnalistika ənənələrinə sadiqliyini, arxiv fonunu yenə də qoruyub yaşadır.
“Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov “Ənənəvi medianın fəaliyyətinə qoyulan müasir tələblər” mövzusunda çıxış edərək bildirib ki, bu gün Naxçıvan mətbuatına böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamına əsasən bu mətbu orqanın 100 yaşının dövlət səviyyəsində qeyd edilməsi yaradılan şəraitin, mətbuata göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Muxtar respublika mətbuatının dövrün salnaməsini yaratdığını bildirən Muxtar Məmmədov gənc jurnalistləri qəzetlə fəal əməkdaşlığa dəvət edib, onların gələcəyin peşəkar jurnalisti kimi yetişə bilmələri üçün redaksiyada yaradılan hərtərəfli şəraitdən danışıb.
“Şərq qapısı” qəzetinin Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin əməkdaşı Güntac Şahməmmədli “Şərq qapısı” qəzetinin elektron güzgüsü – www.serqqapisi.az saytının fəaliyyət prinsipləri” mövzusunda çıxış edərək vurğulayıb ki, qəzetin 2012-ci ildən etibarən www.serqqapisi.az saytı fəaliyyət göstərir. Sayt 2019-cu ildə yenilənib və bu il Ali Məclis Sədri tərəfindən yubileylə bağlı sərəncamla təsdiq olunan Tədbirlər Planına əsasən təkrak yenilənəcək. Azərbaycan, rus və ingilis dilləri olmaqla, 3 dildə informasiya yayan sayt vasitəsilə Naxçıvanla bağlı informasiya tələbatı operativ şəkildə ödənilir. Qəzetdə yaradılmış yeni bölmələr, o cümlədən “Estafet” rubrikası tələbə jurnalistlərin də fəaliyyətinə stimul yaradıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

Naxçıvan Dövlət Universitetinin mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR