Yaxud 40 il əvvəldən bu günə qısa bir nəzər
Turizm XX əsrin fenomeni olmaqla, xüsusən 1950-ci illərdən sonra bütün dünyada geniş vüsət alıb. İkinci Dünya müharibəsinin sona çatması və yeni texnologiyaların insan həyatına sürətlə daxil olması ilə asudə vaxt və turizm məsələləri də artıq tez-tez gündəmdə olmağa başlayıb. Ozamankı dünyada iki ən güclü dövlətdən biri olmuş Sovet İttifaqının bir parçası kimi Azərbaycan Respublikası və onun tərkib hissəsi olmuş Naxçıvan MSSR-də yaşayan insanlar kommunist təbliğatı və gərgin sosializm yarışı mühitində azad səyahət və turizm-rekreasiya xidmətlərindən xeyli dərəcədə kənarda qalmışdı. Bundan əlavə, ölkənin ucqar bir bölgəsi kimi insanların Naxçıvana da səyahət imkanları zəif olub, diyarımızın zəngin turizm ehtiyatlarının cazibə gücü, nəinki turistlərə, heç özümüzə də məlum olmayıb.
İnsafən, ötən əsrin 60-cı illərindən başlayaraq müəyyən vasitələrlə dünya gündəmini tutan Naxçıvan ziyalıları turizmin dünyadakı artan gücünü görüb, onun cəmiyyət həyatındakı rolundan faydalanmaq üçün bizdə də insanların turizm səyahətlərinə daha çox meyil edə bilməsi üçün fikirlər irəli sürürlər. 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində “Şərq qapısı” qəzetinin səhifələrində Naxçıvanın tarixi abidələri, mineral suları, təbiət guşələri haqqında dərc olunmuş onlarla məqalə məhz turizm motivasiyası baxımından olduqca dəyərli işlər kimi tarixə düşüb. Daha sonrakı illərdə də, xüsusən 1970-ci illərin əvvəllərindən başlayaraq bu mövzudakı fikirlərə daha tez-tez rast gəlmək olur ki, bunlardan ilk olaraq problemə akademik səviyyədə toxunulması ilə diqqəti cəlb edəni qəzetin 27 sentyabr 1969-cu il sayında Azərbaycanın görkəmli alimi, coğrafiya elmləri doktoru, professor Budaq Budaqovun imzası ilə dərc olunmuş “Mərcan gözlü Batabat” başlıqlı yazıdır. Daha sonrakı illərdə də müxtəlif müəlliflərin Naxçıvanın turizm potensialı barədə maraqlı məqalələrinə rast gəlmək mümkündür.
Ancaq qəzetin səhifələrində tam 40 il əvvəl, yəni 21 avqust 1981-ci ildə dərc olunmuş “Turizm işinə diqqət” başlıqlı müsahibə o dövrdə mərkəzi hökumət səviyyəsində ölkədə turizm-ekskursiya işinin inkişaf etdirilməsi ilə bağlı verilmiş tapşırıqlara münasibətdə ozamankı reallıqları bir daha görməyə imkan yaradır. Ayrıca olaraq turizm işinin genişləndirilməsi ilə əlaqədar həmin vaxtlarda hansı perspektivlərin planlaşdırılması baxımından da bu yazı müqayisəli təhlil üçün bu gün çox dəyərlidir.
Müsahibədə turizm işinin təşkili üzrə məsul şəxsin dediklərinə görə, 1981-ci ildə naxçıvanlı zəhmət adamlarının asudə vaxtının səmərəli keçirilməsi üçün getmə turizm üzrə keçmiş SSRİ-nin və eləcə də Azərbaycanın müxtəlif turizm-rekreasiya ocaqlarına onların səyahətləri təşkil olunmuş, 1981-ci ilin yanvar-avqust aylarında təyyarə ilə 17 turist qrupu, avtobusla 500 nəfərə yaxın naxçıvanlı səyahətlərə göndərilmişdir. Vəssalam! Bu gün Naxçıvandakı universitetlərdə Turizm və otelçilik və Turizm işinin təşkili ixtisasları üzrə təhsil alan tələbələr də bilir ki, turist göndərilməsi turizm fəaliyyətinin ən sadə forması olub, gəlmə turizmlə müqayisədə bir faizlik belə, problematik məsələsi yoxdur. Elə bu səbəbdəndir ki, həmin müsahibədə Naxçıvanın istifadə olunmayan turizm ehtiyatlarından ürəkağrısı ilə danışılır və Kommunist Partiyasının tapşırıqlarını yerinə yetirmək üçün heç olmasa, həmin illərdən başlayaraq Naxçıvan səyahət-ekskursiya bürosunun xətti ilə 4500-ə yaxın turistin bu diyara gətirilməsinin planlaşdırıldığı qeyd olunur. Bunun üçün isə zəruri infrastruktur və logistika məsələlərinin həllinin vacib olduğunu bildirən müsahib yaxın gələcəkdə Naxçıvanda bunların da həll olunacağına ümid edir.
Şübhəsiz, o dövrdən xeyli vaxt keçib və 1981-ci ildə xəyal edilən o gözəl arzular bir neçə il sonra bütün sovet dövlətini çökdürmüş “yenidənqurma”nın, daha sonra da mənfur erməni separatiziminin zərbəsi ilə rəfdə qaldı və yalnız Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edib, iqtisadi sabitliyə qovuşandan, yəni 1995-ci ildən sonra gerçək olmağa başladı. İndi bütün ölkəmizdə olduğu kimi, onun hər sahədə lider regionu olan Naxçıvan Muxtar Respublikasında da turizmdən arzuedilən nəticələr əldə olunması üçün hərtərəfli şərait yaradılıb.
İlk olaraq onu qeyd edək ki, 40 il əvvəl planlaşdırılan ildə 4500 nəfər gəlmə turist planı həmin dövrün, təbirincə desək, artıq 100 qat ödənilib. Yəni bu gün Naxçıvan il ərzində 450 minə yaxın yerli və əcnəbi turistin sərbəst səyahət etdiyi bir regiondur. Bu qədər sayda turist Naxçıvana səyahət edə bilmək üçün bütün standartlara uyğun olan və saatda 450-500 sərnişin qarşılamaq imkanına malik Naxçıvan Beynəlxalq Hava Limanının və eləcə də gömrük-keçid məntəqələrinin xidmətlərindən istifadə edir. Naxçıvana səyahət edən turistlər təkcə rayon mərkəzlərinə deyil, muxtar respublikanın bütün kəndlərinə gedən yüksək komfortlu yollardan keçir, ideal təmizlik, səliqə-sahman, yaşıllıq zolaqları, müasir servis və yüz faiz təhlükəsizliyin gətirdiyi rekreasiyadan məmnun qalırlar. 1981-ci ildə Naxçıvanda turizmin inkişafı haqqında danışan həmkarımız o zaman heç olmasa, bir dənə turist bazası yaradılmasını arzu edirdisə, bu gün Naxçıvanda birgecəlik tutumu 1500 nəfərdən çox olan, ümumilikdə, 21 mehmanxana müəssisəsi fəaliyyət göstərir. Regiona tez-tez səfər edən qonaqlar öz şəraiti ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal”, “Saat Meydanı” otellərini, Ağbulaq İstirahət Mərkəzini yaxşı tanıyırlar. Bu gün Naxçıvanda fəaliyyət göstərən Duzdağ Fizioterapiya Mərkəzi il ərzində 4 minə yaxın müalicə məqsədli turisti qəbul edir. Naxçıvandakı mehmanxana müəssisələri müasir tələbkar turistlərin hər cür işgüzar-mədəni tələbatlarını ödəyir və buradakı xidməti personalın servis keyfiyyəti də razılıqla qarşılanır. Muxtar respublikanın turizm təsərrüfatı peşəkar əllərdə olub, 2004-cü ildən Naxçıvandakı universitetlərdə hazırlanan ali təhsilli yerli turizm-servis mütəxəssislərinin gücündən tam istifadə olunmaqdadır.
Turizm servisləri daimi olaraq yenilənən turizm tələbi üzərində qurulur. Yeni turizm marşrutlarının yaradılması, daha çox yeni turizm ehtiyatlarının dövriyyəyə cəlb olunması, həm bu sahədən daha çox gəlir əldə edilməsi, həm də ölkəmizin daha geniş tanıdılması deməkdir. Bu baxımdan ötən müddət Naxçıvanda turizmin əsl təkamül dövrü olmuşdur. Belə ki, 1980-ci illərin əvvəlində Naxçıvana gələn turistlər yalnız şəhərin mərkəzindəki tarixi abidələrə baş çəkib, daha sonra fermalarla dolu Batabata gedə bilirdisə, indi hər bir həvəskar turist qrupu üçün ilk olaraq müqəddəs Əshabi-Kəhf ziyarətgahı ilə başlayan bir neçə günlük Naxçıvan turları Ordubaddan Qarabağlara, Əlincəqaladan Ağbulağa, Gülüstan türbəsindən Batabata qədər geniş bir coğrafiyada davam edir. Bu gün Naxçıvanda hər kəsin yaxından tanıdığı zəngin turizm ehtiyatları ilə yanaşı, insanları heyrətə salan Gurbulaq və Pəzməri şəlalələri, Şahbuzun və Ordubadın ucqar dağ kəndlərindəki istirahət məkanları da populyarlıq qazanmaqdadır. Turizmin ilin bütün fəsillərinə yayılması prinsipi Naxçıvanda uğurla həll olunaraq həm yay, həm də qış mövsümlərində mənalı asudə vaxt keçirilməsi üçün əlverişli imkanlar yaradılıb. Nəticədə, bir zamanar Naxçıvan şəhərinə heç olmasa, bir turist qrupu gətirilməsi xəyalı ilə yaşayan turizmçilərin övladları indi Naxçıvan şəhərindən tutmuş Gəmiqayanın 3 min metr yüksəkliyinədək hər yerdə turist daşıyan yüzlərlə lüks avtobus və mikroavtobuslarla rastlaşırlar. Bütün bunlar isə bir zamanlar Sovet dövlətinin gözdən-könüldən uzaq qalmış, sadəcə, kapitalist dövlətləri ilə sərhədyanı bir bölgə əhəmiyyətli olmuş Naxçıvanda müstəqillik illərində görülmüş sosial-iqtisadi inkişafın, mədəni yüksəlişin məntiqi nəticəsi kimi göz önündədir. Qədim diyara səyahət edən turistlərin təəssüratlarında yaşayan bu inkişafın mənzərələri isə 100 yaşlı qəzetimizin səhifələrini bəzəməkdədir.
Əli CABBAROV