Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Tədbirdə çıxış edən nazir Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə nazirliyə mövsümi qazanxana işçilərinin qabaqcadan təlimatlandırılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, habelə tabelikdə olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlərin görülməsi, sosial könüllülərlə bağlı layihələrin və hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi barədə bir sıra tapşırıqlar verilib.
Nicat Babayev mövsümə hazırlıq işləri ilə əlaqədar nazirliyin “Tədbirlər Planı”nın təsdiq olunduğunu diqqətə çatdırıb. Bildirib ki, qarşıdakı dövr ərzində, verilmiş tapşırıqların icrasına uyğun olaraq yaradılmış komissiya tərəfindən nazirliyin və onun strukturuna daxil olan təşkilatların inzibati binalarına baxış keçirilməli, inzibati tikililərin payız-qış mövsümünə hazırlığı yoxlanılmalı və aşkar edilən çatışmazlıqlarla bağlı zəruri işlər görülməlidir. Bununla yanaşı, sosial könüllülərin sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlərdə aktiv iştirakı təmin edilməli, onlarla birgə yeni layihələr hazırlanmalı, keçirilən tədbirlərin əhatəsi genişləndirilməlidir. Həmçinin əsgərlər üçün yun şərf və corab toxunması məqsədilə sağlamlıq imkanları məhdud qadınlarla müqavilələrin bağlanılmasına başlanılmalı, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə qazanxana işçiləri üçün maarifləndirmə tədbirləri də diqqət mərkəzində saxlanılmalıdır. Qarşıdakı dövr ərzində müvafiq vakansiyalar üzrə kadrların təmin edilməsi, peşə təhsilinə malik olmayan, məşğulluq xidməti orqanlarında işaxtaran kimi qeydiyyatda olan şəxslərin vakant yerlərə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər peşələri üzrə kursların təşkili, habelə sosial-məişət xidməti göstərilən sağlamlıq imkanları məhdud şəxslərin və tənha ahılların qış mövsümünə uyğun olaraq geyim və digər vasitələrlə təmin olunması üçün zəruri tədbirlər həyata keçirilməlidir.
Nazir vurğulayıb ki, Şahbuz şəhərində yerləşən Ahıllar Evində ehtiyac olan təmir işləri aparılmalı və təminata diqqət artırılmalı, sakinlərin rahat yaşaması üçün hərtərəfli şərait yaradılmalıdır. Sağlamlıq imkanları məhdud insanlara xidmət edən bərpa mərkəzlərində, müvafiq kateqoriyadan olan şəxslərin reabilitasiyası istiqamətində işlər düzgün qurulmalı, zəruri tədbirlər həyata keçirilməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib və payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı görüləcək işlərin müzakirəsi aparılıb.
* * *
Naxçıvan Beynəlxalq Hava Limanında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran məsələlərə həsr olunmuş iclası Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli açıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar hava limanının maddi-texniki bazasının gücləndirilməsi, fəaliyyətinin mövsümə hazırlanması istiqamətində görülən işlər ardıcıl və sistemli xarakter alıb. Mövsümlə əlaqədar aerodromun normal istismarının təmin edilməsi üçün bir sıra təlimata uyğun məqsədyönlü tədbirlər həyata keçirilir. Payız-qış mövsümü ilə əlaqədar uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlarda nişanlama aparılır. Perronda açıq-örtülü drenaj xətləri yoxlanılır və profilaktik tədbirlər görülür. Aerodromun yan və son təhlükəsizlik zolaqlarında təmizləmə aerovağzal kompleksi və yardımçı binaların qurğularında mövsüm ilə əlaqədar lazımi təmir işləri aparılır.
Diqqətə çatdırılıb ki, uçuş-enmə zolağının sürüşmə əmsalını ölçmək üçün “ATT-2” və “Skidometr” qurğuları laboratoriyada yoxlanılıb, texniki baxış keçirilib, köməkçi yolların və səkilərin qardan təmizlənməsi üçün 4 qartəmizləyən hazır vəziyyətə gətirilib. Qış mövsümündə uçuş-enmə zolağının, perronun qar və buzdan təmizlənməsi üçün lazım olan 20 000 kiloqram donmaya qarşı hazır maye ehtiyatı yaradılıb. Hazırda yanacaq-sürtkü materialları anbarında 2 206 665 litr “TS-1” təyyarə, 137 232 litr dizel, 9485 litr isə “A-92” benzin yanacağı ehtiyatı yaradılıb.
Qeyd olunub ki, payız-qış mövsümü ilə əlaqədar aerovağzal kompleksində, inzibati və yardımçı binaların istilik şəbəkələri, uçuş-enmə zolağının işıqlandırma sistemi və digər texniki avadanlıqlar yoxlanılıb.
Vurğulanıb ki, aviasiya və uçuşların təhlükəsizliyinin təmin olunması, nəzərdə tutulmuş reyslərin müntəzəm olaraq qrafik üzrə yerinə yetirilməsi üçün qış aylarında hava gəmilərinin buzlaşmaya qarşı emal edilməsi üçün 12 970 litr Kilfrost DF Plus, 6662 litr Kilfrost ABC S Plus, 29 000 litr Kilfrost ABC K Plus ehtiyatı yaradılıb.
Xidmətin balansında olan buzlaşmaya qarşı emal mayelərindən götürülən nümunələr GHC-nin laboratoriyasında yoxlanılıb və analiz nəticələri əldə olunub. Personalın buzlaşmaya qarşı emalın təşkilinə hazırlığı üçün işçilər instruktorluq kursunda iştirak edib və sertifikat alıblar. Xidmətdə olan digər texnikalara, o cümlədən TUG TMD 250 tipli hava starterinə, Hobart 90 kVa tipli elektrik aqreqatına mövsümi və reqlamentləşdirilmiş texniki qulluq göstərilmişdir. JOHNSTON SWEEPERS markalı avtotəmizləyiciyə, VOLVO, MAN, 2 ədəd MERSEDES ACTORS qartəmizləyicilərinə, SUPRA qarpüskürən, Damman mayepüskürən avtomobillərə texniki baxış keçirilərək mövsümə hazırlanmış, MAZ 53 37 və CATERPİLLAR markalı ekskavatora texniki qulluq olunaraq saz vəziyyətə gətirilmişdir. Qış aylarında hava gəmilərinin buzlaşmasına qarşı emal üçün nəzərdə tutulmuş İSUZU və GLOBAL mayepüskürən maşınların reqlament üzrə istismarına dair sürücülərə profilaktik dərslər keçilir. Aerodromda hərəkət edən maşın-mexanizmlərin sürücüləri ilə qartəmizləmə zamanı səmərəliliyin və iş məhsuldarlığının yüksək olması yönündə maarifləndirmə işləri aparılır.
Bildirilib ki, hava limanı ərazisində yanğın təhlükəsizliyi ilə əlaqədar qabaqlayıcı tədbirlər görülüb, maşın və texnikalar mövsümə hazırlanıb. Bütün postlar mövsümlə əlaqədar yoxlanıb, bütün işçilər əməyin təhlükəsizliyi üzrə təlimatlandırılıb. Mövsümlə əlaqədar olaraq işçi heyət yeni qış geyim formaları ilə təmin olunub.
Sonda məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi