01 Noyabr 2024, Cümə

Hər il iyunun 25-nin dünyada Beynəlxalq Dənizçilər Günü kimi qeyd olunması bu peşəyə verilən dəyərin göstəricisidir. Artıq 7 ildir ki, Azərbaycanda da dəniz nəqliyyatı işçiləri öz peşə bayramlarını rəsmi səviyyədə qeyd edirlər. Belə ki, Prezident İlham Əliyevin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə “Dənizçi Günü” peşə bayramı təsis olunub.

Hazırda dünyada yüklərin təqribən 90 faizi dəniz yolu ilə daşınır. Dünya sularında üzən gəmilər vasitəsilə gün ərzində müxtəlif təyinatlı məhsullar daşınır. Dəniz vasitəsilə həyata keçirilən ticarət qlobal iqtisadiyyata da öz töhfəsini verir.

Bu gün qurur hissi ilə qeyd edə bilərik ki, Azərbaycanın sürətli inkişafında dənizçilərin xüsusi əməyi var. Dənizçilər həm yükdaşımalarda, həm də dənizdə neft-qaz hasilatında mühüm rol oynayırlar. Həmçinin Xəzərdənkənar sularda Azərbaycan bayrağı ilə üzən dənizçilərimiz daim ölkəmizi qürurla təmsil edir, Azərbaycanın və dünya iqtisadiyyatının inkişafında rol oynayırlar.

Xəzər Dəniz Neft Donanmasının (XDND) “Şüvəlan” gəmisinin 51 yaşlı kapitanı, 29 ildir dənizçi kimi çalışan Rauf Quliyev müsahibəsində 1991-ci ildə Qafur Məmmədov adına dənizçilik məktəbini bitirdiyini, həmin ilin avqustundan XDND-də çalışdığını və kapitanın 3-cü köməkçisi, 2-ci köməkçisi vəzifələrində işlədikdən sonra kapitan vəzifəsinə yüksəldiyini deyib.

“Mən Bakı şəhərində anadan olmuşam, uşaqlığım Dənizkənarı Milli Parkın yanında keçib. Anadan olduğum gün iyunun 25-nə - Beynəlxalq Dənizçi Gününə təsadüf edir. Fikrimcə, bu iki amil mənim dənizçi olmağımda mühüm rol oynayıb”, - deyə o bildirib.

Çalışdığı gəmilər barədə danışan R.Quliyev əsasən təchizat-yedək gəmilərində çalışdığını deyib: “Nefteqaz-10”, “Vadim Seyidov”, “Sumqayıt” gəmilərində işləmişəm. Təchizat-yedək gəmisi, adından da göründüyü kimi əsasən iki funksiyanı yerinə yetirir. Kiçikhəcmli yüklərin daşınması, suda və ya səfərdə olan gəmilərin qida və su ilə təchiz edilməsi kimi işləri yerinə yetirir. Bundan əlavə, yedəkləmə əməliyyatını da yerinə yetirir. Dənizdə olanda qəza halları baş verən zaman, gəmidə nasazlıq yarandığı halda məhz təchizat-yedək gəmiləri köməyə gedir. Fırtınalı hava şəraitində gəmilər körpüdə lövbərdə duranda təchizat-yedək gəmiləri dənizdə növbə çəkir”.

O, dənizçi olduğu müddətdə maraqlı və ya qeyri-adi hadisələr barədə də söhbət açıb: “2008-ci il dekabrın 16-sı idi. Mən o dövrdə “Vadim Seyidov” gəmisinin kapitanı idim. On üç nəfərdən ibarət heyəti olan Rusiyaya məxsus yük gəmisi fırtınalı kəskin hava şəraiti zamanı qəzaya uğramışdı. Rusiya Azərbaycan hökumətindən kömək istəmişdi. Dalğanın hündürlüyü 7 metr olan bir şəraitdə biz gedib həmin gəminin bütün heyətini xilas etdik. Gəmini isə yedəyə alıb Bakıya gətirdik”.

Dənizçilərin hər zaman bir ailə kimi yaşadığını deyən kapitan bildirib ki, gəmi dənizçilərin ikinci evidir. Dənizçilərin arasında olan mehriban münasibətlər və birlik daimi olmalıdır. Azərbaycan dənizçiləri isə dünyada daha da çox tanınmaq üçün əllərindən gələni əsirgəməməlidirlər.

Dəniz Nəqliyyatı Donanmasının “Babək” gəmisinin 57 yaşlı kapitanı Balaca Ağalarov isə söhbət zamanı quru yük gəmilərində və tankerlərdə çalışdığını deyib. Matros vəzifəsindən kapitan rütbəsinə qədər yüksələn B.Ağalarov artıq 11 ildir ki, kapitandır.

Öz vəzifəsinin məsuliyyətini dərk edən qocaman dənizçi bildirib ki, kapitan gəmidə bütün səlahiyyətləri icra edən bir şəxsdir. Heyətin və daşınan yükün təhlükəsizliyinə məhz kapitan cavabdehdir.

O, dənizçi həyatından söhbət açıb, asudə vaxtlarında stolüstü oyunlar oynadıqlarını, gəmidə mövcud olan kitabxanadan yararlandıqlarını, mütaliəyə mütəmadi vaxt ayırdıqlarını söyləyib.

“Mən hələ kapitan olmamışdan da öncə ən böyük arzum işimdə nümunəvi olmaq olub. Bu arzuma qismən də olsa çatmışam. Evdə ailə başçısı olduğum kimi, gəmidə də bir ailə başçısıyam. Bu ikisi arasında demək olar ki, heç bir fərq yoxdur. Həm evdə, həm də gəmidə bizə tabe olan və məsuliyyəti bizim üzərimizdə olan bir ailə mövcuddur. Hər bir ailənin yükünü daşımaq bizim mənəvi borcumuzdur”, - deyə B.Ağalarov vurğulayıb.

 

 

 

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR