Ağbulaq İstirahət Mərkəzi yarandığı gündən gənclərin sevimli məkanına çevrilib. Burada mütəmadi olaraq xidmət növlərinin istər sayında, istərsə də keyfiyyətində təkmilləşmə işləri aparılır. Bu il də mərkəz müxtəlif əyləncələrlə qış istirahətini sevənlərin könlünü oxşayır. Xüsusilə dağ-xizək turizmi üçün ideal məkana çevrilməkdə olan Ağbulaq dağlarını yüksəklikdən seyr etmək imkanı da yaradılır.

İstirahət mərkəzində xidmətlərin sayının artmasına, keyfiyyətinin yüksəlməsinə baxmayaraq, qiymətlərdə dəyişiklik olmayıb. Ümumiyyətlə, müxtəlif növ əyləncələrdən istifadə etmək istəyənlər üçün qiymətlər təklif olunan xidmətlərə uyğun dəyişir. Mərkəzdə muxtar respublika turizm potensialının regional və beynəlxalq səviyyədə tanıdılması, xarici turistlərə çatdırılması məqsədilə il ərzində müxtəlif sərgi, konfrans, seminar və bu kimi digər tədbirlər təşkil olunur. Bu tədbirlər mərkəzin turizm imkanlarının təbliği ilə yanaşı, innovativ təcrübələrin öyrənilməsi və digər amillər baxımından da önəm kəsb edir.
Son illər muxtar respublikada turizmin ümumi dinamik inkişafı fonunda xarici turistlərin ən çox ziyarət etdiyi yer olan Ağbulaq İstirahət Mərkəzini fərqləndirən əsas amillərdən biri də daim xidmət keyfiyyətinin öndə olması, turistlərin zövqlü mənəvi istirahətinin təmin edilməsi üçün işçi heyətinin var gücü ilə çalışmasıdır. Xidmət heyətinə mütəmadi olaraq təlimlər keçirilir, hər bir turistə fərdi yanaşmaya əsaslanan xidmət göstərmək bacarıqları təlqin edilir.
Hər il olduğu kimi, cari ildə də muxtar respublikanın fəal gənclərinin iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində növbəti “Qış məktəbi”nə start verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurası, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və fəal gənclər iştirak ediblər.
Proqrama əsasən gənclər ilk gün mərkəzlə yaxından tanış olub, stolüstü idman, “Vətəni tanı”, “Axtar tap” və “Xəmsə” intellektual oyunlarında mübarizə aparıblar. Hər günün sonunda isə onlar üçün film nümayiş etdirilib. Bununla yanaşı, “Qış məktəbi”ndə gənclər, eyni zamanda məktəb iştirakçıları arasında keçirilən fotomüsabiqənin qalibləri mükafatlandırılıb.
“Qış məktəbi”ndə olduğumuz müddətdə psixoloq Əsmər Rzayevanın “Özgüvənin həyatımızda rolu” mövzusunda fərdi inkişaf təlimi daha çox diqqətimizi cəlb etdi. Gənc­lərin psixoloji durumu, eyni zamanda onların zərərli vərdişlərdən uzaq olması barədə aparılan təlim təqdirəlayiq idi. Xüsusilə fəal gənclərin psixoloqa sualları təlimə marağı daha da artırırdı.
“Gənclərdə büdcə savadlılığı” mövzusunda keçirilən seminarda isə iştirakçıların daha çox israfçılıq və bundan çıxış yolları mövzusunda dialoqlarına şahidlik etdik.
Günün sonunda fəal gənclərin “Qış məktəbi” haqqında fikirlərini öyrəndik:
Səma Xəlilli – Naxçıvan Dövlət Universitetinin tələbəsi, könüllü gənc: – Gənclər üçün təşkil olunan “Qış məktəbi”ndə ilk dəfədir, iştirak edirəm. Deyə bilərəm ki, burada bizim üçün hər bir şərait yaradılıb. Gün ərzində keçirilən oyunlarda, seminarlarda iştirak edir, fikir mübadiləsi aparırıq. Gənclərin bir araya gəlməsi onlar arasında dostluq münasibətlərinin də qurulmasına imkan yaradır. Bu şəraiti bizim üçün yaradanlara minnətdarlığımızı bildiririk.
Elvin Məmmədli – könüllü gənc: – Bu gün muxtar respublikamızda könüllülərin iştirak etmədiyi bir sahə yoxdur. Qürurverici haldır ki, könüllülük fəaliyyətlərini Vətənə, dövlətə, xalqa dəstək, vətəndaşlıq mövqeyinin göstəricisi kimi görən naxçıvanlı gənclər heç də dünyanın inkişaf etmiş ölkələrinin könüllülərindən geri qalmırlar. Ağbulaq İstirahət Mərkəzində biz gənclər özümüzdə yeni xüsusiyyətlər kəşf etməklə xoş və yaddaqalan anlar yaşadıq. Könüllülük zamanı əldə etdiyimiz təcrübə gənclik illərimizdə ən böyük qazancımız olaraq qalacaq.
Pünhan Məmmədli – “Naxçıvan” Universitetinin tələbəsi: – Ağbulaq mənim üçün ideal bir məkandır. Buradakı mənalı istirahət biz gəncləri fəaliyyətimizi daha zövqlə, həvəslə davam etdirməyə, gələcəyə ümidlə baxmağa ruhlandırır. Yeni tanışlarla ünsiyyət və fikir mübadilələri bizə çox şey öyrətdi. Təşkil olunan intellektual oyunlar və keçirilən seminarlar bilik səviyyəmizin artmasına səbəb oldu. Mərkəzdə Ağbulaq kəndinin füsunkar qış gözəlliklərini, təbiətinin ən xırda detallarını fotoaparatın yaddaşına həkk etdim. “Qış məktəbi”nin hər bir gəncin həyatında silinməz izlər qoyacağına inanıram.
Aysun Nağdəliyeva – Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi, könüllü gənc: – “Qış məktəbi” bizim üçün yaddaqalan oldu. Bu müddət ərzində istirahətimiz mənalı keçdi. Ağbulağın gözəlliyini seyr etdik, yeni rəfiqələr, dostlar tapdıq. Aparılan söhbətlərdə vaxtın düzgün tənzimlənməsini, hər bir uğurlu işin arxasında gərgin əməyin və məsuliyyətin dayandığını öyrəndik. Ölkəmizdə bu il “Könüllülük ili” elan olunub. Könüllülük hər bir gəncin həyatında ilkin mərhələdir və bu fəaliyyət biz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq. Dövlətin, muxtar respublika rəhbərinin gəncliyə diqqət və qayğısını hər an hiss edirik. Gənclər adından bütün bunlara görə minnətdarlığımızı bildiririk.

 Ceyhun MƏMMƏDOV