İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Par­alimpiya Federasiyasının təşkilatçılığı ilə xalq-uşaq oyunlarından ibarət əyləncəli idman yarışı keçirilib.
Yarış başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və muxtar respublika Paralimpiya Federasiyasının sədr müavini Elçin Nəzər­əliyev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Qeyd olunub ki, xalqımızın zəngin, özünəməxsus və maraqlı folklor nümunələrindən biri də xalq-uşaq oyunlarıdır. Tarixi çox qədimlərə gedən, adət-ənənələrimizi, etnoqrafiyamızı özündə yaşadan bu oyunlar nəsildən-nəslə keçərək bu günümüzədək gəlib çatıb. Belə oyunlar mövzu, məzmun, yaranma yolu və formaları baxımından da çox zəngin və rəngarəngdir. Yarışın keçirilməsində məqsəd xalq-uşaq oyunlarını təbliğ etmək, uşaqlarda bu oyunlara olan marağı artırmaqdır.
Sonra yarışa start verilib. Yarışda 4 komanda qələbə uğrunda mübarizə aparıb. Əyləncəli idman yarışında fəallığına görə seçilən “Qartal” komandası qalib olub. Qalib komandaya və digərlərinə mükafat və hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi