Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş ənənəvi “Olimpiya ümidləri” beynəlxalq turnirinə yekun vurulub.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası, Azərbaycan Milli Karate Federasiyası, Veteran Tankçılar Birliyi və Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının birgə təşkil etdiyi beynəlxalq xatirə turniri “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilib. Turnirdə 10-dan artıq ölkədən 6-13 yaşlı 800 karateçi mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 20 idmançısı da bu turnirdə mübarizə aparıb. İdmançılarımızdan 9-u 15 müxtəlif əyarlı medal qazanıblar. Belə ki, Ləman Bağırova (7 yaş, 20 kiloqram) və Aminə Novruzzadə (10 yaş, 40 kiloqram) fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.
Fatimə Bağırzadə (6 yaş, 25 kiloqram), Özləm Hacıyeva (10 yaş, 30 kiloqram), Zəhra Məmmədova (10 yaş, 35 kiloqram) və Ayan Məmmədova (11 yaş, 40 kiloqram) isə gümüş medal qazanıblar. Özləm Hacıyeva və Zəhra Məmmədova həmçinin kata yarışlarında bu uğura imza atıblar.

Nərgiz İsmayılova (11 yaş, 35 kiloqram) və Nərgiz Həsənli (11 yaş, 42 kiloqram) isə kata və kumite yarışlarında bürünc medal qazanıblar. 9 yaşlı idmançıların mübarizəsində Rafiq Hüseynli beynəlxalq turnirdən 3 medal qazanıb. Belə ki, 33 kiloqram çəki dərəcəsində kumite və kata yarışlarında bürünc medal qazanan idmançımız, 38 kiloqram çəki dərəcəsində ikinci olub.
Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV