18-20 yanvar tarixlərində Bakı Əl Oyunları Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş karate üzrə “Arpaçay Open” beynəlxalq turniri keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının idmançıları da mübarizə aparıb. Karateçilərimiz beynəlxalq turnirdə 13 müxtəlif əyarlı medal qazanıblar.
Belə ki, oğlanlar arasında 18-23 yaş qrupunda Sərcan Məmmədov, 23-25 yaş qrupunda Mircavid Seyidzadə bütün rəqiblərinə qalib gələrək birinci olublar. 16-17 yaş qrupunda Aslan İsmayılov (+76 kiloqram) gümüş, bu yaş qrupunda Murad Ələkbərov isə (-76) bürünc medal qazanıb. Mirpaşa Kərimzadə də 18-23 yaş qrupunda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qızların mübarizəsində isə 8-9 yaş qrupunda Zəhra Məmmədova (+28 kiloqram) hamıdan güclü olub. 6-7 yaş qrupunda Fatimə Bağırzadə (24 kiloqram) və 10-11 yaş qrupunda Ayan Məmmədova (-40 kiloqram) gümüş medal qazanıblar. +28 kiloqram çəki dərəcəsində Aminə Novruzzadə, +30 kiloqram çəki dərəcəsində Özləm Hacıyeva (hər ikisi 8-9 yaş qrupu), -35 kiloqram çəki dərəcəsində Nərgiz İsmayılova və 35 kiloqram çəki dərəcəsində Nərgiz Həsənli (hər ikisi 10-11 yaş qrupu) isə turniri üçüncü pillədə başa vurublar. Özləm Hacı­yeva, həmçinin kata yarışlarında da üçüncü olub.
Qalib idmançılarımız təşkilatçılar tərəfindən diplom və medalla təltif olunublar.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti