Bu gün müstəqil  respublikamızın inkişafı ilk  növbədə böyüyən  nəslin  tə­lim-tər­biyə işinin düzgün təşkilindən, vətəndaşlıq hazırlığından asılıdır. Biz pedaqoqların, bütövlükdə maarif işçiləri qarşısında mühüm bir vəzifə durur: Azərbaycanı sevən, onun keşiyində duraraq ona xidmət edən, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək.

Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı biliklər sistemi XX yüzildə mütəfəkkir zəka sahibləri tərəfindən daha da inkişaf etdirilmiş, yeni ideyalarla zəngin­ləşdirilmişdir. Təbii ki, hər bir tarixi mərhələdə tərəqqipərvər insanları ilk növbədə vətəninə və xalqına bağlı yeni nəsillərin təlim-tərbiyəsi ciddi şəkildə düşündürmüş, bu səbəbdən elmi-estetik fikrin diqqəti birbaşa insan konsepsiyasına yönəlmişdir.

Təcrübədən də məlumdur ki, Azərbaycanın görkəmli şəxsiyyətlərinin, o cümlədən şair və yazıçıların həyat və yaradıcılığının şagirdlərə öyrədilməsi onların vətəndaşlıq tərbiyəsinə, şəxsiyyət kimi formalaşması və inkişafına müsbət təsir göstərir. Bu baxımdan xalq şairi Məmməd Arazın ölməz əsərləri qiymətli pedaqoji ideyaları yaşadan bənzərsiz sənət örnəkləri olmaqla xalqımızın bədii-estetik yaddaşında xüsusi yer tutmaqdadır. Məmməd Arazın poeziyası başdan-başa vətənə məhəbbət, vətəndaşlıq ideyaları ilə yoğrulmuşdur. Müasir dövrümüzdə yetişən nəslin bu ideyalar ruhunda tərbiyələnməsi çox böyük əhəmiyyətə malikdir.

Məmməd Araz “Vətən mənə oğul desə” şeirində vətən qarşısında məsuliyyətini, borcunu, üzərinə düşən öhdəliklərini, vəzifələrini dərindən dərk etdiyini anladır. Sadəcə, Vətənin ona oğul deməsini özü üçün ən böyük xoşbəxtlik sayır, vətən qayalarında adi bir mamır kimi bitməsi də ona kifayətdir:

Vətən mənə oğul desə, nə dərdim,

Mamır olub qayasında bitərdim.

Bu torpaqsız harda, nə vaxt, nə dərdim-

Xəzanımdır, xəzanımdır, xəzanım.

Bu, fikrimizcə, vətəndaşlığın ən uca zirvəsinə çatmağın konkret yolu, müəyyən mənada düsturudur. Məhz bütün ömrü boyu bu ideyaları təbliğ edən Məmməd Arazın ədəbi və pedaqoji irsini yaymaq çox vacibdir.

Şair “İnsan qayalar” şeirində qəti şəkildə vurğula­yır ki, vətənin torpağını, dağını, daşını, dərələrini, ucsuz-bucaqsız çöllərini, kəhraba zə­milərini və s. sevmədən, vətənin daşına dönüb onu qoru­ma­dan öl­kə vətəndaşı ola bil­məzsən:

Bu basılmaz nərlər – ərlər,
Bu qaya sərkərdələr
Onda məni – bir balaca daş əsgəri
qoyar yəqin qoşulmağa bu cərgəyə,
Qayaların keçmişini
qayalara yazdım, deyə.
Onda Vətən sanar məni
Bir balaca Vətən daşı,
Vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı...

Vətəni xoş güzəran, firavan həyat, imtiyazlar üçün sevmirlər. Əgər kimsə düşmənin ayağına ilişib onu yıxan daş, əsgərimizi güllədən qoruyan bir qaya parçası qədər xalqa xeyir vermirsə, ondan əsl vətəndaş ola bilməz.

Xal­qın gələcək taleyinin böyüyən nəslin vətəndaşlıq tərbiyəsindən asılı ol­duğunu aydın dərk edən Məmməd Araz “Ayağa dur, Azərbaycan” şeirində baba­ların dilindən Azərbaycan xalqının hər bir nümayəndəsinə, bütün mərd oğullara müra­ci­ət edərək vətənimizin dar günündə  “Ayağa dur” – deməklə Və­təni qo­ru­ma­ğa, düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə, lazım gə­lərsə Vətən uğ­­runda canından keçməyə hər an hazır olmağa çağırır:

Nə yatmısan, qoca vulkan, səninləyəm!

Ayağa dur, Azərbaycan, səninləyəm!

Səndən qeyri

biz hər şeyi bölə billik!

Səndən qeyri

biz hamımız ölə billik!

Bu, Şəhriyar harayıdı,

Bu, Bəxtiyar harayıdı!

Hanı sənin tufan yıxan,

Gürşad boğan yurda oğul

oğulların!

Qara Çoban, Dəli Domrul oğulların.

“Ayağa dur” – deyən şair Vətənin müdafiəsinə, onun dar günündə aya­ğa qalx­ma­sı­nı ha­mı­dan qa­baq Azərbaycanın özünü var gücü ilə haraya və köməyə çağırır. Şa­­ir ye­tişən nəs­lə bu fikri təbliğ edir ki, Vətəndən başqa hər şey bölünə bilər. Vətən­dən başqa hər kəs, hər şey ölə bilər. Amma Azərbaycan ölə bilməz, Azərbaycanı böl­mək olmaz. Şair ey­ni zamanda Azərbaycanın “vulkan” kimi yatmış vətən oğul­larına mü­raciət edir və on­ları “vulkan” kimi püskürərək Vətənin müdafiəsinə qalx­mağa, iş­ğal altında qalmış tor­paqlarımızı azad  etməyə çağırır.

Şair yaxşı bilir ki, Vətəni sevən, lazım gələrsə onu azadlığı uğrunda canından hər an belə keçənlər “bir daşa da minnət qoyub, pay um­­­ma­yacaq”:

Öz şöhrəti heykəlinə dəmir əridən

Vətəndaşın vətəni də bir evdir ancaq.

Vətən üçün can əridən, ömür əridən –

Bir daşa da minnət qoyub, pay ummayacaq.

          Və yaxud:

Bir şair arzusu görən, nə deyir,

Bir ümid istərmi qəlbi şən olsun?!.

O dərman istəmir, Vətən istəyir!

Dərdli, yoxsul olsun – tək Vətən olsun...

Şairin “O dərman istəmir, Vətən istəyir!”,  “Dərdli, yoxsul olsun – tək Vətən olsun” kimi misralarla  Vətənə olan hədsiz sevgisini göz önünə gətirir. Bütün bunlar hər bir yeniyetmə və gəncə mə­nə­viy­yat bütövlüyünü dərindən dərk etdirən keyfiyyətlərdir. Elə bu mə­nada da Məm­məd Araz yaradıcılığının əsas cəhətlərini bu istiqamətə yönəldir və və­tənpərvərlik ru­hlu şeirlərilə­  xalqı mübarizəyə səsləyərək deyirdi ki, Azər­baycan tor­pağı hər birimi­zin son kəfəni olmalıdır:

Mən illər dəniyəm, illər – dənimdi,

İllərə qəniməm, illər qənimdi.

Azəri torpağı son kəfənimdi,

Doymaram bu qara bezimdən mənim.

Şair Vətən mövzusunda yazdığı şeirlərlə milliliyin dərk olunmasına, xalqımızın mən­­­lik şüurunun güclənməsinə, yurddaşlarımızın özünüdərkinə güclü təsir göstər­miş­dir. Şəx­siyyət məhz mil­li mən­lik şüuru vasitəsilə öz millətinə və Vətəninə bağlılığını ifadə edən hissləri və ideyaları öz da­xili dünyasına və öz “mən”inə çevirir”.

Şair “Sənə ina­nıram” adlı şeirində yetişən nəslə üz tutaraq Vətən tor­pa­ğının müdafiəsində durmaq, ərazi bütövlüyünü qorumaq, düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün həmişə ayıq-sayıq olmağı, əlinin tətikdə, gö­zünün üfüq­­də olduğunu xatırladaraq yazırdı:

Qeyrətdən güc alar gücü az ölkə,

Ölkə yox, ölgədir qorunmaz ölkə.

Bu, mənim vəzifəm: əli qələmdə,

Bu, mənim vəzifəm: sözü kürsüdə...

Bu, sənin vəzifən: əli tətikdə,                                                                  

Bu, sənin vəzifən: gözü üfüqdə...

Yaxud da:

Səninləyəm, haqq-ədalət, səninləyəm,                              

Milli qürur, milli qeyrət, səninləyəm!                               

Səpil quma, göyər yerdə, bit qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm!

        Bu çağırış vətənin hər bir övladına ünvanlanırdı. Şair haqlı olaraq qeyd edirdi ki, mil­­li qüruru, milli qeyrəti olan hər bir insan vətənin dar günündə ayağa qalxaraq Vətən deməlidir.   

Qeyd edək ki, Vətən, millət, azadlıq ruhunda yazılan belə şeirlər insan psixologiyasının dərin qatlarına işıq saçaraq on­­la­rı mənə­vi zən­­­gin­liyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyi­mi­zin daha da möh­kəm­­­­ləndirilməsinə səsləyir.

Məmməd Araz yaradıcılığı boyu bu fikri təbliğ edir ki, hər bir vətəndaş vətənin, xalqın azadlığı, torpaqla­rının bütövlüyü uğ­run­­da dayanmadan fəal, ciddi mübarizə aparmalıdır. Şairin şeirlərinin ideya xəttindən də aydın olur ki, onun məqsədi və­­təni, xalqı mü­da­fiə edən, düşmənə qarşı mübarizə əzmi olan, torpaqları yad nəzər­lərdən qorumağa və tor­paq uğrunda hər an belə canından keçməyə hazır olan mərd, mü­ba­­riz vətən­pər­vərlər ye­tişdirməkdi:

Sən bu yurda söykəlisən, bu yurd sənə,

Keşiyində dursan belə neçə sənə,

Ayaq üstə yatsan belə neçə sənə:

Sən bu yurda söykəlisən, bu yurd sənə!

 

Son atəş də, son zərbə də səninkidir,

Oğul əsgər, əsgər oğul – mərd igiddir,

Mərd ölsə də mərdlik ölmür, hünər ölmür;

Hünər ölmür, mərdlik ölmür – əsgər ölmür.

  Şeirdəki “Son atəş də, son zərbə də səninkidir, oğul əsgər, əsgər oğul mərd igid­­­­dir” kimi misralar yetişən nəsildə mübarizlik, mətnlilik, cürətlilik, döyüşgənlik, tor­­­paq uğ­­runda canını fəda etmək istəyi kimi mənəvi keyfiyyətlərin baş qaldırmasına və onla­rın mənəvi simasının zənginləşməsinə təkan verir.

         Şair-pedaqoqun vətənpərvərlik ideyasına görə, Vətəni hamı sevməli və qoruma­lı­­dır. Bu məqsədlə şair “Bi­zi vətən çağırır” şeirində Və­­tənin müdafiəsi­nə qalx­mağa, fədailik və fədakarlıq göstərməyə, onun uğrunda hər şey­­­dən keçməyə və hət­ta ölməyə belə hər bir vətən övladı hər an hazır olmalıdır deyir:

İndi bizim ölümlə,                                              

Çarpışan çağımızdı.

Ölümün boğazından,

Yapışan çağımızdı.

Ölümlə tərcümansız

Danışan çağımızdı.

Qılınc qap, Vətən oğlu,

Bizi Vətən çağırır!

Yaxud da:

Mən bilmirəm, hardan boy al, hara dırman,                                                            

Mən bilmirəm, göyə ucal, yerə quylan,

Babaların məzarını qoru, qardaş!                         

Ataların vüqarını qoru, qardaş!                            

Körpələrin yuxusunu qoru, qardaş!

“Vətən ölməz” duyğusunu qoru, qardaş!

“Hünər ölməz” nidasını qoru, qardaş!

Od yurdunun odasını qoru, qardaş!

Bu parçadan aydın olur ki, Məmməd Araz Vətən oğullarına müraciət edərək ba­baların məzarının, ataların vüqarının, körpələrin yuxusunun, “Vətən ölməz” duyğu­su­nun qorunması zəruriliyini vurğulayır.

          “Yerlər” şei­­rin­də də şair Vətən torpa­ğı­nın hər şeydən müqəd­dəs ol­duğunu, onun qanımıza, canımıza hop­du­ğu­nu, lazım gələrsə onun yolunda canı­nı belə əsirgəməməyi dönə-dönə xatırladır:

Vətən sevgisində birinci ada

Birinci çatmağa pay yetər mənə.

Burda birincilik:

Vətən yolunda

Birinci ölməyi öyrədər mənə!

Yaxu da:

Bu gün gərək

Hər anımız Vətən! – desin.

Qılıncımız, qalxanımız

Vətən! – desin!

Təxminimiz, gümanımız,

Vətən! – desin.

Ölənlərin əvəzinə

Qalanımız Vətən! – desin!

Məmməd Araz yekdilliklə belə fikirdə idi ki, valideynlər  ailədə dili yenicə söz tut­mağa başlayan, ağlı yenicə kəsən uşaqlarımıza belə düşmənimizin kim olduğunu, şə­hidlərimizin nə üçün öldüyünü, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada qurtardığını, milli kimliyimizi, torpağın ana qədər doğma sayıldığını an­­latmalıdır. Eyni zamanda bu söhbətlərdə erməni satqınlığından, xəya­nət­karlığından da­nışılmalı və göstərilməlidir ki, xalqımız bu satqınlığın, xəyanət­karlığın neçə yüz illər əv­vəldən bəlasını çəkmiş və indi də çəkir. Ona görə də ehtiyatlı olmalı, erməni fitvasına uymamalı, milli birliyin, milli həmrəyliyin pozulmasına yol verilmə­məlidir. Həm də bu söhbətlər elə aparılmalıdır ki, yaddaşlara həkk olunsun və heç vaxt yaddan çıxmasın.

Bu məqsədlə vətənpərvər şair  “Güzəşt” şeirində yazırdı:

O qədər güzəştə getdim, bu haqqı

Çox azlar yenə də çox az bildilər.

Ayağım altında qədim torpağı

İndicə sərilmiş palaz bildilər.

Babam da beləcə, atam da belə

Toruna düşənə güzəştə getdi.

Torundan qaçana güzəştə getdi,

Yelə bağışladı yel aparanı.

Selə bağışladı sel aparanı.

O qədər güzəştə getdim, axırda

Palazım dartıldı ayağım altdan.

Tarixlərdən bəri sapı özündən olan özümüzkülərin, ətimiz ətindən, qanımız qa­nın­dan olan üzdəniraq vətəndaşlar vətə­nin içində parçalanma niyyətində olduqlarını açıqdan-açığa göstərirdilər. Vətənpərvər şair ar­tıq içimizdə parçalanmağımızın bizi getdikcə zəifliyə aparıb çıxardığını görərək Şah İs­­mayıl Xətainin ruhuna itihaf etdiyi “Ulu şahım, qılıncına söykənim” adlı şe­irində ya­zırdı:

Şah Xətai, qüvvətimiz haçalanır,

Qüdrətimiz, qeyrətimiz haçalanır,

Varlığımız çiliklənir, parçalanır,

Ulu Şahım, qılıncına söykənim!

 

İçimizdə döyüş gedir, vuruş gedir,

Özümüzdən özümüzə yürüş gedir...

Biz qılıncı tərs tutmuşuq;

Özümüzü kəsir ağzı;

 

Qəh-qəh çəkir düşmən-azğın.

Biz qılıncı tərs tutmuşuq

Və beləcə özümüzü unutmuşuq...

Ulu Şahım, qılınc çalmaq öyrət bizə!

          Bu nümunələrdən aydın görünür ki, şair “İçimizdə döyüş gedir, vuruş gedir”, “özümüzdən özümüzə yürüş ge­dir…” misraları ilə sapı özümüzdən olan baltaları – daxili xəyanətkar qüvvələri can­landırmaq­la, həmin hadisələrdən ibrət almağa çağırır. Vaxtilə Mə­həm­məd pey­ğəmbər deyirdi ki, millətin içində xəya­nət olmasa, düşmən qarşımızda tab gətirə bil­məz. Şair eyni zamanda düşmən tapdağı altında qalmış torpaqlarımızı azad etmək və bu mü­barizədə qələbə qazanmaq üçün Şah İsmayıl Xətaiyə xitabən “Ulu Şahım, qılınc çal­maq öyrət bizə!” – deyir.

Bütün bunlara rəğmən Məmməd Araz vətəndaş ruhlu şeirlərində öz içimizdə par­­çalanmamağı, yumruq-xalq, xalq-yumruq olmağı istəyirdi. Bu istəklə şair “Yax­şılar” şei­rində xalqı bir-birini qorumağa və birlik olmağa səsləyirdi:

Hünər zamanın da qəddini gərir,

İgidlər ərləşir ərgən çağında.

Xəyanət selinən, yelinən gəlir,

Ədalət gələndə quş caynağında!

Amandı, qoruyun, bir-birinizi!

 

…Baxın, bir baxışla kim bunu anlar,

Düşmən qılıncında – bu dost əlidir!

Təbrikə, təhrikə mahir olanlar

Güdaza verməyə səriştəlidir.

İlahi, nə çoxmuş çayır kimilər!

Ayıqlar qütbündə ayıq kimilər...

Amandı, qoruyun birliyinizi!..                                          

Məmməd Araz müharibə baş­lanan gün­­dən hər vaxt cəbhə bölgəsində olmuş, əsgər övladlarımızı mübarizəyə ruh­landırmış, on­lara qol-qanad vermişdir. Şair ömrünün son günlərində belə, səhhətinin və havaların na­münasib olmasına baxmayaraq, min bir əzabla sərhəd bölgələrinə qo­naq olmuş­dur. Onun əsgərlərə verdiyi mənəvi güc yeniyetmələrimizə bariz nümu­nədir. Şairin “Murova qar yağırdı” şeiri də Murov dağ cəbhə bölgəsindən xəbər verir:

Döngəni düz, düzü döngə eyləyən

O qarların altından

gizli cığır keçəcək,

O qarların üstündən açıq cığır keçəcək,

O, qorxmazlar cığırı, igid ərlər cığırı,

O, cəsarət cığırı,

yenməz hünər yoludur,

O, dönməzlər yoludur, qalib əsgər yoludur;

...Bir azdan qar tutacaq

Keçidləri, yolları;

Bircə əsgər nəfəsi,

Sayıq əsgər nəfəsi

Əridəcək o qarı

Murova qar yağırdı...

        Şair “O qarların altından gizli cığır keçəcək, o qarların üstündən açıq cığır keçə­cək” misralarında orduda keşikdə dayanan Vətən oğulları üçün bu cığırların cəsarət cı­ğı­rı, yenilməz hünər yolu olduğunu qeyd edir və Murova yağan qarı “sayıq əsgər nə­fəsi­nin əridəcəyini” vurğulayırdı.

Məmməd Araz  bir daha xatırladır ki, xalq, cəmiyyət, milli dövlət­çiliyimiz qar­şısında öz məsuliyyətini dərindən dərk edən yetişən nəsil Vətən tor­pağını qorumalı və onun ke­şi­yin­də dayanmalıdır. “Nəğmə” şeirində şair bu fikri çatdırır ki, xoş sabah və azad gə­ləcək üçün hər bir Vətən övladı torpaqlarımızı qorumağa və lazım gələrsə ca­nından keçməyə hər an belə hazır olmalıdır. Şeirdə Vətən torpağını qoru­mağın müqəd­dəs bir borc olması ideyası önə çəkilir və qeyd edilir ki, Vətəni, torpağı yaşa­dan ayıq baş­lar ola­caq:

Xoş sabah sorağında,

Keşikdə durmalıyıq.

Qandan, qandaldan uzaq

Bir dünya qurmalıyıq.

 

Oyan, qalx, Azərbaycan!

Taleyinə yaxşı bax.

Bu torpağı yaşadan

Ayıq başlar olacaq.

 “Araz ordan, Kür də  burdan  aşıb-daşdı”, “Son sözü də ya Vətən, ya  vətəndaşdı” – de­yən  şairin bu kimi vətənpərvər ruhlu şeirləri bu gün  də ideya dəyərini, tər­biyəvi əhə­miy­yə­ti­ni  itirməyərək gənc nəslin vətənə məhəbbət ruhunda yetişmə­sində və tərbiyə olun­­masında böyük rol oynayır.  Bunu ölkəmizin ərazi bütövlüyü uğrunda- Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağ uğrunda canından keçən Vətən övladlarının qəhrəmanlığı bir daha sübut etdi. Xalqımızın igid oğullarınının - əsgərlərimizin,  canı, qanı bahasına torpaqlarımız işğalçılardan azad olundu. Bu Qələbə döyüş meydanında şəhidlər verilərək  qazanıldı. Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Bir daha əmin olduq ki, milli müstəqillik və milli azadlıq mübarizəsində yetişən nəsildə yüksək vətənpərvərlik  keyfiyyətlərinin formalaşdırılmasında Məmməd Arazın də­yərli, milli mənəviyyatlı poeziyasının təsiri böyük olmuşdur. Bu mənada Məmməd Araz öz yaradıcılığı ilə Azərbaycan pedaqoji fikir tarixinə yeni iz, ye­­­­ni cığır, liman salan gəmidir. 

Mehparə Əhmədova

Naxçıvan Dövlət Universiteti

Pedaqogika üzrə fəlsəfə doktoru