İllər ötdü, yaşa doldum

Anladım ki, ana dilim

         Ürəyimdən çıxmaz mənim,

         Doğransam da dilim-dilim

                            Xəlil Rza Ulutürk

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də  özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir. Doğma ana dilimiz daş kitabələrdən  üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək  bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn , Xətai qılıncından sıyrılıb çıxan  dilimiz  həzin ana laylası ilə canımıza, qanımıza  hopmuşdur.

Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır.  Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Biz bir xalq, bir  toplum kimi  zamanın  cürbəcür  sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq.

Nə xoşbəxtik ki, dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var... Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik  dünyaya  müstəqilliyimizin əbədiliyini... Bu dil müqəddəsdir, doğmadır anamız kimi...Qürurumuz,fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Vaqiflər, Vidadilər, Müşfiqlərin dilidir Azərbaycan dili.

Mənim ana dilim  poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Bəli,ana dili bizim üçün  müqəddəs dildir,  ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Azərbaycan  dili  türk dilləri ailəsinin  oğuz qrupuna daxil olan  qədim və zəngin  bir dildir.  Təşəkkülü  miladdan əvvəlki  dövrlərə  gedib çıxan  bu dilin  ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada  ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir.

1 avqust ölkəmizdə ən əziz günlərdən  biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin  simasını  səciyyələndirən  amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət  dili statusuna yüksəlməsi isə  tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin  dövlət dili statusuna  yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda  dilinin  zənginliyinin  sübutudur.

Respublikada dil siyasətinin  formalaşdırılması,Azərbaycan dilinin  dövlət dili kimi tətbiqi işinin  təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək  milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi xalqımızın ümummilli lideri Heydər  Əliyevin adı ilə bağlıdır. Ulu öndər ana dilimizin qüdrətini və misilsiz dəyərini yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik  tarixi yaşaması lazım gəlir”. Dahi rəhbər Azərbaycan  xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin  saflaşdırılması və zənginləşdirilməsi istiqmətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və  qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib. Dahi rəhbərin2001-ci ilin  18 iyununda “Dövlət dilinin tətbiqi işinin  təkmilləşdirilməsi haqqında” və avqustun 9- “Azərbaycan əlifbası və Azərbaycan  dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar dilimizə göstərilən qayğının əyani ifadəsi, avqustun 1-i isə ölkədə “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün elan edilməsi dilimizə verilən dəyərin bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş toplantıda  ittifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş nümayəndə  heyətlərinin qarşısında  ilk dəfə doğma  Azərbaycan dilində  nitq söyləməsi  hamını heyrətə salmışdı. Məsələ burasındadır ki, həmin dövrdə Sovetlər  Birliyində  qəbul olunmuş qaydaya  görə bu cür  yüksək tədbirlər yalnız rus dilində aparıla bilərdi.

1970-80-ci illərdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qarantı  vardı, o da ulu öndər  Heydər Əliyev idi. 1972-ci ilin  ortalarında  yazıçıların  biri “Yoldaş Əliyev, Siz azərbaycanca  nə gözəl  danışırsınız”,-deyəndə, ulu öndər gülümsəyərək belə  cavab vermişdi: ”Sən niyə mənim rusca gözəl  danışmağıma deyil, azərbaycanca danışmağıma  təəccüb edirsən? Bu dil  mənim ana  dilimdir, mən bu dili bilməliyəm! Eləcə də  hamımız”. Əlbəttə, dəmir pərdələr  arxasında  yaşadığımız o dövrdə bunlar adi  sözlər  deyildi... Məhz  bu müdrik sözlər  öz dilinə  xor baxan Azərbaycan ziyalılarının  milli  tərbiyəsinə  təsir edərək ana dilinə uzun müddətdən  bəri davam edən soyuq  münasibətə  son qoya bildi. Heydər Əliyev atdığı bu addımla Azərbaycan dilinə  məhəbbət, milli-mənəvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çiçəkləndirmək strategiyanın  həyatiliyini, önəmini, gücünü və həmişəyaşarlığını dönə-dönə sübut etdi.  

Ulu öndər  ideyalarını layiqli davam etdirən ölkə Prezidenti İlham Əliyev  dilimizə, milli adət-ənənlərimizə, mənəvi dəyərlərimizin təbliğinə  böyük qayğı  ilə yanaşır. Ölkə başçısının 2004-cü il  yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”Sərəncam Azərbaycan dilinin  saflaşlaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Qürur hissi ilə deyə bilərik ki, muxtar respublikamızda da ən ali milli dəyərimiz olan  dövlət dilimizin  qorunub yaşadılması, gələcək nəsillərə çatdırılması istiqamətində  məqsədyönlü işlər  həyata keçirilir.  İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə edilməsi, dilimizin daha da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi məhz  dilimizə ehtiramın ən böyük ifadəsidir.Əzəmətlə ucaldılan abidəmiz hər şeydən əvvəl bu günkü gəncliyə dilimizin saflığının qorunmasını aşılayır, dilə sevgi münasibət bəsləyir. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru Antologiyası”,3 cildlik “Naxçıvan tarixi” kitabı xeyli sayda  digər nəşrlər  tariximiz  və mədəniyyətimizlə   yanaşı,  dilimizin də inkişafına mühüm töhfələrdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısının  təsdiq olunması, bədii sözün  daşıyıcısı olan  dəyərli  ədəbi nümunələrin gənclərə tövsiyyə edilməsi  həm də dilimizin təbliğinə verilən qiymət kimi dəyərləndirilməlidir. Ali Məclis Sədrinin  tapşırığı ilə “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan  dialektologiyası atlası”, “Naxçıvanda Kitabi-Dədə Qorqud” toponimləri kimi kitabların  nəşri eyni zamanda dilimizin qorunub yaşadılması istiqamətində, bu və bu kimi istiqamətdə həyata keçirilən tədbirlər qürurvericidir.

Bundan başqa,muxtar respublikada  iaşə obyektlərinə, mağazalara milli adların verilməsi, reklam lövhələrinin  dilimizin qayda-qanunlarına  uyğun yazılması dilimizin zənginliyinə verilən diqqətin əyani ifadəsidir.Dünyanın tanınmış yazıçılarının  əsərlərinin  Azərbaycan dilinə tərcümə edilməsi, televizya və radiolarda  verlişlərin  yayımı, filmlərin  nümayişi zamanı  ana dilimizin  bütün xüsusiyyətlərinə riayət olunması da  dilimizin qorunması  sahəsində  həyata keçirilən  tədbirlərin davamıdır.

Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi  barədə  çox yazılıb.Bu gün bizim tədris proqramlarında da  dilimizi tam şəkildə  ifadə etmək, öyrətmək üçün  geniş imkanlar vardır.  Ancaq doğma dilimizi  yalnız proqram  çərçivəsində  öyrənmək  kifayət deyil. Öyrənərkən dili sevməyi və gələcəyimiz olan gənc nəslə sevə-sevə aşılamalıyıq. Çünki dilimiz müqəddəsdir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə  səslənən bir dildir.

Bir sözlə,xalqımız  öz dilini, dilimiz isə onu yaşadan  xalqımızı qorumuş, bu günə çatdırmışdır. Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən  Azərbaycan  dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir.Bu, milli yetkinliyin təsdiqi, xalqın  öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin  parlaq ifadəsidir.

Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada  gələcək nəsillərə ötürməliyik. Bu hər birimizin bir vətəndaş,  bir insan, bir azəbaycanlı kimi ən böyük amalımız olmalıdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq,  hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət-ənənələrini  unutmamalı, onları təbliğ etməlidir. Bir gənc olaraq fəxr edirəm... Fəxr edirəm ona görə ki, ilk növbədə bu ölkənin vətəndaşıyam. Bu torpaqda dünyaya göz açıb, bu diyarda böyümüşəm. Və ən əsası fəxr edirəm ona ki, harada oluruqsa olaq qürurla səsləndirəcəyimiz ana dilimiz var. Doğurdan da bu dil fəxr olunası bir dildir. Ümummilli liderimiz  Heydər Əliyevin  dediyi kimi:” Mən hər bir dilə  öz hörmət və ehtiramımı  bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın  adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Günü-gündən, aybaay inkişaf etmiş reallıqdır”.

Nuray ƏSGƏROVA

jurnalist