Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev tərcümə sənətinin tarixindən, xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, tərcümə sənətinin tarixinin tədqiqi müvafiq ölkənin digər dövlətlərlə və millətlərlə mədəni, iqtisadi, siyasi əlaqələrinin səviyyəsini müəyyənləşdirməyə imkan yaradır. Muxtar respublikada bu sahəyə xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən rektor universitetdə də yaradılan tərcümə mərkəzinin fəaliyyətinə toxunub, gələcək perspektivləri dəyərləndirib.

Baba Nemətullah Naxçıvaninin elmi və tərcüməçilik fəaliyyəti haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ədəbiyyatın mühüm bir qolu olan tərcümə sənətinin tarixinə nəzər salıb, Azərbaycanda tərcümə tarixinin “Qurani-Kərim”lə bağlı olduğu bildirilib. Vurğulanıb ki, Oğuzların ana kitabı “Kitabi-Dədə Qorqud” da “Qurani-Kərim”in “İxlas” surəsinin bədii tərcüməsi var. 1999-cu ildə həmin tərcümələrin 1300 illiyinin qeyd edildiyini nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanda tərcümə tarixinin 1300-dən çox yaşı var. Akademik elm, mədəniyyət, ədəbiyyat və dillə bağlı olan tərcümə sənətinin sərbəst və hərfi növlərindən danışıb. Orta əsrlərdə yaşamış türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhvələr vermiş, Azərbaycanın təsəvvüf və təfsi alimləri arasında xüsusi yeri olan ilk tərcüməçi alimlərdən Baba Nemətullah Naxçıvaninin adı xüsusilə qeyd olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 29 oktyabr Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər planına əsasən Naxçıvanda keçirilən konfransı alimin irsinə verilən yüksək qiymət kimi dəyərləndirib. Alimin təsəvvüf elminə dair qiymətli əsərləri diqqətə çatdırılıb.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktor müavini, professor  Hüseyn Həşimli “Naxçıvan ədəbi mühitinin yetirməsi olan iki tərcüməçi haqda” çıxışında indiyədək tərcüməçilik fəaliyyəti araşdırılmayan Rzaqulu Nəcəfov, Rüfət paşa Səfərov haqda məlumat verib. Qeyd edilib ki, mollanəsrəddinçi şair Əliqulu Qəmküsarın qardaşı Rzaqulu Nəcəfovun fəaliyyətinin xeyli hissəsi Tiflis mühitiylə bağlı olub. Tiflisdə azərbaycandilli mətbuat nümunələri “Yeni fikir” qəzeti, “Dan yıldızı” jurnalının nəşr olunmasında müəllifin birbaşa əməyi olduğu vurğulanıb. Rus ədəbiyyatına yaxından bələdlilik onun  bir sıra yazıçıların əsərlərini dilimizə tərcümə etməsinə şərait yaradıb. Müəllif  Anton Pavlov Çexovun “Kəndlilər”, “Vişnə bağı” əsərlərini 1930-cu ildə Azərbaycan dilinə tərcümə edib, müxtəlif əsərlər barədə yazdığı resenziyalarla da mətbuat aləmində çıxış edib.

Məhəmməd Tağı Sidqinin kiçik oğlu, tərcüməçi Rüfət Paşa Səfərov isə ixtisasca həkim olsa da tərcüməçilik sahəsində də bir sıra uğurlara imza atıb. XIX əsr Mixail Saltıkov Şedrinin “Azad Mavruşah“,  İvan İvanoviç Katayevin “Qəlb”,  Amerikan ədəbiyyatının Epton Sinklerin “100 faiz “ əsərlərini dilimizə tərcümə edib. Bədii tərcümə əsələrləri ilə bərabər, elmi-kütləvi, təbiət, idman, ictimai-siyasi, tibbə dair müxtəlif kitabların  da tərcüməsində onun imzası vardır. Həmçinin, 20-dən artıq kitab Rüfət Paşa Səfərovun redaktorluğu ilə çap olunub.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar ötən il Yazıçılar Birliyinə  bədii tərcümə ilə bağlı qarşıya qoyulan  tələbləri diqqətə çatdırıb. Qeyd edilib ki, ötən dövr ərzində bır sıra irəliləyişə nail olunub. Yazıçılar Birliyinin nəzdində tərcümə mərkəzinin yaradılması və Naxçıvan Dövlət Universitetinin müəllimi, eyni zamanda şair, tərcüməçi Şirməmməd Qüdrətoğlunun mərkəzin rəhbəri təyin edilməsi bu sahədə yaranan boşluqları aradan qaldırmağa kömək edib. Alman dilindən tərcümədə Həmid Arzulu, ingilis dilindən Şirməmməd Qüdrətoğlu, fransız dilindən Şamil Zaman, Vaqif Məmmədovun, türk poeziyasından isə Elxan Yurdoğlunun, yazıçı Nərgiz İsmayılovanın çevirdiyi nümunələr, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi qiymətləndirilib. Vurğulanıb ki, Naxçıvan ədəbi mühitində özünəməxsus yeri və rolu olan 53 şairin şeirlərindən ibarət toplu hazırlanıb və akademik İsa Həbibbəylinin ön sözü ilə nəşr olunub. Fransız oxucularının qədim diyarımızın şairlərinin şeirləri ilə tanış olmaq imkanı verən kitabın yaxın zamanlarda nəşr olunacağı nəzərdə tutulur.

Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Əsgər Qədimov Gülməmməd bəy Kəngərlinin tərcüməçilik fəaliyyətində N. A. Nekrasov yaradıcılığının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, Gülməmməd bəy Kəngərli “Kəşkül” qəzetində Nekrasovun "Nravstvennıy çelovek" ("Xoşəxlaq adam") əsərindən bir parçanı tərcümə edib və "Mərdi müttəqi" adı ilə dərc etdirib.

Sonda rektor müasir mərhələdə tərcümə sənətinin inkişafında kadr hazırlığına toxunub, muvafiq ixtisaslarda Tərcümə sənəti ilə bağlı seçmə fənnin tədrisi ilə əlaqədar məsələlər müzakirə edilib.

Konfrans “Bədii tərcümənin tarixi və nəzəriyyəsi”, “Bədii tərcümə müasir mərhələdə” adlı  bölmə iclasları ilə davam edib. 

Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Dillər Universiteti, Naxçıvan Müəllimlər İnsititutu əməkdaşlarının qoşulduğu konfransda hər bir iştirakçıya elektron iştiraketmə vəsiqələri təqdim edilib.

Səadət Əliyeva

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin müdiri