Aqillər: “Tarix elə bir ortaq sərvətdir ki, ondan hər xalq öz dəyərinə görə pay götürür”, – deyiblər. Bu gün oğuz yurdunun tarixi keçmişinə işıq saçan, muxtariyyətinin yaşıdı Naxçıvan Dövlət Tarix Muzeyinin hər guşəsində xalqımızın yüksək mənəvi dəyərlərini yaşadan bu qiymətli payın izləri sezilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 95 yaşını geniş şəkildə qeyd etdiyimiz muzeydə nümayiş olunan eksponatlar vasitəsilə zəngin ənənələrə malik dövlətçilik tariximizin sehrinə düşür, dünənimizdən bu günümüzə keçilən böyük yolun kiçik ekskursiyasına çıxıram...

Dövlətçilik yolunda ilk addımlar – qədim tayfa birlikləri, qüdrətli dövlətlər...

Hər guşəsində tarixin dərin nəfəsi, əcdadların həyat tərzi, mədəniyyəti, adət-ənənəsi, igid oğulların mübarizə əzmi duyulan muzeyin ekspozisiya zalının xüsusi ayrılmış otaqlarından birinə daxil oluram. Budur, zəngin dövlətçilik tarixinə malik xalqımızın bu yoldakı ilk addımları sayılan tayfa birliklərinin yaranmasından başlayaraq sonrakı mərhələlər də eksponatların dili ilə nəzərimdə canlanır. Mən susuram, lal-sükuta qərq olan eksponatlar gözlərimlə “danışır”. Eramızdan əvvəl III minilliyin birinci yarısında Urmiya gölünün güney və güney-şərq hissəsini, Zəncan-Qəzvin ərazilərini əhatə edən ilk türk dövləti Arattanın yaranmasından müstəqilliyimizin əldə olunmasınadək keçilən möhtəşəm, keşməkeşli yolun xronologiyasını göstərir mənə. Antik və ilk orta əsrlər dövründə Naxçıvan torpağının ölkənin siyasi-iqtisadi yüksəlişini təmin edən, dövlətçiliyinin təşəkkül və inkişafında böyük pay sahibi olduğunu, bütün bu müsbət xüsusiyyətləri ilə hər zaman xarici dövlətlərin maraq və diqqətini çəkdiyini “söyləyir”. IV-VII yüzilliklərdə mövcud olan Atropatena, Sasanilər, X-XI əsrləri əhatə edən Səlcuqlar dövlətləri dövründə Naxçıvanın yerləşdiyi ərazilərin xəritələrini, eləcə də həmin dövlətlərin yaradılması, inkişaf istiqamətləri və süqutunun səbəblərini “izah edərək” dövlətçilik tariximizin ilk orta əsrlər dövrü barədə geniş “informasiya verir”. Xaraba Gilan ərazisindən tapılan XII-XIII əsrlərə aid mis bəzək və məişət əşyalarını, IX-XVI yüzilliklərə məxsus soyuq və odlu silah nümunələrini “göstərir”, həmin tarixi mərhələdə Naxçıvan, Əlincə və Ordubadda zərbxanaların yerləşdiyini bildirərək məni hələ orta əsrlər dövründən dövlətçiliyin əsas inkişaf istiqamətlərindən sayılan sənətkarlığın və ticarətin təşəkkül tapdığına bir daha “əmin edir”. Tarixi faktlarla “danışaraq deyir” ki, fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını təcavüzlərdən uğurla qoruyub, məkrli planların alt-üst edilməsində Naxçıvan torpağının coğrafi mövqeyi, Vətən, torpaq qədri bilən oğul və qızlarının mərdlikləri, yurduna bağlı insanların min bir zəhmət bahasına burada saldıqları qalaların rolu böyük olub.
Azərbaycan tarixinin parlaq səhifələrini yazan Atabəylər dövlətinin 1136-1175-ci illər dövründə Naxçıvan şəhərinin paytaxt seçilməsinin, burada dövlətin idarə edilməsinin əsasını təşkil edən ali idarələrin yerləşməsinin, bu mənada, təsadüfi olmadığını əminliklə “vurğulayır”. Həmin dövrdə qədim diyarda sənətkarlıq sahələrinin yüksələn xətlə inkişaf etdiyini, ticarət karvanlarının Naxçıvan üzərindən keçdiyini, burada bənzərsiz memarlıq abidələri – qalalar, saray, məscid, hamam və xatirə abidələri inşa olunduğunu “diqqətə çatdırır”. Həmin tarixi mərhələni əhatə edən məlumatları, Eldənizlər dövlətinin yerləşdiyi ərazilərin xəritəsini, o dövrdə zərb edilmiş sikkələri “gözlərim önünə sərir”. “Qeyd edir” ki, həmin dövr dövlətçilik tariximizin yadigarlarından biri qədim diyarda bu gün də əzəmətlə ucalan, Əcəmi memarlığının dəyərli nümunəsi, Atabəy Şəmsəddin Eldənizin öz həyat yoldaşı Möminə xatının şərəfinə tikdirdiyi eyniadlı türbədir.
XV-XVII əsrlərdə torpaqlarımızın yadelli əsarətindən azad edilməsində, dövlətçiliyimizin möhkəmlənməsində böyük rol oynayan Qaraqoyunlu, Ağqoyunlu dövlətlərindən söhbət açır, yerləşdikləri ərazilərin xəritədə “izahını verir”. Tarix kitablarından da yaxşı tanıdığım Uzun Həsənin anası Sara xatının Osmanlı sultanı II Məhmətlə diplomatik görüşünün rəsmlərini “göstərir”, eləcə də onun mükəmməl bir diplomat kimi fəaliyyətindən geniş “məlumat verərək” dövlətçiliyimizin bərqərar edilməsində kişilərlə yanaşı, qadınlarımızın da əvəzsiz payı olduğunu “bildirir”. 1501-ci ildən 1736-cı ilə qədərki dövrdə mövcud olan Səfəvilər dövləti barədə yazılı məlumatlarla “tanış edir”. Şah İsmayıl Xətainin Topqapı sarayındakı taxtının, qızıl kəmərinin, adına Təbrizdə zərb edilmiş qızıl əşrəfinin və Gəncədə kəsilmiş iki şahılıq pulların, XIV əsrdə inşa edilən Şeyx Səfi türbəsinin fotoları, zərb edilmiş sikkə nümunələri dövrün həm siyasi gedişindən, həm də iqtisadi inkişafından agah edir. Eyni guşəyə tamaşa etdikcə Şəmsəddin Eldəniz, Kəmaləddin Qara Yusif, Uzun Həsən və Şah İsmayıl Xətainin rəsmlərində ali zümrənin həmin dövrlərə xarakterik olan geyim mədəniyyəti gözlərim önündə canlanır.

Dövlətçilik ənənələrində yeni mərhələ – xanlıq idarə üsulu

Muzeyin ekspozisiya zalının növbəti otağında dövlətçilik ənənələrini yeni müstəvidə davam etdirən və özülünü daha da möhkəmləndirən 1747-1828-ci illər çərçivəsinə sığan xanlıqlar dövrünə səyahət edirəm. Guşədəki eksponatlar məni əsası Kəngərli tayfa başçısı Heydərqulu xan tərəfindən qoyulan, Zəngəzur mahalından Araz çayı vadisinə qədər uzanan geniş ərazidə yerləşən, Qərbi Azərbaycanın böyük bir hissəsini əhatə edən Naxçıvan xanlığının xəritəsi ilə tanış edir, şəhərimizin görkəmli yerində ucalan, dövlətçilik ənənələrinin yaşadıldığı Xan sarayının şəklini, dövrə aid faktlara söykənən məlumatları görürəm. Kəngərli sülalələrindən olan İsmayıl xan, II Kalbalı xan, Hüseyn xan, Cəmşid Naxçıvanskilərin fotoları, vətənpərvər dövlət və hərbi xadimlərin fəaliyyəti ilə bağlı verilən geniş məlumatlar xanlıqlar dövrünə qısa virtual ekskursiyamı daha da zənginləşdirir. Bu məqamda qeyd etmək yerinə düşər ki, 80 ildən artıq möhtəşəm tarixi mərhələni təşkil edən Naxçıvan xanlarının gərgin fəaliyyəti nəticəsində qonşu xanlıqlarla və Qafqazda marağı olan böyük dövlətlərlə qarşılıqlı münasibətlər qurulub, ölkə ərazisində sabitlik, təhlükəsizlik təmin olunub.
Mən yenə susuram, eksponatlar “dillənir”. Naxçıvan xanlığının dövlət və döyüş bayraqları, Kəngərli süvarilərinin fəxri və döyüş bayraqları, 1853-cü ilin sonlarında Naxçıvan və İrəvanın bəy ailələrinin nümayəndələrindən təşkil olunan Naxçıvan Bəy Drujinasının döyüş bayrağı haqqında məlumatları və fotosurətlərini “təqdim edir”. Həmin guşə Gülüstan və Türkmənçay müqavilələrinin şərtlərindən “söhbət açır”, hərbi rəssam, akademik V.D.Maşkovun çəkdiyi, Ehsan xan Naxçıvanskinin də iştirak etdiyi Abbasabad qalasının açarlarının təqdim­edilmə səhnəsi, eləcə də Rusiya və İran arasında Türkmənçay müqaviləsinin bağlanılması epizodunun əks edildiyi rəsm əsəri isə gözlərim qarşısında tarixi hadisələrin güzgüsünə çevrilir. Xalq rəssamı Davud Kazımovun böyük ustalıqla kətan üzərinə köçürdüyü XVIII əsrin sonlarında Kəngərli xanları ailəsində dünyaya göz açan Heyran xanım Dünbulinin rəsmi­­ dövrün xan, bəy nəslindən olan qadınlarının nümunəvi geyim mədəniyyətinə diqqəti çəkir. Ekspozisiyanın bu hissəsindəki Naxçıvan xanlığı dövrünü əks etdirən kitablar tədqiqatçılar üçün zəngin mənbə rolunu oynayır.

Muxtariyyətdən müstəqilliyə gedən yol...

Buradakı digər otaqda sərgilənən eksponatlar isə Naxçıvanın erməni işğalından qorunmasında, bölgənin təhlükəsizliyində böyük rol oynayan, 1918-1919-cu illərdə mövcud olan Araz-Türk Cümhuriyyətindən başlayaraq muxtariyyətin qazanılmasından, ölkəmizin dövlət müstəqilliyinin əldə edilməsi üçün aparılan siyasi mübarizədən, mənfur düşmənlərimizin xalqımızın başına gətirdiyi müsibətlərdən “danışır”. Tarixdən yaxşı məlumdur ki, 1918-ci il iyunun əvvəllərində Türkiyə ordusunun 9-cu və 11-ci diviziyaları İrəvan yaxınlığındakı Uluxanlıdan hərəkət edərək iyunun 11-də Naxçıvana daxil olub. Türk qoşunları Naxçıvanın könüllülərdən ibarət taborları ilə birlikdə erməni daşnaklarını darmadağın edib, Naxçıvanda Araz-Türk Cümhuriyyəti yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Araz-Türk Cümhuriyyəti” elmi-tədqiqat qrupunun yaradılması bu böyük tarixi mərhələnin geniş elmi tədqiqinə işıq salacaq.
Muzeydəki eksponatlar da həmin tarixi dövrü əhatə edən məlumatların qorunub saxlanıldığını, Araz-Türk Respublikasının xəritəsində onun hüdudlarının Naxçıvan, Şərur-­Dərələyəz və Ordubad qəzalarını, habelə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və sair əraziləri əhatə etdiyini göstərir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki ilə yaxın qısa zamanı əhatə etməsinə baxmayaraq, böyük işlərin görülməsindən, həmin vaxtın siyasi sferasından bəhs edir. Dövriyyəyə buraxılan pul vahidlərinin nümunələri, İstiqlal Bəyannaməsinin mətni, dövlətçilik tariximizdə müstəsna rolu olan Azərbaycan Xalq Cümhuriyyətinin hazırda işğal altında olan torpaqlarımızı da əhatə edən geniş xəritəsi, həmin dövrə aid arxiv sənədləri maraqlı faktları yaddaşıma həkk edir. Ekspozisiya otağını nəzərdən keçirərkən eksponatlar I Qafqaz Ordu Korpusuna komandanlıq etmiş Kazım Qarabəkir Paşanın Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın erməni təcavüzündən qorunmasında göstərdiyi müstəsna xidmətlərdən “söz açır”. Gümrü, Mos­kva və Qars müqavilələrinin şərtlərini öyrənib, Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan Behbud ağa Şahtaxtinskinin mütərəqqi fəaliyyətini əks etdirən kitablar, qəzet məqalələrini nəzərdən keçirdikdə, sanki Naxçıvan muxtariyyətinin qazanılma proseslərinin canlı şahidi oluram. Xalqımızın qəhrəmanlıq səhifələrindən olan İkinci Dünya müharibəsi illərinə gedir, vətənpərvər oğullarımız haqqında ayrı-ayrılıqda məlumatlar öyrənirəm. 31 Mart – Azərbaycanlıların Soyqırımını, 20 Yanvar və Xocalı faciələrini, Sədərək döyüşlərini, yurdsevər insanların canlarından keçdiyi anları gözlər önündə canlandıran fotolar qəlbimdə Vətənə məhəbbət, düşmənə nifrət hisslərini daha da artırır.
1969-cu ildən ölkəmizə rəhbərlik edən ümummilli liderin həyat və siyasi fəaliyyətindən, dövlət müstəqilliyimizin əldə edilməsində, Naxçıvan Muxtar Respublikasının erməni təcavüzündən qorunmasında göstərdiyi müdrik, fədakar əməyindən bəhs edən kitablar, fotoşəkillər görkəmli dövlət xadiminin xalqımız üçün gördüyü işlərin kiçik bir parçasını gözlərim önünə “sərir”. Ulu öndərin dünyaya göz açdığı evin maketi, büstü, attestat, diplom və məzun vinetkası, ümummilli liderin rəsmi işlənən xalça məndə böyük maraq yaradır.

Dövlətçilik tariximizin parlaq səhifələri...

Muzeyin ekspozisiyası ölkəmizin dövlət müstəqilliyinin əldə olunmasından sonra ulu öndərin uzaqgörənliklə yaratdığı müasir dövlətçilik modelini, dahi şəxsiyyətin yolunu qətiyyətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasəti, Ali Məclis Sədrinin muxtar respublikamızın çiçəklənməsi naminə gördüyü fədakar işləri əks etdirən fotoşəkil və məlumatlarla zəngindir. “Şərəfli ömrün anları” guşəsində ümummilli liderin uşaqlıq, gənclik çağları, SSRİ dövründə yüksək vəzifələrdə çalışdığı, eləcə də özündə milli-mənəvi dəyərləri, adət-ənənələri də yaşadan, ölkəmizə və muxtar respublikamıza rəhbərlik etdiyi dövrləri əks etdirən şəkillərə baxdıqca düşüncələrə dalır, bu fenomen insanın həyatına fotoların dili ilə qısa səyahət edirəm.
Ulu öndərin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” kəlamı ilə başlayan “Naxçıvan Muxtar Respublikası – 95” guşəsində sərgilənən fotolar dahi rəhbərin həyat və fəaliyyətinin Naxçıvan dövrü haqqında zəngin təəssürat yaradır. Bu möhtəşəm tarixi vərəqləyirəm. Bəli, 1990-cı il iyulun 22-si, böyük bir tarixi gün, taleyin firavan gələcəyə aparacaq dönüş nöqtəsi kimi xalqımızın yaddaşına həkk olundu. Həmin gün Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin Naxçıvana gəlişi əhalinin əsl nicatına çevrildi, hər kəs onun timsalında böyük xilaskarını tapdı. Dahi şəxsiyyət Naxçıvana rəhbərlik etdiyi müddətdə miqyası onilliklərə bərabər möhtəşəm işlər gördü. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu qədim diyarı bədnam ermənilərin işğal etməsinə imkan vermədi, onun müdafiə qüdrətini möhkəmləndirdi, hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər həyata keçirdi. Buradakı bütün fotoşəkillər, kitablar məhz görkəmli dövlət xadiminin canı qədər əziz bildiyi Naxçıvan üçün gördüyü misligörünməmiş işlərdən bəhs edir.
Naxçıvanın muxtariyyətinin yaradılmasından indiyədək ayrı-ayrı illərdə mədəniyyət, təhsil, səhiyyə, turizm, iqtisadiyyat və digər sahələrdə artan statistik göstəriciləri də nəzərimdən yayınmır. Həmin guşədə nümayiş olunan Naxçıvan Muxtar Respublikasının yubileyləri ilə bağlı ölkə Prezidenti və Ali Məclis Sədrinin sərəncamları, son 24 ildə təmir-bərpa edilən qədim abidələrin, tikilən və yaxud yenidən qurulan sosial obyektlərin, muxtar respublikada keçirilən beynəlxalq tədbirlərin şəkilləri müasir dövr Naxçıvanında gedən böyük inkişafdan, aparılan yüksək dövlətçilik fəaliyyətindən xəbər verir. Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı olması ilə bağlı hazırlanan emblem, çıxarılan poçt markası, nəşr edilən kitablar, fotolar həmin qürurverici anların unudulmaz xoş xatirəsini yaradır.
Həmçinin muzeyin 95 illiyi münasibətilə təşkil olunan sərgidə nadir tarixi fotoşəkillər, Ali Məclis Sədrinin bu mədəniyyət müəssisəsinin 95 illik yubileyinin keçirilməsi ilə bağlı 2019-cu il 2 avqust tarixli Sərəncamı, muzey işinin dünəni və bu günü ilə bağlı nəşrlər geniş yer alır.

Ulu öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin” fikirləri ilə muzey ekskursiyam bitir. Yolboyu mədəniyyət ocağında keçirdiyim bir neçə saatın qısa xülasəsi yaddaşımda canlanır. Düşünürəm ki, illər öncə muxtariyyətimizin yaradılması bizə nə yaxşı ki 95 illiyini geniş şəkildə qeyd etdiyimiz, dövlətçilik ənənələrimizin qorunduğu Naxçıvan Dövlət Tarix Muzeyi kimi tariximizin canlı salnaməsini də bəxş edib. Şübhəsiz ki, muxtariyyət yaşadıqca bu muzey də yaşayacaq, günü-gündən zənginləşən fondu ilə tarixi kimliyimizi bütün dünyaya bəyan edəcək.

 Nail ƏSGƏROV