Bu mövsümdə hər dəfə yolum kəndimizə düşəndə mütləq ocaq qalayıb kətə bişirərəm. Bu dəfə də elə oldu. Yaşı 96-nı ötmüş nənəm deyər ki, dünyanın ən sevimli kababından doyanlar da kətəni görəndə yemək istəyər. İsti-isti içərisinə kərə yağı və ya xama qoyularaq sac, təndir  başında kətə yeməyin də öz ləzzəti var. Onun ən xoşladığı və “bu, çox  faydalı yeməkdir”, –  dediyi kətə xüsusi qaydada bişirilir. Nənə deyir ki, müxtəlif kətə xəmirləri eyni qaydada hazırlansa da, pencərlər fəqli olduğu üçün bişirməyin də  öz üsulu var. Dilbər nənə onun dediyi qaydada yoğurduğum xəmiri kündələməyimi istəyir. Kündələr hazır olana kimi bazardan alıb gətirdiyim cacığı, qirxbuğumu yuyub aşsüzənə tökürəm ki, suyu çəkilsin. Kənddən yığdığım salmancanı doğrayıb duzlayır, içərisinə soğan da qatıram ki, daha dadlı olsun.

Mərəçöyüdü axşamdan bişirib hazır qoyduğunu deyən nənə qırxbuğumu kiçik hissələrə bölür, qonşu Xəzəl xalaya verir ki onu yaxşıca ovsun. Bir anlıq fikrə dalan nənə deyir: – Cavan vaxtlarımda elə ki, istilər düşdü, mal-qaranı yığıb yaylağa – Batabatda köçərdik. Payıza kimi o dağların dadlı, min bir dərdin dərmanı olan pencərlərindən yığar, ocaq qalayar kətə, lavaş bişirərdik. Kərədən, qaymaqdan, pendirdən qış üçün tədarük görərdik. Nənənin söhbətinin bu yerində Xəzəl xala qırxbuğuma qaymaq qatıb yaxşıca qarışdırır kündəni yayan evin gəlini Münəvvərə  verir. O da hazır içi xəmirin  içərisə qoyub bükür, gur ocaqda yaxşıca isidilib əvvəlcədən yağla silinən saca salır. Nənəm deyir, bu pencər çox dərdin dərmanıdır. Şahbuzun dağlarında bol olur. Onun dəmləməsinin böyrək xəstəliklərinin müalicəsində əvəzi yoxdur. Qurudub qışa da saxlayırlar. Çayı cana dərmandır. Kətəsi isə yaz yeməklərinin şahıdır.

Nənə izah edir ki, sacda bişirilən kətənin lavaşını bir az nazik, təndirə yapılan kətəni isə nisbətən qalın açmaq lazımdır. Təndirdə bişirilən kətənin xəmirini təzə pendirin suyu ilə yoğurub yapmazdan əvvəl həm təndirin divarlarına, həm də kətənin arxasına duzlu su çiləsən, bu, kətənin təndirin badına daha yaxşı yapışmasına, qopmasına  kömək edər, deyən nənə bir məsləhət də verir: –  Qutaba sumax səpib, narşəraba batırıb  yedikdən sonra bir az qatıq, ya da ayran içmək onun rahat həzm olmasına kömək edir. Ümumiyyətlə, xəmir yeməkləri “ağır” yemək olduğundan onların yaxşı həzmi üçün süfrəyə qatıq, ayran qoymaq məsləhətdir. 

 Kətələrin  hər iki üzü qızardıqdan sonra sacdan götürən Münəvvər kətələri  üst-üstə yığaraq üzərini örtür. Bildirir ki, bu qayda ilə yığanda içləri daha yaxşı buğlanır, yumşalır. O, digər pencərlərin icərisinə pendir tökür və onu da bildirir ki, bəzi pencərlərə – salmancaya, çol keşnişinə, ispanağa pendir qatanda daha dadlı olur. Bunun üçün pendir yuyularaq suyu süzülür, sonra ovulur və az-az pencərə qatılır, xəmirin içərisinə qoyulub bükülür və bişirilir.  

 Söhbətimizə qoşulan evin gəlini Münəvvər ət qutabının hazırlanmasından danışır və bunun daha çox uşaqların sevimli yeməyi olduğunu bildirir. O deyir: – Əvvəlcə un, su və duz qatılmaqla xəmir yoğurulur. Acımış xəmir nazik şəkildə yayılır. Yumşaq qoyun əti və soğan qızardılmışından hazırlanmış qiyməyə lavaşana və ya narşərab qatılaraq qarışdırılır. Həmin qiymə nazik yayılmış xəmirin yarı hissəsinin üzərinə qoyulur, o biri yarısı ilə qiymənin üstü örtülür. Daha sonra qutabın kənarları əllə basılaraq yapışdırılır və sacın üstündə hər iki üzü qızardılır. Münəvvər şor qutabının da hazırlanmasının ət qutabı ilə eyni, sadəcə içliyinə görə fərqləndiyini deyir: şor qutabında içlik kimi şor və ya kəsmikdən istifadə olunur. İçlik şora və ya kəsmiyə göyərti (əsasən şüyüd), duz, istiot, yağda qovrulmuş soğan, nar dənələri əlavə edib qarışdırmaqla hazırlanır. Xəzəl xala onun söhbətinə qoşularaq qeyd edir ki, Kəngərli  rayonunun Təzəkənd, Xıncab kəndlərinin ərazilərində bitən  şomudan da yaxşı qovurma, kətə olur. Pencərlər  yuyulub narın doğranır, duz vurulur, azca ovulur. Xəmirdən kiçik kündələr tutulur, oxlovla yayılır, üzərinə göyərti qoyulur, zərf şəklində bükülür, təndirə yapılır (eyni qaydada sobada da bişirilir).   

       Təndir ki qalandı, maş çöçəsi bişmədi, deməli, Şərura gəlməmisiniz, – deyərək evin gəlinindən axşamdan hazırlanan maş çöçəsinin içliyinə doğranmış cəvizləri qatmağını istəyən nənə onun da xəmiri və hazırlanması  haqqında danışır:

    – Bu kətənin xəmiri digərlərindən fərqlidir. Un, yağ, süd, maya və sarıkökü qarışdırıb xəmir yoğurub acımasını gözləyirlər. Sonra lobya dənəsi və mərcimək yaxşı qaynadılıb süzülur, qovurduğumuz soğanla birlikdə ət maşınından keçiririk. Xəmir yaxşıca acıdıqdan sonra kündə salır, bu kündələri açaraq içərisinə hazırladığımız içlikdən qoyub büküb, yastılayıb, üzərinə yumurta sarısı vurub təndirdə bişiririk. Nənə  onu da bildirdi ki, bu kətə Naxçıvan mətbəxinə məxsus olan ən qədim kətə növüdür.

       Kündələri əvvəlcədən hazır etdiyim üçün içliyi alıb nənəmin sevimli  kətəsi olan maş kətələrini hazırlayır, həyətdəki kiçik təndirə yapması üçün Xəzəl xalaya verirəm. O, maş kətələrini təndirə yapır .

        Sacda, təndirdə bişən kətələrdən qonum-qonşuya da pay tutan nənəm deyir: –  Qızım, bu bir adətdir. Həyətdə bişiriləndən hökmən yaxın qonşulara pay çıxmalısan. Çünki təndir saldın, sacı ocağa qoydunsa, çörək, kətə bişirdin, qovurma elədin, halva çaldınsa, bişirilənlərin ətri ətrafa yayılır. Biz gözümüzü açıb belə görmüşük. Şükür ki, bu adətlərimizi indiyədək də yaşadırıq. Nənəmin sözlərini dinlədikcə yaxşı ki, milli-mənəvi dəyərlərimizin yaşadıldığı bir yurdun insanlarıyıq deyə düşünür və qədim Naxçıvanın bir parçası olan Şərurun Arazqırağı  kəndi Ərəbyengicəyə yazın bəxş etdiyi  gözəlliyi seyr edirəm: Həzin-həzin əsən küləyin dalğalandırdığı çiçəklər, otlar naz satan gözəllərə bənzəyirlər. Torpaq sanki qış günlərində topladığı gücünü, qüdrətini göstərir, qoynunda açan çiçəklərə sığal çəkir. Boy göstərən nanənin, yarpızın, nərgizin, bənövşənin ətrafı bürüyən ətri,  Günəşin istisi ilə qışın soyuq şaxtasından ruhdan düşüb bozaran ağacların çiçək açıb yapraqlanması, təbiətdə olan hər bir varlığın oyanışı  baharın gözəlliyindən söhbət açır. Aprel isə yazın  gözəlliklərinin daha çox hiss edildiyi ay olmaqla bərabər, həm də kətənin ən çox bişirildiyi  vaxtdır. Bu ayda per-pencərin bol olması bu yeməyin çeşidinini də artırır.  Qədim  diyarımıza yaz gələndən səhər ertədən çölə, dağa, düzə yarpız, acıqıcı, mərəçöyüd, salmanca, yelmik, əvəlik, çiriş, qırxbuğum, cacıq toplamaq üçün yollanan qız, gəlinlər xəmir yoğurub dadlı kətələr bişirmək üçün  evə tələsir... Beləcə, Naxçıvan süfrəsinin ləziz bəzəyi sayılan, ləzzətlə nuş edilən bu mətbəx nümunəmizlə həm ailələri, necə deyərlər, nubarçalığa çıxarır, həm də üzün müddət vitaminsiz yeməklərlə qidalandığımız qış fəslindən sonra doğma yurdumuzun halal və bərəkətli torpaqlarından, büllür qədər saf havasından, bol Günəşindən bir ayrı dad-ləzzət alan, orqanizm üçün olduqca faydalı, vitamin və minerallarla zəngin məhsullarla qidalanmaqla immunitetimizin möhkəmləndirilməsinə səbəb olurlar. 

Ramiyyə ƏKBƏROVA