Aşıq Ələsgər – 200


Aşıq yaradıcılığı dedikdə, yəqin ki, mənim kimi bir çoxlarının ağlına el arasında Dədə Aşıq kimi tanıdığımız Aşıq Ələsgər gəlir, elə deyilmi? Hələ orta məktəbdə oxuduğumuz illərdə öyrəndiyimiz bu gün də qulaqlarımızda çığnayan “Bahar fəsli, yaz ayları gələndə süsənli, sünbüllü, lalalı dağlar” misralarını dilimizdə əzbər etməklə, bir çox ədəbiyyatsevərin qəlbində Aşıq Ələsgər adlı bir dünya yaranmışdı. O dünya ki özündə ümman qədər sazın əvəzolunmaz sehrini, sözün əlçatmaz şöhrətini birləşdirərək ədəbiyyatımızda silinməz iz buraxmışdı. Biz də aşıq sənətinin bütün sirlərini öz poeziyasında əks etdirən, yaradıcılığına nəzər yetirəndə, sanki qollu-budaqlı, min bir şaxəli həmişəyaşıl ağacı xatırladan Ələsgər poeziyasından bəhrələnərək onun sirli, sehrli aşıq dünyasına şifahi xalq ədəbiyyatımızdan əldə etdiyimiz zəngin məlumatlar əsasında kiçik səyahət edib oxucularımızı maarifləndirmək istəyirik. Bu yaradıcılıq dünyasına səyahətimizdə bizə Dədə Ələsgərin şeirləri bələdçilik edərək aşığın maraqlı, keşməkeşli həyatının böyük bir hissəsini məhz aşıq sənəti kimi mənalı bir yaradıcılığa həsr etməsindən danışacaq. 

 

Aşıq sənətinin görkəmli nümayəndələrindən olan ustadlar ustadı Dədə Ələsgər yaradıcılığı bizlərə ilk olaraq onun həyatı barədə söhbət açır. O, 1821-ci ildə, Novruz bayramı ərəfəsində Göyçə mahalının Ağkilsə kəndində şair təbli Alməmməd kişinin ocağında dünyaya gəlmişdi. Kiçik yaşlarında bir müddət atasının dülgərxanasında işləmiş, daha sonra atası onu Kərbəlayı Qurbanın yanına şəyird kimi göndərmişdi. Amma burada olduğu illər onun qəlbinə elə bir eşq yarası vurur ki, təsəllini yalnız bağrına sazı basıb nakam məhəbbətinə qoşmalar, gəraylılar ifa etməklə tapır. Belə ki, burada o, ustadı Kərbəlayı Qurbanın yeganə qız övladı olan Səhnəbanuya aşiq olur. İllər ötdükcə onun gənc qəlbindəki ülvi məhəbbəti də şölələnir. Amma nə çarə? Ustadı Kərbəlayı Qurbanın qardaşı Pullu Məhərrəm bu izdivacdan xəbər tutaraq Səhnəbanunu oğlu Mustafaya alır. Və beləliklə, beşillik zəhmətdən, fədakarlıqdan sonra Ələsgər kor-peşman halda doğma kəndinə, atasının yanına qayıdır. Bəlkə də, elə buna görə o, yarım qalan nakam məhəbbətini bu cür nəzmə çəkməklə həyata gileylənmişdi “Gözü yaşlı, ey füqəra Ələsgər, işi əysik baxtı, qara Ələsgər. Olmadı dərdinə çarə Ələsgər, həsrət əlin o dildara yetmədi”...

Ustadı Kərbəlayı Qurbanın yanından ayrılıb öz məmləkətinə qayıtsa da, qəlbindəki məhəbbətin acı yükünü ömrünün sonuna qədər daşıyır. Üz döndərdiyi taleyini isə bu ifadələrlə nəzmə çəkir “Bu dərd qaldı Ələsgərin canında, Haqq-nahaq seçilər haqq divanını da. Gövhər zibil oldu nadan yanında, Dünya mana tara döndü, nə döndü!”
Atası Almməməd kişinin özü də şeir ovqatlı olduğu üçün nakam sevginin, məhəbbətin nə olduğuna yaxşı bələd idi. Ələsgərin saza, sözə olan marağını da anladığı üçün bilirdi ki, bu boylu-buxunlu, şux yerişli, dik qamətli oğlandan yaxşı el aşığı olar. Elə buna görə də Kəlbəcərin Qanlıkənd kəndindən ona bir saz alıb gətirir. Çox keçmir ki, gənc Ələsgərin istedadlı əlləri saza yatır. Tez bir zamanda çalıb-oxumağa, qoşmalar, gəraylılar ifa etməyə başlayır. Nə qədər istedadlı, bacarıqlı olsa da, Alməmməd kişi yaxşı bilirdi ki, Ələsgərin əsl el aşığı kimi formalaşmasında bir ustada ehtiyacı var. Elə bu səbəbdən onu bu dəfə də Göyçə mahalının məşhur aşığı olan qızılvəngli Aşıq Alıya şəyird verir. Burada olduğu beş il müddətində özünün qeyri-adi istedadı sayəsində bu müqəddəs sənətin sirlərini öyrənir. Yaradıcılığında aşıq sənətinin bütün sirlərini əks etdirib, ecazkar şəkildə cilalayıb, düzüb-qoşub bir-birindən maraqlı şeirləri, o cümlədən dodaqdəyməz, dildönməz, cığalı, müstəzad təcnis, gəraylı, müxəmməs, hərbə-zorba, bağlama, deyişmə, mərsiyə janrlarını sənətə çevirib sazın əvəzolunmaz sehrindən və sözün şöhrətindən yoğurulan bir xəzinə yaratdı. Aşıq Ələsgər xəzinəsi... Qısa zaman ərzində el arasında o qədər sevilir ki, xoş sədası ölkənin hər yerinə yayılır. Diyarın hər yerindən bu qüdrətli aşığın meydan deyişmələrinə şahid olmaq, rəqiblərinin ərbə-zorbasını böyük həvəslə eşitməyə gəlirlər. Məclislərin, şadlıqların bəzəyi olan bu el aşığı ilə bir yerdə olmaq, onun bir-birindən maraqlı deyişmələrinə tamaşa etmək isə insanların arzusuna çevrilir. Çünki Aşıq Ələsgər elə-belə aşıq deyildi. Onun gözündə həqiqi el aşığının yüksək əxlaqı, mənəviyyatı olmalı idi. “Aşıq olub diyar-diyar gəzənin, əvvəl, başda pür kamalı gərəkdi. Oturub-durmaqda ədəbin bilə, mərifət elmində dolu gərəkdi” misraları da bu fikrin həqiqətini təsdiq edir .
Aşıq Ələsgər yaradıcılığının bütün dövrlərində ali əxlaq aşılayan şeirləri yazıb-yaradaraq xalqına çatdırıb, uzun qış gecələrində yorulmadan məclislər aparıb. Yaşadığı dövrə nəzər yetirsək, görərik ki, yüzlərlə, bəlkə də minlərlə savadsız insana mənəvi saflıq, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olub. Deməli, Dədə Ələsgər fəaliyyətinin bütün dövrlərində, ümumən, Vətənin, xalqın, bəşəriyyətin gözəl gələcəyi, firavanlığı, xoşbəxtliyi naminə çalışıb. Öz aşıq sənətinin əvəzolunmazlığını şeirləri ilə Ələsgərsevənlərə miras qoyub. “Ələsgər haqq sözün isbatın verə, əməlin mələklər yaza dəftərə, hər yanı istəsə baxanda görə, təriqətdə bu sevdalı gərəkdi...” misralarını isə tamamilə haqlı olaraq deyirdi.
Sənətinin əvəzolunmaz nasehi, böyük siması olan Dədə Ələsgərin yaradıcılığında el gözəllərinin tərifi böyük üstünlük təşkil edir. Səhnəbanuya olan məhəbbəti gənclik illərinin xatirələrində silinməz iz buraxsa da, ömrünün gələcək illərində yazdığı “Telli”, “Güləndam”, “Gülpəri”, “Maral”, “Ceyran” kimi şeirləri də məhz ülvi məhəbbətinin carçılarıdır. Hələ nökərlik illərindən saf eşqin nə olduğunu dərk edən Aşıq Ələsgər 40 yaşına qədər subay qalmış, evləndikdən sonra da qarşılaşdığı uğursuzluqları bədii boylarla və yanıqlı bir dildə əks etdirmişdir. Hətta ömrünün son dövrlərində “Ələsgərnən bəd başladın cavan vaxtdan, fələk”, – deyərkən belə uğursuz məhəbbətinə işarə etmişdir.

Səni gördüm, əl götürdüm dünyadan,
Ala gözlü, qələm qaşlı Güləndam!
Alma yanağına, bal dodağına
Görən kimi ağlım çaşdı, Güləndam!

İnsan yaşadığı yerlə bütünləşir deyər ariflər. Göyçə mahalının təmiz havası, büllur gözlü bulaqları, başıqarlı dağları Ələsgəri bir yaradıcılıq həvəskarı, el aşığı, təbiət vurğunu etmişdi. Şeirlərinin, qoşmalarının bir çoxunda məmləkətinin al-əlvan təbiətini daim nəzmə çəkərək öz sənətini məhz yurdunun gözəlliyinə bağlayırdı. Ağkilsə kəndinin xoşxasiyyət, qonaqpərvər insanları, təbiətinin füsunkar, bənzərsiz gözəlliyi bu həvəskar aşığı Dədə Ələsgər kimi yetişdirərək dünyaya tanıtdı. Bu səbəbdən o, şeirlərində daim “Adım Ələsgərdi, Göyçə mahalım”, “Adım Ələsgərdi, əslim Göyçəli”, “Göyçənin qonağa çoxdu hörməti”, – deyərək belə bir diyarın övladı olması ilə fəxr edir:

Adım Ələsgərdi, Göyçə mahalım,
Dolanım başına, mən dərdin alım,
Hüsnün şöləsin xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır.

Yurdunun səfalı təbiəti, başıqarlı, vüqarlı dağlarının əzəməti də yaradıcılığında geniş süjet xəttini təşkil edir Aşıq Ələsgərin. “Bahar fəsli, yaz ayları gələndə, süsənli-sünbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz bir-birindən aralı dağlar”, “Bir ay yarım nobahardan keçəndə, car olur köysündən sellərin, dağlar! Çalxanır sonalar, çığrışır qazlar, zəm-zəm zümzüməli göllərin, dağlar!” ifadələri sübut edir onun yurduna necə də aşiq aşıq olduğunu. Uzunillər doğma el-obasından ayrı düşdüyü üçün viran qalmış məmləkətindən yenə də həmdəmi, sirdaşı olan dağlara gileylənir “Hanı mən gördüyüm qurğu-büsatlar?! Dərdməndlər görsə, tez bağrı çatlar; mələşmir sürülər, kişnəmir atlar; Niyə pərişandı halların, dağlar?!”
Göyçə mahalının zəngin təbiət gözəllikləri ilə yanaşı, ustadı Aşıq Alının elmi də Aşıq Ələsgərin formalaşmasında böyük rol oynayıb. Bu sənətin ilkin sirlərini məhz ustadından öyrənən Aşıq Ələsgərin, ona əsl övlad, oğul məhəbbəti bəsləyən Aşıq Alının adları diyarın hər yerinə nam salır, meydanları həqiqi aşıq kimi lərzəyə gətirən bu iki sənətkarın qoşmaları, şeirləri dillərdə gəzir. Hətta bu iki aşığın şöhrəti, sənətlərinə olan sonsuz bağlılığı, məhəbbəti o yerə çatmışdır ki, camaat arasında “Görəsən, hansı daha üstün aşıqdır – Aşıq Alı, yoxsa Aşıq Ələsgər?” kimi ifadələr də gəzirmiş. Bu iki sənət hünəvərini meydana gətirmək, onların deyişməsinə şahid olmaq isə aşıqsevərlərin çoxdankı arzusu idi. Mahalın camaatı Aşıq Alının kəmhövsələ, insanların fikrinə tez önəm verən biri olduğunu bildikləri üçün belə bir qərara gəlirlər ki, şayəd Aşıq Alıya şəyirdi Ələsgərlə bağlı lağlağı sözlər desək, bu iki aşıq meydanda deyişməyə duracaq. Bu minvalla biz də arzumuza çatarıq. Mahal camaatının istədikləri kimi də olur. Günlərin bir günü bu iki sənətkarı qızışdırıb toyda üz-üzə gətirirlər. Aşıq Alı insanların dilində gəzən “Aşıq Ələsgər deyir ki, mən ustadım Aşıq Alıdan daha üstün aşığam” fikrini puç etmək üçün Ələsgəri deyişməyə, hərbə-zorbaya dəvət edir. Lakin aşıqlıq sənətinin sirləri ilə yanaşı, ədəb-ərkan qaydalarını da ustadından öyrənən Ələsgər bu təklifdən üz döndərmək istəsə də ustadı imkan vermir ki, vermir. Deyişmənin ən qızğın yerində Ələsgər ustadının pis vəziyyətini görüb böyük bir təvazökarlıqla “Başına döndüyüm, xaliqdi sübhan, haçan qüdrətindən yağ damar-damar, bir şəyird ki, ustadına kəm baxa, onun gözlərinə ağ damar-damar” ifadələri ilə ortalığı sakitləşdirməyə çalışır. Bütün məclis Aşıq Ələsgərin ustadına olan sədaqətinə, məhəbbətinə heyran qalır. Aşıq Alı isə qurmanı anlayıb şəyirdinə cavab olaraq “Alı deyir dünyam oldu dar indi, daha qalmayıbdı etibar indi. Məğlub olub, eyləyərəm ar indi, sellənib gözümdən yaş damar-damar”, – deyib Ələsgərin alnından öpür. Budur Dədə Ələsgərin ustadına, sənətinə bağlılığı. Budur həqiqi el aşığı.
Dədə Ələsgər yaradıcılığını fərqləndirən digər üstün məqamlardan biri də atalar sözləri, zərbi-məsəllər, o cümlədən hikmətli fikirlərin onun şeir dili və üslubunda məharətlə istifadə olunmasıdır. Qoşmalarında, şeirlərində, gəraylılarında istifadə etdiyi atalar sözləri, məsəllər əsərlərinə müstəsna rövnəq verərək onu el dilində ifadə edilən ən gözəl sənət əsərlərinə çevirir. Bu ifadələrdən elə məharətlə, elə ustalıqla istifadə edir ki, onlar həm şeirlərin dil üslubunu sanballaşdırır, həm də, axıcılığına rəvac verir: “ Dost uzaq olmaqla, könül yad olmaz”, “Qonşuya kəc baxan özü ac olar”, “İyid odur namusunu atmasın”, “Görürsən ki, baxtın yatıb sən də yat”, “Dost yolunda boran, qar olacaqdır”, “Qarı düşmən bir də gəlib dost olmaz” və sair kimi ifadələrin əsərlərdə ustalıqla ifadə edilməsi onları təsirli, fikirləri daha qüvvətli edib:

Alçaqda dayan ki, çıxasan başa,
Tülküsən, aslanla girmə savaşa.
Gəl yapışma gücün çatmayan daşa,
Götürə bilməzsən, zora düşərsən.

Xalqın həyatına yaxşı bələd olan el aşığı üçün dövrün çətinlikləri də şeirlərində əsas hədəflərdən biri idi. Ulu ozanımız insanların dərdlərinə qəlbən şərik olan şeirlərində, qoşmalarında, gəraylılarında bəzən gizli, çox zaman isə açıq şəkildə etiraz səsini ucaldaraq haqsızlıqlara, ədalətsizliklərə qarşı çıxıb. Dövrün özündən razı bəylərini, zülmkar xanlarını, molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizlikləri özünəməxsus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə, sonsuz məhəbbətlə sevmiş və tərənnüm etmişdir. Aşıq Ələsgər zəhmətkeş kütlənin ağır, dözülməz güzəranını görmüş, azğın mülkədarların, ağaların, bəylərin qeyri-insani davranışlarına şahid olmuş, ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi bəlaları bütün qəlbi ilə hiss edərək öz yaradıcılığında əks etdirmişdir.

On səkkiz min aləm, yetmiş iki dil,
Ülfət qılır bir bazarın içində.
Kimi ətlaz geyi, tirmə qurşayır
Kimi üryan gəzir qarın içində

1918-1919-cu illərdə daşnakların yurdumuza olan hücumlarında Göyçə mahalı da bu təcavüzkarlığın qurbanı olaraq çapılıb-talanır. Əhalisinin böyük bir qismi öz el-obasından didərgin edilərək başqa yerlərdə məskunlaşmağa məcbur edilir. Bu qanlı-qadalı hadisələr Aşıq Ələsgərin taleyindən də yan keçmir. Belə ki, o, iki il müddətində Yanşaqda yaşadıqdan sonra Tərtərə köçür, bir müddət də burada məskunlaşmaq məcburiyyətində qalır. Yaşadığı hər yerdə elin camaatı tərəfindən böyük ehtiramla, hörmətlə qarşılanır. Lakin qürbətdəki heç bir gözəllik Ələsgərə Göyçəni unutdura bilmir. Həsrətində olduğu, tez-tez sazını bağrına basıb köksünə pənah apardığı dağların arzusu qəlbində qubar bağlayır. Vətən həsrətilə söylədiyi şeirlərin, qoşmaların, gəraylıların misralarının hər birində çəkdiyi hicran açıqca duyulur:

Həsənnənə, Həsənbaba qoşadı,
Xoşginab yaylağı xoş tamaşadı.
Arsız aşıq elsiz niyə yaşadı.
Ölsün Ələsgərtək qulların, dağlar!

Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında da “varlıqla dost, yoxluqda kənar” olan müxənnətlərdən, nadinc insanlardan uzaq gəzməyi məsləhət görərək deyirdi: “Ələsgər, mətləbin xudadan istə, kərəm olmaz müxənnəsdə, xəsisdə, bəylik, göylük, səylik olan məclisdə, qaç ki, orda xeyir-bərəkət olmaz”.
Amma əldən nə gəlir? Düşmənin xalqının başına açdığı müsibətlər, övladının qaçaq həyatı yaşamağa məcbur olması sənin də taleyini alt-üst etmişdi, ustad! “Özüm aşıq oldum, oğlum gülləçi”, – deyərək övladın Bəşirin işlədiyi acı cinayəti qəlb yanğısı ilə nəzmə çəkərək “Nagah badi-sərsər əsdi üzümə, ömür bostanımın tağı kəsildi, öz əlimdən xəta dəydi gözümə, bədəndən qolumu sağı kəsildi”, – deyib şikayətlənirdin bu dünyanın sərt üzünə. Bəlkə də, buna görə qismətinin keşməkeşliyindən, dərdindən, kədərindən dünyaya üz döndərmişdin. 105 illik bərəkətli ömrün yaşadıqların ucbatından səni cana doydurmuşdu. Bəlkə də buna görə ömrünün son illərində “Səksəni, doxsanı ötübdü yaşım, qovğaya düşübdü bəlalı başım. Əzrail həmdəmim, məzar yoldaşım, daha köç təbilin çal, qoca baxtım!” deyərək gəlimli-gedimli, bir ucu ölümlü dünyadan üz döndərib gileylənmişdin bu həyata. Amma sən ədəbiyyatımızda elə bir silinməz iz buraxmısan ki, bundan sonra da şeirlərin, qoşmaların, gəraylıların dillərdə gəzərək səni yaşadacaq, yaşatdıracaq...
Ədəbiyyatımızda aşıq sənətinin görkəmli ustadı, yüksək mənəvi ideyaların həqiqi carçısı olan Aşıq Ələsgər irsinin öyrənilməsi, onun qorunub yaşadılması üçün dövlətimiz tərəfindən məqsədyönlü addımlar atılmış, uğurlu layihələr icra olunmuşdur. Azərbaycan folklorşünaslarının, ədəbiyyatşünas alimlərin təşəbbüsləri ilə Aşıq Ələsgərin əsərlərindən ibarət kitabların nəşr edilməsi sözügedən məqsədyönlü layihələrin davamıdır. Bununla belə, 1972-ci ildə Aşıq Ələsgərin anadan olmasının 150 illik yubileyi Azərbaycanın hər yerində böyük təntənə ilə qeyd olunmuş, bu münasibətlə Azərbaycan Elmlər Akademiyası tərəfindən onun əsərlərinin ikicildlik elmi nəşri hazırlanmış və nəşr etdirilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı ilə bu il görkəmli söz ustadının, el ozanının yubileyi ölkəmizdə yüksək səviyyədə, təntənəli surətdə qeyd olunur. Dövlət Sərəncamında deyilir: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərlər ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir... Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyi məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir”.
Aşıq Ələsgərin 200 illik yubileyinin ölkəmizlə yanaşı, muxtar respublikamızda da geniş surətdə qeyd olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilmişdir ki, bu da görkəmli el aşığının ədəbi irsinin diyarımızda təşəkkül tapmasına geniş surətdə rövnəq verən əsaslı addımdır.

Bəli, əziz oxucum. Aşıq sənətinin həmişəbaharı, görkəmli el ağsaqqalı, xalq ozanı Dədə Ələsgərin milli-mənəvi irsi hər birimiz üçün maraqlıdır, dəyərlidir. Şeirlərində türkçülük ideologiyasının zəngin xüsusiyyətlərini, dil zənginliyini, xalq-məişət üslubunun rəngarəng çalarlarını ustalıqla ifadə edərək “Ələsgərəm hər elimdən halıyam” misraları ilə sənətinin padşahı olduğunu, “Mən istərəm alim, mömin düz ola, meyili haqqa doğru, yola düz ola”, – deməklə dəyərli nəsihətlərini bir daha nəzmə çəkir. Ondan bizə həyat dərsi kimi, əbədi yaddaşlarda qalan misralar xalq ruhundan süzülüb gəlməklə hələ neçə yüzilliklər sonra da könlümüzü, ruhumuzu oxşayacaq.

Məcid RƏŞADƏTOĞLU