Şuşanın dağları başı qara dumanlı...

Ana yurdum Azərbaycanın mədəniyyət beşiyi, irfan və elm ocağı olan Şuşa şəhəri... XX əsrin 80-ci illərində namərd düşmənin məkrli istəklərinin hədəfinə çevrilən qədim yurd yerim. 1988-ci ildən erməni təcavüzkarlarının əzəli-əbədi torpaqlarımız olan Qarabağımıza qaldırdığı, heç bir ağla və məntiqə söykənməyən saxta torpaq iddiaları sənin də taleyini alt-üst etmişdi. Həmin illərin xatirələri hələ də hər bir Azərbaycan vətəndaşının, ən başda da sənin qəlbində odlu-alovlu anlar kimi xatırlanır. Uzun illər, deyərdim ki, tariximizin hər sətrində adı çəkilən və daim yurdumuza yağlı tikə kimi baxan bədnam qonşu bu dəfə də işğalçı arzularla gəlmişdi torpaqlarımıza. O dövrlər hakimiyyətdə olan durğunluq, ordu və silah-sursat yetməzliyi, siyasi səriştəsizlik də Şuşanın işğalına öz layiqli "töhvəsini" vermişdi. Uzun illər Qarabağın başını alan qara buludlar artıq doğma diyarımız, mənəviyyat, maarif ocağı olan Şuşanın da müqəddəratını həll etmişdi. Hər dəfə adını eşitdikcə könlümüzdən istəksizcəsinə qopan "Havalansın xanın səsi, Qarbağın şikəstəsi" kimi şux sədalar bir anın içində aramsız hayqırtılara döndü. Hər daşından, qayasından axan füsunkar gözəlliklərin, şuşalılara daim isti qucaq, doğma ocaq olan torpağın bir göz qırpımında özgələrin tapdağına çevrilmişdi. Ucu şişpapaqlı dağların qoynunda qurduğun yurdun-yuvan "Gəlin, gəlin xilas edin",- deyirdi əli-qolu bağlı olan xalqına. İllərlə xan qızı Natəvanın həsrətini çəkən xarıbülbül bu dəfə də boynunu büküb izləyirdi bu dəhşətli hadisələri. Düzdür, həsəd aparılacaq əlçatmaz gözəlliyin ta qədim zamanlardan üzübəri daim səni özgələrin, yadların əvəzolunmaz xəyalına, arzusuna çevirmişdi. Mətinliklə, qorxmazcasına dayanmışdın uzun illər düşmənin qarşısında. Bir an belə olsun geri çəkilmədən bir ovuc torpağından pay etməmişdin düşmənə. Amma bu dəfə fərqli idi. İllərlə pusquda dayanan düşmən xalqımızın zəif anında aldı səni bizdən. Çətin idi sənin üçün, çox çətin idi. Çünki çarəsiz şəkildə Uca Yaradanın yazdığı acı, qanlı-qadalı taleyinə təvvəkül edib şeiriyyət, mənəviyyat ocağı olan bağrını şəhid yurduna çevirdin. 30 il doğma Azərbaycanın musiqi, gözəllik, poeziya aşiqi olan xalqımızın xiffətini etdi xarıbülbül, İsa bulağı, Xan qızı Natəvanın isti ocağı.

Mənfur düşmənin Şuşa üzərinə hücumları artıq 1992-ci ilin aprel ayının 27-dən başlanmışdı. Həmin andan etibarən bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar qəti surətdə Şuşa üzərinə hücuma keçmişdilər. Şuşa üzərinə hücum əməliyyatını o zaman ermənilər "Dağlarda toy" adlandırmışdılar. Lakin bu "toy"un səsi Bakıda eşidilmirdi, çünki iqtidarla müxalifətin başı hakimiyyət davasına qarışdığından Qarabağ yaddan çıxmışdı. Şuşamın qulaqbatıran imdad sədalarını, hayqırtılarını isə bircə şuşalılar eşidirdi...

1992-ci il 8 may... Xatırlamaq çətindi həmin günü. Doğma Şuşanın Azərbaycandan qoparıldığı, illərdir bu torpaqda özünə isti ocaq quran şuşalıların əziz Vətəninin əlindən alındığı gün idi bu tarix. İllərdir, işğal planları quran düşmən dörd bir tərəfdən üzük qaşı kimi şəhəri mühasirəyə alaraq iriçaplı artileriyalardan atəş açmağa başlamışdı. Gərgin döyüşlərin məngənəsində, aramsız açılan atəşlərin səsində sanki göy üzüdə lərzəyə gəlmişdi. Xankəndi və Xocalıda törədilən misilsiz soyqırmdan sonra sabaha olan ümidləri puç olan şuşalılar nə olursa olsun sarsılmaz əzmlə, geri çəkilmədən mübarizə aparır, həttda düşmənə sarsıdıcı zərbələr endirməyə qadir olurdu. Amma Şuşanın işğalı düşmən üçün böyük strateji əhəmiyytə malik idi. Bu səbəbdən hələ o dövrdə daimi ordusu və həqiqi lideri olmayan Azərbaycan xalqı əlindən gələni etsə də Şuşanı qoruya bilmədi. İllərdir, quzu cildində görünən əlləri ancaq körpələrin, məzlumların qanına bulanan düşmən arzusuna çatmışdı. Şuşanı işğal edə bilmişdi.

Həmin gün-1992-ci il 8 may tarixində Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilmiş, 600 nəfər yaralanmış, 22 min nəfər öz yurdundan didərgin düşmüşdür. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilərək məhv olunmuşdu. Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla, bütövlükdə, 279 dini, tarixi və mədəni abidələrimiz düşmən vandalizminin nəticəsində yararsız hala gətirildi. Ermənilər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsilməktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdaraq öz vəhşi və heç bir savaş qanunlarına sığmayan cılız simalarını göstərmişdilər. Ümumilikdə, 1992-ci il mayın 8-də Ermənistan ordusunun Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadratkilometr ərazisi düşmənin nəzarətinə keçmişdi. Artıq dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada  qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də boynu bükük qaldı. Cıdır düzü namərdlərin tapdağına çevrildi. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün, Üzeyirin, Natəvanın heykəlləri doğma vətəninə qaydacağı günün xəyalları ilə yaşamağa məcbur edildi. Beləliklə, Vətənin hər daşını üst-üstə qoyaraq özünə yurd-yuva quran insanlar ürəklərində daşıdıqları həsrət alovlarının içində yanaraq qovruldular.  

Vətəndə Vətən həsrəti...

Vətənlərinin amansız işğalı nəticəsində iyirmi mindən artıq Şuşa sakini öz ata-baba ocağından didərgin düşdü. Necə də çətindir bir anının, bir neçə saatın içində ocağından, haqqın olan torpaqdan qovulmaq. Sən onu gəl birdə şuşalıların həsrətli gözlərindən, torpaq deyib yanan ürəklərindən soruş. Elə yazımın bu məqamında bir neçə il bundan öncə Bakı şəhərində olarkən əslən Şuşadan olan məcburi köçkün Zərifə xanım Quliyeva ilə olan söhbətimi xatırladım. O deyirdi ki, Şuşada olarkən gənc yaşlarımdan, 18 yaşımdan rabitədə çalışdığım üçün tez-tez paytaxt Bakı ilə əlaqə saxlaya bilirdim. Əlaqələrimin hamısında ölkədə olan siyasi böhran telefon dəstəyinin digər tərəfində olan həmsöhbətlərimin səs tonundan aydın hiss olunurdu mənim üçün. Söhbət Qarabağdan açılanda heç kim ümid verəcək bir kəlmə də olsun söz danışmırdı. Çünki vəziyyət göz qabağında idi. Ordunun olmaması, silah-sursatın yox səviyyəsində olması, Xocalıda törədilən misli görülməmiş qırğın, düşmənin məkrli siyasəti hələ Şuşa işğal olunmamışdan bir neçə ay qabaq bizə başımıza gələnləri hiss etdirmişdi. Əlimizdə olan çox cüzi bir qüvvə ilə qoruyurduq yurdumuzu. Artıq 92-ci ildə Şuşa blokada şəraitinə düşdü. Yaxşı bilirdik ki, strateji cəhətdən əhəmiyyətli olan Şuşanın işğalı düşmən üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən bütün canımız, qanımızla qoruyurduq torpağımızı. Amma nə fayda ?! Ağır artileriyalarla təchiz olunmuş düşmən ordusu tez bir zamanda qırmışdı belimizi, almışdı yurdumuzu əlimizdən. İşğal günündən çox əvvəl düşmən bu faciələri bizə yaşatmışdı. Fəryadımıza səs verən olmadığı üçün əlləri-qoları bağlı bir şəkildə yalnız Vətəndə Vətən həsrəti çəkə bilirdik. Bu idi alnımıza yazılan və bizimlə birlikdə xatirəmizdə həmişəlik silinməz iz buraxan qara taleh.

Bu gün mənim timsalımda bütün məcburi köçkünlərin bir arzusu, istəyi var oda doğma şəhərimiz Şuşamız başda olmaqla bütün Qarabağımızın işğaldan azad olunaraq Azərbaycana birləşməsidir. O günə də çox az qalıb. İnanırıq ki, rəşadətli ordumuzun, sarsılmaz iradəmizin və Ali Baş Komandanımızın siyasi qətiyyəti və uzaqgörənliyi ilə tez bir zamnda həsrət bitəcək. Qovuşacağıq ana yurdumuza.

Yurdumun canlı tarix salnaməsi, mədəniyyət beşiyi, Qarabağın baş tacı...

Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinin tarixi də çox qədimdir. Arxeoloqların apardığı genişmiqyaslı araşdırmalar nəticəsində sübut olunub ki, burada hələ eramızdan öncə yaşayış yerləri olmuş və ilk insan dəstələri məskunlaşmışdır. Mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Şiş qayalarla əhatə oluduğu üçün bəzən "Şişə” də deyilib. Tədqiqatların bəziləri isə Şuşa sözünü türk dilində mənasını "uc”, "yüksək” olan "şiş” komponenti ilə əlaqələndirirlər.

Tarixin bir çox dönəmlərində başına yüzlərlə müsibət açılan bu torpaq öz çoxəsirlik tarixini qoruyub saxlamış və gələcək nəsillərə ərməğan buraxmışdır. Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biri, Qarabağın baş tacı olan bu torpaq şeyriyyətimizə, mədəniyyətimizə və tariximizə əbədiyaşar şəxsiyyətlər bəxş etmişdir. Ədəbiyyatımızın ölməz siması Molla Pənah Vaqif, Azərbaycan musiqisində dərin iz buraxmış Üzeyir Hacıbəyov, şeirləri ilə bu yurdun şux ovqatını minlərlə könüldə canlandıran Xurşudbanu Natəvan, Bülbül, Xan Şuşinski və yüzlərlə Azərbaycan ziyalısı məhz bu torpağın bağrında böyüyüb boya-başa çatmışdır. Elmə, maarifçiliyə, şeyriyyətə və ən əsası musiqi sənətimizə verdiyi misilsiz tövhələrə görə  Şuşanı "Kiçik Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi”, "Zaqafqaziyanın konservatoriyası” adlandırıblar. XX əsrdən başlayaraq burada peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edib. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin misilsiz əməyi nəticəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

Bir-birindən maraqlı memarlıq üslubunun ən incə nüaslarını özündə birləşdirən möcüzəvi tikililəri - Şuşa qalası, Şahbulaq qalası, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi kimi ziyarətgahları ilə bir bəxtəvər olan bu yurd Qarabağın baş tacıdır, göz nurudur.

Sən təbiətin ən gözəl möcüzəsisən, Şuşam

Azərbaycanın bağrında uzun illər nisgil bağlamış Qarabağımızın ən uca zirvəsindən, fövqündən boylanır, Şuşam. Əzəmətli qayaların, buz bulaqların, büllur gözlü çeşmələrin, həmişəyaşıl cənnəti xatırladan meşələrin, əzəmətli tikililərin və bağrında böyütdüyü görkəmli ziyalı övladlarından söhbət açır bizlərə. Burada Günəşin zərrin şəfəqləri ilk öncə Cıdır düzünün  həsrətdən ağarmış tellərinə tumar çəkir, Şuşa qalasının qəm çökmüş divarlarını isidərək qayğıkeş ana tək alır ağuşuna. Daha sonra mənbəyini Qarabağ silsiləsinin sinəsində qaynayan bulaqlardan götürərək yurdunun hər bir səmtinə üz tutan Qarqarçay, Xaçınçay, Tərtərçay, Köndələnçay, Ağvançay, Quruçay, Qozluçay çayları ilə addımlayaraq yavaş-yavaş Sarıbaba, Kirs, Sağsağan, Bağrıqan, Çaxmaq, Keçəldağ, Qızıldaş kimi əzəmətli zirvələrin arasından qürub edərək vidalaşır Şuşayla. Günəş hər gün bu torpaqlarda doğduqca onunla birlikdə Şuşanın min illik əzəməti, ucalığı, ululuğu, vüqarı da Vətən göylərinin mavi səmalarında çəngə-çəngə olmuş buludların arasından  xalqımızın ürəyinə böyük iftixarla, ümidlə yol tapır. Qəlbimizi isidir, ruhumuzu oxşayır.

"Dağlarda toy" edənlərə "Toy" tutan ordum

30 illik bir həsrətdə idi Qarabağın dilbər guşəsi olan Şuşa şəhəri. 90-ci illərdə imperialist güclərin köməyi ilə işğal olunan yurdumdan böyük Zəfər Gününə qədər gələcək xoş sözlərə təşnə qalaraq yaşadıq bu müddəti. Hər dəfə cəbhədən əks-hücüm xəbərlərini eşitdikcə sanki elə bu saat Qarabağa qovuşmaq fikirləri bizə qələbə ovqatı verirdi. Bu arzuaların bir gün gerçəyə dönüşəcəyi ümidi isə xalqımızın heç vaxt əlini buraxmadı. Və nəhayət həmin gün gəlib çatmışdı. Qisas günü...

2020-ci il sentyabr ayının 27-də düşmən yenə də öz xislətinə sadiq qalaraq onlarla üz-üzə olan mövqələrdən səngərlərimizə, mülki əhalimizə atəş açmağa başladı. Bu dəfə isə artıq son hədd idi. İllərdir, qəlbimizdə yaşatdığımız, Vətən həsrətindən yoğrulan kinin, nifrətin qüdrəti artıq düşməni sıxışdırmağa qadir olmuşdu. Ali Baş Komandan cənab İlham Əliyevin əks-hücum əmri ilə yurdsevər ordumuz, xalqımız "Dəmir yumduq" kimi birləşərək düşməni illərdir, içində olduğu xülyadan oyatdı. Cəmi 44 gün davam edən haqq savaşımızda ordumuz bıçaq yağı kəsən kimi tez bir zamanda Qarabağın içərilərinə doğru ildırım sürətilə irəliləyərək bir çox kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi düşmən işğalından azad etdi. Bir zamanlar "Dağlarda toy" edənlərə rəşadətli Azərbaycan ordusunun igidləri elə bir "toy" tutdu ki, hələ minillərboyu onların yadından çıxmayacaq. Bir zamanlar Cıdır düzündə yallı gedən, at oynadan düşmənin daim "Qarabağ Azərbaycandır" şüarı qulaqlarında əcəl zəngi kimi çığnayacaq. 30 il müddətində torpaqlarımızdan əldə etdikləri hər bir şey bundan sonra onların hafizələrində həmişəlik şirin yuxu kimi qalacaq. Ali Baş Komandanımızın da dediyi kimi, “İndi biz onlara elə toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar”.

Əziz Şuşa, biz qayıtmışıq !

44 günlük şanlı Vətən müharibəsində işğaldan azad edilən hər bir torpağımızın verdiyi sevinc və qürur hissi bizlər üçün əvəzolunmaz idi. Hər səfərində azadlığa qovuşan rayonlarımızın ilk müjdəli xəbərini Ali Baş Komandanın televiziya qarşısında etdiyi çıxışlarda eşitdikdə qəlbimizdəki yurd yanğısı şadlıqla əvəz olunaraq daha da şölələnirdi. Şuşanın işğaldan azad edilməsi isə tamam başqa əlamətdar hadisə oldu bizlər üçün. Çünki tarixən bu şəhər Azərbaycanın çoxəsirlik dövlətçilik ənənələrinin daşıyıcısı kimi bu gün də xalqımız və dövlətimiz üçün böyük əhəmiyyət kəsb edir. 90-cı illərdən bəri hər bir şuşalının xatirində bəlalı təqvim kimi qalan "8" tarixi isə artıq 30 illik hicranın, həsrətin bitdiyi gün kimi xatırlanacaq. 28 il bundan öncəki "8", 28 il sonra özü ilə birlikdə Şuşanı da xalqımıza gətirmişdi. Bu şad xəbəri isə Ali Baş Komandanın dilindən eşitmək necə də xoş və qürurverici idi.

 Əziz Şuşa, sən azadsan!
   Əziz Şuşa, biz qayıtmışıq!
   Əziz Şuşa, biz səni dirçəldəcəyik!

   Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa işğaldan azad olunan gün - Şəhidlər xiyabanında səsləndirdiyi bu sözlər indi də qulaqlarımızda əks-səda verir. 8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

8 noyabr - bu tarix 28 illik Şuşa həsrətinin sonu – Qələbənin simvoludur. Çünki Azərbaycan milli mədəniyyətinin baş tacı olan Şuşa 2020-ci ilin məhz bu günü işğaldan azad edilmişdi. O gün-bu gün, düz 28 il məhbusluq həyatı yaşadıqdan sonra Şuşa yenidən qovuşdu öz sahiblərinə. Onunla bərabər, Azərbaycan xalqı da ağrılı-acılı, həsrətli illərdən sonra vüsalına, arzusuna qovuşdu. Artıq bundan sonra "Qarabağ şikəstəsi" yanıq dildə oxunmayacaq. Artıq Cıdır düzü Vətən övladlarının oylağına çevriləcək. Artıq Anam Azərbaycanın tarixinin canlı şahidi olan Şuşa öz sahiblərinin bağrında dirçələcək, çiçəklənəcək.

Azadlığın, müstəqilliyin daim olsun, Azərbaycan. Gözün aydın olsun ki, Şuşan sənə qayıdıb, bizə qayıdıb, elimizə qayıdıb. Ürəyi Vətən eşqi ilə döyünən hər kəsin gözləri aydın, Zəfər Bayramı mübarək olsun.

Məcid RƏŞADƏTOĞLU