Təhsil millətin gələcəyidir

   Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda təhsilə göstərilən diqqət onun dinamik inkişafını təmin etməklə yanaşı, həm də gənclərimizin gələcək uğurlarının ən gözəl təminatçısıdır. Yurdumuzun bütün yaşayış məntəqələrində gənclərin inkişafı üçün təhsil sisteminin dövrün tələblərinə uyğun qurulması, formalaşması yüksək təhsil strategiyasının uğurlu inkişafından xəbər verir. Belə ki, lazımi avadanlıqlarla təchiz edilmiş yaraşıqlı məktəb binalarında ən müasir tədris resurslarının, informasiya və kommunikasiya texnologiyalarının istifadəyə verilməsi, o cümlədən ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilbəil artan uğurlarla, ölkəmizə müsbət nəticələr qazandırmaqda davam edir. Bu mənada, sözügedən inkişaf və tərəqqidən lazımi səviyyədə bəhrələnən gənclərimiz istər ailəsinə, istər Vətəninə, istərsə də təhsil aldığı məktəbə böyük sevinc, xoşbəxtlik bəxş edir. Eynilə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin məzunları kimi. Diqqətə çatdıraq ki, artıq iki ildir, ali məktəblərə keçirilən qəbul imtahanlarında şəhərimizdəki 17 ümumtəhsil məktəbi sırasında öz şagirdlərinin uğurlu nəticələri ilə 11 nömrəli məktəb muxtar respublika birinciliyi qazanıb. Elə biz də həmin təhsil ocağının peşəkar müəllim kollektivi ilə yaxından tanış olmaq, yüksək nəticə əldə etməklə ailələrinə sevinc bəxş edib tələbə adını qazanan gənclərimizdən  uğurlarının sirrini öyrənmək üçün sözügedən ünvanın yolunu tutduq.

 

İlk həmsöhbətimiz məktəbin direktoru İlahə Fərəcova oldu. Bəli, bu dünyada bir müəllim üçün şagirdlərinin uğurundan daha şirin, daha əziz nə ola bilər ki, həyatda? İllərinin zəhmətini şagirdinin yüksək nəticəsində görmək kim bilir necə fəxarət dolu ülvi bir hissdir onun üçün.
Müsahibimiz şair Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” kəlamını xatırlatmaqla söhbətə başlayaraq deyir ki, həyatda elm öyrənmək insanın gələcəyinə işıqsaçan bir mayak kimidir. Bu həyatda müəllim adını daşımaq isə böyük məsuliyyət, qürur və şərəf işidir. Məktəb mühiti bir-birindən maraqlı hadisələri, istedadlı şagirdlərin qazandırdığı xoşbəxtlikləri ilə biz müəllimlərin həyatında silinməz izlər buraxır. Təbii ki, məktəb həyatı istedadda şagirdləri bir yerdə cəmləyir. Onları gələcəyin ideal gənci kimi formalaşdırmaq, həyatın enişli-yoxuşlu yollarının gətirdiyi çətinliklərdə onlara həmdəm olmaq hər bir müəllimin şərəf borcudur. Düşünürəm ki, bu mənada, 11 nömrəli tam orta məktəbin peşəkar müəllim kollektivinin rolu danılmazdır. Çünki hər bir şagirdi, sözün əsl mənasında, övladın kimi görmək, yeri gələndə onunla müəllim-şagird münasibətində olmaq, yeri gələndə bir dost, sirdaş kimi yanaşmaq böyük səbir və inam gərəkdirir. Hər kəs etiraf edər ki, müəllim peşəsi necə çətin və məsuliyyətli işdir. Lakin bu şərəfli peşə yolunun ən gözəl nəticələrini şagirdlərimizin qazandığı uğurlarla dadır, çəkdiyimiz zəhmətin şirin bəhrəsini onların timsalında görürük. İnanırsınızmı, şagirdlərimizin uğurlarına şahid olduqca bir müəllim və bir mənəvi valideyn kimi bizlər necə fəxr hissi keçiririk. Bu il də məktəbimizin dörd gənc istedadı öz yüksək nəticələri ilə başda valideynləri olmaqla, məni sevindirib. Bu mənada, məktəbimiz ötən il də öz uğurları ilə 86 faiz nəticə göstərməklə şəhərimizdə yerləşən 17 ümumtəhsil müəssisəsi sırasında birincilik qazanmışdı. Elə bu il də 82 faiz nəticə ilə birinci sıradadır. Bu nəticəni qazanmağımız kollektiv əməyin nəticəsidir. Qəbul imtahanlarının nəticələri açıqlandıqda və şagirdlərimin yüksək nəticə qazandığını eşidəndə çox şad oldum. Çünki əziyyətimiz, bir müəllim kimi çəkdiyimiz zəhmət öz layiqli bəhrəsini vermişdi. Bir əsas məsələni də qeyd etmək istərdim ki, gənclərimiz, ən başda da şagirdlərimiz üçün dövlətimizin diqqət və qayğısı olmadan uğur qazanmaqdan söhbət gedə bilməz. Bu gün hər bir kəsə məlumdur ki, muxtar respublikamızda gənclərin elmə, təhsilə, müxtəlif sənət, peşə sahələrinə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə reallaşdırılan layihələrin bəhrələridir. Ən xoşbəxt hal da orasındadır ki, bu inkişaf və tərəqqinin gətirdiyi uğurları yalnız şəhərimizin təhsil ocaqlarının simasında yox, o cümlədən diyarımızın ən ucqar kənd məktəblərində də görmək mümkündür. Son olaraq Allahdan arzu edirəm ki, həyatın heç bir çətinliyi şagirdlərimizi yormasın, usandırmasın, düşdükləri çətinliklərin məngənəsindən daim alnıaçıq, üzüağ çıxsınlar. Vətənlərinə, valideynlərinə, onları sevən hər bir kəsə layiqli vətəndaş olsunlar. Biz də onların uğurları ilə daim sevinək, fərəhlənək.

Mövzumuzun ilk qəhrəmanı olan Ruhan Fərəcov 656 bal toplamaqla həm təhsil aldığı məktəb üzrə birinci, həm də muxtar respublikamız üzrə 650-700 intervalında nəticə göstərən üç tələbədən biridir. Yaşadığı sevinci bizimlə bölüşən müsahibimiz deyir ki, insan nə olursa-olsun, qarşısına məqsəd qoymadan addım atmamalıdır. Həyat yolunda irəlilədikcə qarşına bir-birindən fərqli çətinliklər çıxır. Həmin çətinliklərin məngənəsindən çıxmaq isə insanın öz əlindədir. Elm yolu da maraqlı və məsuliyyətli olduğu üçün inam və səbir burada həlledici rol oynayır. Öz uğurumdan əldə etdiyim təcrübəyə əsasən demək isdəyirəm ki, ali təhsil almağı qarşısına məqsəd qoymuş gənclər daim özlərində oxumaq, yeni-yeni biliklər əldə etmək bacarığını inkişaf etdirməlidirlər. Bu, gündə 5-10 səhifə kitab oxumaqdan tutmuş, maraqlı hobbi qazanmağa qədər davam edə bilər. Yəni məşğuliyyətini keyfiyyətli bir sahəyə yönəltdiyin müddətdə itirdiyin zaman da sənə qazanc və uğur gətirir. İkinci bir məsələ orasındadır ki, oxuyub öyrənməyə, qazandığın bilikləri təkrar etməyə lap əvvəldən, mən deyərdim ki, 5-ci sinifdən məqsədə çevirsinlər. Bələd olduqları, sevdikləri sahənin ardınca inamla, səbirlə addımlasınlar və bilsinlər ki, inanmaq bacarmağın yarısı deməkdir. Mən də elm yolunun məsuliyyətini çiyinlərimdə uğurla daşıyaraq yaxşı nəticə əldə etmişəm. Bunun üçün şadam, sevincliyəm. Topladığım nəticəmə uyğun olaraq da Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına qəbul olmuşam. Bundan sonra da gələcəyin savadlı bir vətəndaşı olmaq üçün əzmlə çalışacağam.

Bakı Mühəndislik Universitetinin tələbəsi Məhəmməd Hacıyev də 613 bal nəticə göstərməklə ailəsinin, valideynlərinin fəxrinə çevrilib. İnkişaf və tərəqqi əvəzsiz bir nemətdir, – deyən müsahibimiz qeyd edir ki, lap kiçik yaşlarımdan dəqiq fənlərə və təbiət elmlərinə böyük marağım olduğu üçün olimpiadalarda riyaziyyat və fizika fənləri üzrə iştirak edərək dəfələrlə müxtəlif yerlərin qalibi olmuşam. Elə bu səbəbə görə həm müəllimlərim, həm də valideynlərim qəbul imtahanında məndən yüksək nəticə gözləyirdilər. Topladığım nəticə ətrafımdakıları, müəllimlərimi, ailə üzvlərimi qane etsə də, əslində, daha yüksək nəticə gözləyirdim. Bütün tələbələr etiraf edər ki, qəbul imtahanının stresi insana bildiyini də unutdurur. Hətta bəzən elə olur ki, düzgün nəticələri belə, kodlaşdırma prosesində yanlış qeyd edirsən. Bunun üçün imtahanda özünənəzarəti və diqqəti əldən buraxmamaq lazımdır, əks halda, illərin zəhmətini 2 saatın içində puç edə bilərsən. Topladığım nəticəmə uyğun olaraq artıq Bakı Mühəndislik Universitetinin tələbəsi kimi İnformasiya texnologiyaları ixtisası üzrə təhsil alacağam. Hər bir gənc kimi mənim də məqsədim təhsilimi uğurla başa vurduqdan sonra Vətənimin peşəkar, savadlı insanları ilə burada çiyin-çiyinə çalışmaq, gələcəyin istedadlı gənci kimi formalaşmaqdır. Bunun üçün səbirlə, inamla çalışmışam və inanıram ki, bundan sonra da bu yolda səy göstərib məqsədlərimə çatacağam. Hədəfimə çatdığım, valideynlərimin, müəllimlərimin əziyyətini hədər vermədiyim üçün sevincliyəm, xoşbəxtəm. Düşünürəm ki, məqsədin güclü olduğu yerdə insan bütün arzularını reallaşdıra bilər. Təki inamla addımlamağı bacarasan.

Məktəbin digər məzunu 2004-cü ildə Şahbuz rayonunun Aşağı Qışlaq kəndində zəhmətkeş bir ailədə doğulan Fərqanə Mahmudlu deyir ki, həyatda uğur əldə etmək bəzilərinin düşündüyü qədər şans, fürsət məsələsi deyil. Mən artıq tələbə adını qazanmış bir gənc kimi düşünürəm ki, qarşısına ali təhsil almağı məqsəd qoyan hər bir şagird elə ibtidai sinfə qədəm qoyduğu andan etibarən sistemli şəkildə dərslərində fəal olmalı, heç bir fənni bir-birindən seçməməlidir. Məktəbdə təhsil aldığı müddətdə əldə etdiyi biliklər, sözsüz ki, universitetə hazırlaşdığı bir vaxtda da onun əlindən tutacaq. Bəzi şagirdlər düşünür ki, qəbul imtahanına üç il qalmış, yəni doqquzuncu sinifdən etibarən dərslərə başlamaq lazımdır. Çox zaman da bunun nəticələri heç də arzu edilən kimi olmur. Yalnız cüzi bir nəticə əldə etsən də belə, sən öz xəyallarından xeyli uzaqda dayanmalı olursan. Çünki 11 illik bir proqram 3 ildə mənimsəmək bir qədər çətin olar. Bu yol nə qədər zəhmət tələb edən, məsuliyyətli olsa da, nəticəsi insanı bir o qədər sevindirir. İnanın ki, zəhmətin, yuxusuz gecələrin, bir sözlə, elm yolunda, xəyallarının ardınca etdiyin fədakarlıqları öz məqsədinə çatdığın anda unudursan. Şagirdlik illərində çəkdiyin əziyyətlər yalnız hafizəndə şirin bir xatirə kimi qalır. Hər dəfə həyat pəncərəsindən məktəb illərindəki qayğısız günlərinə boylananda daim özünlə qürurlanırsan. Bu yolun inamlı yolçusu kimi mən də 592 bal toplamaqla artıq Naxçıvan Dövlət Universitetinin Dövlət və ictimai münasibətlər ixtisasının tələbəsiyəm. İnanıram ki, gələcəyin savadlı, intellektli gənci kimi Vətənimə layiqli şəxsiyyət olacağam və bu yolda dayanmadan çalışacağam.

Gələcəyin savadlı psixoloqu olacağam deyən, – müsahibimiz Ramilə Nəzərova qeyd edir ki, bu sahəyə olan marağım hələ orta məktəbdə təhsil aldığım dövrlərdə psixologiya mövzusunda oxuduğum kitabların sayəsində yaranmışdı. Bilirik ki, sözügedən peşə özündə ağır məsuliyyəti və çətinliyi birləşdirir. Amma mən bu sahənin çətinliyini dərk edərək addım atmışam. Baxmayaraq ki, imtahanda əldə etdiyim 519 bal nəticəm qarşımda geniş perspektivlər açmışdı. Amma yenə də hər bir kəsin öz xəyalı, amalı var. Həyatda nə olursa-olsun, xəyalının ardınca inamla, səbirlə getməlisən. Heç bir səbəb isə səni yormamalı, bezdirməməlidir. İstər universitet üçün çalışdığın mərhələ olsun, istərsə də ondan sonrakı dövrlərdə qarşılaşdığın uğursuzluqlar səni məyus etdiyi anda gücsüz düşürsən. Lakin düşdüyün yerdən əzmlə, güclü iradə ilə qalxdığın anda xoşbəxtliklərlə dolu gələcək gözəl günlər səni gözləyir. Bütün gənclərimizə, ən başda da hələ orta məktəbdə təhsil alan şagirdlərimizə tövsiyəm odur ki, dərslərinə böyük diqqətlə yanaşsınlar. Ən son ana qədər oxusunlar, öyrənsinlər. Bir günlərini belə, yeni nə isə oxumadan, öyrənmədən keçirməsinlər. Təbii ki, elmlə, dərslə yanaşı, istirahət və asudə vaxtın səmərəli təşkili də lazım gəlir. Lakin unutmasınlar ki, irəlidə onları gözləyən xəyallar, valideynlərinin ümid dolu arzuları və müəllimlərinin onlara olan sonsuz inamı dayanıb. Hər şeydən öncə onları üstün tutsunlar. Bilsinlər ki, sonrakı peşmançılıq heç zaman fayda verməz. Bu çətin yolda bütün şagirdlərə səbir, məsuliyyət, valideynlərinə isə böyük sevinc və xoşbəxtliklər arzu edirəm.
Belə, əziz oxucular. Deyirlər ki, həyat dünya qapısından içəriyə atılan addımla başlayan bir yolçuluqdu. Bu yolda hərənin bir xəyalı, amalı, bir arzusu var. Kimisi həyatını lazımsız işlərə yönəltməklə başa vurur. Kimisi də daim öz üfüqlərini genişləndirmək, dünəni ilə müqayisədə bu gününü daha yaxşı yaşamaq üçün, sözün əsl mənasında, canını dişinə taxır, valideynlərinin, onu sevən hər kəsin başını uca etmək üçün səy göstərir. Elə adlarını çəkdiyimiz gənc fidanlarımız kimi... Bu səmimi söhbətləri dinlədikcə bir daha əmin olursan ki, yurdumuzun işıqlı gələcəyinin, inkişaf və tərəqqisinin parlaq üfüqləri onların həyatında aydın görünməkdədir. Biz də Allahdan arzu edirik ki, həyatın çətinlikləri heç bir zaman onları yormasın, usandırmasın. Hər zaman valideynlərinin sevinc səbəbi, fəxarət mənbəyi olsunlar.

Məcid RƏŞADƏTOĞLU