Ulu diyarımız və layihə haqqında təəssüratlar


Milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi 44 günlük şanlı Qarabağ müharibəsində özünü daha bariz şəkildə göstərdi. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda apardığımız haqq savaşında qəhrəman oğullarımız düşmənin məkrli siyasətini məhv edərək, tariximizin səhifələrinə adlarını qızıl hərflərlə yazdırdı. Torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda böyük fədakarlıq göstərmiş rəşadətli ordumuzun əldə etdiyi zəfər, sözsüz ki, hər bir gəncimizə örnək olmaqla bərabər, həm onların həyat amalı, həm də onların gələcəkdə əsl vətəndaş kimi formalaşmağında böyük stimul olmalıdır. Bu mənada, dövlətimizin daim diqqətdə saxladığı gənclər siyasəti öz uğurlu nəticələrini verməkdədir.

Muxtar respublikamızda təşkil edilən “Marş İrəli” adlı hərbi simulyasiya layihəsinin ikinci günündə tədbir iştirakçılarının təəssüratları da fikirlərimizi təsdiqlədi .
“Bu yurdun insanları çox xoşbəxtdir”, – deyən Azərbaycan Tibb Universitetinin tələbəsi Aysel İsmixanova qeyd edir ki, Naxçıvanda olduğum bu iki gün ərzində heç bir yadlıq, özgəlik hiss etmirəm. İnsanların səmimiyyəti, qonaqpərvərliyi o qədər doğma və əzizdir ki, hətta buradan qayıdacağımı düşünəndə təəssüflənirəm də. Yəqin ki, hər kəs bir yerə səyahət edəndə, mənim kimi o ünvanın insanları haqqında az da olsa, məlumat alır. Növbəti “Marş irəli” layihəsinin bu qədim diyarda keçiriləcəyini eşitdikdə çox sevindim. Çünki Azərbaycanın əzəli-əbədi, ayrılmaz bir parçası olan bu torpağa ilk dəfə idi gəlirdim. Universitetdə mənə çox yaxın olan qrup yoldaşım naxçıvanlı olduğu üçün bu xəbəri alan kimi ilk dəfə onunla bölüşdüm. O da çox sevindi və yurdunun insanlarının qonaqpərvərliyi, milli mətbəxinin zənginliyi haqqında mənə məlumat verdi. Buraya çatdığım anda hiss etmişdim eşitdiklərimlə gördüklərimin üst-üstə düşəcəyini. İnanırsınızmı? Bu şəhərin göz oxşayan gözəlliyi, ən başda da yolların, küçələrin, park-xiyabanların səliqə-sahmanı insanı özünə valeh edir. Ekskursiya çərçivəsində biz Əshabi-Kəhf dini-mədəni abidə kompleksində olduq. Naxçıvanlı yoldaşlarımız duaların hasil olunduğu bu müqəddəs məkan haqqında bizə məlumat verdi. Öyrəndik ki, bura yalnız dini abidə kompleksi deyil, həm də Naxçıvanın çoxəsrlik tarixinin bariz nümunəsidir. Bununla yanaşı, 44 günlük Vətən müharibəsi iştirakçıları ilə təşkil edilən görüş də çox maraqlı keçdi. Qazilərimizin biz gənclərə göstərdiyi səmimiyyət, verdikləri öyüd-nəsihət, müharibədə yaşadıqları və bizimlə bölüşdükləri acı xatirələr, həqiqətən, təqdirəlayiq bir addımdır. Mən inanıram ki, bu cür tədbirlərin davamına bütün Azərbaycan gəncləri tezliklə Qarabağda şahid olacaq, azad bir dövlətin vətəndaşları kimi böyük bir sevinclə də iştirak edəcəklər.

Bakı Dövlət Universitetinin tələbəsi Ruslan Mustafayev deyir ki, hərbi vətənpərvərlik ruhunun gənc nəslə aşılanması üçün təşkil edilən belə silsilə tədbirlər bizlərdə böyük marağa səbəb olur. Bəlkə də, mənim bu fikrimlə bir çoxları razılaşar ki, qazandığımız Zəfər yalnız ordumuzda yox, xalqımızda, ən başda da biz gənclərdə böyük ruh yüksəkliyinə səbəb oldu. Bu mənada, dördüncü dəfədir, ölkəmizdə təşkil olunan “Marş İrəli” layihəsinin bu dəfə Naxçıvanda keçirilməsinin həm strateji, həm də mənəvi əhəmiyyəti var.

Mənəvi əhəmiyyəti ondadır ki, uzun illərdir, cismani surətdə ölkənin ərazi bütövlüyündən ayrı düşən Naxçıvan Muxtar Respublikasının bütün sahələrində inkişaf çox yüksək səviyyədədir. Şəhərin gözoxşayan müasir mənzərəsi və səliqə-sahmanı buna ən gözəl nümunədir. Strateji əhəmiyyətinə gəldikdə isə mənfur düşmənimiz olan ermənilərə gözdağı kimi günü-gündən gülüstana çevrilən bu diyarın qeyrətli insanlarının bir ovuc torpağını qorumaq, onu düşmənə verməmək uğrunda apardığı mübarizədə tarixboyu qazandığı qələbə, İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun naxçıvanlı igidlərinin göstərdiyi şücaət bunun əyani sübutudur. Hər bir vətəndaş kimi diyarımızın uğurlu inkişafını gördükcə insan daha da fərəhlənir, sevinir. Bu cür azad, müstəqil ölkədə yaşadığı üçün şükür edir. yol boyunca uzanan sıra dağlar, dağların qoynunda hər cür şəraitlə təhciz olunmuş yaşayış məntəqələri, kəndlər, yaraşıqlı məktəb binaları və bunun kimi neçə-neçə gözəl mənzərələr insanın ruhunu oxşayır. Bu füsunkar təbiət möcüzəsinin hər daşından, qayasından şahidi olduğu tarixin izləri görünür, Memar Əcəminin, Kalbalı xan Kəngərlinin, Cəmşid Naxçıvanskinin fəxarət dolu həyat izləri duyulur. Naxçıvan bu yurdun insanlarına Tanrının ən gözəl nemətidir.

 Məcid RƏŞADƏTOĞLU