Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhidliyə yüksəlmiş igid eloğullarımızın ömür yolu hər birimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Canından, qanından keçərək şəhid olmaq isə ən böyük şərəf və qürurdur. Onların bizə əmanət qoyduqları ailələrinə dövlətimiz tərəfindən bu gün yüksək səviyyədə diqqət və qayğı göstərilir. Elə bu qayğının daha bir nümunəsidir ki, 26 İyun – Silahlı Qüvvələr Günündə Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Sədri şəhid ailələri ilə görüşüb, 13 şəhid ailəsinə mənzillərin açarlarını təqdim edib. Həmin ailələrdən 2-si Şahbuz rayonunda yaşayır. 

 Bu ailələrlə elə yenicə verilən mənzillərdə görüşmək qərarına gəldik. İlk üz tutduğumuz ünvan şəhid mayor Elşən Orucovun ailəsinə verilən mənzil oldu. Burada bizi şəhidimizin iki qız övladı və həyat yoldaşı qarşılayır. Əfsanə xanım böyük qürur hissi ilə ömür-gün yoldaşından danışır. Deyir ki, 1985-ci il avqustun 11-də Orucovlar ailəsində dünyaya göz açıb Elşən. Elə doğulduğu Ayrınc kəndində ilk təhsilini alıb. Uşaqlıq və yeniyetməlik dövrü torpaqlarımızın işğal ərəfəsinə düşən Elşən o vaxtdan hərb sənətinə maraq göstərməyə başlayır. Bu arzu ilə sənədlərini 2001-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə verir və həmin liseyə daxil olur. 2004-cü ildə liseyi bitirib Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirir. 2008-ci ildə məzun olur. Bir il sonra Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirərək Gəncə şəhərinə, ilk xidmət yerinə göndərilir. 2016-cı ildə o, Füzuli rayonunun Horadiz qəsəbəsində 3 illik xidmətindən sonra Ağcabədi rayonuna göndərilir. Öyrənirik ki, mayor Elşən Orucov Aprel döyüşlərində düşmənin əks-həmlə əməliyyatını qələbə ilə tamamlayan igidlərimizdən olub. Xidməti dövründə o, II və III dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90 və 95 illiyi, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, Aprel döyüşlərində “Döyüşlərdə fərqlənməyə görə”, Vətən müharibəsində Cəbrayılın, Qubadlının azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif edilib. Sonuncu aldığı “mükafat” isə ən ali məqama – şəhidlik zirvəsinə yüksəlməsidir.

Əfsanə xanım onu da qeyd edir ki, Elşən Torpaqtəpədə xidmət etdiyi dövrdə Milli Qəhrəman Mübariz İbrahimovun komandiri olub. Vətən müharibəsinə qatıldığı gündən fürsət tapdıqca bizimlə əlaqə saxlayırdı. Deyirdi ki, bütün şəhidlərimizin, o cümlədən Mübarizin intiqamını almayınca geri dönməyəcək.

Elşən Orucov müharibənin 25-ci günü – oktyabrın 22-si şəhid olub. Nəşi noyabrın 6-sı doğulduğu Naxçıvan torpağına göndərilir və elə doğulduğu kənddə torpağa tapşırılır.
Elşəndən sonra yadigar qalan 12 yaşlı Aygün və 6 yaşlı Günəş bu gün bu Vətənə, qeyrətli Vətən övladlarına əmanətdir. Aygün Orucova deyir ki, atamın iki arzusu var idi: işğal altında olan torpaqlarımızı yağı düşmənlərdən azad etmək, övladlarını Vətənə, torpağa layiq övladlar kimi yetişdirmək... İlk arzusu uğrunda öz canını qurban verdi. Bu gün atam qələbəmizin sevincini yaşaya bilməsə də, əminəm ki, bizi cənnətdən izləyir. Biz də çalışıb onun ikinci arzusunu yerinə yetirəcəyik. Qəhrəman ataya layiqli övladlar olacağıq.
Görüşdüyümüz digər şəhid ailəsi isə 1993-cü ildə Şahbuz rayonunun Külüs kəndində dünyaya göz açan qəhrəmanımız Firuz Qureşlinin ailəsidir.
Burada da bizi kədərli, lakin kədəri qədər qüruru da böyük olan bir ailə – şəhid atası Əli kişi, şəhid qardaşı Yalçın və şəhid xanımı Samirə qarşılayır. Salamlaşıb elə yenicə verilən mənzillə tanış oluruq. Əli dayı deyir ki, ay qızım, oğlumun bir arzusu var idi – məni general atası edəcəkdi, amma ondan da yüksək zirvəyə ucalaraq şəhid atası etdi. Ondan geriyə qəhrəmanlığı və bu gün 2 yaşını qəhrəman övladı olaraq qeyd edən qızı Duyğu qaldı.

Təsəllimiz Vətən, torpaq yolunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən dövlət qayğısıdır. Elə bu qayğının ifadəsidir ki, hərtərəfli şəraitə malik olan mənzillə təmin olunmuşuq. Şəhid övladı adını daşıyan Duyğu böyüdükdən sonra atası haqqında söhbət düşdükcə onların ailəsinə göstərilən ehtiramı görəcək.
Samirə xanım söhbətə qoşularaq deyir ki, Firuzla ailəli olduğu 2 il müddətində o da hərbçi həyatı yaşayıb. 2018-ci ildən leytenant kimi Beyləqan hərbi korpusunun N hərbi hissəsində xidmətə başlayan Firuza 2019-cu ildə baş leytenant rütbəsi verilib. Vətən müharibəsi başlayan gündən döyüşlərdə qəhrəmanlıq göstərən Firuz haqqında yoldaşlarının söhbətlərini dinlədikcə düşünürsən ki, belə oğulları olan Vətən heç vaxt basılmaz.

Vətənin azadlığı uğrunda canını qurban verən minlərlə igiddən biri oldu Firuz. Və inanırıq ki, onun gözü arxada qalmayıb. Çünki Vətənimiz artıq bütöv Azərbaycan olaraq günü-gündən inkişaf edir, qüdrətlənir. Şəhid ailələri də bunu gördükcə böyük qürur hissi keçirirlər. Eyni zamanda dövlətimiz hər bir addımda şəhid ailələrinin yanındadır. Məhz ordu günündə şəhid ailələrinə mənzillərin təqdim olunması da bu qayğının bariz nümunəsidir.

Bəli, dəyərli oxucularımız, deyirlər dərdin böyüyü, kiçiyi olmur. Amma, zənnimcə, bu belə deyil. Dərdin ən böyüyü Vətən, torpaq, azadlıq dərdidir. Bu dərdin yolunda canını, qanını qurban edənlərin hər biri bizim qardaşımız, övladımızdır. Elşən, Firuz və onlar kimi yüzlərlə qəhrəman zəncirləri qırıb, zülmətləri yararaq xalqımızı işıqlı sabaha apardılar. Və ölümləri ilə ölməzlik qazanıb, əbədiyyətə qovuşdular. Vətən yaşasın deyə, onlar düşmənə qaya kimi sipər olaraq şəhidlik məqamına ucaldılar. Bu gün bu ruhda yetişən gəncliyimiz, əli silah tutan hər kəs bir nəfər kimi şəhidlərimizin yolunu davam etdirməyə hazırdır.

 Telli MƏMMƏDOVA