Külüs və Keçili kəndlərində əkilməmiş torpaq sahəsi qalmayacaq

 

Yaz fəslinin gəlişi muxtar respublikamızın insan əli ilə yaradılan gözəlliklərini təbiət fırçası ilə tamamlayaraq büsbütün yeni bir mənzərə yaradıb. Elə gözəl yaz səhərlərinin birində zəngin təbiəti, min bir dərdə dərman sayılan bulaqları, fauna və florasıyla muxtar respublikamızın seçilən bölgələrindən biri olan Şahbuz rayonuna üz tuturuq. Səfərimizin səbəbi isə bütün bölgələrimiz kimi, dövlət qayğısından öz payını alan Külüs və Keçili kəndlərində keçən günlərdə yeni nasos stansiyasının tikilərək istifadəyə verilməsi, həmin kəndlərdə elektrik təsərrüfatının tamamilə yenilənməsindən sonra kənd sakinləri ilə həmsöhbət olmaq, onların fikirlərini öyrənmək, növbəti dövlət qayğısının adıçəkilən yaşayış məntəqələrində yaratdığı ovqatı öyrənmək idi. Əsas mövzuya keçməzdən əvvəl adını çəkdiyimiz yurd yerlərimiz haqqında oxucularımıza qısa məlumat vermək istəyirəm.

Külüs kəndi Zəngəzur dağlarının orta dağlıq qurşağında, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. “Külüs” adının etimologiyası mərhum filoloq alim Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında belə verilir: “Müxtəlif mənbələrdə öz əksini tapan bu ad günümüzə qədər qorunub, saxlanılıb. Tədqiqatçıların fikrincə, adın kühül (mağara) sözündən əmələ gəlməsi ehtimal olunur. V.Qriqoryev adın məna açımına toxunmadan qeyd edir ki, XIX əsrdə Kəngərlilərin salayçı qolu bu kənddə yaşayırmış. Həmin fikrə əsaslanıb deyə bilərik ki, bu ad Kəngərlilərin salayçı qoluna məxsus tirə adlarından biridir”.

Kənd ağsaqqalı, təqaüddə olan müəllim Rəşad Allahverdiyev deyir ki, qədim türk dilində “hündür olmayan yer” mənasında işlədilən “Külüs” adı, həqiqətən də, dağların əhatəsində, ətəyində zonada yerləşir. Kənd sakinlərinin əsas məşğuliyyətinin bağçılıq və heyvandarlıq olduğunu qeyd edən Rəşad müəllim onu da diqqətimizə çatdırır ki, külüslülər nə qədər zəhmətkeş olsalar da, suvarma suyunun çatışmazlığı, yolların bərbad vəziyyəti son dövrlərədək əllərimizi işdən soyutmuşdu. Kəndin cavanları isə zamanla yurdumuzu tərk edib şəraitsizlik ucbatından böyük şəhərlərə üz tuturdular. Bəzən saatlarla, bəzən isə bütöv gün elektrik enerjisinin verilməməsi insanları təngə gətirmişdi. Lakin bu gün kəndimizə gələnlər buraları az qala tanımırlar. Çünki dövlət qayğısı o qədər yüksək səviyyədədir ki, bu yurd yerinin təbii gözəlliklərinə xüsusi bir yaraşıq verir. Məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunaraq istifadəmizə verilib. Bir zamanlar yatsaq, yuxumuza gəlməzdi ki, belə yaraşıqlı, isti sinif otaqlarında dərs keçəcəyik. Müəllimlərimiz yaradılan şəraitdən istifadə edərək ölkə­mizin gələcəyi üçün savadlı, vətənpərvər gənclər yetişdirir. Bu yurd yerinin oğulları 44 gün davam edən azadlıq mücadiləmizdə öz qəhrəmanlıqlarını göstərdilər. Belə ki, zəfər savaşımızda 4 şəhid verdik. Şəhid ailələrinin bu gün hərtərəfli qayğı ilə əhatə olunması da dövlət qayğısının təzahürüdür.

Ömrünün yarıdan çoxunu müəllimlik peşəsinə həsr etmiş müsahibim bu gün öz həyətyanı sahəsində bağçılıqla məşğul olur. O deyir ki, nə qədər insanın qolunda güc, canında təpər varsa, zəhmətdən əl çəkməməlidir. Bu gün yaşım 75-i haqlasa da, sağlam, gümrah qalmağımın səbəbi elə bu dağlar qoynunda təmiz havadan udub, yerli məhsullarla qidalanaraq torpaqdan güc almağımdır. Hasilə gətirdiyim məhsulları həftəsonu yarmarkalarına göndərməklə həm bazarlarımızda bolluq yaratmağa, həm də öz güzəranımızı yaxşılaşdırmağa çalışıram. Kəndimizin iqlim şəraiti arıçılığa da uyğundur. 7 arı ailəsi saxlayır, süfrəmizdə öz məhsullarımızdan istifadə edirik.
Onu da qeyd edim ki, heyvandar­lığın inkişafına da öz töhfələrini verirlər. Belə ki, kənd sakinlərindən Xanlar Həsənov və Tofiq Həsənov ailə təsərrüfatçılarına göstərilən qayğıdan, verilən subsidiyalardan istifadə edərək öz təsərrüfatlarını genişləndiriblər. Onların hər biri 12 baş iribuynuzlu heyvan saxlayır, ağartı məhsulları istehsal edirlər. Öz tələbatlarından artığını isə dükan-bazara çıxarırlar.
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Nemət Cəmiyev deyir ki, kəndimizə göstərilən növbəti dövlət qayğısı bütün sakinləri ürəkdən sevindirib. Bu qayğı kənddə əkilmə­miş torpaq sahələrinə yeni həyat verməkdədir. Şahbuzçaydan qidalanan və suyu 510 metr yüksəklikdə yerləşən sahəyə vurmaq gücündə olan yeni nasos stansiyası bol məhsul istehsalına imkan verəcək. Su sərfi saatda 300 kubmetr olan nasos və gücü 800 kilovat elektrik mühərrikindən ibarət nasos stansiyası vakuum sistemi ilə təmin olunub. Suyun sahəyə verilməsi üçün təzyiqli boru xətləri bərpa edilib, yeni xətt çəkilib. 2140 metr boru xətti üzərində 64 bar təzyiqə davam gətirən 4 əks-klapan, 1 tənzimləyici siyirtmə quraşdırılıb, boru xəttinin dayanıqlılığını artırmaq üçün 18 beton dayaq tikilib, boru xəttinin sonunda 2 hidrant, 2 paylayıcı hovuz quraşdırılıb.

Kənddə həmsöhbət olduğumuz yaşlı və ortayaşlı kənd sakinləri məmnunluq və minnətdarlıq hissi ilə xatırlatdılar ki, həmin nasos stansiyasının tikilməsi layihəsi 40 il bundan əvvəl, hələ Sovetlər Birliyi dövründə nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə bu ərazidə enerji təsərrüfatının normalara uyğun olmaması layihənin icrasına imkan verməmişdir. Müstəqillik illərində muxtar respublikada enerji təhlükəsizliyi istiqamətində görülən tədbirlərin nəticəsidir ki, Şahbuzkənd, Külüs və Keçili kəndlərində elektrik sistemləri yenilənmiş, “Şahbuz” yarımstansiyasının gücü artırılmış, bu isə artıq su təminatını yaxşılaşdıran nasos stansiyasının yaradılması, yüz hektarlarla torpaq sahəsinin əkin dövriyyəsinə qatılması ilə nəticələn­mişdir.
Bu kənddən aldığımız xoş təəssüratlarla üz tuturuq qonşu Keçili kəndinə. Burada da bizi göstərilən qayğıdan sevinc hissi keçirən insanlar qarşılayır. Öncə onu deyim ki, Keçili rayon mərkəzindən 20 kilometr şimal­da, Zəngəzur silsiləsinin yamacında yerləşir. Bir zamanlar bərbad halda olan kənd yolu yerini son dövrlərdə aparılan məqsədyönlü siyasət nəticəsində qaraörtüklü, hamar yollarla əvəzləyib. Elə bu da imkan verib ki, kənd özünün zənginliyi ilə turistləri buraya cəlb edə bilsin. Toponimlərlə zəngin olan kənddə müxtəlif şəlalələrin, insanların inanc yeri olan pirlərin mövcudluğu yurd yerinin qədimliyindən xəbər verir. Burada sıldırım qayanın aşağısında Hovuz piri, Tapın piri, Yarğanın başı piri əhali arasında ən çox ziyarət edilən inanc yerləridir.
Kəndin ən uzunömürlü sakinləri Dadaş Məstəliyev və Abıhəyat Məstəliyevadır. Ağsaqqal sözü ən doğru bələdçidir, – deyib bu ailə ilə tanış olmağa yollanıram. Yaşı 90-ı haqlamış Dadaş baba və Abıhəyat nənə bizi mehribanlıqla qarşılayır. Kəndlərinə gəlişimizin səbəbini öyrənəndə Dadaş baba deyir ki, ay qızım, keçmişi unutmaq, həyatımızda dəyərli işləri ilə iz buraxan, qayğıkeş, mərhəmətli insanlara biganə qalmaq olmaz, əksinə, onlar haqqında cavanlara məlumat vermək borcumuzdur. Yaşadığımız bu gün isə gələcək nəsillərimizə keçmiş olacaq. Ona görə də bu gün bizlərə qayğı göstərən, bu cür ucqar dağ kəndində belə şərait yaradanlar haqqında daim danışmalı, yazmalı və unudulmaması üçün gələcək nəsillərimizə əmanət verməliyik. Bugünkü gənclər ata-babalarının cəmiyyətdə mövqeyindən, iş təcrübələrindən məlumatlı olmalıdırlar. Keçili kəndinin də keçmişi, tarixi lap qədimə dayanır. İndiki gənclərin bizdən təəccüblə dinlədiyi, kitablardan oxuyub öyrəndiyi çətinlikləri biz yaşayaraq bu günlərə gəlmişik. Elektrik enerjisinin saatla verildiyi, demək olar ki, günün əksər saatlarını işıqsız qaldığımız, məcburiyyət qarşısında ağacları kəsərək evlərimizi isitdiyimiz günləri xatırlayanda özümüzə heyrət edirik. Bu gün, şükürlər olsun ki, hər bir mənzil fasiləsiz elektriklə, mavi yanacaqla təmin olunub. Kənddə təsərrüfatla məşğul olan sakinlərə kreditlər verilir, fərdi təsərrüfat sahələri genişləndirilir. Belə qayğının bəhrəsidir ki, kəndli də bu qiymətli sərvətdən ikiəlli yapışır. Keçilidə xidmət mərkəzi, həkim ambulatoriyası, məktəb, kitabxana fəaliyyət göstərir. Hamısı da müasir binalarda yerləşir. Hələ bir neçə il bundan öncə kənd ərazisində baş vermiş sürüşmə nəticəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evləri sökülərək sakinlərə yeni evlər tikilib. Bir sözlə, hər bir şəraitimiz var. Təbii məhsullarla qidalanıb, Çınqıllı bulağının saf suyundan içirik. Qürurlanırıq ki, kəndimizdən onlarla hüquqşünas, alim, müəllim, həkim Azərbaycanın müxtəlif yerlərində xalqımıza xidmət etdiyi kimi, igid, qorxmaz oğullarımız da Vətən keşiyində canlarını sipər ediblər. Elə kəndimizin qüruru Mərhəmət Həmzəyev kimi.

Abıhəyat nənə də söhbətimizə qoşularaq ömür-gün yoldaşının dediklərini təsdiq edir. Deyir ki, əvvəllər gənclərin işsizlik ucbatından kəndi tərk etməsinə dözə bilmirdim. Bu da artıq yoxdur. Əksinə, böyük şəhərlərdə yaşayan kənd uşaqları artıq öz el-obalarına qayıdırlar. Daha nə deyim, ay bala, baxın, – hər şey göz önündədir.
Səmimi söhbətə görə ailəyə təşəkkür edib ayrılıram. Öyrənirəm ki, kənddə 1000-dən çox meyvə ağacı yetişdirən bir bağban da var. Adını sonradan öyrəndiyim Ələddin Məhərrəmovla elə bağ sahəsində tanış olub söhbətləşirəm. Ələddin dayı deyir ki, gözünü açandan öz valideynlərini torpaqla işləyən görüb. Onlardan sonra da bu peşəni özü davam etdirib.
Ələddin dayı bu gün həyətyanı sahəsində cəviz, alma, armud, gilas, gilənar ağacları yetişdirir. Məhsulları yerindəcə satmaqla yanaşı, həftəsonu yarmarkalarına da çıxarır. Qış tədarükü olan kompot, mürəbbələri də elə öz bağlarının məhsullarından hazırlayırlar.
Daha iki yurd yerimizdən xoş təəssüratlarla ayrılıb, təbiət fırçası ilə dövlət qayğısının ahəngindən yaranan bu mənzərəni yazıya almağa tələsirik. Gəldiyimiz qənaət isə budur ki, zəhmət çəkməyən rahatlığın qədrini bilməz. Bir zamanlar min bir zəhmətlə ağır günlərə qatlaşan bu kəndlərin sakinləri artıq firavan günlərini yaşayırlar. Sevinirlər ki, artıq onların kəndlərində də bundan sonra əkilməyən torpaq sahəsi qalmayacaq. Bu isə artıq reallaşıb.

 Telli MƏMMƏDOVA