Tarixi, mədəniyyəti, təbiət gözəllikləri ilə məşhur olan qədim Naxçıvanımızın dadı dillər əzbəri olan meyvələri də vardır ki, onların sorağı uzaq diyarlardan gəlir. Azərbaycanımızın hər hansı bir guşəsinə yolumuz düşdükdə orada Naxçıvandan olduğumuzu bilənlər diyarımızın meyvələrinin mövsümdə təzə-tər istifadə ilə yanaşı, qurusunun da faydasından ağızdolusu danışır, bu meyvələrin dadı damaqda qalır, –   deyirlər. Bu düşüncələrlə də belə meyvələrin yetişdirildiyi ünvanlardan birinə –  muxtar respublikamızın ən böyük rayonu olan Şərura üz tuturam. Yolboyu salınan bağlara baxdıqca  qürur hissi  keçirirəm. Budur, Yuxarı Daşarx kəndinin ərazisində Bəxtiyar Əsədova məxsus olan bağda müxtəlif növ meyvə ağaclarına rast gəlmək mümkündür. Şaftalı ağaclarının çoxluq təşkil etməsi ilk anda diqqəti çəkir. Bağ sahibi ilə həmsöhbət oluram:

– Bağçılıq qədim sahədir. Naxçıvanın meyvə bağları həmişə məşhur olub. Mən də 2 hektara yaxın sahədə müxtəlif şaftalı-hülü sortlarından bağ salmışam. Artıq şaftalılar yetişib. Yığım vaxtıdır. Ötən il olduğu kimi, bu il də məhsulumuz boldur. Bazara çıxarmaqda da heç bir çətinliyimiz yoxdur. Həftəsonu yarmarkaları ilə yanaşı, məhsulu elə gəlib bağdan da alıb aparanlar çox olur. Təsərrüfatda çalışan qadınlar şaftalıdan mürəbbə, marmelad, cem, kompot hazırlamaqla bərabər, həm də onu qurudurlar. 

“Şaftalıdan hazırlanan məhsullar həmişə süfrəmizin bəzəyi olub. Onun mürəbbəsini bişirmək isə xüsusi bacarıq tələb edir”, – deyə söhbətimizə qoşulan Zinyət nənədən bu sirri öyrənirik:
– Mürəbbə üçün şaftalının tam yetişməməyi əsas şərtdir. Öncə qabığını soyub doğrayır, sonra onu əhəngli suya salırıq. Bir-iki saat saxladıqdan sonra çıxarıb yaxşıca yuyuruq. Bir kiloqram şaftalıya bir o qədər də şəkər tozu əlavə edirik. Burada diqqət etməli olduğumuz əsas məqam mürəbbəni bişirəcəyimiz ləyənin dibinin tutduğu qədər şaftalı yığmaqdır. Onu üst-üstə yığsaq, bişəndə əzilər. Şəkər tozunu canına çəkən şaftalının suyu tam üstünə çıxandan sonra onu əvvəlcə vam odda bir dəfə qaynadır, kəfini yığırıq. Sonra ocaqdan götürür, bir az soyuyandan sonra yenidən bişiririk. Bu prosesi bir neçə dəfə təkrar etməklə şaftalı mürəbbəsi hazır olur.

Şaftalının mətindən də söhbət açan Zinyət nənə onu da deyir ki, bunu şəkərsiz də etmək mümkündür. Tam yetişmiş şaftalılar yığılır, təmizlənir, qazana tökülüb qaynadıldıqdan sonra xəlbirdən keçirilir. Alınan məhlul yenidən qaynadılıb balonlara yığılır. On kiloqram şaftalıya bir stəkan şəkər tozu kifayətdir. Bu məhsul sərin yerdə saxlanılır.
Kənd sakini, yaşı 70-i ötmüş Xədicə nənə də öz nəvəsi ilə qonşudakı bağından şaftalı yığmağa gəlmişdi. Fürsətdən istifadə edib onunla da həmsöhbət olduq, adı və dadı dillər əzbəri olan şaftalı qurusunun hazırlanma qaydasını soruşduq. O bildirdi ki, bu yerlərdə dadı, tamı ilə yanaşı, ətri ilə də fərqlənən şaftalı növü zəfəran şaftalısıdır. Qurudulmuşunun dad-tamına söz ola bilməz. Başqa şaftalı növləri də qurudulur. Belə ki, tam yetişmiş şaftalı yığılır, təmizlənir, gün düşən yerə sərilir. Bu meyvə, adətən, qax şəklində qurudulur. Qurumuş şaftalı uzun müddət qalsın deyə, onu duzlu suya salır, təkrar sərib quruduruq. Əzəldən belə görmüşəm ki, analarımızın, nənələrimizin öz barlı-bərəkətli torpağımızda yetişdirilən meyvələrdən qurutduqları məhsul həm dadı, həm də faydası ilə fərqlənib. Müharibə illərində qənd tapmayanda meyvə qurusu ilə çay içib, qaysava bişirib yeyiblər.
Nənə və təsərrüfatdakılarla sağollaşıb, şəhərə qayıdıram. Elimizin bu dadlı meyvəsi haqqında yazı hazırlamazdan əvvəl bu nemət haqqında mütəxəssislərin dediklərini xatırlayıram:
– Yay meyvələrindən ən dadlı və ən şirini olan şaftalının faydaları saymaqla bitməz. Meyvənin qabığını soymadan yemək daha faydalıdır, çünki onun ən xeyirli hissəsi qabığına yaxın hissədədir. Şaftalı infeksiyalara qarşı təsir göstərməklə yanaşı, böyrəklərdəki xırda daş və qumları tökmək təsirinə malikdir, böyrəyin fəaliyyətini də yaxşılaşdırır. Tez-tez şaftalı yemək ağız boşluğunda yaraların əmələ gəlməsinin qarşısını alır. Tərkibində olan K vitamini sayəsində ürək xəstəliklərinə yaxşı təsir göstərir. Onun tərkibində olan liflər qanda xolesterolun səviyyəsini aşağı salır. Bu meyvə antioksidant təsirə malikdir. Şaftalının tərkibində olan sərbəst radikallar günəş işığından orqanizmə dəyən zərərləri aradan qaldırır, müxtəlif xəstəliklərdən qoruyur. Meyvənin tərkibində C vitamini travma sayəsində toxumalarda meydana çıxan zədələrin sürətlə sağalmasına yardım edir, turşular isə onun infeksiyalara məhvedici təsirini və sümüklərə faydasını artırır. Şaftalı arıqlamaq istəyənlər üçün mükəmməl bir qida maddəsidir. Çünki kalori dəyəri aşağı olmaqla yanaşı, insanda toxluq hissi yaradan bir meyvədir.

Şaftalı tərkibində olan A vitamini sayəsində sümüklərin möhkəmlənməsinə yardım edir və sümük xəstəliklərinin artması riskini azaldır. Bir şaftalının tərkibində, təxminən, 285 qram kalium olur. Şirəsinin tərkibində A, C, B3 vitaminləri, betakartoten, fol turşusu da var. Bu meyvənin suyu qanı təmizləmək qabiliyyətinə malikdir. O, damarlarda spazmların baş verməsinin qarşısını alır, qan dövranının bərpasına yardım edir. Şaftalı suyu qızdırmasalıcı təsirə də malikdir.
Bu gün muxtar respublikamızda hər sahədə olduğu kimi, meyvəçiliyin inkişaf etdirilməsinə də geniş imkanlar açılıb. Dövlət qayğısından bəhrələnən hər bir torpaq adamı öz təsərrüfatında istədiyi meyvəni yetişdirə bilir. Bu isə yerli bazara başqa yerlərdən gətirilən və genofondu dəyişdirilmiş meyvələrin qarşısını alır. Bundan isə həm bağbanlarımız qazanır, həm də muxtar respublika sakinləri. Qədim diyarımızın müxtəlif bölgələrində yetişdirilən şaftalı həmin meyvələr içərisində özünəməxsus yer tutur.

 Telli MƏMMƏDOVA